Fəxr edirik ki, Sizin kimi
müdrik, uzaqgörən, Vətənini və xalqını
sevən Prezidentimiz var
Azərbaycan
vətəndaşları, xaricdə yaşayan
soydaşlarımız Qarabağ müharibəsində əldə
etdiyimiz tarixi Qələbə münasibətilə Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar
ünvanlamaqda davam edirlər. Sevinc və qürur hissləri
ifadə olunan məktublarda dövlətimizin
başçısına minnətdarlıq bildirilir, zəfər
təbrikləri çatdırılır.
AZƏRTAC
Prezidentin saytına istinadla həmin məktubların bir
neçəsini təqdim edir.
Almaniyanın
Bonn şəhərində yaşayan Ramil Teymurov yazır: "Möhtərəm Prezident, Müzəffər
Ali Baş Komandan, biz, ölkə hüdudlarından kənarda
yaşayan azərbaycanlılar ölkəmizdə baş verən
son siyasi və hərbi prosesləri, Sizin rəhbərliyiniz
altında Silahlı Qüvvələrimizin işğal
altında olan torpaqlarımızı qanı və canı
bahasına necə işğaldan azad etməsini qürur
hissi ilə yaxından izlədik. Bu haqq işində
bütün qəlbimizlə Sizin, xalqımızın və
Ordumuzun yanındayıq. Sizin müdrik və
uzaqgörən siyasətinizin nəticəsində Ordumuz
qısa müddətdə işğal altında olan ərazilərimizi
mənfur erməni işğalçılarından azad etdi,
müstəqil Azərbaycanımızın ərazi
bütövlüyü bərpa olunur. Bu mübarizədə
biz, hər bir Azərbaycan vətəndaşı öz üzərinə
düşən vətəndaşlıq borcunu yerinə yetirməli,
bununla fəxr etməlidir. Düşmənin hərbi əməliyyatlardan
kənarda yerləşən Gəncə şəhərinə
və onun dinc əhalisinə edilən raket zərbələrini
şiddətlə qınayırıq. Heç bir insani
çərçivəyə sığmayan bu hərəkətlər
düşmənin zəifliyinin əlamətidir. Gəncə əhalisinə
və xalqımıza səbir diləyirik. Möhtərəm
Prezident, Sizin siyasi və hərbi iradəniz,
xalqımızın birliyi və Ordumuzun əzmkarlığı
sayəsində müstəqil Azərbaycanımızın
üçrəngli bayrağı tezliklə
Qarabağımızın mərkəzi Xankəndi şəhərində
dalğalanacaq, regionda sülh və əmin-amanlıq bərpa
olunacaq və Azərbaycan xalqı Sizin adınızı
tarixə qızıl hərflərlə yazacaqdır. Siz
xalqımızın fəxrisiniz. Tanrı Sizi və
xalqımızı qorusun! Allah ərazi
bütövlüyümüz uğrunda canından keçən
şəhidlərimizə rəhmət eləsin! Qarabağ Azərbaycandır!”.
Almaniyanın
Kassel şəhərindən Şarani Utsiyevin məktubunda
deyilir: "Hörmətli cənab Prezident, Sizin və Ordunuzun
möhtəşəm Qələbəsi münasibətilə
təbriklərimi çatdırır, həmçinin minnətdarlığımı
bildirirəm. Bu, ümumi qələbəmizdir. Əlil
olmasaydım azərbaycanlı qardaşlarımızla birlikdə
döyüşüb şəhid olmaqdan şərəf
duyardım. Qələbənizlə məni xoşbəxt bir
insan etdiniz. Allah Sizi xeyirlə mükafatlandırsın!
Əmin olun ki, çeçen xalqı həmişə Sizin
yanınızda olacaq”.
Beyləqan
sakini Sahilə Fərmanova: "Müzəffər Ali Baş Komandan,
Azərbaycanımızın şərəfli tarixində
misli görünməmiş uğurlu addımlarınıza
görə Sizə sonsuz təşəkkürümü
bildirirəm. Siz uzaqgörən siyasətinizlə, fenomen
şəxsiyyətlərə xas idarəetmə
bacarığınızla nəinki Azərbaycan tarixinə,
dünya tarixinə silinməz İlham Heydər oğlu
Əliyev imzası atdınız, müqəddəs
torpaqlarımızın xilaskarı oldunuz. Siz xalqın ürəyində
qurulan sevgi taxtını zirvələrə ucaltdınız.
Qürurumuz, fəxrimiz, inam yerimiz oldunuz.
Çıxışlarınızla vüqarlı, cəsur
xalq olduğumuzu hər dəfə isbat etdiniz. Tanrı Sizi, cəsur,
yenilməz Ordumuzu qorusun. Tanrı Sizi, ailənizi bəd nəzərdən,
xətadan, bəladan hifz etsin. Var ol, yaşa Prezidentim! Nə qədər
ki, Siz varsınız, biz də varıq. Bütöv Azərbaycan
var. Dünyaya isbatladığınız haqqınız
mübarək! Qarabağ Azərbaycandır!”.
Bakı
şəhər sakini Həbib Əhmədli: "Müzəffər
Ali Baş Komandan, mən 258 nömrəli məktəbin 3b
sinif şagirdiyəm. Sizi şanlı Qələbəmiz
münasibətilə təbrik edirəm. Sizinlə və
müzəffər Ordumuzla fəxr edirəm. Böyüyəndə
mən də hərbiçi olmaq, Vətənimin keşiyində
dayanmaq istəyirəm. Cənab Prezident, istərdim ki,
Şuşanın ən yüksək bir yerində
torpaqlarımızı işğaldan azad etmiş qəhrəmanlarımıza
abidə ucaldılsın. Mən Sizi çox sevirəm və
çox xoşbəxtəm ki, bizim ölkəmizə Sizin
kimi müdrik şəxsiyyət rəhbərlik edir.
Qarabağ Azərbaycandır!”.
Ağdam
sakini Eliza İsayeva: "Cənab Prezident, mən bu məktubu
Sizə sevinc göz yaşları ilə yazıram.
Üzümü Allaha tutub deyirəm: "Nə yaxşı
ki, mənim xalqıma Sizin kimi sadə, alicənab, Vətəninə
bağlı, xalqını sevən belə bir rəhbər bəxş
edib”. Tanrı Sizi qorusun cənab Ali Baş Komandan! Siz və
Sizin başçılıq etdiyiniz Milli Ordumuzun sayəsində
xalqımızın 27 illik torpaq həsrətinə son qoyuldu.
Mənə də uşaqlıq və gənclik illərimin
xatirəsi olan doğma Ağdam torpağına qovuşmaq nəsib
oldu. Cənab Prezident, Sizin və Birinci vitse-prezidentimiz Mehriban
xanımın işğaldan azad olunmuş torpaqlarımıza
gəlişiniz xalqımızı çox sevindirir. Siz Ağdamda Cümə məscidinə Məkkədən
gətirdiyiniz "Qurani-Kərim”i
bağışladınız və
çıxışınızda qeyd etdiniz ki, Məkkədə
ziyarətdə olarkən işğal altında olan
torpaqların azad edilməsi üçün dua etmisiniz.
Şükürlər olsun ki, bu arzunuz həyata keçdi.
Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Sizin kimi
ölkə başçısı var. Azərbaycan xalqı
Sizə inanır. İnanırıq ki, xarabalığa
çevrilmiş torpaqlarımız gülüstana çevriləcək.
Bütün bunları həyata keçirmək
üçün Tanrıdan Sizə və Sizin ətrafınızda
sıx birləşən xalqımıza güc-qüvvət
diləyirəm. Yaşasın Ali Baş Komandan! Yaşasın
Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!”.
Bakı
şəhər sakini Sevil Mansurova: "Əziz Prezidentim, mənim
9 yaşım var, 183 saylı məktəbin 4-cü sinif
şagirdiyəm. Siz Qarabağ müharibəsini
dayandırdınız. Sizə eşq olsun! Sizinlə fəxr
edirəm. Siz dünyada ən güclü, ən
ağıllı siyasətçi, dəmir iradəsi olan
gözəl Prezidentsiniz! Noyabrın 10-u ikiqat sevindim,
qürurlandım. Çünki həmin günü mənim də
ad günümdür. Sizə çox minnətdaram, Sizi
çox sevirəm. Çox istərdim ki, Sizinlə
görüşüm”.
Salyan
sakini Zərnişan Abbasova: "Hörmətli cənab
Prezidentimiz və Ali Baş Komandanımız, torpaqlarımızın
işğaldan azad olunması münasibətilə Sizi, ailənizi,
Ordumuzu və xalqımızı təbrik edirəm. Sizə dərin
minnətdarlığımı bildirirəm. Sizin göstərdiyiniz
şücaət, düzgün siyasətiniz sayəsində
Ordumuz Qələbə qazandı və 30 illik həsrətə
son qoyuldu. Allah Sizə möhkəm cansağlığı
versin. Allahdan bütün şəhidlərimizə rəhmət,
yaralılarımıza şəfa diləyirəm”.
Mingəçevir
şəhər sakini Mayis Abdullayev: "Möhtərəm
Prezident, Müzəffər Ali Baş Komandan, Sizi, bütün
ailə üzvlərinizi və Azərbaycan xalqını
torpaqlarımızın azad olunması və böyük Qələbə
münasibətilə təbrik edirəm. Cənab Prezident, bu Qələbəyə
görə biz Sizə, şanlı Ordumuzun bütün zabit və
əsgərlərinə borcluyuq. Allah vətən uğrunda
canından keçmiş bütün qəhrəman şəhidlərimizə
rəhmət eləsin! Mən şəhidlərimizin müqəddəs
ruhları, onların valideynləri qarşısında baş
əyirəm. Cənab Prezident, 30 ildir bizlər
özümüzü çox günahkar hesab edirdik,
sınmışdıq, başıaşağı gəzirdik.
Üzdə deyib-gülsək də qəlbən
ağlayırdıq, əzab çəkirdik. Xalqımızda
bir ruh düşkünlüyü var idi. Çox sağ olun
ki, Siz bu xalqın inamını özünə
qaytardınız, onu bir yumruq kimi birləşdirdiniz. Cənab Prezident, Siz erməni vandallarına sübut
etdiniz ki, millətimiz qorxmaz, döyüşkən, mübariz
və lazım gələrsə, istənilən düşmənin
başını yumruqla əzməyə qadir olan millətdir.
68 yaşıma və 2-ci qrup əlil olmağıma baxmayaraq,
mən də səfərbərliyə alınmaq
üçün müraciət etmişdim. Uca Allah Sizə
uzun ömür, cansağlığı versin. Allah Sizi bu millətə
çox görməsin. Arzu edirəm ki, Siz ömürlük
Prezident seçiləsiniz”.
Ucar
rayonundan Zəka Binyətov: "Müzəffər Ali Baş
Komandan, əvəzolunmaz Sərkərdə, Sizi Qələbə
münasibətilə ürəkdən təbrik edirəm.
İllərdir gözü yolda qalan torpaqlarımız Sizin və
müzəffər Ordumuz sayəsində işğaldan azad
olundu. Halal olsun Sizə, Ali Baş Komandanımız! Siz
bütün xalqın iftixarısınız. Azərbaycan
Fatehi, Allah Sizə uzun ömür, cansağlığı
versin. Yaşasın ulu öndərimiz Heydər Əliyevin
layiqli davamçısı Prezidentimiz İlham Əliyev! Ulu
Öndərimiz Azərbaycan xalqını xilas etdi. Siz də ərazi
bütövlüyümüzü bərpa etdiniz. Var olun, cənab
Prezident! Eşq olsun Ali Baş Komandanımıza!”.
Ağdam
sakini Amil İsmayılov: "Möhtərəm Prezident,
Müzəffər Ali Baş Komandan, Sizin
Komandanlığınızla müzəffər Ordumuzun
şücaəti sayəsində 30 il düşmən əsarətində
qalan torpaqlarımız 44 gün ərzində işğaldan
azad edildi. Siz bizim üçün başımızı uca,
çiyinlərimizi dik tutmağa zəmin yaratdınız. Təkrarolunmaz
siyasi və hərbi taktikanızla mənfur düşmənə
və onun havadarlarına iki kəlmə ilə dediniz: Şah!
Mat! Siz bütün dünyaya sübut etdiniz ki, Qarabağ Azərbaycandır!
Uca Yaradan Sizi, Ordumuzu, dövlətimizi, xalqımızı
qorusun!”.
Qusardan
Samirə Qasımova: "Cənab Prezident, Müzəffər
Ali Baş Komandan, bir Azərbaycan vətəndaşı kimi
Sizə bu məktubu yazmağı özümə borc bilirəm.
Siz illərdir hər bir azərbaycanlının köksündə
yara bağlamış Vətən həsrətinə,
Qarabağ ayrılığına son qoydunuz. Düşmən
tapdağı olan Vətən torpağı əsası ulu
öndər Heydər Əliyev tərəfindən qoyulan və
Sizin layiqincə davam etdirdiyiniz uğurlu siyasət,
güclü və yenilməz Azərbaycan Ordusunun rəşadəti
sayəsində azad olundu. Biz bütün Azərbaycan xalqı
olaraq böyük bir tarixə şahidlik edirik. Sizin
zəngin dünyagörüşünüz, uzaqgörən
siyasətiniz, dərin tarixi və diplomatik bilikləriniz
ölkəmizin dünya arenasında layiqli təmsil olunmasında
əsas rol oynadı. Cənab Prezident, Sizin rəhbərliyinizlə
yaradılan güclü Ordumuz düşmənin 30 ildə
qurduğu barrikadaları, mövqeləri 44 günün
içində yerlə-yeksan etdi. Bu qürurlu tarixə
şahid olduğumuz üçün Sizə sonsuz minnətdarıq.
Var olsun müdrik Prezidentimiz! Var olsun Azərbaycan xalqı! Var
olsun Azərbaycan Ordusu!”.
Cəbrayıl
sakini İlqar Quliyev: "Cənab Prezident, keçmiş məcburi
köçkün olaraq Vətən müharibəsində
apardığınız hərbi və diplomatik
uğurlarınıza görə Sizi təbrik edirəm və
Qələbə münasibətilə sonsuz təşəkkür
edirəm. Müzəffər Ali Baş Komandan, Sizin hər bir
çıxışınız 10 milyonluq xalqın ürəyindən
xəbər verir. Həmişə dəmir yumruğunuz var
olsun! Əminik ki, İnşallah, tez bir zamanda Qarabağı cənnət
diyara döndərəcəksiniz. Uca Tanrıdan Sizə möhkəm
cansağlığı, uzun ömür diləyirəm.
Yaşasın Azərbaycan! Yaşasın Müzəffər
Ali Baş Komandan! Yaşasın güclü Ordumuz!”.
Bərdədən
Qurban Qurbanov: "Müzəffər Ali Baş Komandan, Sizi Qələbə
münasibətilə təbrik edirəm. Mən
uzun illərdir Şuşa həsrəti ilə yaşayıram.
Şuşanı görməsəm də, atam onun haqqında
bizə çox danışıb, oranı yalnız şəkillərdə
göstərib. Şuşanın düşməndən azad
edildiyini eşidəndə çox sevindim, çünki
doğma şəhərimizi artıq şəkillərdə
yox, real olaraq görəcəyik. Sizə çox-çox təşəkkür
edirəm. Allahdan Sizə, ailənizə və
yaxınlarınıza uzun ömür,
cansağlığı arzulayıram”.
Lerik sakini İslam Şabanov:
"Çox hörmətli cənab Prezident, Müzəffər
Ali Baş Komandan, Lerik rayonunun sakinləri adından erməni
işğalçıları üzərində
qazandığımız möhtəşəm Qələbə
münasibətilə Sizi səmimi qəlbdən təbrik
edirik.
Bu Qələbə Sizin, qalib Ordumuzun və Azərbaycan
xalqının həmrəyliyi və qətiyyəti sayəsində
əldə olundu. Eşq olsun Sizə! Eşq olsun Azərbaycan
xalqına!”.
Ağsu
rayonundan Leyla Salehli: "Hörmətli cənab Prezident, Sizi
qazandığımız böyük Qələbə
münasibətilə təbrik edirəm. Ərazi
bütövlüyümüzün bərpa edilməsində
yorulmaz fəaliyyətinizə görə Sizə minnətdarlığımı
bildirirəm. Sizin rəhbərliyiniz altında
şanlı Ordumuz əzəli torpaqlarımızı bizə
qaytarmaqla üzərimizdən "köçkün” adı
götürüldü. Mən fəxr edirəm ki, Sizin kimi
müdrik, uzaqgörən və Vətənini, xalqını
sevən ölkə başçımız var”.
Azərbaycan.- 2020.- 1 dekabr.- S. 1-2.