“Silk Way West” “ACL Airshop” şirkəti ilə uzunmüddətli strateji tərəfdaşlığı davam etdirir

 

"Silk Way West” aviaşirkəti hava yük daşımaları sahəsində logistika xidmətləri göstərən "ACL Airshop” şirkəti ilə uzunmüddətli strateji əməkdaşlığını davam etdirir. "Silk Way Group” şirkətlər qrupunun bir hissəsi olan "Silk Way West” karqo sənayesində göstərilən xidmətlər üzrə dünya lideri olan "ACL Airshop” ilə beşillik ULD (Unit Load Device) razılaşmasının yeniləndiyini təsdiqləyib.

AZƏRTAC bildirir ki, "ACL Airshop” dünyanın 6 qitəsində yerləşən 50-dən çox hava limanında 200-ə yaxın aparıcı aviaşirkətə xidmət göstərən yüksək texnologiyalardan istifadə edən bir logistika şirkətidir.

Şirkətin təkliflərinin unikal cəhətlərindən biri aviaşirkətlərin yükdaşıma tələblərinə cavab vermək üçün qısamüddətli icarə və lizinq həlləridir. "ACL Airshop” şirkəti məhz xüsusi ULD həllərinin təklifləri sahəsində dünyada güclü nüfuz qazanıb. Onu da qeyd etmək lazımdır ki, ULD qablaşdırma, yəni hava yüklərinin formalaşma və bərkitmə vasitəsidir. Yüklərin hava nəqliyyatı ilə konteynerlərdə və ya paletlərdə daşınması onların yük təyyarəsinə yüklənməsi prosesini sürətləndirib, hava vasitəsinin yükdaşıma həcminə nəzarətini təmin edib.

Qablaşdırma vasitələrinin çatdırılması üçün hava yüklərini müşayiət etməklə yanaşı, tərəflərin imzaladığı sazişdə daha sürətli xidmət, daha rahat logistika balanslaşdırılması, xərclərə əhəmiyyətli dərəcədə qənaət etməyi təmin edən innovativ həllər və ən müasir texnologiyaların tətbiqi ilə logistikanın idarə edilməsinə aid olan bənd də mövcuddur.

Əhəmiyyətli bir məqam odur ki, "Silk Way Group” şirkətlər qrupu ilə "ACL Airshop” əməkdaşlığının uzunmüddətli tarixi var. "Silk Way Group”un müxtəlif strukturları 10 ildən çoxdur ki, strateji tərəfdaşlıq çərçivəsində "ACL Airshop” ilə yaxından səmərəli əməkdaşlıq edir. "Silk Way West” və "ACL Airshop” real vaxtda ULD izləmə üçün "bluetooth” yeniliklərinin tətbiqi ilə şirkət donanmasının logistika səmərəliliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırılması məqsədilə əməkdaşlıq edirlər. Bütün bunlar Amsterdam şəhərində (Niderland) yerləşən "ACL” şirkətinin qlobal əməliyyat, ümumşəbəkə ULD idarəetmə proqramları və innovativ "FindMyULD” mobil tətbiqin fəaliyyətləri ilə birlikdə hava yük daşımalarının daha yüksək istifadə səviyyəsini və maksimal iqtisadi səmərəliliyini təmin edir.

"Biz əlverişli və çevik iş strategiyasına sadiqik. ULD logistikasının daim təkmilləşdirilməsi strateji prioritetlərimizdən biridir. Bu, birbaşa aviaşirkətin qazancına təsir göstərir. "ACL Airshop” ilə əməkdaşlıq bütün donanmanın səmərəliliyini artıraraq qənaət etmə imkanı yaradıb. Təqdim etdiyi texnoloji yeniliklərin və xidmət modelinin inkişafı sayəsində "ACL Airshop” bizim strateji tərəfdaşımıza çevrilib. Bu əməkdaşlıq həm müştərilərimiz, həm də bizim üçün olduqca səmərəlidir”, - deyə "Silk Way West”in beynəlxalq yük əməliyyatları üzrə vitse-prezidenti Emil Xasanşin qeyd edib.

"Silk Way Group” ilə uzunmüddətli tərəfdaşlığımızı yüksək qiymətləndiririk. Biz "Silk Way West” üçün effektiv, səmərəli və çevik həllərimizi təklif edib, həyata keçirməyə davam etməkdən qürur duyuruq”, - deyə "ACL Airshop”un Avropa, Yaxın Şərq və Afrika bölgəsi üzrə meneceri Maurice van Terheijden bildirib. "ACL Airshop” şirkətinin sədri və baş direktoru Steve Tovnes isə vurğulayıb: "Biz "Silk Way West”in COVID-19 virusunun yaratdığı pandemiyaya qarşı ümumdünya müqavimətində aktivliyinin artmasını alqışlayırıq”.

Bir daha bildirək ki, "Silk Way Group” dinamik şəkildə inkişaf edən və Azərbaycan iqtisadiyyatında qabaqcıl yerlərdən birini tutan şirkətlər qrupudur. 2006-cı il iyulun 14-də hava yük daşımalarının həyata keçirilməsi ilə məşğul olan şirkətlərin idarə edilməsi məqsədilə yaradılmış "Silk Way Group” Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində yerləşir. Hazırda şirkətlər qrupu hava yük daşımalarının icrası və təyyarələrin uçuş qabiliyyətini təmin edən üç şirkətdən ibarətdir: "Silk Way Airlines”, "Silk Way West” və "Silk Way Technics”.

Xatırladaq ki, "Silk Way West” şirkətinin əsası 2012-ci ildə qoyulub, hazırda hər ay Avropa, Asiya, Şimali və Cənubi Amerika ölkələrinə 50-dən artıq istiqamətdə 250-dən çox müntəzəm və çarter reyslərini həyata keçirir. Şirkətin aviaparkı ən qabaqcıl təhlükəsizlik sistemləri ilə təchiz olunmuş 12 "Boeing 747-400F” və "Boeing 747-8F” təyyarələrindən ibarətdir. "Boeing” aviakonserninin məlumatına əsasən, 2016-cı ildə "Silk Way West” donanma böyüməsi dinamikası, uçuş coğrafiyasının genişlənməsi və daşınan yüklərin həcmi kimi meyarlara görə sürətlə böyüyən aviadaşıyıcı kimi tanınıb. Bu gün bütün bu meyarlara görə aviaşirkət Avropada üçüncü yerdədir.

 

Azərbaycan.- 2020.- 28 avqust.- S.6.