Milli Məclisin Sədri Sahibə Qafarova: Türkiyə ilə dostluğumuz sarsılmazdır

 

Avqustun 24-də Milli Məclisin Sədri Sahibə Qafarovanın Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntopla növbəti telefon danışığı olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, telefon danışığında Spiker həmkarını və onun simasında bütün türk xalqını Türkiyə tarixinin ən böyük təbii qaz yatağının kəşf olunması münasibətilə həm öz adından, həm də Milli Məclisin deputatları adından təbrik edib. Sədr deyib ki, yeni qaz yatağının işlənməsi qardaşdost Türkiyə xalqına böyük faydalar gətirməklə yanaşı, onun beynəlxalq aləmdə nüfuzunun daha da yüksəlməsinə öz müsbət təsirini göstərəcək, iqtisadiyyatının daha da güclənməsinə yeni impuls verəcək.

Telefon danışığı zamanı spikerlər Azərbaycan və Türkiyənin enerji təhlükəsizliyi sahəsində birlikdə həyata keçirdikləri qlobal layihələrin əhəmiyyətini bir daha vurğulayıb, bu ölkələrin regionda reallaşdırdıqları digər layihələrin də müvəffəqiyyətlə nəticələnəcəyinə əminliklərini söyləyiblər.

Milli Məclisin Sədri bildirib ki, Türkiyənin uğurları bizi də qəlbən sevindirir. Azərbaycan-Türkiyə dostluğu xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək. Türkiyə ilə dostluğumuz sarsılmazdır.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə də danışılıb.

 

Azərbaycan.- 2020.- 25 avqust.- S.2.