Pandemiya Azərbaycanın turizm sektoruna nə dərəcədə təsir edib
Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməmiş, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzül başlamışdır.
Dövlət Statistika Komitəsi (DSK) xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2020-ci ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 618,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün Azərbaycanla qonşu ölkələr arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi cari ilin aprel-iyul aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olmuş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədləri ilə həyata keçirilmişdir.
DSK bildirir ki, cari ilin yanvar-iyul aylarında ölkəmizə gələnlərin 29,1 faizi Rusiya Federasiyası, 26,1 faizi Gürcüstan, 15,9 faizi Türkiyə, 7,4 faizi İran, 2,1 faizi Ukrayna, 2,0 faizi Hindistan, 1,9 faizi Səudiyyə Ərəbistanı, 1,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,2 faiz olmaqla Pakistan və Qazaxıstan, hər birindən 1,1 faiz olmaqla Küveyt və Türkmənistan, 0,9 faizi Böyük Britaniya, 0,8 faizi İraq, hər birindən 0,7 faiz olmaqla Özbəkistan və Belarus, 0,6 faizi İsrail, 5,8 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur.
Bu dövrdə Çindən gələnlərin sayı 9,8, Cənubi Koreyadan - 9,2, İsraildən - 6,5, Yaponiyadan və Polşadan - 6,3, Macarıstandan - 5,9, İraqdan - 5,4, Omandan və Səudiyyə Ərəbistanından - 5,3, Birləşmiş Ərəb Əmirliklərindən - 5,2, Kanadadan və ABŞ-dan - 4,9, Fransadan - 4,8, Böyük Britaniyadan, Almaniyadan və Niderlanddan - 4,4, Türkmənistandan - 3,9, Qətərdən - 3,8, İtaliyadan - 3,7, Qazaxıstandan - 3,5 dəfə azalmışdır.
Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,8 dəfə azalaraq 17,5 min, körfəz ölkələrindən gələnlərin sayı 3,6 dəfə azalaraq 83,3 min, MDB ölkələrindən gələnlərin sayı 3 dəfə azalaraq 218 min nəfər olmuşdur.
2019-cu ilin yanvar-iyul ayları ilə
müqayisədə xarici ölkələrə
gedən Azərbaycan vətəndaşlarının da sayı 3,1 dəfə azalaraq
996,5 min nəfərə düşmüşdür.
Ölkə vətəndaşlarının 32,8 faizi İrana, 29,2 faizi Gürcüstana, 20,3 faizi Rusiya Federasiyasına,
10,0 faizi Türkiyəyə, 7,7 faizi digər ölkələrə səfər
etmişdir. Bu
dövrdə İrana gedən Azərbaycan
vətəndaşlarının sayı 3,6, Türkiyəyə
gedənlərin sayı 3,4, Gürcüstana
gedənlərin sayı 3, Rusiya
Federasiyasına gedənlərin sayı isə 2,7 dəfə
azalmışdır.
Azərbaycan.-
2020.-23 avqust.- S.2.