Həm döyüş, həm də siyasət meydanında üstünlük Azərbaycanın tərəfindədir

 

İlham Əliyev: "Biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək”

 

Ötən ay baş verən Tovuz döyüşlərinin nəticələri Ermənistanın siyasi-hərbi dairələri tərəfindən ciddi narahatlıqla qarşılanmışdır. Birbaşa etiraf olunmasa da, işğalçı dövlətin rəhbərliyi Azərbaycanın qarşısında aciz olduqlarının fərqindədir.

Son vaxtlar istər Ermənistan, istər separatçı rejim tərəfindən səslənən təhdidlər düşmənin həm də isterika içərisində olduğunu göstərir.

 

Ordumuz bir daha üstünlüyünü göstərdi

 

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatın qarşısı silahlı qüvvələrimizin bölmələri tərəfindən rəşadətlə alındı. Düşmən əks həmlə və qisas əməliyyatı ilə ordumuzun gücünü yenidən hiss etdi, döyüş meydanında çoxsaylı itki verərək geri çəkilməyə məcbur oldu. Bununla da Azərbaycan Silahlı Qüvvələrinin müqayisəolunmaz üstünlüyü, hər an düşməni məhv etməyə hazır olması növbəti dəfə öz təsdiqini tapdı. Bu hadisə Azərbaycanın 2016-cı ilin aprelində qazandığı qələbənin təsadüfi olmadığını da göstərdi.

Tovuz döyüşlərində Azərbaycan Ordusunun bir daha öz üstünlüyünü diqqətə çəkən Prezident İlham Əliyev deyib: "Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. Necə ki, 2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik. İki il bundan əvvəl - 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürüldü və işğalçılar o bölgələrdən qovuldu. Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, biz Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət edək. Ermənistandan Dağlıq Qarabağa gedən avtomobil yolu bizim nəzarətimizdədir. Vaxtilə - 1990-cı illərin əvvəllərində Naxçıvan ərazisinin bir hissəsini işğal etmiş Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı”.

Azərbaycan iqtisadi və digər sferalarda olduğu kimi ordu sahəsində də çox ciddi uğurlar əldə edib. Prezident, Ali Baş Komandan İlham Əliyevin elan etdiyi prioritetlərə uyğun olaraq Silahlı Qüvvələrimiz ən müasir döyüş texnikaları, silah sursatları ilə təchiz edilib, hərbi xidmətin keyfiyyət standartları qabaqcıllar səviyyəsinə çatdırılıb. Bu gün haqlı olaraq Azərbaycanın, sözün həqiqi mənasında, çox güclü orduya malik olması haqda müxtəlif səviyyələrdə fikirlər səsləndirilir. Bu, bizim subyektiv fikirlərimiz deyil, bütövlükdə beynəlxalq hərbi ekspertlərin gəldiyi rəylərdən ibarət olan qənaətdir. Ordumuz, sözün əsl mənasında, güclü və yüksək döyüş qabiliyyətinə malik hərbi gücə çevrilib. Silahlı Qüvvələrimiz torpaqlarımızı işğaldan azad etmək, ərazi bütövlüyümüzü bərpa etmək kimi şərəfli və məsuliyyətli vəzifəni yerinə yetirmək üçün bütün imkanlara malikdir.

İyulun ortalarında erməni hərbi birləşmələrinin təxribatının qarşısının alınması istiqamətində hərbçilərimizin göstərdiyi şücaət, qəhrəmanlıq, sözün həqiqi mənasında, bir dastana çevrilmiş bu hadisə ordumuzun torpaqlarımızı azad etməyə qadir olduğunu əyani nümayiş etdirdi. Bir tərəfdən Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətini nümayiş etdirə bildi, digər tərəfdən zabit və əsgərlərimiz özlərinin yüksək döyüş ruhunu və vətənpərvərlik mövqelərini, qələbə əzmində olduqlarını ortaya qoydu.

 

Ermənistanın faşist siması dəyişməyib

 

Düşmən bu gün çaşqınlıq içindədir. Xatırladaq ki, hələ 4 il əvvəl Ermənistanda ali və yüksək rütbəli zabitlər aprel məğlubiyyətinə görə işdən qovulmuş, həbsə atılmışdılar. Düzdür, Paşinyan indi geri otuzdurulan ordusunun zabitlərini cəzalandıra bilmir. Ona görə ki, hakimiyyətini və komandasını möhkəmləndirmək üçün vaxtilə S.Sarkisyan tərəfindən ordudan qovulan ali rütbəli zabitlərin bəzilərini yenidən xidmətə cəlb edib. amma yenə də işğalçı ölkədə müxtəlif səviyyələrdə Tovuz döyüşlərinin nəticələri təhlil olunaraq Ermənistanın Azərbaycanla müqayisədə zəif olması etiraf edilir.

Ermənistan tərəfinin pessimizmə qapılmasının bir səbəbi də Türkiyənin Azərbaycanın birmənalı və qətiyyətli şəkildə dəstəkləməsi oldu. Türkiyə Prezidentinin, Xarici İşlər və Müdafiə nazirlərinin açıqlamalarında Azərbaycanın tək olmadığı, Türkiyənin sona qədər ölkəmizə dəstək verəcəyi bəyan edildi. Keçirilən birgə hərbi əməliyyatlar isə Ermənistana göz dağı oldu. Düşmənə verilən mesaj kimiyaddaqalan birgə hərbi əməliyyatlarda iki qardaş dövlətin ordularının bölmələri yüksək peşəkarlıq və bacarıq göstərdilər, birgə fəaliyyətlərin planlaşdırılmasında və icrasında qərargahların və bölmələrin şəxsi heyəti təcrübələrini artırdılar, milli maraqlardan irəli gələn strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulmuş tapşırıqların öhdəsindən layiqincə gəlməyə hazır olduqlarını nümayiş etdirdilər.

Bütün bünlar Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən dərin narahatlıqla izlənilir. Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Aratunyanın Gəncəni vutmaqla hədələməsi də düşmənin məğlubiyyətdən doğan təlaş və həyəcan içərisində olduğunu göstərir. Döyüşdən sonra təhdidedici bəyanatlar səsləndirmək məğlubiyyətin etirafıdır. Separatçı rejimin başçısının bu hədəsi də məğlubiyyətdən irəli gələn isterikadır.

Onu da qeyd edək ki, hələ Aprel döyüşlərindən sonra Ermənistanın yeni təxribatlara əl atacağı gözlənilən idi. Lakin hakimiyyət dəyişikliyi Sarkisyan rejiminin planlarını pozdu. Tovuz təxribatı isə göstərdi ki, demokratiya şüarları ilə hakimiyyətə gələn N.Paşinyan da hakimiyyətini qorumaq, diqqəti daxili çəkişmələrdən yayındırmaq üçün sələflərinin yolunu tutub. Beləliklə, bu hadisə həm də təsdiqlədi ki, hakimiyyət dəyişikliyinə baxmayaraq, Ermənistanın faşist siması dəyişməyib.

 

Torpaqlarımızın azad olunacağı gün yaxındadır

 

Hər bir daxili uğursuzluğu, Azərbaycanın isə güclənməsi Ermənistanı yeni təxribatlara əl atmağa vadar edir. Tovuz döyüşlərindəki məğlubiyyətdən sonra da düşməndən nə desən gözləmək olar. Yaşayış evlərini atəşə tutması, mülki vətəndaşları, hətta körpə və uşaqları qətlə yetirməsi göstərir ki, Ermənistanın işğalçılıq siyasətinin mahiyyətində həm də terror dayanır.

Ermənistan tərəfindən Azərbaycana qarşı indiyədək dəfələrlə təhdidlər səsləndirilib. Azərbaycan isə düşmənin istənilən təhdid və təxribatının qarşısının anında alınacağını döyüş meydanlarında, praktik şəkildə təsdiq edib. Bu baxımdan Ermənistan tərəfindən səslənən istənilən təhdid elə düşmən ölkənin özündə istehza ilə qarşılanır. Güclü ordumuz isə danışıqların nəticəsiz olacağı təqdirdə, işğal olunmuş ərazilərimizin hərb yolu ilə azad edilməsi üçün üstünlüyümüzü təmin edir. Prezident İlham Əliyevin dediyi kimi: "Bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir. Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək”.

Bəli, indi həm hərbi müstəvidə, həm də diplomatik sferada üstünlük Azərbaycanın tərəfindədir. Ona görə işğal olunmuş ərazilərimizin azad ediləcəyi gün yaxındadır. İstər döyüş, istər siyasət meydanında baş verən hər bir hadisə xalqımızı sürətlə həmin günə yaxınlaşdırır.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2020.- 30 avqust.- S. 1; 3.