Dinimiz dəhşətli xəstəliklərdən qorunmağın yolunu göstərir

 

Dünyanı cənginə almış yeni tip koronavirusun (SARS-CoV-2) yayılması bütün bəşər övladlarını sərt sınaqla üz-üzə qoymuşdur. Yer sivilizasiyası, sözün həqiqi mənasında, "olum, ya ölüm” dilemması qarşısındadır. Artıq dünya əhalisinin 800 min nəfərindən çoxu qorxunc bəla ucbatından həyatla vidalaşmalı olmuş, yeni tip koronavirusun doğurduğu COVID-19 sətəlcəminə yoluxmuş milyonlarla adamın taleyi tükdən asılı qalmışdır.

Vəziyyət o dərəcədə ciddidir ki, koronavirus pandemiyası heç bir sərhəd tanımır, bütün sədləri aşıb keçir. Böyüklü-kiçikli bütün dövlətlərin və beynəlxalq təşkilatların davamlı səylərinə baxmayaraq, koronavirusun yayılmasını dayandırmaq mümkün olmur. Ayrı-ayrı ölkələrin alimləri müvafiq vaksinin hazırlanması üzərində işləyirlər. Bu istiqamətdə hələliksə ciddi uğura imza atmaqdan söhbət getmir. Yeni tip koronavirusun hələ nə qədər tüğyan edəcəyini də proqnozlaşdırmaq mümkün deyil. İndiyədək verilmiş proqnozların heç biri doğru çıxmamışdır.

Odur ki, hazırkı mərhələdə infeksiyanın profilaktikası, insanların müəyyən qaydalara riayət etməsinin vacibliyi ön plana çıxır. Dövlətimizin rəhbərliyi, səlahiyyətli orqanlar cari ilin martında koronavirusun yayılmasının pandemiya fazasına keçəndən bəri COVID-19-a yoluxma hallarının azalması naminə məqsədyönlü fəaliyyətə başlamışdır. Ötən müddət ərzində xəstəliyi müalicə etmək üçün ixtisaslı xəstəxanalar müəyyənləşdirilmiş, yeni-yeni səhiyyə ocaqları inşa olunub istifadəyə verilmiş, eləcə də əhalinin tibbi maskaya ehtiyacını ödəmək üçün maskatibb işçiləri üçün xüsusi geyim istehsal edən zavod inşa edilmişdir.

Nazirlər Kabinetinin nəzdində yaradılmış Operativ Qərargahın qərarı ilə insanların sıx toplaşdığı məkanlar - təhsil ocaqları, istehsal müəssisələri, əyləncə mərkəzləri, ibadətgahlar və s. bağlanmış, eləcə də toyyas mərasimlərinin keçirilməsi qeyri-müəyyən müddətədək təxirə salınmışdır. Eyni zamanda şəraitə uyğun olaraq tətbiq edilmiş karantin rejiminin yumşaldılması istiqamətində addımlar atılır.

Prezident İlham Əliyev koronavirus pandemiyası başlayandan bəri təkraratəkrar bəyan edir ki, hazırda dövlətin qarşıya qoyduğu ümdə vəzifə vətəndaşların sağlamlığını qoruyub saxlamaq, infeksiyadan mümkün qədər az itki ilə çıxmaqdır. Dövlətin bütün qurumları, maddi-mənəvi resursları məhz bu məqsəd naminə səfərbər edilmişdir. Dövlət başçısının bilavasitə rəhbərliyi altında həyata keçirilən tədbirlər bəhrəsini verməkdədir. Azərbaycan cəmiyyəti koronavirus bəlası qarşısında sıx birləşərək "Biz birlikdə güclüyük!” şüarını artıq əməli işə çevirmişdir.

Lakin bütün bunlarla bitmir. Yeni tip koronavirus bəşəriyyəti hədəfə almaqda davam edir. Ona görə ehtiyatı əldən vermək olmaz. Koronavirusla mübarizə təcrübəsi artıq sübut etmişdir ki, ümumbəşəri bəlanın doğurduğu fəsadları yüngülləşdirmək üçün ən böyük məsuliyyət vətəndaşın üzərinə düşür. Özü vətəndaşdan çox şey tələb olunmur: maska taxmaq, sosial məsafə saxlamaq, zəruri olmadığı hallarda evdən bayıra çıxmamaq, adamların sıx toplaşdığı yerlərə getməkdən çəkinmək səlahiyyətli orqanların müəyyənləşdirdiyi qaydalara əməl etmək, vəssalam!

Məlum olduğu kimi, insanlar dini mərasimlər keçirilən zaman daha çox toplaşırlar. Bu kütləviliyi nəzərə alaraq dünya dövlətləri belə mərasimlərin keçirilməsinə məhdudiyyətlər qoymuşdur. Nəticədə məscidlər, kilsələr, sinaqoqlar digər ibadətgahlar əvvəlki kimi fəaliyyət göstərmir. Dini bayramların qeyd edilməsinin miqyası da məhdudlaşdırılmışdır. Bu il mübarək Qurban bayramını keçirərkən bunun şahidi olduq. Həmçinin bu il Həcc ziyarəti ləğv edildi. İndi müsəlmanlar koronavirus pandemiyası üzündən ümrə ziyarətinə gedə bilmirlər. Möminlər hər yerdə, o cümlədən ölkəmizdə bu cür qadağaları anlayışla qarşılayırlar.

Hazırda hicri-qəməri təqvimlə Məhərrəm ayıdır. Bu ayda Aşura mərasimi keşirilir. Aşura avqustun 30-na təsadüf edir. Bu mərasimdə müsəlmanların çox toplaşması hamıya məlumdur. Lakin koronavirus pandemiyası davam edir, insanların sıx toplaşması infeksiyanın yayılması baxımından təhlükəlidir. Bu gerçəkliyi nəzərə alaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası səlahiyyətli nümayəndələri bəyan etmişlər ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən bu il Məhərrəmlik dönəmində məscid ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək. İranda da məscidlərdə matəm mərasimləri qadağan edilib. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının möminlərə müraciətində vurğulandığı kimi, Uca Allahın buyurduqlarına, müqəddəs hədislərə istinadən özünün, yaxınlarının ətrafındakıların həyat sağlamlığını təhlükəyə atmamaq hər bir dindarın borcudur.

Hər bir müsəlman təhlükəli xəstəliklərdən qurtulmağın dinimizdə göstərilən yollarına riayət etməlidir, əks təqdirdə, həm özünü, həm ətrafındakıları təhlükəyə atar. Peyğəmbərimiz Məhəmməd salavatullah yoluxucu xəstəliklərdən biri - vəba haqqında buyurmuşdur ki, "vəbanın ortaya çıxdığını eşitdiyiniz bir yerə getməyin”. Qurani-kərimin Bəqərə surəsində isə deyilir ki, "öz əlinizlə özünüzü təhlükəyə atmayın”.

Dinimiz dəhşətli xəstəliklərdən uzaq durmağı buyurur. Qalır müsəlmanın buyruğu yerinə yetirməsi. Bu isə hər bir müsəlmanın borcudur.

 

Allahverdi MEHDİYEV

 

Azərbaycan.- 2020.-26 avqust.- S.7.