Ədib Azərbaycan tarixinin mühüm bir dövrünü əsərlərində əks etdirmişdir

 

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Haqverdiyev dövlət teatrlarına müfəttiş təyin olunmuşdur. Azərbaycan milli teatrının yaranmasının 50 illiyi münasibətilə keçirilən yubileyə başçılıq etmişdir.

Ədib dünya klassiklərindən Şekspirin "Hamlet”, Şillerin "Qaçaqlar”, Volterin "Soltan Osman”, Zolyanın "Qazmaçılar”, Andersenin "Bülbül”,”Şahın təzə libası”, Lanskoyun "Qəzəvat”, Çirikovun "Yəhudilər”, Korolenkonun "Qoca zəng çalan” əsərlərini də tərcümə etmişdir.

Rusiya Elmlər Akademiyasının nəzdində olan ölkəşünaslıq bürosunun beşinci elmi sessiyasında yekdilliklə akademiyanın ölkəşünaslıq bürosuna müxbir üzv seçilmişdir (1924). Şərq fakültəsinin katibi (1922-1925), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1931-1932) olmuşdur. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin fəxri fərmanına layiq görülmüşdür (1933). Onun əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

Ə.Haqverdiyevin ədəbi-nəzəri görüşləri onun yaradıcılığında əsas mövqedə dayanır. Onun ədəbi yaradıcılığının inkişaf yolu xalq həyatı ilə, cəmiyyətin keçdiyi ziddiyyətli yollarla bağlı olmuşdur. Yazıçının Azərbaycan teatrı, tarixi dram, xalq tamaşaları, M.F.Axundov, M.Ə.Sabir, "Molla Nəsrəddin”, Azərbaycan dili, milli şeir, realist ədəbiyyatımızın bəzi məsələləri haqqındakı elmi-nəzəri məqalələri, publisistikası bu günöz əhəmiyyətini itirməmişdir.

 

Azərbaycan.- 2020.- 20 avqust.- S.7.