Beyin mərkəzi” dövlətçiliyin inkişafında aparıcı rol oynayır

 

Azərbaycanın innovativ təcrübəsi dünya ölkələrinə nümunə göstərilir

 

"Think tanks” - "Beyin mərkəzi” dünyada kifayət qədər geniş yaylmış termindir və belə mərkəzlər Qərbdə ötən əsrin 60-cı illərindən fəaliyyət göstərirlər. Siyasi elmi-tədqiqat mərkəzi olan bu qurumlar bir neçə məqsəd üçün yaradılır.

Əsas qrupa aid mərkəzlərin vəzifəsi dövlət siyasətinin təyin olunmuş strategiyasına, prioritetlərin və alternativ siyasi təkliflərin hazırlanmasına dəstək vermək, seçilmiş siyasi kursun hərtərəfli araşdırılıb tədqiq olunmasını təmin etməkdir. Artıq Azərbaycanda da belə mərkəzlər xeyli vaxtdır ki, fəaliyyət göstərir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan struktur islahatları çərçivəsində yaradılmış və uğurla fəaliyyət göstərən belə qurumlardan biriİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir (İİTKM). Bu mərkəzin analitikləri dövlət proqramları və strategiyalarının monitorinqini və qiymətləndirilməsini aparır, islahat təkliflərinin verilməsi və kommunikasiya üçün materialların hazırlanmasına yardım göstərir.

İİTKM-in bugünədək hazırladığı və saytında yerləşdirdiyi materiallar belə qənaətə gəlməyə əsas verir ki, mərkəz dövlət strategiyaları və proqramlarının hazırlanmasında kifayət qədər təcrübə toplamış və güclü mütəxəssislərlə təmin olunmuşdur. İİTKM-in mütəxəssislərinin apardıqları təhlil, monitorinq və qiymətləndirmələr müxtəlif iqtisadi sahələri əhatə etməklə yanaşı, onların arasında ümumi bağlılıq yaradır və sinergetik yanaşmanı təmin edir. Bu qurumun tədqiqatları ölkə mediası üçünxüsusi əhəmiyyət kəsb edir.

Bütün planetin pandemiya ilə üzləşdiyi vaxtda Azərbaycan da əksər ölkələr kimi ciddi çətinliklər qarşısındadır. Belə ki, pandemiyanın törətdiyi fəsadlardan əlavə yeni təhlükələr meydana çıxmışdır: bir tərəfdən quraqlıq və onun fəsadı olan səhralaşma problemi gündəmə gəlir, digər tərəfdən isə neftin qiymətinin kəskin düşməsi ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Eyni zamanda Ermənistanın işğalçılıq siyasəti davam edir. Təmas xətti boyu davamlı təxribatlar Qafqazda atəşkəsin kövrək olduğunu göstərir.

İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirir ki, rəhbərlik etdiyi qurum fəaliyyətini dövrün tələbləri ilə uzlaşdırır, yeni reallıqlara daha nikbin yanaşır: "İlk növbədə kadrlarımız peşəkarlıq və dövlətçilik prinsiplərini əsas götürərək tam məsuliyyəti ilə komanda işini ortaya qoyurlar”.

Mərkəzin tətbiq etdiyi rəqəmsal həllər pandemiya şəraitinə uyğunlaşdırılır, həm yerli, həm də beynəlxalq səviyyədə kommunikasiya daha da gücləndirilir. Dövlət proqramları və strategiyalarının monitorinqi və qiymətləndirilməsi islahatla bağlı təkliflərin və kommunikasiya üçün materialların hazırlanmasına dəstək verir.

Mərkəz tərəfindən 12 strateji yol xəritəsi, həmçinin rəqəmsal ödənişlərin genişləndirilməsi, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması, qida təhlükəsizliyinin təmin edilməsi, məşğulluq strategiyası, yerin təkinin geoloji öyrənilməsi və mineral xammal bazasından səmərəli istifadə kimi dövlət sənədlərinin monitorinqi aparılmış və hesabatlar hazırlanmış, www.monitoring.az portalı işlək vəziyyətə gətirilmişdir.

Dünya Bankı hesabatında monitorinq və qiymətləndirmə sahəsində innovativ həlləri tətbiq etməklə Azərbaycanın "nəticə-əsaslı yaxşı idarəetmə” nümunəsi yaratdığını bildirmiş, başqa ölkələrə innovativ təcrübə nümunəsi kimi təqdim etmişdir.

Vüsal Qasımlı onu da qeyd edir ki, mərkəz BMT İnkişaf Proqramı, Dünya Bankı, Avropa İttifaqı, BP şirkəti və digər qurumlarla faydalı əməkdaşlıq edir, sahibkarların, beynəlxalq təşkilatların, müstəqil ekspertlərin, QHT-lərin və konsaltinq şirkətlərinin islahat prosesinə cəlb olunması istiqamətində fəaliyyət göstərir. Bu da islahatların inklüzivliyi üçün əsaslar yaradır.

Mərkəzdə "EconLABiqtisadi təhlil laboratoriyası qurulmuş, makro, mezomikro səviyyədə beş modelin versiyaları üzrə müvafiq testlər keçirilmişdir. Həmçinin investisiya xərclərinin ümumi buraxılışa, pandemiyanın iqtisadiyyata, xüsusilə turizm sənayesinə qısa və uzunmüddətli təsirləri təhlil edilmişdir.

Azərbaycanın bu "beyin mərkəzi”nin artıq 40-a yaxın internet resursu, eləcə də "Facebookda, "Linkedin”də, "Instagramda səhifələri, "Youtube” kanalı fəaliyyət göstərir. Təkcə 2020-ci ilin əvvəlindən buradan hər gün iki-üç press-reliz KİV-ə ötürülür. Bundan başqa, ixrac, islahatvideo-icmal kimi xüsusi buraxılışlar demək olar ki, hər həftə hazırlanır. Azərbaycan, rusingilis dillərində hazırlanan xəbərlər təkcə ölkə daxilinə deyil, həm də xaricə yayımlanır. İİTKM təkcə son bir ayda BMT, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Beynəlxalq Ticarət Mərkəzi, İtaliya Xəzinədarlığı, "E-Estonia”, "Daily Sabah”, "İnterfaxkimi beynəlxalq platformalarda təqdim olunmuşdur. Beləliklə, Azərbaycanın bu "beyin mərkəzi” uğura köklənmişdir.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2020.- 21 avqust.- S.1; 3.