Arıçılıq gədəbəylilərin ənənəvi peşəsidir

 

Təbii iqlimi, zəngin bitki örtüyü ilə əhatə olunmuş Gədəbəydə arıçılığın inkişaf etdirilməsi üçün hər cür şərait var. Bu şəraitdən istifadə edən rayon sakinləri son vaxtlar iqtisadi cəhətdən səmərəli olan arıçılığın inkişaf etdirilməsinə daha çox maraq göstərirlər.

Bunun nəticəsidir ki, hər il rayonda arı ailələrinin sayı artır. Keçən il rayonda 865 nəfər təsərrüfat sahibi 9 min 425 arı ailəsinə qulluq edirdisə, bu il arı ailələrinin sayı 10 min 241-ə çatıb. Keçən il arıçılara 94 min 250 manat subsidiya ödənilmişdisə, cari ildə bu rəqəmin 102 min 410 manat olacağı gözlənilir.

Arıçılığın inkişafı ilə əlaqədar dövlət tərəfindən verilən subsidiya Gədəbəyin arıçıları arasında böyük canlanma yaratmışdır. Nəticədə rayonda bal istehsalında nəzərə çarpacaq dərəcədə artım qeydə alınmışdır. Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, arıçılığın inkişafının stimullaşdırılması məqsədilə təsərrüfat sahiblərinə saxladıqları hər arı ailəsinə görə subsidiyaların ödənilməsi söz yox ki, arıçılıqla məşğul olan təsərrüfat sahiblərini daha çox həvəsləndirir. Bu, gələcəkdə arı ailələrinin sayının daha da artırılmasına maraq oyadır. Məsələn, Arıqıran kəndinin sakini Yəhya İsgəndərovun keçən il 87 arı ailəsi var idisə, bu il onların sayı 102-yə çatdırılmışdır. Gədəbəy şəhərindən Müşfiq Kazımov və Qoşabulaq kəndindən Hafiz Əhmədov da baxdıqları arı ailəsinin sayını bu il xeyli artırmışlar.

Gədəbəy Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Asəf Nağıyevlə söhbət zamanı məlum oldu ki, keçən il rayonda 76 ton bal istehsal edilib. Cari ildə bu rəqəmin 80 tondan çox olacağı gözlənilir. Arıçılardan 6 nəfəri istehsal etdiyi balın bir hissəsini Bakıda təşkil olunan yarmarkada satsalar da, əksər sakinlər öz məhsullarını elə qapıda təhvil vermişlər. Belə arıçılardan biri də Dəyirmandağ kəndinin sakini Rafiq Nağıyevdir. Onunla apardığımız söhbət zamanı söylədiyi fikirlər bizdə maraq oyatdı və qərara gəldik ki, onun təsərrüfatında olaq.

Rayon mərkəzindən o qədər də uzaq olmayan Dəyirmandağ kəndi təbiətin gözəl bir guşəsində yerləşir. Yolboyu bu yerlərin tarixindən böyük həvəslə söhbət açan müsahibimiz dedi ki, belə bir gözəllikdə yaşamağın özü insan üçün böyük xoşbəxtlikdir. Hər tərəfi yamyaşıl təpələrlə və dağlarla əhatə olunmuş Dəyirmandağ kəndinin sakinləri zəhmətkeş və işgüzardırlar.

Nəhayət, magistral yoldan çıxıb dolama yollarla Rafiq Nağıyevin evinə çatdıq. İlk sözü bu oldu ki, tələsməyin, indi sizə elə bir balla çay verəcəm ki, mənin balımın yarmarkaya çıxarılıb satılmağa ehtiyacı olmadığını özünüz görəcəksiniz.

Çay süfrəsi arxasında onun istehsal etdiyi balın dadına baxdıq. Doğrudan da, keyfiyyətinə söz ola bilməz. Rafiqə ilk sualım bu oldu:

- Arıçılıqla nə vaxtdan məşğul olursan?

Müsahibim o dəqiqə dilləndi:

- Gözümü açandan.

Arıçılığın sirlərini ana babası Müseyib Məsimovdan və biro vaxtlar kənddə məktəb direktoru işləyən atası Yusif Nağıyevdən öyrəndiyini söyləyən Rafiq əlavə etdi ki, bu sahədə anası Əzəd Nağıyevanın da zəngin təcrübəsi var. Elə indi də çətinə düşəndə ondan məsləhət alır.

Rafiq Nağıyevin iki ali təhsili var. 1984-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsini bitirdikdən sonra bir müddət rayon Baytarlıq idarəsində çalışıb. Lakin şeirə və bədii yaradıcılığa marağı onu Bakıya, Sosial İdarəetmə və Politologiya İnstitutuna gətirib. O, institutun Jurnalistika fakültəsinə daxil olub və 1992-ci ildə oranı bitirərək rayonda nəşr olunan "Qızıl Gədəbəy” qəzetində ədəbi işçi kimi çalışıb. Bu müddət ərzində - "Gədəbəy qədim sivilizasiya beşiyidir” və "Arıçılığın əsasları” kitablarını nəşr etdirib. Lakin ölkəmizdə aqrar sahənin inkişafına göstərilən dövlət qayğısı onu da yenidən əvvəlki peşəsinə qaytarıb. Hazırda rayon baytarlıq idarəsində çalışır. İctimai işlərdə də fəallıq göstərir. O, hazırda rayon Arıçılar assosiasıyasının sədridir. Boş vaxtlarında şeirlər yazır, Gədəbəyin qədim tarixi və toponomikasının araşdırılması ilə məşğul olur.

Söhbət zamanı Rafiq Nağıyev diqqəti ən çox arıçılığın inkişaf perspektivlərinə yönəltdi. Dedi ki, Gədəbəy tarixən arıçılığın inkişaf etdirilməsi istiqamətində öndə gedən rayonlardan olub. Burada arıçılıq çox qədim tarixə malikdir. Təsadüfi deyil ki, bir çox kəndlərin adı arıçılığın adı ilə bağlıdır. Rayonun Arıqıran, Arısu sair kəndləri buna misal ola bilər.

Hazırda 20 mindən artıq arı növü var. Dünyanın elə bir yeri yoxdur ki, orada arıçılıqla məşğul olunmasın. İşçi arının ömrü isə cəmi 40 gündür. 17-18 günlükdə arılar artıq bal yığımına çıxırlar. Onlar bir gündə 15 kilometrə qədər yol qət edirlər. Arı 15 kilometr məsafədə yaxşı nektar tapanda qayıdıb o biri arılara da xəbər verir. Ümumiyyətlə, arıların maraqlı xüsusiyyətləri var. Məsələn, bir pətəyin arıları digər pətəyin arılarını ora buraxmırlar. Hər bir pətəyin qabağında keşikçi arılar olur. Pətəyin içərisində müəyyən qrup arılar var ki, onlar digər arıların xortumlarında gətirdikləri şirəni, ayaqlarındakı çiçək yarpaqlarını yerbəyer edirlər.

Söhbət zamanı Rafiq Nağıyev onu da dedi ki, Gədəbəydə keçirilən iki beynəlxalq layihəyə rəhbərlik edib. 2009-cu 2013-cü illərdə Gədəbəy Mis-Qızıl Zavodunun nəzdində təşkil olunmuş təlimdə 64 nəfər gənc arıçının hazırlanmasında fəallıq göstərib. Dünyada məhsuldarlığına görə məşhur olan "Kornikaarı növünün Gədəbəyə gətirilməsinə nail olub. 2009-cu ildə Türkiyənin İstanbul şəhərində yerləşən Lalahan Universitetində arıçılıq üzrə kursda iştirak edib. Həmişə çalışıb ki, rayon Arıçılar assosiasiyasının sədri kimi bildiklərini arıçılara da öyrətsin. Hazırda rayondakı peşə liseyində arıçılıq kursu da fəaliyyət göstərir. Kursun dinləyiciləri hər il Rafiq Nağıyevin arıxanasında təcrübə keçirlər.

Söhbət zamanı rayon Arıçılar assosiasiyasının sədri onu da əlavə etdi ki, bal istehsalında təbiət mühüm rol oynayır. Bəzən elə olur ki, təbiətdə mövcud olan çiçəklərdə nektar az olur. Belə olan halda arı istənilən qədər bal toplaya bilmir. Bəzən əksinə, arılar çox da uzağa getmədən çoxlu bal toplayırlar.

Bu il Gədəbəydə təbiət arıçıların üzünə gülür. İndi dağ yamaclarda şahtəpə, dağ şalfeyi, cökə, daş yarpızı, dağ laləsi sair bitkilər olduqca çoxdur. Hiss olunur ki, cari ildə rayonda bal çox olacaq. Bol məhsul isə insanların güzəranının daha da yüksəlməsi deməkdir.

Rafiq Nağıyev onu da vurğuladı ki, indi işi çox olduğundan arı ailələrinin sayını artıra bilmir. Hazırda 33 arı ailəsinə qulluq edir. Lakin təqaüdə çıxanda onların sayını iki dəfəyədək artırmağı qarşısına məqsəd qoyub.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2020.- 27 avqust.- S.6.