Dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük

 

Prezident İlham Əliyev icra məmurlarına həm mühüm tövsiyələrini verdi, həm də növbəti ciddi xəbərdarlığını ünvanladı

 

Dövlət idarəçiliyi sistemini daim təkmilləşdirən Prezident İlham Əliyev hətta qlobal pandemiya ilə mübarizə dövründə də bu istiqamətdəki islahatlarını davam etdirməkdədir. Bu zaman qətiyyətli, düşünülmüş addımlar atan dövlət başçısı ilk növbədə, xalqın və dövlətin maraqlarını, milli mənafeyini nəzərə alır.

Cənab İlham Əliyev cəmiyyətin islahatlara münasibətinə çox yüksək önəm verir və vətəndaşların proseslərlə bağlı nə düşünməsini, hansı sahələrdə nədən razı və ya narazı olmasını əsas götürür. Müxtəlif şəhər və rayonlara yeni icra hakimiyyəti başçıları təyin edərkən həmin şəxsləri qəbul edib ölkə ictimaiyyətinin gözü qarşısında onlara ciddi göstəriş və tapşırıqlarını verir. Bu da yeni vəzifəyə təyin olunan kadrların məsuliyyətini bir qədər də artırmış olur. Ona görə də xalq Prezidentin bütün yenilik və dəyişikliklərini çox yüksək qiymətləndirir.

 

Daim vətəndaşın yanında olmalı, Prezidentin etimadını doğrultmalı

 

Avqustun 24-də dövlət başçısı Biləsuvar və Saatlı rayonlarına təyin etdiyi yeni icra hakimiyyəti başçıları ilə videoformatlı görüşündə də bir daha həmin şəxslərə ciddi xəbərdarlıq etdi və qarşılarına mühüm tələblər, vəzifələr qoydu:

- ilk növbədə, rayonlarda vəziyyət düzgün təhlil edilməlidr;

- mövcud olan nöqsanlar, çatışmazlıqlar araşdırılmalıdır;

- insanları narahat edən problemlər öz həllini tapmalıdır;

- icra başçısı həmişə insanlarla bir yerdə olmalıdır;

- insanlar icra hakimiyyəti başçısının qayğısını hiss etməlidirlər;

- insanları qıcıqlandıra biləcək addımlar atılmamalıdır;

- xalq icra başçılarının gördüyü işlərdən razı qalmalıdır;

- əgər əyri yolla getsələr, qanun qarşısında cavab verməli olacaqlar.

Prezident bildirdi ki, ölkənin bütün kəndlərində mövcud problemlər həll olunarsa, bu, dövlətin gördüyü işlərin daha yüksək səviyyəyə yüksəlməsini şərtləndirəcək. Ona görə də şəhər və rayonlara yeni təyin olunan rəhbər şəxslər kəndləri bir-bir gəzib, mövcud problemləri vətəndaşın dilindən eşitməli və onların aradan qaldırılması ilə bağlı ciddi işlər həyata keçirməlidirlər. Əgər hansısa problem rayon səviyyəsində öz həllini tapa bilmirsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti nazirliklərə müraciət edilməlidir.

Onu da vurğulayaq ki, hazırda bölgələrdə regionların sosial-iqtisadi inkişafına dair IV Dövlət Proqramının icrası davam etdirilir. İcrası başa çatan 3 dövlət proqramı çərçivəsində indiyədək ölkənin bütün regionlarında çox böyük infrastruktur layihələri icra olunub. Bu proqramların tərtib edilməsində yerlərdən gələn müraciətlər xüsusi rol oynayıb. Məhz bu proqramların nəticəsində regionların əksəriyyətində yeni yolların, içməli su xətlərinin çəkilməsi, qazlaşdırma, elektrik enerjisi ilə bağlı məsələlər həllini tapıb. İnsanların məşğulluğunun artırılmasına, sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən onlarla zavod və fabriklər, sənaye məhəllələri, sosial-iaşə obyektləri açılıb.

Həmçinin son illərdə kənd təsərrüfatının inkişafına, o cümlədən infrastruktur layihələrinə qoyulan investisiya böyük inkişafa səbəb olub. Dövlət tərəfindən verilən subsidiyaların şəffaflaşdırılması istiqamətində çox önəmli addımlar atılıb, islahatlar aparılıb. Fermerlər üçün daha uyğun, çox şəffaf sistem yaradılıb, eyni zamanda, dövlət orqanları üçün də nəzarət mexanizmi təkmilləşib.

Bütün bu proseslərin reallaşması, yerlərdə mühüm layihələrin icrası, müəssisələrin yaradılması prosesi ilə daim maraqlanan cənab İlham Əliyev təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak edərək öz xeyir-duasını verir, eləcə də vətəndaşlarla səmimi görüşlər keçirərək problemlərini dinləyir, onların həlli istiqamətində ciddi tapşırıqlarını verir. Prezidentin daim vətəndaşın yanında olması, problemlərlə maraqlanması, onların həlli ilə bağlı göstərişlərini verməsi, ilk növbədə, xalqın dövlət başçısına olan etimadını, inamını daha da artırır.

 

Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görməlidirlər

 

Prezident qlobal böhran, pandemiya ilə mübarizə şəraitində sahibkarlara göstərilən diqqət və qayğıdan da söz açdı. Sahibkarlığın inkişafının ölkəmizin ümumi inkişafı ilə birbaşa bağlı olduğunu deyən cənab İlham Əliyev dedi ki, ölkə iqtisadiyyatı öz dayanıqlılığını saxlamalıdır, möhkəmləndirməlidir. Buna nail olmaq üçün əlbəttə ki, qeyri-neft sektoru inkişaf etməlidir. Bu inkişaf 2020-ci ilə qədər çox sürətli idi. Ancaq pandemiya ilə əlaqədar bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunur, o cümlədən Azərbaycanda da. Digər ölkələrlə müqayisədə isə ölkəmizdə bu tənəzzül kifayət qədər aşağı səviyyədədir - 7 ay ərzində cəmi 2,8 faiz. Əgər inkişaf etmiş ölkələrin iqtisadiyyatına nəzər yetirsək, 20-30 faizlik tənəzzülün şahidi olarıq. Dövlət başçısının da söylədiyi kimi, ölkəmizdə bu rəqəmin aşağı səviyyədə olması böyük nailiyyət kimi qiymətləndirilməlidir.

Sevindirici haldır ki, məhz böhran şəraitində ola-ola ölkənin qeyri-neft sektorunda, xüsusilə sənaye istehsalı sahəsində yüksəliş var. Son 7 ayda 13 faizlik inkişaf uğur göstəricisidir. Prezident bunu indiki dövr üçün tarixi nailiyyət adlandırdı: "Biz nəyin hesabına buna nail olmuşuq, sahibkarlığın inkişafı hesabına, verilən güzəştli kreditlərin və sahibkarların məsuliyyəti nəticəsində. Azərbaycanda artıq formalaşmış sahibkarlar sinfi ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır və sizsahibkarlara dəstək olmalısınız. Çünki bu gün dövlət sahibkarlara dəstək göstərir, müdafiə edir, şərait yaradır, onların gəlirlərinin artırılmasına çalışır. Sahibkarlar da, öz növbəsində, dövlətin vergisini qəpiyinə qədər ödəməlidirlər. Burada kölgə iqtisadiyyatına yol verilməməlidir, ikili mühasibat olmamalıdır. Əgər olarsa, bu sahibkarlar məsuliyyətə cəlb edilməlidirlər. Eyni zamanda, sahibkarlar bu gün hələ də ağır vəziyyətdə yaşayan insanlara kömək göstərməlidirlər”.

Dövlət başçısı bəzi rayonlarda sahibkarlara qarşı yaradılan süni əngəllərin aradan qaldırılması ilə də bağlı ciddi xəbərdarlıq etdi. Bəyan etdi ki, buna qətiyyən yol vermək olmazbu məsələlərə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Bundan başqa, heç kimə heç bir vəsait ödənilməməlidir.

 

Prezidentdən investorlara müraciət: "Xaricə yox, rayonlara sərmayə yatırın!”

 

Prezident həmçinin sahibkarların regionlarda yatırdıqları sərmayələrin həcminin artırılmasının vacibliyini də vurğuladı və bu işdə yerli icra hakimiyyətlərinə məsləhətlərini verdi. Dövlət başçısı dedi ki, icra başçıları rəhbərlik etdikləri rayonlara sərmayə qoyuluşunu artırmaq üçün yerli və əcnəbi sahibkarlara çağırış etməlidirlər. Yəni, rayondakı mövcud potensialı sahibkarların diqqətinə çatdırmalı və adamlarını maraqlandırmalıdırlar: "Onları maraqlandırmalısınız, onlara şərait yaratmalısınız. Çünki investisiya olmadan heç bir bölgə, heç bir rayon inkişaf edə bilməz. Düzdür, bu gün dövlət investisiyaları hesabına işlərin böyük əksəriyyəti görülür - ilk növbədə, infrastruktur layihələri və digər layihələr. Ancaq özəl sektorun inkişafı, təbii ki, sərmayə tələb edir. Onu da deməliyəm ki, hazırda xarici investorları aqrar rayonlara cəlb etmək o qədər də asan deyil, bunu biz hamımız başa düşməliyik. Xüsusilə bu gün dünyada hələ ki davam edən maliyyə və iqtisadi böhran bu imkanları məhdudlaşdırır. Eyni zamanda, pandemiya dövründə, ümumiyyətlə, iqtisadi fəallıq çox aşağı düşüb. Dünyada bu iqtisadi fəallıq nə vaxt bərpa ediləcək və yaxın gələcəkdə ediləcəkmi, bunu demək mümkün deyil. Ona görə biz gərək bu məsələyə çox praqmatik nöqteyi-nəzərdən yanaşaq”.

Dövlət başçısı diqqətə çatdırdı ki, bu gün xarici investorlar üçün Azərbaycanda cəlbedici sahələr energetika sahəsi ilə bağlıdır - neft-qaz layihələri, elektrik enerjisinin istehsalı, bərpaolunan enerjinin istehsalı, nəqliyyat layihələri. Ona görə də əcnəbi investorları kənd təsərrüfatı layihələrinə dəvət etmək üçün ciddi işlər görmək lazımdır.

Dünya iqtisadiyyatında hökm sürən gərginlik fonunda hələlik əcnəbi investorları maraqlandırmaq o qədər də asan olmayacaq. Ona görə də ümidlər yerli investorlaradır. İlk növbədə, yerli sahibkarlar regionlara sərmayə qoymalıdırlar.

Çünki bu gün Azərbaycan sahibkarları ölkəmizdə mövcud olan və gündən-günə möhkəmlənən sabitlikdən, əmin-amanlıqdan istifadə edərək, dövlətin onlara verdiyi dəstəkdən faydalanaraq, onlar üçün yaradılmış şəraitdən bəhrələnərək, iqtisadiyyatımızın liberallaşmasından xeyir görərək xarici ölkələrə böyük həcmdə sərmayə qoyurlar. Bu da təbiidir. Ancaq xarici ölkələrə on milyonlarla dollar həcmində investisiya qoyan Azərbaycan sahibkarı, ilk növbədə, öz vətənini düşünməlidir: "Sahibkarlarımız düşünməlidirlər ki, bu gün pandemiya dövründə, neftin qiymətinin kəskin düşməsi şəraitində işsizlik arta bilər. Əlbəttə ki, busahibkarların mənəvi öhdəliyi olmalıdır. Ona görə mən Azərbaycan sahibkarlarına üz tutub deyirəm ki, indiki şəraitdə sizin vəsaitiniz ölkə iqtisadiyyatının xeyrinə işləməlidir. Azərbaycana vəsait qoyun. Burada sizin vəsaitiniz ən yüksək səviyyədə qorunur”.

Dövlət başçısı vurğuladı ki, bu sözlərdən sonra ölkə iqtisadiyyatına, o cümlədən regionlara özəl sektor tərəfindən daha böyük həcmdə investisiya qoyulacaq.

Son illərdə ölkəmizdə həqiqətən də biznes iqlimi daha da yaxşılaşıb. Dünya Bankının "Doing Business” proqramı çərçivəsində əldə edilən tarixi nailiyyətlər bunu təsdiq edən reallıqdır. Prezident və hökumət də sahibkarları hər zaman dəstəkləyib və bundan sonra da dəstəyini əsirgəməyəcək.

 

Korrupsiyaya və rüşvətxorluğa qarşı sözdə yox, əməldə mübarizə aparılır

 

Prezident həmçinin son dövrlərdə ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan ciddi mübarizədən də söz açaraq dedi ki, bu mübarizə sözdə yox, əməldə aparılır. Bu mübarizə xalq tərəfindən yüksək qiymətləndirilir. Bu, ölkə vətəndaşlarının dövlət başçısına ünvanladıqları məktublarda da öz əksini tapır.

Həmçinin vətəndaşlar bu məktublarda Prezidentə müəyyən məsələlərlə bağlı müraciətlər də edirlər. Dövlət başçısı da bu müraciətlər əsasında araşdırmaların aparılmasını tapşırır. Bu da son zamanlar ölkədə ictimai nəzarət mexanizminin mütəşəkkil forma aldığını təsdiqləyir.

Cənab İlham Əliyev bunu təqdirəlayiq hal kimi dəyərləndirir: "Göndərilən məktublar bəzi məsələlərə diqqətimi çəkir. Şadam ki, son vaxtlar ictimai nəzarət mexanizmi daha da mütəşəkkil forma alır. Mən bunu alqışlayıram. Sizöz işinizdə insanlara arxalanmalısınız və rayonlarda ictimai nəzarət mexanizmi təkmil olmalıdır. O, sizə də öz işinizdə kömək göstərəcək. Sizin diqqətinizdə olmayan bəzi məsələlər ictimaiyyət tərəfindən sizin diqqətinizə çatdırılacaq və beləliklə, bu məsələlər öz həllini tapacaq”.

Bu gün bütün ölkələrdə korrupsiya və rüşvətxorluq halları mövcuddur. Ancaq Prezidentindediyi kimi, əsas məsələ odur ki, dövlət və hökumət bu məsələlərə hansı prizmadan yanaşır. Azərbaycanda bu məsələlərə dözümlülük sıfır səviyyəsindədir və cənab İlham Əliyevin son illərdə bu sahədə gördüyü işlər bunun real təsdiqidir.

Təkcə yerli icra orqanlarının rəhbərlərinin yox, eyni zamanda, mərkəzi icra orqanlarının rəhbərlərinin də məsuliyyətə cəlb edilməsi və bu məsələlərin ictimailəşdirilməsi bir daha göstərir ki, Prezident ortaya qətiyyətli mövqe qoyub. Bu çirkin əməllərlə məşğul olanlara güzəşt olunmayacaq: "Son vaxtlar biz bunu ictimaiyyətə də təqdim edirik ki, ictimaiyyət də bilsinsizin rəhbərlik edəcəyiniz rayon sakinləri də bilsinlər ki, mən sizə hansı tapşırıqları vermişəm və siz bu tapşırıqları necə yerinə yetirirsiniz. Ona görə sizin işinizə ən düzgün və ədalətli qiyməti xalq verəcəkdir. Əminəm ki, siz elə işləyəcəksiniz ki, xalq sizin işinizdən razı olsun”.

 

Qaydaların pozulması, bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır

 

Dövlət başçısı bir daha məmurların xalqla münasibətinə toxunaraq vurğuladı ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçiləridir.

Son 17 ildə həyata keçirdiyi siyasətin mərkəzində ölkə vətəndaşı dayanan cənab İlham Əliyevin bu istiqamətdəki fəaliyyəti göz önündədir. Hər zaman vətəndaş maraqlarını üstün tutduğu üçün, dar gündə də, xoş gündə də vətəndaşın yanında olduğu üçün, istənilən böhran şəraitində öncə vətəndaşın sağlamlığını, sosial rifah halını fikirləşdiyi üçün İlham Əliyev xalqın sevimlialternativsiz liderinə çevrilib. Prezident istəyir ki, icra məmurları bu əməllərdən örnək götürərək fəaliyyət istiqamətlərini müəyyənləşdirsinlər. Ancaq bəzi hallarda xoşagəlməz vəziyyətlər də yaranır. Bəzi məmurlar vəzifə səlahiyyətlərini aşırlar və bu da dövlət başçısının diqqətindən yayınmır:

"Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilirbu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki, cinayət məsuliyyətinə cəlb edilir”.

Məhz buna görə də icra məmurları ciddi çalışmalı, hətta məişətdə də, işdə də nümunə olmalı və özlərini təvazökar aparmalıdırlar. Bu, bütün məmurlara, ictimai işlərdə çalışan hər kəsə aiddir. Prezidentin bu məsələ ilə bağlı siyasəti konkret işlərdə də özünü göstərir. Hər kəs artıq bunu özü üçün yəqin edib və qaydaların pozulması, bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır.

 

Dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir

 

Kadr siyasətindən də danışan Prezident bir daha xatırlatdı ki, bu məsələdə də düzgün addımların atılması mütləqdir. Çünki bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq saydıqları kadrları önə çəkir və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. Bir müddət sonra da arzuolunmaz hallar yaşanır.

Ona görə də ilk növbədə, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Müstəqilliyi hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Kadr siyasəti məhz bu prinsiplər əsasında qurulmalıdır.

Hər iki rayonun icra hakimiyyəti başçısına tövsiyələrini verən dövlət başçısı həm də bütün icra məmurlarına bir daha mesaj ünvanladı: "Sizinicra başçıları kimi işinizin əsas prinsipləri məhz bu olmalıdır - Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük. Belə olan halda həm vətəndaşlar sizi dəstəkləyəcək, mən də sizin işinizə yüksək qiymət verəcəyəm. Əks təqdirdə, əgər əyri yolla getsəniz, onda qanun qarşısında cavab verəcəksiniz”.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan. - 2020.- 26 avqust.- S.1-2.