Sanitar-epidemioloji vəziyyət xüsusi karantin rejiminin uzadılmasına ehtiyac yaradır

 

İndiyədək əldə olunan nəticələri qoruyub saxlamaq üçün karantin rejimində yaşamağa davam etmək məcburiyyətindəyik

 

Dünya yeni növ koronavirusla mübarizədə keçən daha bir fəsli - yayı da geridə qoymaqdadır. Pandemiyanın qarşısını almaq üçün həyata keçirilən müxtəlif tədbirlərə rəğmən, hələ də virusu tam lokallaşdırmaq mümkün olmadığından, kütləvi yoluxma halları davam edir.

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssislərinin qənaətincə, insanları kütləvi şəkildə koronavirus infeksiyasından qorumaq məqsədilə immunitetin formalaşması üçün planetin 65-70 faiz əhalisi peyvənd olunmalıdır. İnfeksiyadan qorunmağın ən təsirli üsulu məhz peyvəndlənmədir.

Dünyada təhlükəsiz və effektiv peyvəndin hazırlanması üçün aktiv işlər görülsə də, hələlik kütləvi istehsala başlanılmayıb. Elə ona görə də hazırda pandemiya ilə mübarizədə ən əsas məsələ yoluxmanın qarşısını ala biləcək tədbirlərin görülməsidir. Yoluxmanın qarşısını almaq üçün dövlətlər karantin rejimləri tətbiq edir, məhdudiyyətlər qoyur, həmin müddət ərzində səhiyyə sisteminin işini vəziyyətə uyğun qururlar.

 

Ölkəmiz COVID-19 infeksiyası ilə mübarizədə uğurlu yol keçib

 

Qlobal təhlükə hələ ölkəmizin sərhədlərinə yaxınlaşmadan Azərbaycan virusa qarşı mübarizəyə qalxdı. Dövlətimiz bütün resurslarını səfərbər edərək mühüm qabaqlayıcı tədbirlərə start verdi. Ölkənin hər sahədəki potensialı bu infeksiya ilə mübarizəyə yönəldi, effektiv, zəruri addımlar ardıcıllıqla, planlı şəkildə atıldı. Azərbaycan dövləti infeksiyanın yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürdü, genişmiqyaslı tədbirlər həyata keçirməyə başladı. Qısa zamanda mütəxəssislərdən ibarət komanda yaradıldı, konkret istiqamətlərdə işə başlanıldı. Səhiyyə, iqtisadiyyatsosial təminat sahələri xüsusilə diqqət mərkəzində saxlanıldı. İstər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələlər uğurla həll olundu. Ölkəmiz ötən müddət ərzində COVID-19 infeksiyası ilə mübarizədə uğurlu bir yol keçdi. Mövcud xəstəxanaların maddi-texniki imkanları nə qədər gücləndirilsə də, COVID-19-la mübarizədə modul tipli xəstəxanaların tikilib istifadəyə verilməsi çox faydalı və lazımlı olmaqla yanaşı, xəstələrin müalicəsi işinə böyük töhfə verdi. Həmin xəstəxanalar koronavirusa yoluxanların başqa xəstələr üçün təhlükə törətmədən müalicə olunmasına imkan yaratdı.

Bu çətin günlərdə dövlətimiz hər zaman vətəndaşının yanında olduğunu sübut etdi, ölkənin hər sakininin sağlamlığı ön plana çəkildi. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət bir daha göstərdi ki, dövlətimiz üçün insan amili, vətəndaşların sağlamlığı, təhlükəsizliyi, ölkəmizin inkişafı və cəmiyyətimizin rifahı başlıca vəzifədir və bu məqsədə nail olmaq üçün bütün vasitələrdən istifadə olunur.

 

Qarşıda duran vəzifə qazanılan uğurun möhkəmləndirilməsidir

 

Respublikada koronavirus infeksiyasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət dinamika əldə edildi. Vaxtında qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində vəziyyət nəzarət altında saxlanılır. Digər ölkələrlə müqayisədə yoluxmaların və itkilərin sayının az olması da bunu təsdiq edir. Hazırda Azərbaycan yoluxanların və vəfat edən şəxslərin sayının azlığına, habelə yoluxmasağalma hallarının nisbətinə görə dünyada ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır. Məhz bunun nəticəsində avqustun 5-dən sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması, məhdudiyyətlərin aradan qaldırılması mümkün oldu.

Bütün bunlarla yanaşı, qarşıda duran ən mühüm vəzifələrdən biri qazanılan uğurun möhkəmləndirilməsidir. İndiyədək əldə olunan nəticələri qoruyub saxlamaq üçün hələ ki, karantin rejimində yaşamağa davam etmək məcburiyyətindəyik. Qarşıdan müxtəlif xəstəliklərin aktivləşdiyi payız və qış fəsilləri gəldiyinə görə, bu məsələ xüsusi aktuallıq kəsb edir. Həkimlər də vurğulayırlar ki, tənəffüs yolları xəstəliklərinin törədicisi olan viruslar soyuğa davamlı olduqlarından payızda daha da fəallaşırlar. Payız fəsli virusların yayılması və inkişafı üçün çox əlverişli dövrdür, bütün xroniki xəstəlikləri kəskinləşdirir, infeksion xəstəliklərin artıb çoxalmasına səbəb olur. Virusa yoluxmamaq üçün Operativ Qərargahın tələblərinə əməl etmək, sosial məsafəni gözləmək, maskadan istifadə etmək, təmaslardan mümkün qədər qaçmaq lazımdır. Xəstəliklə mübarizə məqsədilə profilaktik tədbirlər görmək, sağlam həyat tərzi keçirmək, immuniteti gücləndirmək, idmanla məşğul olmaq, normal yuxu, sinir sistemini sakitləşdirmək, vitaminlər qəbul etmək vacibdir.

 

Təhsil müəssisələri sentyabrın 15-də mərhələli şəkildə açılacaq

 

Beynəlxalq təcrübə sübut etdi ki, koronavirusla mübarizədə uğur qazanmış və karantin rejimini ləğv etmiş ölkələr sonrakı dövrdə infeksiyanın geniş yayılması nəticəsində yenidən məhdudiyyətləri bərpa etməyə məcbur oldular. Azərbaycanda mayın 4-də karantin rejiminin yumşaldılmasından sonra müşahidə olunan mənzərə də məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlərin mərhələli şəkildə həyata keçirilməsinin zəruriliyini nümayiş etdirdi. Hazırkı dövrdə ölkəmizdə qənaətbəxş dinamikanın olmasına baxmayaraq, mövcud sanitar-epidemioloji vəziyyətin təhlili xüsusi karantin rejiminin uzadılmasına ehtiyac olduğunu göstərir.

Yoluxma təhlükəsinin yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, digər 10 rayonun (Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan) "sarı” zonaya keçirilməsi mümkündür. Uzun müddətdir bu rayonlarda yoluxma faktlarının aşağı səviyyədə olması buna tam şərait yaradır. Həmçinin sanitar-epidemioloji vəziyyətdən asılı olaraqciddi nəzarət mexanizmi tətbiq edilməklə qadağaların tətbiq olunduğu bir sıra sahələrdə - tədris, repetitor xidmətləri və s. məhdudiyyətlərin aradan qaldırılması mümkündür.

Yeri gəlmişkən, Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə diqqətə çatdırdı ki, Azərbaycanda təhsil müəssisələri sentyabrın 15-də mərhələli şəkildə açılacaq. Sentyabrın 15-dən ibtidai siniflər dərsə başlayacaq. Bağçaların da fəaliyyəti bu tarixdə bərpa olunacaq. Yuxarı sinif şagirdləri isə sentyabrın 15-də onlayn tədrisə başlayacaqlar. Zamanla bu siniflərdə təhsil alan şagirdlər üçün də ənənəvi təhsil bərpa ediləcək. Oktyabrın 1-dən etibarən 5-9-cu sinif, oktyabrın 15-dən etibarən isə 10-11-ci sinif şagirdlərinin ənənəvi təhsilinin bərpası nəzərdə tutulur.

 

Arxayınlaşmaq olmaz

 

Azərbaycan dövləti qarşıdan gələn dövrdə əhalinin sosial tələbatlarının qarşılanması, iqtisadi sabitliyin qorunması və sosial problemlərin həlli üçün əlavə tədbirlər görmək gücündədir. Aidiyyəti qurumların operativ addımları, karantin rejimi ilə əlaqədar vaxtında verilmiş doğru qərarlar yoluxma sayının aşağı düşməsinə səbəb olmaqla səhiyyənin, aidiyyəti qurumların və cəmiyyətin dərindən nəfəs almasına imkan yaratdı. Lakin yoluxma sayı hətta birrəqəmli səviyyəyə düşdükdə belə qətiyyən arxayınlaşmaq olmaz. Hazırkı rəqəmlər nisbətən rahatlıq yaratsa da, sosial məsafə prinsipinə, əl gigiyenasına əməl etmək və maska taxmaq olduqca vacibdir. Virus əleyhinə dərman və ya peyvənd tapılana qədər hamı həmin qaydalara riayət etməlidir. Pandemiya dövründə hökumətin səmərəli addımları o vaxt uğur qazanır ki, cəmiyyət buna əməl edir. Vətəndaşın virusa fərdi münasibəti, laqeydliyi və məsuliyyətsizliyi yoluxmanın nəzarətdən çıxmasına səbəb ola bilər.

Mütəxəssislərin verdiyi rəy və tövsiyələr də onu deməyə əsas verir ki, hələ bizi qarşıda uzun mərhələ gözləyir. Artıq pandemiya reallığı ilə yaşamağa adaptasiya olmalıyıq. Yoluxma hallarının artım dinamikasına yol verilməməsi üçün xüsusi karantin rejimi hələ bir müddət davam etməlidir. Vətəndaşlar məsuliyyətli davranmalı, özlərini və ətrafdakıları maksimum qorumağa çalışmalıdırlar. Yalnız bu yolla çətin dövrün öhdəsindən gələ bilərik.

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2020.- 29 avqust.- S.1; 5.