Azərbaycan çayları
Azərbaycan ərazisində irili-xırdalı 8550-dən artıq axar sudan ibarət çay sistemi vardır ki, onların bütövlükdə ümumi uzunluğu 33665 km təşkil edir. Bütün bu çayların su toplayıcı sahəsi 85600 km2 qəbul edilir. Çayların 7550-sinin uzunluğu 5 km-dən az olan çaylardır. Qalan 800 çaydan yalnız 65-nin uzunluğu 50 km-ə qədər, 735-nin uzunluğu isə 6 km ilə 50 km arasında dəyişir.
Azərbaycan ərazisindən axan ən iri çaylar Kür və Arazdır. Tədqiqatçılar çayları bir-birindən fərqləndirən iki böyük qrupa bölürlər: dağ və düzənlik çayları.
Dağ çayları öz mənbəyini dəniz səviyyəsindən 2000-3500 m hündürlükdə olan dağlardan götürür, öz axarlarında çay pillələri və şəlalələr əmələ gətirir, dərin dərələrlə axır və düzənliklərə çıxdıqda güclü yarğanlar əmələ gətirərək çoxlu qollara ayrılırlar. Onlardan bəziləri tez-tez öz axarlarını dəyişir, digərləri isə yerin altı ilə sızaraq itir, yaxud kiçik bataqlıqlar əmələ gətirirlər.
Düzənlik çayları isə başlıca olaraq maili düzənliklərdə, geniş Kür-Araz ovalıqlarında, dərə və vadilərdə yerləşir. Axınları əyri-üyrü və sakit olan bu çaylar öz məcralarını asanlıqla yuyaraq yataqlarını lilləndirirlər. Onların suyu kənar qatışıqlarla bir o qədər də zəngin deyil və hamısının mənsəbi vardır. Lakin Kür çayı ətrafı dənizyanı qum təpələrinin yaranması nəticəsində bu çayların bir qismi kor arteriyaya çevrilir və mənsəbləri itir. Dayaz çayların qidalanması əsasən dağ çayları, bulaq və yerüstü suların hesabına həyata keçir. Dayaz çayların sonuncu növünü adətən qara su (suların hədsiz minerallaşması nəticəsi olaraq) adlandırırlar ki, onların mövcud olması da, dağ çayları arteriyaları ilə olduqca bağlıdır.
Kür özünün ən böyük qolu olan Araz çayı ilə Sabirabad şəhəri yaxınlığında birləşir və Neftçala rayonu ərazisində Xəzər dənizinə tökülür.
Azərbaycan.- 2020.- 20 avqust.- S.7.