Xeyirxahlıq
manifestinin müəllifi
Həyat təcrübəsi artdıqca
insanın bir çox suallara cavabları da konkretləşir. Belə suallar
sırasında qadının cəmiyyətdəki rolu məsələsi
də var. Əslində bu, çox böyük bir
dövrün müzakirə mövzusudur. Ömrün
qazandırdığı təcrübə isə bu suala indi
daha dəqiq cavab vermək imkanı yaradır.
Qadının cəmiyyətdəki
rolu həlledicidir. O, gələcəyi yaradanları
dünyaya gətirib tərbiyə edir, keçmişin həyati
əhəmiyyətli dəyər və ənənələrini
nəsillərə ötürür. Qadın ailənin, cəmiyyətin
bütövlük rəmzi, evin, yurdun, ocağın
abadlığı, möhtəşəmliyidir. Qadın Vətəndir,
müqəddəs ailənin qoruyucusudur. El-obaya aid olanları
Ana Vətən işığında başına toplayan ahənrübadır.
İnkişafa doğru gedən yollar, atılan müdrik
addımlar, qazanılan böyük uğurlar qadının fədakarlığı
və zəkası sayəsində başa gəlir.
Azərbaycan
dünyagörüşündə qadının yeri çox
ucadır. Milli təfəkkürümüz üçün
qadın ən ali dəyərlərimizin ünvanıdır.
Bu münasibət Azərbaycanda zərif cinsin çiyinlərinə
əslində çox böyük bir missiya qoysa da,
qadınlarımız həmin missiyanı şərəflə
daşıyırlar. Ona ağır yük kimi deyil, ucalıq
ünvanı kimi yanaşırlar. Əməlləri,
davranışları ilə hər zaman bu ucalıqda qərar
tutmağa çalışırlar.
Azad düşüncə,
övlad, ailə, vətən uğrunda fədakarlıq,
nikbin ruh, xeyirxah əməllər, ədalətli qərarlar
Azərbaycan qadınının tərcümeyi-halıdır.
O, tarixin bütün dövrlərində mənsub olduğu nəslin,
ailənin, el-obanın yükünü kişilərlə
birgə daşımaqdan qürur duyub, öz borcu hesab edib. Ona
görə də Azərbaycan kişisi tarixboyu üzləşdiyi
çətinlikləri dəf etməyi bacarıb. Ağır
sınaqlara rəğmən milli kimliyimizin, dəyərlərimizin,
bizə aid özünəməxsusluqlarımızın
keşiyində ayıq-sayıq dayanıb. Çünki
qadınlarımız bütün bunları hifz ediblər, bu
güvəni hər zaman doğruldublar. Bəlkə elə bu
səbəbdəndir ki, bütün dünyada dövlətin,
millətin mədəniyyəti onun qadına verdiyi dəyərlə
ölçülüb.
Tarixdən
gələn işıq
Bu sətirləri yaza-yaza
Azərbaycan xalqının yetirdiyi böyük şəxsiyyətlərin
portretləri yaddaşımdan keçir. Və maraqlı bir
qanunauyğunluğa özüm də heyrətlənirəm.
Əlbəttə, tarixdəki böyük şəxsiyyətlərimizin
sayı çoxdur və onların hamısını saymaq,
düzü, heç bilmirəm, mümkündürmü?!
Amma əgər bunu edə bilsək, güman edirəm ki, həmin
şəxsiyyətlər qalereyasında kişilərlə
qadınların sayı təxminən bərabər gələcək.
Bu da onunla bağlıdır ki, şəxsiyyət
ucalığına doğru yolda qadınlarımız hər
zaman kişilərlə bərabər addımlayıblar. Dahi
insanları həm dünyaya gətirərək tərbiyələndirib,
həm də onların əldə etdiyi uğurlarda müstəsna
xidmətləri olub, fərdi nailiyyətləri ilə
başqalarını da ucalıqlara yüksəldiblər. Bu
şəxsiyyətlərin hər birindən gələcək
nəsillər üçün böyük bir irs
başlanır. Bizi biz edən, gələcəyə
ruhlandıran, uğurlarımıza vəsilə olan da elə
bu irsin nurudur.
Ümummilli Lider, dünya
siyasəti korifeyi Heydər Əliyevin daha bir
böyüklüyü həm də onda idi ki, Azərbaycan
qadınına layiq olduğu dəyəri verirdi. Qadınlarımızın ictimai fəallığına
mühit yaradırdı. İnkişaf, tərəqqi
qapılarını onların üzünə taybatay
açırdı. Azərbaycan qadınını mütəşəkkil
bir qüvvə kimi səfərbər edib ümumxalq
mübarizəsinə ruhlandırırdı, böyük
cahanşümul işlərə istiqamətləndirir,
cəmiyyətdə və dövlətdə layiq olduğu
mövqe ilə təmin edirdi, ona ən yüksək vəzifələrdə
etimad göstərirdi. Xanımlarımızın
yüksək məsuliyyətinə, tapşırılan
işlərin öhdəsindən ləyaqətlə gələ
biləcəklərinə qəlbən inanırdı. Və
Azərbaycan qadınları Heydər Əliyevi bu inamında,
güvənində heç vaxt yanıltmadı, hər zaman o
böyük şəxsiyyətin etimadını
doğrultmağa çalışdı.
Bu gün də həmin
missiyanı Ulu Öndərin layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev yerinə
yetirir. Məhz onun uzaqgörən müdrik siyasəti sayəsində
Azərbaycan qadını özünü, ailəsini,
doğmalarını təhlükəsiz, əmin-aman bir
inkişaf mühitində hiss edir. Bu mühitin qorunması, Azərbaycanın
daha geniş yüksəlişi üçün cani-dildən
çalışır. Qəlbinin sevgisi, əllərinin hərarəti
ilə Vətən evinin abadlığına fayda verməyə
daim səy göstərir, cəfakeşlik edir. Xalqın
milli-mənəvi dəyərlərinə sadiqliyi ilə
üzvü olduğu cəmiyyətə nadir töhfələr
verir.
Yolyoldaşı,
əqidə sirdaşı
Gündən-günə
yeni möcüzələr ərsəyə gətirən
innovativ texnologiyalar, böyük elmi kəşflər, iqtisadi
meyillər bəşəriyyət həyatında çox
şeyləri dəyişir. İnsanın rifahına yönəlmiş
inkişaf proseslərini hərəkətə gətirir. Bu proseslərə rəvac verənlər, cəmiyyətin
firavanlığına, xoşbəxtliyinə əsas məqsədi
kimi yanaşanlar, insanı müasir həyatımızın ən
qiymətli dəyəri kimi qəbul edənlər isə zəmanəmizin
İlham Əliyev kimi parlaq liderləridir.
Dünyanı rifahla
yaşadan, gələcəyə sonsuz ümid, inam yaradan məhz
belə şəxsiyyətlərdir.
Mənəvi-insani dəyərlərə
xitab, xalqın arzu və amallarının real həyat mənzərələrinə
çevrilməsi dövlət başçısı
İlham Əliyevin işıqlı qayəsidir.
Qarşıya qoyduğu, həyata keçirdiyi ali məqsədlər
yüksək ideallardır. Və Azərbaycan Prezidenti bu məqsədlərə
doğru aparan haqq yolunda ona görə bu qədər
uğurludur ki, ən çətin yolun hər addımında
ümumxalq dəstəyindən güc alıb. Bu qətiyyətli,
möhtəşəm fəaliyyətin daha bir məntiqli səbəbi
də onun xanım Mehriban Əliyeva kimi dönməz
silahdaşının, məsləkdaşının, etibarlı
yolyoldaşının olmasındadır.
Əməllər
və ali həqiqətlər
Bu gün Azərbaycan
qadınını Vətən naminə
çalışmağa ruhlandıran böyük bir səbəb
də var. Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi
dövründə Azərbaycan qadını üçün
möhtəşəm bir tarix başlanıb. O, təkcə
Azərbaycanda deyil, ümumiyyətlə, bütün
dünyada layiq olduğu şöhrətə, ucalığa
yüksəlib. XXI əsrin məşhur,
görkəmli qadınları sırasında indi onun da
adı, pozulmaz dəstxəti var. Ölkəmizin Birinci
vitse-prezidenti xanım Mehriban Əliyevanın şəxsində
Azərbaycan qadınının qazandığı nailiyyət
qadın fəallığı ənənələrinə
yeni nəfəs verir. Bugünkü və gələcək
nəsillər üçün davamlı inkişafa yol
açır.
Xanım Mehriban
Əliyevanın həyat və fəaliyyəti bir şəxsiyyət
dərsidir. Hər insanın ona bəxş edilmiş həyatı,
əslində, necə yaşamalı olmasının nümunəsidir.
Birinci vitse-prezidentin fəaliyyətini izlədikcə,
gördüyü işlərin məzmununu nəzərdən
keçirdikcə, nadir fikirləri ilə tanış olduqca, əslində,
ömrün mənasının nədən ibarət
olduğunu dərk edirsən. Dünyanın böyük filosofları,
mütəfəkkir adamları öz əsərləri,
müdrik kəlamları, öyüd-nəsihətləri ilə
bu həqiqətləri anlatmağa cəhd ediblər və
indi də çalışırlar. Mehriban xanımın isə
fərqi ondadır ki, bu ali həqiqətləri o, öz əməlləri,
unikal addımları ilə anladır. Şəxsi nümunəsi
ilə göstərir. Hər birimizə ünvanlayır ki,
bizim həyatımız, doğmalarımızla bağlı məsuliyyətimizdən
başqa, həm də ictimai borcumuzla bağlıdır.
Baxır ki, bu məsuliyyəti kim necə dərk edir.
İnsanın cəmiyyətdəki statusunu, ictimai mövqeyini
müəyyənləşdirən də elə budur.
Əslində, tarixdə qalmaq şansını da bu borcun ləyaqətlə
yerinə yetirilməsi təmin edir.
Mehriban xanım öz əməlləri
ilə insanlara bu yolu göstərir. Onun fəaliyyətində
kamilliyə, ruhani məqama ucalan insanların mənəvi
keyfiyyətləri görünür. Ömrünü
yaxşılıqlara həsr etmiş bütün kəslərin
minilliklər boyu formalaşdırdıqları dəyərlər
əks olunur. Mehriban xanım Əliyevanın
gördüyü işlər zəngin bir aləmə
qapı açır. Buradan əsl insani keyfiyyətlərin
intəhasız qatları, üstqurumu görünür.
Qadın
hərəkatı tarixində yeni bir dövr
Mehriban xanım
Əliyevanın fəaliyyəti Azərbaycanın qadın hərəkatı
tarixində də başqa bir mərhələdir. Azərbaycan
qadınının ictimai fəallığında o, öz
çoxşaxəli fəaliyyəti, strateji
baxışları ilə yeni ənənələr
formalaşdırıb. Qadın hərəkatının
müasir forma və metodlarını irəli sürərək
onların uğurunu təmin edib.
Bəli,
unutmuruq ki, tarixin müxtəlif mərhələlərində
cəmiyyət həyatının ayrı-ayrı sahələrində
fəallıq göstərərək öz töhfələrini
verən xanımlarımız çox olub: kimisi təhsil
sferasında böyük işlərə imza atıb, kimisi səhiyyədə, bir başqası mədəniyyətdə
və digər sahələrdə. Mehriban xanım isə
qadın hərəkatı tariximizdə ilk şəxsiyyətdir
ki, fəaliyyəti təhsildən səhiyyəyə, idmandan
milli mədəniyyətimizin ölkədə və xaricdə
təbliğinə, xeyriyyə işlərindən başlamış
ətraf mühitin qorunmasına qədər ən müxtəlif
spektrləri əhatə edir.
Mehriban xanım
Əliyevanın fəaliyyətində məsuliyyət
yükü ağır və şərəflidir. O, millətin
tərəqqisi üçün yeniləşən ideyalar
sahibidir. Azərbaycanın Birinci vitse-prezidentinin inkişafa
doğru hər addımı sosial reallığı dəyişən,
daha gözəl, daha sağlam, hər kəs tərəfindən
məmnunluqla qarşılanan yaradıcılıq məzmunu təqdim
edir.
Eyni zamanda Azərbaycanın
qlobal dünyaya inteqrasiyası Mehriban xanıma imkan verir ki,
gördüyü işləri təkcə ölkə
hüdudları ilə məhdudlaşdırmasın. Azərbaycandan
uzaqlarda da onu yaxşı tanıyırlar. Adını
böyük ehtiramla çəkirlər. Çünki Birinci
vitse-prezidentimiz bir çox ölkələrdə də
insanlara həyat eşqi bəxş edən, onları sevindirən,
dünyalarına işıq saçan möhtəşəm
işlər görüb. Onları ümidlə, ilhamla, Azərbaycana
minnətdarlıq duyğuları ilə yaşamağa
sövq edib. Dünyanı gözəlləşdirməyə
ruhlandıran nəcib əməllər meydana qoyub. Bu, onun
missiyasıdır. Mehriban xanım dünyanı sərhədlərə,
millətlərə, dil, din, mədəniyyət fərqlərinə
bölmür. O, uçurumlar yaradan fərqlərin deyil,
insanları nəcib niyyətlər, xoş məqsədlər
ətrafında birləşdirən, ali dəyərlərin
axtarışında olan şəxsiyyətlərdəndir.
Mehriban xanım Əliyevanın məqsədi, amalı
ayrılıq salmaq deyil, birləşdirmək, vəhdət
yaratmaq, fərdləri, mədəniyyətləri
üz-üzə qoymaq yox, onlar arasında sülhə nail
olmaqdır. Bu həyatda hər kəsin bir-birinə həyan
olmasının vacibliyi həqiqətini insanlara anlatmaqdır.
Onun
humanizm dünyası
Mehriban Əliyevanın
dünyaya, həyata, zamana bu baxışının əsasında
xalqa, ümumilikdə insanlara intəhasız sevgisi,
böyük vətənpərvərliyi, bəşəri
ideyalara sadiqliyi, zərif və eyni zamanda mükəmməl
humanizmi durur.
Hələ
Milli Məclisin deputatı olduğu dövrlərdə ölkənin
birinci xanımı cəzasının
bağışlanması mümkün olan yüzlərlə
insanın azadlığa qovuşmasına, öz ailəsinin,
doğmalarının yanına qayıtmasına amnistiya təşəbbüsləri
ilə kömək etdi. Onlara həbsxana
divarlarından xilas olub vicdanlı, dürüst, təmiz həyata
doğru açılan qapıları göstərdi.
Mehriban xanım bu gün
bütün dünyada multikulturalizm dəyərlərinin
yayılmasına çalışır. Sivilizasiyalararası
dialoq mühitinin formalaşdırılmasına böyük əmək
sərf edir. Tolerantlıq düşüncəsini
aşılayır, toplumu inandırmağı bacarır. Hər
zaman olduğu kimi, bu məsələlərdə də ən
mükəmməl nümunəni məhz özü göstərir.
Mehriban Əliyeva bu
gün həm UNESKO-nun, həm də ICESCO-nun xoşməramlı
səfiri statusunu daşıyan dünyanın məşhur
lider qadınları sırasında nadir şəxsiyyətdir.
Məlumdur ki, UNESKO Qərb dünyasına aiddir. ICESCO isə
daha çox Şərq dünyagörüşünü əks
etdirir, müsəlman aləminə bağlıdır. Bəşəriyyət
bu iki dünyagörüşün, Qərb və Şərq
sivilizasiyalarının toqquşma nöqtəsinə gəldiyi,
bir-birilə münaqişəyə girdiyi məqamlarla az
qarşılaşmır. Mehriban xanım Əliyeva hər iki
qurumda eyni statusda, eyni səviyyədə təmsilçiliyi
ilə göstərir ki, dəyərlər eynidir, ümumbəşəridir.
Sülh bütün insanlar üçün sülhdür.
İnkişaf arzusu, tərəqqi məramı, rifah,
xeyirxahlıq, şəfqət dünyadakı bütün fərdlərə
eyni dərəcədə aiddir. Yetər ki, insanları bu dəyərlər
ruhunda tərbiyə edəsən. Onların arasında
münaqişələr yaradan, təfriqələr salan,
müharibələrə, qan-qadaya gətirən süni fərqlərə
deyil, ali dəyərlərə tapınması
üçün çalışasan.
Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyeva öz nümunəsi ilə
göstərir ki, insan eyni anda bir neçə milli mənsubiyyətə,
mədəniyyətə, dinə, dilə və s. aid ola bilməz. Amma bir insan fərqli milli özünəməxsusluqların
da, mədəniyyətlərin də, dinlərin də, dillərin
də ən gözəl xüsusiyyətlərini öz şəxsiyyətində,
fəaliyyətində, dünyagörüşündə eyni
araya gətirməyi bacarar. Humanizm adlanan, qarşısında
dünyanın diz çökdüyü, baş əydiyi bir
dəyərə yeni çalarlar, rənglər qatar, ona ölçüyəgəlməz mənalar
bəxş edə bilər.
Mehriban xanım bu həqiqəti
çatdırarkən həyatını belə bir missiyaya həsr
edən şəxsiyyət kimi dünyanın diqqətini cəlb
edir.
Mədəniyyət
diplomatiyası
Mehriban xanım hər zaman ona böyük
ehtiyacın olduğu yerdədir, fəaliyyətinin zərurətə
çevrildiyi andadır. O, hələ
1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları
Fondunu yaradarkən belə bir qurumun mövcudluğu həyati
vacib məsələ kimi görünürdü. Dövlət müstəqilliyimizi yenicə əldə
etmişdik. Artıq milli mədəniyyətimizi
vahid sovet xalqının mədəniyyəti kimi deyil, müstəqil
bir xalqın milli sərvəti kimi beynəlxalq aləmə təqdim
etməli idik. Azərbaycanı dünyaya
qara qızılından sonra bir də onun mədəniyyəti
işığında tanıtmaq lazım gəlirdi. Kifayət qədər çətin və keşməkeşli
vaxtlar idi. Resurslar lazımi səviyyədə
deyildi. Əsas diqqət dövlət
quruculuğu proseslərinə, hüquqi islahatlara, diplomatik əlaqələrin
inkişafına, keçid dövrünün problemlərinin
həllinə, insanların maddi rifah halının
yaxşılaşması məramına yönəlmişdi.
Belə bir məqamda Mehriban xanım
Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları
Fondunu yaradaraq dövlətimizə böyük dayaq oldu. Milli-mənəvi dəyərlərimizin
qorunması və təbliği, incəsənətimizin
inkişafı, Azərbaycan mədəniyyətinin ümumbəşəri
mədəni dəyərlər sisteminə inteqrasiyası
işinə mühüm töhfələr verdi.
Azərbaycanın öz dövlət
müstəqilliyini yenicə elan etdiyi zamanlarda Mehriban
xanımın belə bir missiyanı üzərinə
götürərək mədəniyyət
diplomatiyasının gücündən istifadə etməsi
onun dövlətçilik təfəkkürünün, zəngin
mənəvi irsimizə sadiqliyinin ifadəsi idi. Bu təşəbbüs
xalqımıza azərbaycançılıq məfkurəsinin
aşılanması, onun zəngin mədəniyyət
tariximizlə mənəvi bağlarının möhkəmləndirilməsi
yolu ilə sovet quruluşunun süqutundan sonra yaranmış
ideoloji boşluğun aradan qalxması baxımından da
müstəsna əhəmiyyət daşıyırdı.
Mehriban xanımın baş redaktoru
olduğu "Azərbaycan-İrs” jurnalı da bu missiyanı
davamı etdirən faydalı bir layihə kimi ortaya
çıxdı. İstənilən nəcib təşəbbüsün
yerinə yetirilməsi üçün, ilk növbədə,
kommunikasiya vasitəsinə ehtiyac duyulur. Qəzet,
jurnal, kitab da yüksək dəyərləri, faydalı bilgiləri
geniş auditoriyaya çatdıran, onları xoş niyyətlər
ətrafında bir araya gətirə bilən təsirli vasitələrdəndir.
Bu baxımdan milli mədəniyyətimizin xaricdə,
çox geniş çevrədə təbliğ
olunmasında "Azərbaycan-İrs” jurnalının
böyük rolu inkaredilməzdir.
Muğam -
xalqımızın genetik kodu
Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun xətti ilə milli mədəniyyət
tariximizdə hər zaman qürur və ehtiramla xatırlanacaq
başqa möhtəşəm layihələrə də imza
atdı. Dünyanın musiqi xəzinəsində misilsiz inci
kimi parlayan muğama Azərbaycanın sərvəti kimi sahib
çıxdı. Muğam sənətini
dirçəltdi. Azərbaycanda da,
dünyada da bu sənəti populyarlaşdırdı. Beynəlxalq aləm Azərbaycan xalqının nə
qədər zəngin dəyərlərə malik, tarixin hələ
ən qədim qatlarında da muğam kimi sistemli, mürəkkəb
musiqi nümunələri yarada bilmiş xalq olduğunu
gördü. Mehriban xanım muğamı
Azərbaycan xalqının genetik kodu adlandırdı. Belə bir mükəmməl genetikaya malik xalqın
bütün çətinliklərdən çıxmaq
bacarığında olduğunu, dövrün inkişaf
axarında hər zaman öz yerini tuta biləcəyini bizə
də, başqalarına da isbat etdi.
Ölkənin Birinci vitse-prezidentinin təşəbbüsü
ilə Bakının mərkəzində "Beynəlxalq
Muğam Mərkəzi” kimi mədəniyyət məbədi
ucaldı.
"Qarabağ xanəndələri” musiqi albomu, hər il Bakıda keçirilən beynəlxalq caz
festivalları, başqa mədəniyyət hadisələri ilə
tariximizdə yeni səhifələr açdı. Azərbaycan mədəniyyətinə
dünyanın dörd bir yanında yeni dostlar
qazandırdı. Bu dostların köməyi
ilə milli mədəniyyətimiz daha çox yayıldı,
xalqımız tanındı və bununla da mövqelərimizi
daha çox möhkəmləndirə bildik.
Heydər Əliyev
ideyalarına layiqli xidmət
2004-cü ildə Mehriban xanım
Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev
Fondunun yaradılması da zamanın məntiqindən irəli
gələn məqsədəuyğun bir addım idi. Ulu Öndərin cismani
yoxluğu dövründə onun ideyalarını öyrənən,
tədqiq və təbliğ edən, yeni nəsillərə
çatdıran, bu böyük dövlət adamının zəngin
irsini nəsildən-nəslə ötürən bir təsisatın
olması tariximiz üçün mühüm əhəmiyyət
kəsb edirdi.
Birinci vitse-prezident Heydər Əliyev
ideyaları işığında belə bir qurumu
formalaşdırdı və onun öz məramlarına
uyğun fəaliyyəti üçün məxsusi bir yol
seçdi. Nədir bu özünəməxsusluq? Heydər Əliyev Fondu Ulu Öndərin dövlətçilik
irsinə xidməti təkcə nəzəri tədqiqatlar səviyyəsində
məhdudlaşdırmadı. Hər
hansı maarifləndirici tədbirlərlə, elmi-kütləvi
aksiyalarla fəaliyyətini tamamlanmış saymadı.
Fond Heydər Əliyev irsinə xidməti həm də real əməllərdə
göstərdi və hazırda da bu iş uğurla davam
etdirilir. Ümummilli Liderin ideyalarının
xalqımız, ölkəmiz və ümumiyyətlə,
dünya üçün faydalılığını dərk
edərək dövlətimizin apardığı inkişaf
siyasətinə böyük dəstək olan çoxşaxəli
layihələrlə yaşatdı və yaşadır.
Heydər Əliyev ideyalarının təməlində
insana xidmət durur. Hər bir kəsin inkişafına
çalışmaq, mükəmməl şəxsiyyət
yetişdirmək, onun qayğılarına, problemlərinə
həssaslıqla yanaşmaq qayəsi əks olunur. Mehriban xanım Əliyeva da bunu Heydər Əliyev
Fondunun fəaliyyətinin ana xəttinə çevirdi.
Bu nüfuzlu qurum çox qısa zamanda
milyonlarla insanın ümid qapısı oldu. Vətəndaşlara həssas
münasibəti, hər birimizin qəlbimizdən xəbər
verən mədəni, humanitar, sosial layihələri ilə,
problemlərin həlli üçün
formalaşdırdığı effektiv mexanizmlərlə cəmiyyətimizin
böyük ehtiramını qazandı. Məhz
Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq
məharəti sayəsində Heydər Əliyev Fondu ölkəmizin
və müasir dünyanın yeni və qabaqcıl ideyalarla hərəkət
edən innovativ təşkilatlarından biri kimi
tanındı. Təhsil, mədəniyyət, səhiyyə,
idman, elm və texnologiya, ekologiya və sosial sahələrdə
ölkəmiz, cəmiyyətimiz üçün son dərəcə
mühüm əhəmiyyət kəsb edən miqyaslı
layihələri ilə dövlətimizin apardığı
inkişaf siyasətinə mühüm töhfələr verdi. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizin qazandığı nailiyyətlərin
sırasını daha da genişləndirdi.
Mehriban xanımın təşəbbüsü
ilə inşa olunmuş səhiyyə müəssisələri
minlərlə insana həyat bəxş etdi. Onun bütün ölkə
boyu tikdirdiyi məktəblər evlərdə, ailələrdə,
düşüncələrdə maarif nurunu daha da gücləndirdi.
Mehriban xanım Əliyeva kimsəsizlərin
himayədarı oldu, ata-anasız körpələrə
analıq etdi, övladlarından naxələflik
görmüş valideynlər onun timsalında ən diqqətcil,
ən qayğıkeş övladın varlığına
sevindilər.
Mehriban Əliyeva bu yurdun insanlarına ən
doğma adamları kimi sahib çıxdı.
Ölkəmizlə yanaşı, dünyanın
müxtəlif yerlərində ehtiyacı olan icmalara köməyi
ilə, həyata keçirdiyi sosial-humanitar layihələrlə
Azərbaycana sevginin, ehtiramın hüdudlarını
genişləndirdi.
Xalqı şərəfləndirən
qürur hekayələri
Birinci xanımın fəaliyyəti Azərbaycan
insanları üçün bir qürur hekayəsidir. Onun təşəbbüsü ilə həyata
keçirilmiş müxtəlif layihələrdən xeyir
görən, müşkülləri asan olan, dərdlərinə
çarə tapılan minlərlə insanın sevinci öz
yerində, digər tərəfdən, ölkənin Birinci
vitse-prezidentinin təşkilatçılıq məharəti,
Vətənə sevgisi ilə bütün dünya azərbaycanlılarına
misilsiz qürur hissi bəxş etdiyi tarixi hadisələrin
sayı da az deyil. 2012-ci ildə Bakıda
keçirilmiş "Avroviziya” Beynəlxalq Mahnı
Müsabiqəsi, 2015-ci ildə Azərbaycanda təşkil
olunan I Avropa Oyunları, 2017-ci ildə ölkəmizin
evsahibliyi ilə İslam Həmrəyliyi Oyunları bu
ümumxalq qürurun heç zaman unudulmayacaq rəmzləridir.
Xalq belə qürur hekayətləri ilə
böyüyür, özünəinam, özünəhörmət
hissi formalaşır, yaşamağa, yaratmağa, yeni nailiyyətlər
qazanmağa ruhlanır. Və Mehriban xanım Əliyeva bu uğur və
qürur hekayələrini bu gün Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti kimi daha israrla davam
etdirir.
Vətəndaşların arzu və
ümidlərinin tərcümanı kimi öz dövlətinə,
xalqına faydalı olmağın parlaq nümunələrini
yaradır. Ölkəmizin gələcəyə
hazırlanması üçün aparılan köklü
islahatlarda, inkişaf proqramlarında, Azərbaycanın milli
maraqlarının qorunmasında bir silahdaş kimi möhtərəm
Prezidentimizə dəstək verir, onun və
xalqımızın yüksək etimadını doğruldur.
Təhsilin
yaratdığı yeni dəyərlər
Bu yaxınlarda maraqlı bir fikirlə
qarşılaşdım. Məzmunu təxminən belə
idi ki, gələcək nə tapdığımızdan, nə
istehsal etdiyimizdən asılı olacaq. Bəşəriyyət
yüzillər boyu təbiətin ona verdiyi sərvətlər
hesabına güzəranını davam etdirib. Ona lazım olanları təbiətdən tapıb.
Artıq insanın özünün təbiətin
ona verə bilmədiklərini də yaratması
zamanıdır. Bu isə ancaq elmin, təhsilin
gücü ilə mümkün ola bilər.
Xalqların gələcək həyatı,
xoşbəxtliyi yalnız və yalnız elmdən, təhsildən
asılıdır. Bəlkə elə buna
görə də Mehriban xanım Əliyevanın fəaliyyətində
elm, təhsil məsələləri çox önəmli və
zəruri yer tutur.
Bu sahəyə onun sistemli
baxışı yeni dünyamızın müasir
çağırışları kimi təhsil sferasında
çox şeyləri dəyişdi. Təhsil artıq insan
üçün bir neçə illik təlim və tədris
proqramı deyil, bütün ömür boyu davam etməli olan
prosesə çevrilib. Eyni zamanda elm, təhsil
artıq təkcə dövlətin həyata keçirdiyi tədbirlərlə
məhdudlaşan fəaliyyət növü sayılmır.
Təhsil bu gün bir mühitdir, ekosistemdir və
onun formalaşmasından ötrü bütün cəmiyyət
üzvlərinin bu prosesə cəlb olunması lazım gəlir.
Birinci vitse-prezidentin təşəbbüsləri
sayəsində bu gün elm-təhsil sahəsində
qazandığımız ən ciddi nailiyyətlər məhz
ölkəmizdə də təhsilin mühitə çevrilməsidir. İnsanlar üçün
strateji bir dəyər kəsb etməyə
başlamasıdır. Mehriban xanım cəmiyyətimizə
elmin, təhsilin nə qədər mühüm əhəmiyyət
kəsb etdiyini layihələri ilə göstərir. Ömür boyu oxuyub-öyrənməyi, öyrəndiklərimizi
başqaları ilə paylaşmağı, informasiyaların
gücü ilə dünyamız üçün yeni dəyərlər
yaratmağı aşılayır.
Mehriban xanım xüsusilə
qızlarımızın, qadınlarımızın təhsilinə
diqqət yetirməyi, onların fərdi inkişafına sərmayə
qoymaq düşüncəsini verir cəmiyyətə. Çünki hər
savadlı qadın cəmiyyətin gələcəyi
üçün yeni, layiqli nəslin yetişdirilməsi deməkdir.
Toplumun daha böyük güclə, resurslarla irəli
getməsidir, önə çıxmasıdır. Gənclərimizin, xüsusilə qızların təhsilinə
xərclənən hər bir manat qısa müddətdən
sonra min dəfələrlə böyük artımla yenidən
cəmiyyətə dönür. Və
bundan təkcə həmin vəsaiti sərf edən fərdlər
yox, ümumilikdə Azərbaycan qazanır. Mehriban Əliyeva öz baxışları,
yanaşmaları, layihələri ilə insanlarımıza
bunu öyrədir.
Bu mənada o, zəmanəsinin ən
müdrik müəllimidir.
Vətəndaşlıq dərsi
Birinci vitse-prezident bizə vətəndaş
olmağın meyarlarını da anladır. Hər birimizə vətəndaş
məsuliyyəti aşılayır. Ona
olan ümumxalq sevgisi bu vətəndaşlıq dərslərinin,
dövlətçilik tərbiyəsinin təsir
gücünü təmin edir. İnsanlarımız
öz davranışlarında onun tövsiyə və təlqinlərini
nəzərə alırlar. Çünki
ona inanırlar. Bilirlər ki, əgər
bunu Mehriban xanım deyirsə, deməli, insanların
faydasınadır. Koronavirus pandemiyasına qarşı
karantin tədbirlərinin həyata keçirildiyi vaxt bunu
Birinci xanımın cəmiyyətimizə ardıcıl
müraciətlərində, vətəndaşların həmin
müraciətləri sevgi və anlayışla, əsl dost,
munis, canıyanan insanın tövsiyələri kimi
qarşılamalarında da şahidi olduq.
Bu, bir yüksək rütbəli dövlət
məmurunun yox, bir ananın, bacının, övladın
öz doğmalarının qeydinə qalaraq onlara göstərdiyi
yüksək qayğı, sərhədsiz məhəbbət
idi. İnsanlarımız
da Mehriban xanımı məhz bu doğma statusda qəbul edib
ürəkdən sevirlər. Bu, elə bir ali hissdir ki, onu hər hansı inzibati təsir
gücü, yüksək vəzifə ilə əldə etmək
mümkün deyil.
Bu, qarşılıqlı sevgidir,
inamdır, güvəndir, ülvi bir
bağlılıqdır.
Mehriban xanım Əliyeva insanların bu
sevgisini, inamını, güvənini məhz onlara olan sevgisi,
inamı, güvəni qarşılığında əldə
edə bilib. Onun
varlığında həyat mənbəyi, müdriklik mücəssəməsi
kəşf edən qədirbilən insanlar əsrlərin dərinliyinə
uzanıb gedən tariximizin unudulmuş guşələrinə
işıq salan, ana və bacılarımıza böyük məhəbbət
və ehtiramla süslənmiş duyğular oyadan bu
şəxsiyyətin nurlu əməllərinə minnətdarlıq
hissləri ilə cavab verirlər. Bu, qarşılıqlı
ehtiram, anlayış, məhəbbət, təmənnasız,
ürəkdən gələn xidmətin indiyədək
arzularda yaşanan manifestidir. Həmin manifestin müəllifi qədirbilən
insanların sevdiyi, hər addımını təqdir etdiyi,
varlığı ilə qürur duyduğu ölkəmizin
Birinci vitse-prezidenti xanım Mehriban Əliyevadır.
Bu gün isə onun
dünyaya gəldiyi gündür. Ömrün neçənci
zirvəsinə ucaldığını bilmək
üçün təvəllüd tarixinə baxmağa gərək
qalmır. Ona görə yox ki, qadınlar hər zaman
göründükləri yaşdadırlar. Ona görə ki,
şəxsiyyət olmağın yaşı yoxdur. Mehriban xanımın qərar tutduğu şəxsiyyət
ucalığı, yaşadığı mənalı
ömür dünyanın dörd bir tərəfindəki
milyonlarla insana onun etdiyi yaxşılıqların
yaşındadır, bəşəriyyətə bəxş
etdiyi xeyirli əməllər qədərdir. Bu nurlu əməllərin
sayını, hesabını, yaşını müəyyən
etmək mümkün deyil.
Azərbaycanın
Birinci vitse-prezidentinə - qadın hərəkatı tarixinin ən
parlaq liderlərindən birinə ölkəmiz və
dünyamız üçün yeni-yeni nailiyyətlərlə
dolu tükənməz, gözəl illər arzulayırıq.
Şərəfli və fədakar ömrünüz uzun olsun!
Nurlana ƏLİYEVA,
YAP Qadınlar
Şurasının sədri, professor
Azərbaycan.-
2020.- 26 avqust.- S. 1; 3.