MDB-yə üzv ölkələrin
Dövlətlərarası Ekologiya
Şurasının 6-cı iclası
Avqustun 27-də Minskdə MDB-nin İcraiyyə Komitəsində Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin Dövlətlərarası Ekologiya Şurasının videokonfrans rabitəsindən istifadə olunmaqla 6-cı iclası keçirilib.
AZƏRTAC MDB-nin İcraiyyə Komitəsinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, İcraiyyə Komitəsinin sədrinin birinci müavini Viktor Quminski ətraf mühitin təhlükəsizliyinin təminatının bəşəriyyət qarşısında duran qlobal problemlərdən biri olduğunu və bu problemin təkcə bir dövlətin səyləri çərçivəsində həllinin mümkünsüzlüyünü qeyd edib. Məhz buna görə bu sahədə əməkdaşlıq MDB-yə üzv ölkələrin Dövlətlərarası Ekologiya Şurası çərçivəsində icra edilir. Şuranın fəaliyyəti razılaşdırılmış tədbirlərin hazırlanmasına və icrasına, həmçinin ətraf mühitin qorunması və təbiətdən istifadə sahəsində vahid ekoloji norma və standartlar sisteminin yaradılmasına istiqamətlənib. Viktor Quminskinin fikrincə, dünya birliyi və MDB-yə üzv ölkələr üçün ətraf mühitin qorunub saxlanması və iqtisadi inkişaf arasında dayanıqlı tarazlıq əldə edilməsi prinsipial əhəmiyyətli məsələdir. Bununla bağlı səy göstərilməlidir ki, istehsalın modernləşdirilməsi və texniki cəhətdən tamamilə yeniləşdirilməsi təbiəti mühafizə sahəsində qanunvericiliyə uyğun olsun, "yaşıl iqtisadiyyat”a keçidi stimullaşdırsın, vətəndaşlarımızın ekoloji mədəniyyətinin formalaşmasına kömək etsin.
O əminliyini bildirib ki, Şuranın iclası işgüzar və konstruktiv şəraitdə keçəcək, qəbul edilən qərarlar isə Birlik məkanında dövlətlərarası ekoloji əməkdaşlığın möhkəmləndirilməsinə yardım edəcək, insan fəaliyyətinin və iqtisadiyyatın ətraf mühitə mənfi təsirini azaldacaq və bundan sonrakı səmərəli tərəfdaşlığın dərinləşməsinə xidmət edəcək.
Tədbir iştirakçıları Şuranın bundan əvvəlki iclasının qərarlarının icrasının gedişini və onun iş planını müzakirə ediblər.
Şuranın üzvləri öz ölkələrində təbiəti mühafizə fəaliyyəti çərçivəsində müasir informasiya texnologiyalarından istifadə sahəsində və su hövzələrinin idarə edilməsi planlarının işlənib hazırlanması sferasında təcrübə mübadiləsi aparıblar.
Həmçinin transsərhəd ərazilərdə kompleks ekoloji monitorinqin inkişafı məsələləri müzakirə edilib və MDB-nin Elektroenergetika Şurasının və MDB-yə üzv ölkələrin Dövlətlərarası Ekologiya Şurasının 2023-cü ilədək olan dövr üçün birgə fəaliyyət planı təsdiqlənib.
İclasda
MDB-yə üzv ölkələrin
Dövlətlərarası Ekologiya
Şurasının növbəti müddətə sədri seçilib. Bu vəzifəyə
Belarus Respublikasının Təbii Sərvətlər
və Ətraf Mühitin Mühafizəsi naziri Andrey Xudık təyin
edilib.
Azərbaycan.-
2020.- 28 avqust.- S.5.