İnsanlığın nicatı və yüksəlişi naminə

 

Tarixin axarını dəyişən böyük simaların ideya və prinsipləri, idarəçilik ənənələri, adətən, zaman və məkanın fövqündə olur. Bu mənada Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi böyük şəxsiyyət, Ümummilli Lider Heydər Əliyev dühasına layiq olduğu qiyməti vermək, onun Vətən və xalq naminə göstərdiyi misilsiz xidmətləri obyektiv dəyərləndirmək böyük məsuliyyət tələb edir.

Yüksək ehtiramla qələmə alınan xoş xatirələr, siyasi, elmi, politoloji fikir və mülahizələr belə Ümummilli Liderin insan, vətəndaş və lider kimi nəhəngliyinin miqyası barədə dolğun təsəvvür yaratmaqda acizdir.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi şanlı epoxa xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə real hüquqi, siyasiiqtisadi əsasların yaradılması, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, xalqın öz hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş kimi dərk etməsi kimi iftixar doğuran tarixi prosesi əhatələyir. Ulu Öndər ictimai fikri hər zaman dövrün keyfiyyətcə yenipozitiv dəyişikliklərinə hazırlamış, yaranmış tarixi şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq və mənafeləri önə çəkmiş, uzaq hədəflərə hesablanmış inkişaf strategiyası həyata keçirmişdir.

Tarixdən məlumdur ki, hər bir xalq özünün taleyində müstəsna rol oynamış fenomen şəxsiyyətlərin zəngin ömür yolunu, mükəmməl dövlətçilik və siyasi irsini, təcrübəsini öyrənərək gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl addımlar atır. Sağlığında Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə həyata keçirdiyi möhtəşəm tədbirlərlə canlı əfsanəyə çevrilmiş Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması xüsusi aktuallıq kəsb edir. Azərbaycan xalqı taleyində misilsiz rol oynamış Ulu Öndərin xatirəsini daim əziz tutmuş, onun ədəbiləşdirilməsi istiqamətində mühüm addımlar atmışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Ümummilli Liderin müəyyənləşdirdiyi strateji siyasi kursu son 17 ildə bütün sahələrdə inamla davam etdirməklə yanaşı, Heydər Əliyev ideyalarının cəmiyyətdə praktik surətdə gerçəkləşməsinə və möhkəmlənməsinə çalışmışdır. Prezident İlham Əliyevin 2004-cü il 10 mart tarixli "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” Fərmanı ilə hələ ötən əsrin 70-80-ci illərində tikintisinə əzmlə nail olduğu bir sıra möhtəşəm tikililərə Ulu Öndərin adı verilmiş, habelə ictimai əsaslarla Heydər Əliyev Fondunun yaradılması dəstəklənmişdir.

2004-cü ildən analoqu olmayan əlahiddə statuslu ictimai qurum kimi fəaliyyət göstərən Heydər Əliyev Fondu nəcib, xeyirxahhumanist insani dəyərlərə tapınaraq Ümummilli Liderin zəngin dövlətçilik irsinin dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl aparır. Fondun başlıca məqsədi Ümummilli Liderin zəngin dövlətçilik irsinin öyrənilməsinə və təbliğinə xidmət edən irimiqyaslı proqramları himayə etmək; xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək; elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idman sahələrinin inkişafını təmin edən layihələrə yardımçı olmaq; milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaq; Azərbaycanı dünyada tanıtmaq və ölkə həqiqətlərini təbliğ etmək kimi strateji vəzifələrdən ibarətdir.

Fondun fəaliyyəti eyni zamanda insan və vətəndaş hüquq-azadlıqlarının yüksək səviyyədə təminatına, bəşəriyyətin xilasına yönələn mütərəqqi idealların cəmiyyətdə möhkəm əsaslarla intişar tapmasına, fərqli sivilizasiyaların dialoquna, keçmişlə gələcək arasında möhkəm körpü salınmasına, insanlara xeyirxahlıq, insanpərvərlik, nəciblik, humanizm kimi müqəddəs dəyərlərin aşılanmasına yönəlmişdir. Dini tolerantlığın, multikulturalizmin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının qorunması kimi məqsədlər də bu nəcib və xoşməramlı missiyaya əlavə oluna bilər.

Bu da təsadüfi deyildir ki, Mehriban xanım Əliyeva 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ICESCO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə "Qızıl ürək” və Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatlarına, "Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, 2009-cu ildə "XXI əsrin böyük qadını” lauretı adına, 2010-cu ildə isə Fransanın "Fəxri Legion” ordeninə, UNESCO-nun "Qızıl Motsart” medalına, 2011-ci ildə Krans Montana Forumunun Qızıl medalına və digər nüfuzlu mükafatlara layiq görülmüşdür. Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla Azərbaycanın birinci xanımının 2009-cu ildə "Heydər Əliyev mükafatı”na, 2015-ci ildə "Heydər Əliyev ordeni”nə layiq görülməsi də onun dövlət və xalq naminə fəaliyyətinin yüksək dəyərləndirildiyini göstərir.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin daha bir yüksək etimadı əsasında - 21 fevral 2017-ci il tarixli Sərəncamla Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ölkədəki genişmiqyaslı islahatların tələbindən irəli gələn və cəmiyyətin mənafeyini, istəklərini özündə ehtiva edən tarixi qərar olmuşdur. İslahatların hazırkı mərhələsində mütərəqqi meyarlara söykənən çevik idarəetmə modelinin formalaşdırılması Azərbaycan üçün kifayət qədər aktualdır. Yeni dünya reallıqlarını obyektiv dəyərləndirən Prezident cənab İlham Əliyevin son 2 ildə yürütdüyü məqsədyönlü siyasət, bu mənada, təkcə qlobal iqtisadi böhranın ölkəmizə mənfi təsirlərinin maksimum dərəcədə azaldılmasına deyil, həm də dövlət idarəçiliyində sistem xarakterli keyfiyyət dəyişikliklərinin təmin edilməsinə yönəlmişdir. Bu təyinat eyni zamanda dövlət idarçəliyinin daha dayanıqlı, etibarlı əsasda təşkili baxımından əhəmiyyətli olmuşdur.

Ölkədə və regionda, ümumilikdə, qlobal planda cərəyan edən mürəkkəb siyasi, iqtisadihumanitar proseslər müasir islahatçı baxışın və idarəetmə formalarının tətbiqini aktuallaşdırdığından, dövlət başçısı komandasının bu çağırışlara hazır olmasını son dərəcə vacib sayır. 2016-cı ilin 26 sentyabr referendumu ilə Azərbaycan Respublikasında vitse-prezident vəzifələrinin təsis edilməsi, 2017-ci il 21 fevral tarixində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması, bu mənada, postneft dövründə Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatların davamlılığını və dövlət idarəçiliyinin səmərəliliyini yüksəltmək məqsədinə xidmət etmişdir.

2018-ci ilin 11 aprelində keçirilmiş prezident seçkilərindən dərhal sonra dövlət başçısının qətiyyətlə həyata keçirdiyi kadr islahatları - müasir təfəkkürlü və idarəetmə sahəsində novatorluğu ilə fərqlənən gəncləri irəli çəkməsi ölkədə islahatların miqyasını və tempini sürətləndirmək, xidmət sahələrində vətəndaş məmnunluğunu, idarəçilikdə səmərəliliyi və şəffaflığı təmin etmək niyyətindən irəli gəlmişdir. Başqa sözlə, son illər həyata keçirilən islahatlar paketinin əsas məqsədini əhalinin sosial rifahının yaxşılaşdırılması, neftdən asılı olmayan dayanıqlı inkişaf strategiyasının formalaşdırılması ilə yanaşı, ümumilikdə, dövlət idarəçilik fəlsəfəsinin dəyişdirilməsi təşkil edir.

Xüsusi vurğulamaq lazımdır ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi uğurlu fəaliyyəti bu prosesin daha da sürətlənməsini təmin etmiş, idarəçiliyə yeni nəfəs, ruh gətirmişdir. Cəmiyyətdə mütləq çoxluğun qənaəti bundan ibarətdir ki, Heydər Əliyev Fondunun prezidenti kimi vətənpərvər fəaliyyəti, humanizmə, mərhəmətə, nəcibliyə söykənən layihələri ilə böyük nüfuz qazanmış və yüksək idarəçilik keyfiyyətlərini təsdiqləmiş Mehriban xanım Əliyeva üzərinə götürdüyü məsuliyyətli missiya ilə ölkə rəhbərinin və xalqın etimadını inamla doğruldur. Onun müasir idarəetmə səriştəsi, yeniliklərə meyilliliyi, ölkə qarşısındakı strateji hədəfləri aydın təsəvvür etməsi, ümumən, hökumətin fəaliyyətinin səmərəliliyini yüksəltmişdir. Mehriban xanım Əliyevanın da yaxından iştirakı ilə inkişafın əsasını müəyyən edən idarəetmənin modern əsaslarla aparılması, situasiyaların səmərəli idarə olunması qarşıya qoyulan vəzifələrin uğurlu icrasını təmin edir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin səlahiyyətlərinin icrasına başladığı ilk günlərdən cəmiyyətin həssas təbəqələrinin problemlərinin həllinə diqqət göstərməsi - Sabunçu və Xəzər rayonlarında fiziki imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş internat məktəblərində yaradılmış şəraitlə tanış olması bunu bir daha təsdiqləyir. İlkin addımlar indiyə qədər cəmiyyəti narahat edən məsələlərin həlli naminə əzmkarlıqla çalışan, səmərəli təşəbbüslərin müəllifi kimi çıxış edən Azərbaycanın birinci xanımının dövlət idarəçiliyində də cəmiyyətin sosial-mənəvi tərəqqisinə xidmət edən islahatlara yeni nəfəs verəcəyini əminliklə söyləməyə ciddi əsaslar verir. Bu təyinatın cəmiyyətdə birmənalı olaraq dəstəklənməsi və rəğbətlə qarşılanması həm də onunla şərtlənmişdir ki, Mehriban xanım Əliyeva ötən illərdə istər ictimai, istərsə də parlamentarizm fəaliyyəti ilə insan amilini daim önə çəkmiş, cəmiyyətin mövcud resurslarının bu yöndə səfərbər olunmasına töhfələr vermişdir.

Fondun prezidentinin öz fəaliyyəti ilə uzun illər ərzində insanlara verdiyi əsas mesaj xeyirxahlıq, humanizm, insanpərvərlik kimi dəyərlərin sağlam cəmiyyət quruculuğu baxımından vacibliyi düşüncəsinin ictimai şüurda möhkəmlənməsinə xidmət etmişdir. Məlumdur ki, sərbəst bazar münasibətlərinə, özünütənzimləməyə əsaslanan iqtisadi sistemdə insanların sosial müdafiəsinə və rifahına hesablanmış müxtəlif layihələrin, xeyriyyəçilik aksiyalarının həyata keçirilməsi, ən başlıcası, mənəvi-etik dəyərlərin yad təsirlərdən qorunması xüsusilə aktualdır. Bu aktuallıq, ilk növbədə, onunla şərtlənir ki, elmi-texniki inqilabın məhsulu olan müasir informasiya-kommunikasiya texnologiyaları müsbət tərəfləri ilə yanaşı, bəzi hallarda insanlar arasında mənəvi uçurumu, psixoloji səddi dərinləşdirir, mənəvi idealları ifrat maddiləşmənin mənfi təsirlərinə məruz qoyur. Bu təsirləri zərərsizləşdirmək, ictimai düşüncədə humanizm və mərhəmət kimi ali keyfiyyətlərin möhkəmlənməsinə nail olmaq missiyası isə yalnız yüksək mənəviyyatlı şəxsiyyətlərin üzərinə düşür.

Cəmiyyətdə könüllü sosial müdafiə, xeyriyyəçilik, sosial tərəfdaşlıq, korporativ sosial məsuliyyət və s. prinsiplərin möhkəmlənməsinə, milli özünəməxsusluğu şərtləndirən xüsusiyyətlərin qorunmasına çalışan Heydər Əliyev Fondu ötən 16 ildə bu məqsədlərə xidmət edən strateji əhəmiyyətli layihələri inamla həyata keçirmişdir. UNESCO-nunICESCO-nun xoşməramlı səfiri haqlı olaraq qeyd edir ki, xeyriyyəçilik cəmiyyətdə mənəvi-psixoloji ab-havanın yaxşılaşmasına şərait yaradır, insanlar arasında münasibətləri humanistləşdirir, onların daha xeyirxah, səmimi və həssas olmasına müsbət təsir göstərir. Çətin məqamda başqalarından dəstək almış insan imkanı daxilində başqalarına kömək göstərməyə daha çox meyil edir. Beləliklə, cəmiyyətdə xeyirxah işlərin dairəsi genişlənir, qarşılıqlı kömək və dəstək sistemi yaranır. Bütün bunlar isə son nəticədə insanların qarşılıqlı münasibətlərinə, onların ovqatına və sosial əhvali-ruhiyyəsinə müsbət təsir göstərir.

"Rossiya-24” telekanalına müsahibəsində Azərbaycanın birinci xanımı rəhbəri olduğu fondun insanların müraciətlərinə xüsusi həssaslıqla yanaşdığını demişdir: "Biz buya digər problemin həllinə kömək göstərmək barədə xeyli sayda məktublar alırıq. Sizə deməliyəm ki, biz fondun fəaliyyətinin bu sahəsini qabartmırıq və təbliğ etmirik. Çünki bəzən şəxsi xahişlər, bəzən də insanların səhhətindəki problemlərlə bağlı çoxlu müraciətlər olur. Biz azacıq imkan olan yerdə kömək etməyə çalışırıq. Bilirsiniz, həm də ən vacibi nədir? Ən vacibi əlaqədir. İnsan məktublar göndərir. Bilmirəm, yəqin təbii ki, Administrasiyada da bu məktublar nəzərdən keçirilir. Bu məktubların haraya və necə daxil olması ilə bağlı hansısa xüsusi mexanizm var. Bizdə bu mexanizm minimuma endirilib. Əgər insan məktub yazırsa, elə ertəsi günü, yaxud hansısa qısa müddətdən sonra onunla əlaqə saxlamağa və öyrənməyə çalışırıq. Çünki biz öyrənməliyik. Bəzən elə olur ki, məktubda yazılanlar həqiqətə uyğun gəlmir. Əgər, həqiqətən, köməyin lazım olduğunu görürüksə, çalışırıq kömək edək. Hesab edirəm ki, Heydər Əliyev Fondu məhz bunun sayəsində insanların sevgi və hörmətini qazanıb”.

Azərbaycanın birinci xanımının həyata keçirdiyi layihələr ölkə hüdudları ilə məhdudlaşmayıb ümumbəşəri mahiyyəti ilə diqqəti cəlb edir. Fondun prezidentinin xüsusən də Şərqlə Qərb arasında mədəni dialoqa nail olmaq, fərqli sivilizasiyaları bəşəri ideallar naminə bir araya gətirmək, dini tolerantlığı, multikulturalizmi gücləndirmək, gender bərabərliyini təmin etmək istiqamətindəki fədakar fəaliyyəti bəşəri miqyasda rəğbətlə qarşılanır. Son illər UNESCO, ICESCO, UNISEF və digər beynəlxalq qurumlarla birgə keçirilən tədbirlər Azərbaycanın qlobal sferada sülh, tərəqqi və iqtisadi əməkdaşlıq mərkəzi kimi tanındığını, nüfuzunun yüksəldiyini göstərir.

Ötən 17 illik fəaliyyəti ilə Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaratmış dövlət başçısı cənab İlham Əliyev elm və təhsilin problemlərini xüsusi diqqət mərkəzində saxlamış, Ulu Öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etmişdir. Bu da təsadüfi deyildir - ölkə iqtisadiyyatının gələcəkdə davamlı və tarazlı inkişafının təmin edilməsi üçün daxili resurslarla yanaşı, güclü insan kapitalının da formalaşdırılması mühüm şərtdir. Bütün bunlar isə dövlət idarəetməsi üçün müasir təfəkkürlü, kreativ gənc kadrların hazırlanmasını obyektiv zərurətə çevirir.

Fəal maarifçilik xətti yeritməklə klassiklərin mütərəqqi ənənələrini davam etdirən Heydər Əliyev Fondunun 16 illik fəaliyyəti bu baxımdan elmə və təhsilə qayğı nümunələri ilə zəngindir. Fondun təhsil sahəsində gördüyü işlər sırasında respublikamızın müxtəlif bölgələrində reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı müstəsna əhəmiyyət daşımışdır. Proqram təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir. İctimai dəstəyi vacib hesab edən Heydər Əliyev Fondu tərəfindən cəmiyyətin müxtəlif təbəqələrinin diqqətini bu məsələyə yönəltmək məqsədilə 2005-ci ilin iyununda müvafiq qurumların, habelə beynəlxalq təşkilatların iştirakı ilə "dəyirmi masa” təşkil edilmiş, proqramın həyata keçirilməsi məqsədi üçün 100, 200 və 240 şagird yerlik məktəb layihələri hazırlanmışdır. Layihənin həyata keçirilməsi ilə bağlı fondun prezidentinin cəmiyyətə ünvanladığı əməkdaşlıq çağırışı geniş əks-səda doğurmuş, az sonra Azərbaycanın müxtəlif bölgələrində - hətta ucqar dağ kəndlərində belə, məktəb tikintisi geniş vüsət almışdır. Əslində, "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin ən üstün cəhətlərindən biri onun paytaxtla yanaşı, regionlarda da icra edilməsi olmuşdur. İnanılmaz görünsə də, layihənin icrası nəticəsində yalnız ilk 4 ayda ölkədə 132 yeni məktəb tikilərək istismara verilmişdir.

2006-cı ildə Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni məktəb” proqramının ikinci mərhələsinə başlamış, Bakıətrafı qəsəbələrdə yeni məktəblər inşa olunmuşdur. Bununla da fond ictimaiyyətin diqqətini növbəti dəfə müasir dünyada hər bir ölkənin inkişafının, onun dünya birliyinə inteqrasiyasının əsasında yalnız mükəmməl təhsilin dayandığına yönəltmişdir. Ümumilikdə, fond başladığı layihə çərçivəsində son 13 ildə 3000-ə yaxın məktəb əsaslı təmir edilərək yenidən qurulmuşdur.

"Təhsilə dəstək” layihəsi bir sıra xarici ölkələrdə də uğurla həyata keçirilir. Fond Pakistanda, Hollandiyada, Gürcüstanda, Misirdə, Rumıniyada, Rusiyada yeni məktəb binaları tikdirmiş və təmir etdirmişdir. Layihə çərçivəsində Pakistanda qızlar üçün yeni orta məktəb binasının inşası bu baxımdan xüsusi vurğulanmalıdır. Xatırlatmaq lazımdır ki, 2005-ci ildə Pakistanda böyük dağıntılara səbəb olmuş zəlzələdən sonra Müzəffərabad şəhərinin Rara ərazisindəki Qızlar məktəbi tam yararsız vəziyyətə düşmüşdü. "Təhsilə dəstək” layihəsi çərçivəsində Gürcüstanın Dmanisi rayonunda da yeni elmi-tədris mərkəzinin binası inşa edilərək istifadəyə verilmişdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olduğu illərdə seçiciləri qarşısında verdiyi hər bir vədi əməli işi ilə doğrultmuşdur. Azərbaycanın birinci xanımı qısa müddətdə Xəzər rayonunda böyük layihələrin həyata keçirilməsinə nail olmuş, onun təşəbbüsü ilə yaradılan Xəzər Rayonunun İnkişaf Fondu əməli fəaliyyətə başlamışdır. Fondun yaxından köməyi ilə Bakının Zirə, Binə, Türkan, Qala və digər qəsəbələrinə yollar çəkilmiş, habelə onların su təchizatı yaxşılaşdırılmış, abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Fondun maliyyə vəsaiti hesabına, həmçinin dini və tarixi-mədəniyyət abidələrinin ətraf ərazisi abadlaşdırılmış, insanların asudə vaxtlarını səmərəli keçirməsi üçün parklarda lazımi şərait yaradılmışdır.

Regional inkişafa xidmət edən sosial layihələr sırasında Qaradağ rayonunun Lökbatan qəsəbəsində 20 min sakinin su təminatının yaxşılaşdırılmasına imkan verən su kəmərinin çəkilişini, Şamaxı rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün yaşayış binalarının inşasını, istilik sistemi, ev əşyaları və zəruri avadanlıqla təmin edilməsini xüsusi vurğulamaq lazımdır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ötən dövrdə 4 dəfə amnistiya təşəbbüsü ilə çıxış etməsi də yüksək insani dəyərlərin, mərhəmət hissinin cəmiyyətə aşılanmasına, ictimai şüura hakim kəsilməsinə yönəlmişdir. Amnistiya qərarlarının qəbulu ilə bağlı ölkədə formalaşmış müsbət ənənənin Heydər Əliyev Fondu tərəfindən geniş miqyasda davam etdirilməsi Azərbaycanda humanist dəyərlərin ictimai şüurda möhkəmlənməsinə xidmət edir.

Heydər Əliyev Fondunun millətin fiziki və mənəvi sağlamlığı, milli-genetik ruhunun qorunması naminə həyata keçirdiyi sosialyönümlü layihələr sırasında səhiyyəyə yardım, bu sahənin infrastrukturunun yeniləşdirilməsi, vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi mühüm yer tutur. İxtisas etibarilə tibb elminin incəliklərinə dərindən bələd olan Mehriban xanım Əliyeva Azərbaycan səhiyyəsində mövcud olan problemləri daha yaxşı görmüş, qüvvələri həmin problemlərin həlli istiqamətində səfərbər etməyə, ələlxüsus tibbi yardıma böyük ehtiyacı olan aztəminatlı vətəndaşlara yüksək diqqətlə, həssaslıqla yanaşmağa çalışmışdır. Fondun "Diabetli uşaqlara ən yüksək qayğı” və "Talassemiyasız həyat naminə” layihələri cəmiyyətdə daha böyük rəğbətlə qarşılanmış, bu xəstəliklərdən əziyyət çəkən insanların, ələlxüsus da körpələrin və uşaqların şəfa tapmasına, pulsuz müayinə, müalicə almasına imkan yaratmışdır. Azərbaycanın birinci xanımının dəstəyi ilə ölkədə bir sıra yeni tibb müəssisələri, o cümlədən Talassemiya Mərkəzi inşa olunaraq insanların istifadəsinə verilmişdir.

Azərbaycanda kimsəsiz uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrə sığınan körpələrin problemlərinin həlli bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qarşıya qoyduğu əsas vəzifələrdən biridir. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” bilavasitə fondun prezidentinin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış, Bakıda və ətraf qəsəbələrdə yerləşən uşaq eviinternat məktəblərdə mövcud problemlər öyrənilmiş, onların aradan qaldırılması üçün konkret işlər görülmüşdür.

Beynəlxalq miqyasda fəaliyyət göstərən, Rusiya, ABŞ, Türkiyə və Rumıniyada filialları olan fond müxtəlif ölkələrdə təbii fəlakətlərdən ziyan çəkən insanlara yardım edir. Pakistanda zəlzələdən ziyan çəkən insanlara humanitar yardımın göstərilməsi bu missiyanın Azərbaycan hüdudları ilə məhdudlaşmadığını da göstərir.

UNESCO və İCESCO-nun xoşməramlı səfiri kimi fərqli mədəniyyətləri bir araya gətirmək missiyasını üzərinə götürmüş Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyəti hələ 90-cı illərin ortalarından başlayır. O, 1995-ci ildən Azərbaycan Mədəniyyətinin Dostları Xeyriyyə Fondunun rəhbəri kimi ağır böhranla üzləşmiş milli mədəniyyətimizə böyük qayğı və diqqət göstərmişdir. Həmin vaxtdan musiqi təhsili və gələcək nəslin maarifləndirilməsi işi fondun daimi diqqət mərkəzində olmuş, ardıcıl şəkildə təşkil edilən xeyriyyə konsertləri mədəniyyətimizin zəngin ənənələrinin qorunması işinə töhfə vermişdir.

Mehriban xanım Əliyevanın 2004-cü ilin sentyabrında UNESCO-nun xoşməramlı səfiri seçilməsi ilə fondun milli irsin mühafizəsi sahəsindəki fəaliyyəti bir qədər də genişlənmişdir. Azərbaycanın bir sıra görkəmli alimlərinin, yazıçı və bəstəkarların yubileylərinin keçirilməsi, habelə "Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, UNESCO-nun "Dünya irs siyahısı”na İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə birgə daxil edilməsi bu fəaliyyətin təqdirəlayiq məqamları kimi vurğulana bilər. Fondun prezidentinin şəxsi səyləri nəticəsində Azərbaycan xalqının milli sərvəti sayılan muğam, Novruz bayramı, kəlağayı UNESCO-nun qeyri-maddi irsinə daxil edilmişdir. Mehriban xanım Əliyevanın Azərbaycan muğamlarının öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti onun mənəvi dəyərlərə bağlılığının və yüksək vətənpərvərliyinin bariz göstəricisidir.

Fond müxtəlif ölkələrdəki unikal mədəniyyət abidələrinin bərpası prosesində də yaxından iştirak edir. Fondun təşəbbüsü ilə Fransada Dünya Mədəni İrs siyahısına daxil edilmiş Versal sarayı, Parisdə on dördüncü əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələri, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər Sarayı, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycana aid orta əsrlər əlyazmaları bərpa olunmuşdur. Heydər Əliyev Fondu Romanın Kapitoli Muzeyində bərpa işlərinin həyata keçirilməsinə də dəstək vermişdir.

Ölkəmizdə sərt karantin rejiminin tətbiq olunduğu son aylarda dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun reallaşdırdığı sosial layihə və çağırışlar da son dərəcə əhəmiyyətli olmuşdur. Azərbaycanın Birinci vitse-prezidenti, fondun rəhbəri Mehriban xanım Əliyevanın xalqa özünəməxsus səmimi müraciətinin ictimai rəyə təsir baxımından əhəmiyyətini xüsusi vurğulamaq lazımdır: "Gündəlik həyat tərzindən imtina edib evdən çölə çıxmamağın, doğma və yaxınlarınla görüşməməyin, bəzən övladlarını və nəvələrini qucaqlamaq imkanından məhrum olmağın necə çətin olduğunu anlayıram. Amma əgər biz məsuliyyətli vətəndaşlarıqsa, əgər, həqiqətən, valideynlərimizi seviriksə (mən isə buna əminəm!), əgər biz, doğrudan da, övladlarımızın və nəvələrimizin qədrini biliriksə, biz bunu onlar üçün etməyə borcluyuq, məhz borcluyuq! Özümüz üçün! Vətənimiz naminə!”

Fondun "Biz birlikdə güclüyük!” şüarı ilə keçirdiyi sosial layihənin məqsədi karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək, bu işdə vətəndaş həmrəyliyini genişləndirmək olmuşdur. Aksiya çərçivəsində ölkə üzrə həmin kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılmmışdır. Fondun "Regional İnkişafİctimai Birliyi tərəfindən 150 Çağrı mərkəzinə daxil olan müraciətlər əsasında sovqatların hazırlanması və onların ünvanlara çatdırılması təmin edilmişdir.

Xeyirxahlıq, mərhəmət və humanizm insanı daxilən saflaşdıraraq başqalarının gözündə ucaldan, insanlığın zinətinə çevirən ali dəyərlərdən sayılır. Yıxılanı ayağa qaldırmaq, kimsəsizə əl tutmaq, ehtiyacı olana yardım etmək eyni zamanda Azərbaycan xalqının tapındığı yüksək milli-mənəvi, dini dəyərlərdən irəli gəlir. Ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələri qısa müddətdə uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun 16 illik çoxşaxəli fəaliyyəti də məhz bu nəcib dəyərlərə söykənir.

Qeyd olunanlar bir daha təsdiqləyir ki, Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti statusunda uğurlu fəaliyyətini inamla davam etdirir, Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarına tapınmaqla milli intibah prosesinə layiqli töhfələrini verir. Bu məsuliyyətli missiya Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, onun layiqli siyasi davamçısı olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin böyük uğurla davam etdirdiyi strateji siyasət kursunun layiqincə həyata keçirilməsinə, görülən işlərin hər bir vətəndaşın həyatında hiss olunmasına dəstək verməyə yönəlmişdir.

 

Qüdrət KƏRİMOV,

"Xəzər” QSC-nin sədri, iqtisad elmləri doktoru

 

Azərbaycan.- 2020.- 25 avqust.- S. 1; 4.