Ərlər yurdu Ərkivan
Bu günlərdə Tovuz döyüşlərinin qəhrəmanlarından mayor Anar Novruzovun Ərkivan qəsəbəsindəki evinə başsağlığı verməyə və onun haqqında yazı hazırlamağa gedərkən şəhidimizin ata yurdu barəsində də oxucularımıza söz açmaq qərarına gəldim. İkinci Cahan müharibəsində faşizmə qarşı savaşa 300 igidini göndərmiş (onlardan 100 nəfərdən çoxu ölüm-dirim savaşlarında qəhrəmancasına şəhid olmuş, bəziləri şikəst, bəziləri isə yaralı qayıdıb ömürboyu bədənlərində qəlpə gəzdirmişdir) Ərkivan A.Novruzovun simasında Qarabağ döyüşlərində 18-ci şəhidini torpağa tapşırdı.
Ərkivandan zəngin təəssüratla qayıtdım. Vətənimizdə Ərkivan kimi böyük tarixi keçmişi, mədəniyyəti və cəsur insanları olan yurd yerlərimiz az deyil. Bu cür qədim yaşayış məskənlərimizi təbliğ edib, həm gənclərimizə, həm də bütün dünyaya göstərmək faydalıdır. Haqqında kitablar yazılmış bir kənd (2007-ci ildən qəsəbə statusu almışdır) təsəvvür edin. Masallı şəhərindən 2 kilometr qərbdə, Viləş çayının sağ sahilində, Lənkəran ovalığında yerləşir Ərkivan. Qərbində Talış dağlarıdır, şərqində Xəzər dənizi, şimalında isə Muğandır. Əlverişli iqlimi var - subtropik zonaya daxildir. Nadir şahın olümündən (1747-ci il) sonra yaranan Talış xanlığının 8 mahalından birinin - Dəştvəndin mərkəzi olub. Əvvəllər də hərbi-strateji məntəqə rolunu oynayan Ərkivanı ələ keçirmək uğrunda XIX əsrin ilk onilliklərində İran ilə Rusiya arasında ağır döyüşlər gedib. İrana ilhaq olmağı heç cür qəbul etmək istəməyən, həm də buna haqlı olan, müstəqilliyə can atan, lakin öz aralarında birləşərək vahid cəbhədə dayanmağı bacarmayan Azərbaycan xanlıqlarının taleyini bu diyar da yaşayıb, başqa sözlə, Ərkivan da rus işğalı altına düşüb. Müharibə meydanına dönən Ərkivan xeyli itkilərlə üzləşib. 1930-cu ilədək, yəni indiki rayonlar təşkil edilənə qədər rayon mərkəzi Ərkivan idi, sonra mərkəz Masallıya köçürülüb.
Arxeoloji qazıntılar burada insanların 20 min ildən bəri - Daş və Tunc dövrlərindən yaşadıqlarını sübut edir. Yəni o, Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Ərəblərin gəlişindən əvvəl (V-VI əsrlərdə) Ərkivan qala içərisində şəhər kimi mövcud olmuşdur. Araşdırmaçılar "Ərkivan” toponiminin bir neçə mənasını göstərsələr də, "Qala yeri” mənası üzərində dayanan dilçi alim, professor, AMEA-nın həqiqi üzvü Ağamusa Axundovun qənaəti daha inandırıcıdır.
Tarixin çox sınaqlarına sinə gərib Ərkivan igidləri: ərəblərlə döyüşüb, monqolları məğlubiyyətə uğradıb. Bu torpaqda tarixin çox izləri var. Buradakı XIII əsrə aid Şahsəfi bulağı qəsəbənin Səfəvilərlə bağlılığının sübutudur. Şah İsmayıl Xətai 1501-ci ildə rəiyyəti ilə bərabər Ərkivan qalasında bir neçə gün qonaq olmuş, onun ulu babası Şeyx Səfiəddin isə (XIII əsr) burada 7 il daimi yaşamışdır. Ərkivan qalası tam halda dövrümüzə gəlib çatmasa da, tarixi mənbələrdə onun haqqında geniş məlumatlara rast gəlirik. Axarlı-baxarlı bir məkanda, bərəkətli torpaqda qərar tutmuş qəsəbənin sakinləri qədim ənənələrinə sadiq, qonaqpərvər, xeyirxah insanlardır. 13 məhəllənin hər birinin özünəməxsus cəhətləri, yaşlı insanların yaddaşında yaşayan tarixi var. Dosta köksündə yer verən, düşmənə savaş açan ərkivanlılar müxtəlif səbəblərlə bağlı buraya pənah gətirən Ordubad-Naxçıvan köçkünlərinə də (onlar yazıçı M.S.Ordubadinin mənsub olduğu ailədəndirlər), Gəncədən köçüb gələnlərə də istiqanlı münasibət göstərmiş, yer vermişlər. Əsrlər boyu ayrı-ayrı qəbilə və tayfaların nümayəndələri də köçüb Ərkivana sığınmışlar. Qəsəbənin məhəllələri belə yaranıb. Bütün bunlar yazıya alınsa, yenə neçə-neçə kitab yaranar.
Hazırda Ərkivanın əhalisi 19 min nəfərdən çoxdur. Yurdun böyüklüyü və ya kiçikliyi əhalinin sayına və ərazisinin ölçülərinə görə deyil, dünya mədəniyyətinə bəxş etdiyi şəxsiyyətləri ilə sayılır. Bu mənada cəmi 22,94 kvadratkilometr ərazisi olan Ərkivan böyük yer hesab olunmalıdır. 2017-ci ilə qədər olan məlumata görə, buradan ayrı-ayrı elm sahələri üzrə 9 nəfər elmlər doktoru, professor (bəziləri AMEA-nın üzvü olmaqla), 25 nəfər fəlsəfə doktoru, keçmiş SSRİ-də və dünyada tanınan adlı-sanlı idman ustaları, şair, tərcüməçi, publisistlər, kino işçiləri, aktyorlar, müğənnilər, yüksək peşəkarlıq tələb edən digər sənət adamları, din xadimləri Ərkivanı şərəflə təmsil edir, tanıdırlar. Onlardan bəziləri dünyalarını dəyişsələr də, əməlləri, əsərləri, özlərindən sonra qoyduqları izləri ilə əbədiyyət qazanmışlar.
Bəziləri hesab edirlər ki, Ərkivanda ilk təhsil ocağı sovet hökumətinin 1920-ci ildə açdığı, sakinlərin "Ağ məktəb” adlandırdığı təhsil ocağıdır. Amma araşdırmalar göstərir ki, qəsəbədə əvvəllər də mükəmməl təhsil verən savadlı mollalar, mollaxanalar, öz evində uşaqları elmlərin sirləri ilə tanış edən ziyalı adamlar olmuşdur. Hazırda burada 1 tam, 4 ümumi orta məktəb fəaliyyət göstərir və təhsilə maraq son dərəcə yüksəkdir. Hər halda bir qəsəbədən 60-70 il ərzində 34 alimin çıxması böyük nailiyyətdir. Ərkivanlı alimlərin bəziləri başqa ölkələrdə, o cümlədən ABŞ-da yaşayıb fəaliyyət göstərirlər.
Yeri gəlmişkən qeyd edək ki, Ərkivan qəsəbəsindən ölkəmizin cənubuna və şimalına, o sıradan paytaxt Bakıya və Sumqayıta avtobus marşrutları işləyir.
Ərkivanın memarlıq abidələri də diqqəti cəlb edir. 9 məscid, sonradan bərpa edilmiş Ərkivan qalası, sakinlər tərəfindən çəkilmiş bulaqlar, ayrı-ayrı məhəllələrdəki abad, gözoxşayan həyətlər, nisbətən qədim və müasir yaşayış evləri, kəndin inzibati binaları, məktəblər və mədəniyyət evləri, 2 tibb məntəqəsi, poçt, uşaq bağçası qəsəbəyə yaraşıq verir. Burada müasir üslubda tikilmiş mağazalar, istirahət mərkəzləri, idman meydançaları, 4 kərpic, 5 çörəkbişirmə, 2 makaron, 1 şəkər, 1 mineral suqablaşdırma sexləri, 2 dəyirman əhaliyə nümunəvi xidmət göstərir. Göründüyü kimi, qəsəbələrdə bəzi sənaye sahələri də yaradılıb və bunlar əhalinin məşğulluğunu təmin etməkdədir.
Qəsəbə sakinləri əməyə, torpağa, vətənə, soykökünə, din-imana bağlılıqları ilə də diqqəti cəlb edirlər. Halal zəhmət ərkivanlılar üçün həyatın əsasıdır. Həyətlər bağ-bağatın, yaşıllığın içindədir. Sakinlər bağçılıq, əkinçilik, arıçılıq, son vaxtlar kümçülüklə də məşğul olurlar.
Ərkivan şəhər-qala olub, çar hökuməti dövründə hərbi-strateji funksiyası zəifləyib, sovet vaxtı kəndə çevrilib, müstəqillik illərində isə öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Nə qədər ki, ərkivanlı ağsaqqallar və ağbirçəklər var və onlar öz yetirmələrinə ulu baba və nənələrimizin ənənələrinə uyğun istiqamət verirlər, ərlər yurdu Ərkivan daha da inkişaf edəcək, hətta vaxt olacaq ki, şəhərə də çevriləcək. Bu yurd yenə adlı-sanlı elm, incəsənət xadimləri və idman ustaları, dinlə məşğul olan ilahiyyatçılar, torpağı candan əziz tutan qəhrəmanlar - Vətən sevdalıları yetirəcək, dostlara sevinc gətirəcək, üzdəniraq qonşularımıza isə gözdağı olacaq.
Seyran CAVADOV
Azərbaycan.-
2020.- 30 avqust.- S. 5.