“Şəfəq-Asiman” blokunda ilk kəşfiyyat quyusu qazılır

 

Qazma işləri strukturun ehtiyatlarının dəqiqləşməsinə imkan verəcək

 

Xəzərin Azərbaycan sektorundakı "Şəfəq-Asiman” blokunda ilk kəşfiyyat quyusunun qazılması davam edir. Qazma işlərinə bu il yanvar ayının 13-də başlanıb. Quyunun ümumi dərinliyinin 7000 metrə çatacağı planlaşdırılıb. Hazırda qazma 2500 metr dərinlikdə gedir.

Quyu layihə dərinliyinə çatdıqdan sonra alınmış məlumatlar təhlil ediləcək və nəticələr uğurlu olarsa, onların təsdiqlənməsi üçün qiymətləndirmə proqramı həyata keçirilə bilər.

"Şəfəq-Asiman” bloku Bakıdan cənub-şərq istiqamətində təxminən 125 kilometr məsafədə yerləşir. Blok 1100 kvadratkilometrə yaxın sahəni əhatə edir və ərazisində suyun dərinliyi 650-800 metr arasında dəyişir. "Şəfəq-Asiman” strukturunu "Şahdəniz” yatağından 60 kilometr və Səngəçal terminalından 145 kilometr məsafə ayırır.

"Şəfəq-Asiman”ın birgə kəşfiyyatı və işlənməsi üçün Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) BP və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) arasında 2010-cu ilin oktyabr ayında Bakıda imzalanıb. Sazişə əsasən, bu şirkətlər layihədə iştirak paylarını tən yarıya bölürlər, operator BP-dir.

HPBS Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 2011-ci ildə ratifikasiya edilib.

2012-ci ildə bu müqavilə sahəsində üçölçülü seysmik tədqiqat proqramı həyata keçirilib. Seysmik məlumatların interpretasiyası 2015-ci ildə tamamlanıb. Sonra isə ilk quyunun yeri seçilibqazma fəaliyyətləri planlaşdırılıb.

Sözügedən SAX01 quyusu "Şəfəq-Asiman” müqavilə sahəsində qazılan ilk quyudur. Bu, blokun işlənməsində irəliyə doğru bir addım, mühüm bir mərhələdir. Belə ki, qazma işləri strukturun ehtiyatlarının dəqiqləşməsinə imkan verəcək.

Cari il avqustun 10-da "Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün əsas hissələrindən birinin - dayaq blokunun Xəzərə yola salınmasında iştirak edən Prezident İlham Əliyev qurğu ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə bu barədə demişdir:

"Şəfəq-Asiman” yatağı üzrə işlər qrafik üzrə gedir. İndi qazma işləri aparılır. Bu yatağın da çox böyük potensialı var. Əlbəttə, qazma işləri ehtiyatların dəqiq həcmini göstərəcək. Ancaq yadımdadır ki, hələ Neft Şirkətində işlədiyim dövrdə bizim mütəxəssislər orada təqribən 400-500 milyard kubmetr həcmində qaz ehtiyatının mövcudluğunu qeyd etmişdilər. Hər halda hesab edirəm ki, qazma işləri yaxın gələcəkdə başa çatacaqbu haqda daha dəqiq məlumat olacaqdır”.

SAX01 quyusu "Caspian Drilling Company” (CDC) tərəfindən idarə olunan Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə qazılır. Qazma zamanı təzyiqi tam idarə etmək imkanlarına malik olan bu qurğu "Şəfəq-Asiman”da aparmaq üçün hələ keçən ilin noyabr ayında CDC-dən müqavilə əsasında götürülüb. Qurğu həmin vaxtdan quyunun qazıldığı yerə gətirilib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz qazma işlərinə başlanmazdan əvvəl də bəyan etmişdi ki, bu dəniz blokunun irimiqyaslı qaz ehtiyatlarının kəşfi üçün xeyli potensialı var. Qazma proqramının təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə əvvəlcədən böyük hazırlıq işləri aparılıb.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2020.- 21 avqust.- S.1; 5.