Azərbaycan ilə Küveyt
arasında əməkdaşlığın daha
da genişləndirilməsinə dair fikir mübadiləsi
aparılıb
Xarici İşlər naziri Ceyhun Bayramov avqustun 28-də Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Səud Əbdüləziz Əlrumi ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov Azərbaycan ilə Küveyt arasında dərin tarixi köklərə söykənən və dostluq prinsipləri əsasında qurulmuş ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıb. Nazir bir sıra sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu qeyd edib.
Səfir Səud Əbdüləziz Əlrumi Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması münasibətilə təbrik edib və bu xüsusda Küveyt Xarici İşlər nazirinin səmimi təbriklərini çatdırıb.
Görüşdə tərəflər ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın daha da genişləndirilməsi, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək məsələsinə dair fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Küveyt səfirinə məlumat verərək, bölgənin təhlükəsizliyinə ən böyük hədə olan münaqişənin həlli ilə bağlı Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Həmçinin Küveyt tərəfindən beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın haqlı mövqeyinin hər zaman dəstəkləndiyi vurğulanıb.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Azərbaycan.-
2020.- 29 avqust.- S.2.