Azərbaycanın elektrik enerjisi sisteminin
inkişafı bugünün və
sabahın tələblərinə hesablanıb
Yeni Günəş və külək stansiyaları sistemin gücünü daha da artıracaq
Azərbaycanda yeni generasiya güclərinin yaradılması ümumi inkişafın təzahürlərindən biridir. Ölkənin elektrik enerjisi sisteminin getdikcə müasirləşdirilməsi həyata keçirilən sosial-iqtisadi islahatlarla uzlaşır və davamlı şəkildə aparılır. Regionların sosial-iqtisadi inkişafına yönəldilən birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildən bəri 30-dan çox elektrik stansiyasının və çoxsaylı yarımstansiyaların tikilməsi buna əyani sübutdur.
Dünyada hökm sürən koronavirus pandemiyası dövründə Azərbaycanda inşası və istifadəyə verilməsi təxirə salınmayan infrastruktur layihələri sırasında yeni enerji obyektlərinin olması da deyilənləri təsdiqləyir. Son aylar Prezident İlham Əliyevin bir neçə mühüm elektrik stansiya və yarımstansiyasının açılışında iştirak etməsi enerji sistemində görülən işlərin əhəmiyyətinə bir daha diqqət çəkir. Bunların sırasında dövlət başçısının bu günlərdə tikintisinin gedişi ilə tanış olduğu "Qobu” yarımstansiyası və təməlini qoyduğu "Qobu” stansiyası da var.
Tədbirdə Prezident ölkənin elektroenergetika sahəsinin sürətli inkişaf dövrü yaşadığını və bunun ümumi inkişafın əsas şərtlərindən olduğunu vurğulamışdır. Bununla yanaşı, dövlət başçısı son vaxtlar bərpaolunan enerji növlərinə böyük əhəmiyyət verildiyini qeyd etmişdir: "Bu istiqamətdə böyük planlarımız var. Energetiklər yaxşı bilirlər ki, bərpaolunan enerji növlərinin genişmiqyaslı inkişafı ənənəvi enerji növlərinin inkişafı ilə bilavasitə bağlıdır”.
Ölkədə bərpaolunan enerji sahəsinin inkişafı üçün əlverişli şərait mövcuddur. Çünki bu enerjinin yaranması üçün əsas mənbə Günəş və küləkdir.
Azərbaycan da məhz Günəşi
bol olan diyardır. Ərazimizin böyük bir
hissəsi dəniz sahilində yerləşdiyindən,
necə deyərlər,
küləyimiz də
boldur. Bu səbəbdən də ölkənin bir sıra yerlərində bərpaolunan enerji stansiyalarının inşa
edilməsi haqlı olaraq gündəmə gəlib. Bu geniş
imkanları nəzərə
alaraq Prezident İlham Əliyev bərpaolunan enerji mənbələrindən istifadəni
energetika sahəsinin inkişafının prioritet
istiqamətlərindən biri
kimi müəyyənləşdirib.
Dövlət başçısının
keçən il dekabrın 5-də imzaladığı "Bərpaolunan
enerji mənbələrindən
istifadə sahəsində
pilot layihələrin həyata
keçirilməsi tədbirləri
haqqında” sərəncamı
da bu məqsədə
xidmət edir. Bu il yanvarın 9-da isə Səudiyyə Ərəbistanı Krallığının
"ACWA Power” və Birləşmiş
Ərəb Əmirliklərinin
"Masdar” şirkətləri
ilə bir külək və bir Günəş stansiyasının tikintisi
üçün müqavilələr
imzalanıb. Külək stansiyası 240 meqavat,
Günəş stansiyası
200 meqavat gücündə
olacaq. Bu stansiyaların
tikintisi ilə bağlı pilot layihələrin
icrası Prezidentin diqqət mərkəzindədir.
İki stansiyanın istehsal gücü 440 meqavat təşkil edəcək. Bunlar regionda
ən böyük Günəş və külək elektrik stansiyaları olacaq.
Stansiyaların tikintisinə vəsait investorlar tərəfindən
qoyulacaq. Təqdirəlayiq haldır ki,
onlar COVID-19-la bağlı
dünyada müşahidə
olunan mürəkkəb
şəraitə baxmayaraq,
imzalanmış sənədlərə
sadiq qaldıqlarını
bildirirlər. Bu da Azərbaycan dövlətinə, Prezident
İlham Əliyevə
bəslənən inam
və etimadın daha bir göstəricisidir.
"Qobu” enerji layihəsi ilə bağlı sözügedən tədbirdəki
çıxışında dövlət başçısı
bu barədə demişdir: "Sevindirici hal ondan ibarətdir
ki, bu gün
dünyanın ən böyük enerji şirkətləri Azərbaycanda
bərpaolunan enerji növlərinin istehsalına
maraq göstərir və artıq bu maraq reallaşır.
İlin əvvəlində iki böyük beynəlxalq şirkətlə 440 meqavat
generasiya gücü olan Günəş və külək elektrik stansiyalarının
tikintisi ilə əlaqədar müvafiq sənədlər imzalanmışdır.
Ümid edirəm ki, ilin sonuna qədər
bütün sənədlərin
imzalanması başa çatacaq və stansiyaların tikintisinə
start veriləcək. Azərbaycanda
440 meqavat gücündə
bərpaolunan enerji növlərinin yaradılması,
özü də Azərbaycan dövləti
tərəfindən bir
manat vəsait qoyulmadan reallaşdırılması
bizə olan inamın təzahürüdür,
həmçinin Azərbaycanın
sabit gələcəyinə,
inkişafına olan inamın təzahürüdür”.
Qeyd edək ki, hazırda
Azərbaycanın enerji
balansında bərpaolunan
enerjinin payı təqribən 17-18 faizdir. Uzunmüddətli strategiyaya görə, bu, ən azı
30 faizə çatdırılmalıdır.
Həmin
məqsədlə ölkəmiz
xarici investorların iştirakı olmadan da bir sıra
layihələr həyata
keçirib. Məsələn, 50 meqavatlıq stansiya inşa edilib. 84 meqavatlıq daha
bir stansiyanın tikintisi nəzərdə tutulur.
Mütəxəssislərin fikrincə,
ölkəmizin iqtisadi
cəhətdən əlverişli
və texniki cəhətdən istifadəsi
mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı
26 min 940 meqavat, o cümlədən
külək enerjisi üzrə 3000, Günəş
enerjisi üzrə 23
min 40, bioenerji potensialı
380, dağ çaylarının
potensialı 520 meqavat
həcmində qiymətləndirilir.
Bunlara əsaslanaraq hazırda Energetika Nazirliyi bərpaolunan enerji ilə bağlı dünyanın bir neçə böyük şirkəti ilə danışıqlar aparır. Bu şirkətlərin yeni Günəş və külək stansiyalarının
tikintisinə sərmayə
qoyacaqlarına inam
var.
Bütün bunlar Azərbaycanda enerji sahəsinin hərtərəfli inkişafının
təkcə bugünün
deyil, həm də sabahın tələblərinə hesablandığını
göstərir. Belə ki, ölkədə
əhali çoxalır,
sənaye sektoru genişlənir, istehlak artır. Ona görə də dövlət başçısı
müxtəlif mənbələrdən
güc alan
yeni enerji obyektlərinin tikintisini və mövcud olanların istismar müddətinin uzadılmasını
daim gündəmdə
qalan vəzifə kimi qarşıya qoyur.
Flora SADIQLI
Azərbaycan.- 2020.- 28 avqust.-
S.1; 6.