Yoluxmanın sürətlə artması
sərt məhdudiyyətlərin tətbiqini qaçılmaz
edir
Artıq bir ilə
yaxındır bəşəriyyət yeni növ koronavirus
girdabında çapalayır. COVID-19 infeksiyası
bütün ölkələrdə tüğyan edərək
kütləvi qırğınlar və yoluxmalar
törətməkdə davam edir.
İnsanlığın təhdidinə çevrilən bu gözəgörünməz virusa yoluxanların sayı saatbasaat artaraq, ümumilikdə, 62 milyonu ötüb. Hazırda xəstəliyin sürətlə yayılması, yoluxan və vəfat edən şəxslərin sayında kəskin artım bütün dünya üçün ən ciddi problemdir. Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, xəstəliyin qarşısını almaq üçün hökumətlər sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalıblar. Bu, iqtisadi duruma, əhalinin maddi vəziyyətinə mənfi təsir göstərsə də, insanların həyatının və təhlükəsizliyinin qorunması üçün vacib olduğundan sərtləşdirilmə istiqamətində addımlar atılmasından başqa yol yoxdur.
Yoluxma hallarının 1-1,5 faizi ölümlə nəticələnir
Dünyanın bir parçası olan Azərbaycanda da son aylar koronavirus mənzərəsi ürəkaçan deyil. Ölkədə sanitar-epidemioloji vəziyyət getdikcə daha da pisləşərək narahatedici hal alır. Vəziyyətin təhlili göstərir ki, son 10-14 gündə ölkəmizdə aktiv xəstələrin sayı iki dəfə artaraq 45000 nəfəri ötüb. Əgər dekabr ayının ilk 10 günündə xəstəliyin artım sürəti dəyişməzsə, aktiv xəstələrin sayı artacaq. Mövcud tendensiya onu deməyə əsas verir ki, qarşıdan gələn günlərdə yoluxma hallarının sayı xeyli arta bilər. Bu da xəstələrin çarpayılarla təminatı, xəstəxanalara çatdırılması, vaxtında tibbi müdaxilənin edilməsi, təmasların izlənilməsi kimi zəruri tədbirlərin görülməsində çətiniliklərə səbəb ola bilər.
Yay ayları ilə müqayisədə gündəlik ölüm halları da 4 dəfəyə qədər artıb. Hazırda yoluxma hallarının 1-1,5 faizi ölümlə nəticələnir. Gündəlik yoluxmanın artması təəssüf ki, gündəlik ölüm hallarının da yüksəlməsi ilə müşahidə edilir. Ölüm hallarının qarşısını almaq üçün gündəlik yoluxma hallarının sayının azalmasına mütləq nail olmaq vacib şərtdir.
Təcrübə göstərir ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da insanlar vəziyyətin ciddiliyini, həyatları üçün potensial təhlükəni yaz və yay aylarında olduğu qədər məsuliyyətlə dərk etmir, bir çox hallarda ehtiyatsız davranır, mövcud qaydaları pozur, tövsiyələrə laqeyd yanaşırlar.
Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə nəticələnən tarixi qələbə bir çox vətəndaşlar tərəfindən kütləvi şəkildə qeyd edilir, insanlarda yaranmış ruh yüksəkliyi COVID-19 pandemiyası təhlükəsini ikinci plana keçirir. Vətən müharibəsində şəhid olan insanların yas mərasimlərində kütləvi iştirak, torpaqların işğaldan azad olunmasının kütləvi qeyd edilməsi, bu məqsədlə yürüşlərin keçirilməsi COVID-19-un yayılması ilə bağlı vəziyyəti gərginləşdirdi.
İlk gündən həkimə müraciət edilməlidir
Yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə son vaxtlar özünümüalicə kimi zərərli tendensiya da müşahidə olunur. Həkim və mütəxəssislərin dəfələrlə xəbərdarlıqlarına baxmayaraq, bəzi xəstələr virusu ciddi qəbul etməyərək onun qarşısını özünümüalicə ilə almaqda davam edirlər. Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun narahatlığı da elə bununla əlaqədardır. O, təəssüflə bildirib ki, infeksiyaya yoluxanlar yalnız vəziyyətləri ağırlaşmağa başlayanda və nəfəs darlığı yarananda həkimə müraciət edirlər. Bu isə ciddi problemlərin yaranmasına səbəb olur: "Çox vaxt insanlar bunu əsas götürürlər ki, ətraflarında olanlar evdə qalmaqla, sosial şəbəkələrdə paylaşılan hansısa reseptlə özlərini müalicə edirlər və onların səhhətində heç bir mənfi hal baş vermir. Lakin nəzərə almırlar ki, virusa yoluxan zaman risk qrupuna daxil olurlar və bundan sonra ağırlaşdırıcı halların baş verməsi mümkündür. Hər bir orqanizm fərdi xüsusiyyətlərə malikdir. Yaşından asılı olmayaraq, orqanizmin xüsusiyyətlərinə görə xəstəliyi ağır keçirə bilənlər var. Özünümüalicə nəticəsində vəziyyəti ağırlaşanlar bilməlidirlər ki, xəstəxanaya daxil olduqları zaman onlara qarşı görülən müalicə tədbirləri səmərə verməyə bilər. Ona görə də vətəndaşlardan xahiş edilir ki, yoluxduqları ilk gündən həkimə müraciət etsinlər. Ev şəraitində müalicə alsalar belə, bunu mütləq şəkildə həkim nəzarəti altında etsinlər”.
Digər narahatedici məqam koronavirusa yoluxmuş şəxslərin arxayınlaşaraq qorunma tədbirlərinə ehtiyac duymamasıdır. Bu da yoluxma saylarının artımına səbəb ola bilər. Çünki bütün dünyada təkrar yoluxma halları var. Birinci dəfə xəstəliyi keçirənlər ikinci dəfə onu simptomsuz keçirə bilərlər. Yəni xəstəliyi keçirmiş şəxslər də infeksiya mənbəyinə çevrilə bilərlər.
Qaydalara ciddi əməl etsək, virusa yoluxma sayını azalda bilərik
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanovun sözlərinə görə, hələ əvvəlki koronavirus infeksiyalarından sonra dayanıqlı immunitet yaranmadığı, ona görə də təkrar yoluxmanın mümkünlüyü deyilirdi. Bu, COVID-19-da özünü doğrultdu: "Bir neçə ay öncə Avropadan təkrar yoluxma hallarının olması ilə bağlı xəbərlər gəlirdi. Həmin xəbərlər getdikcə çoxalır. Təkrar xəstələnmə zamanı xəstəliyin özünü necə göstərməsinə dair sübut olunmuş məlumatlar yoxdur. Lakin bu zaman ən yüngül xəstəlik halından ən ağırına qədər müşahidə oluna bilər. Xəstəliyin hansı hallarda yüngül və ağır gedişə malik olacağı araşdırılmalıdır. Heç kim arxayınlaşmamalıdır ki, mən yoluxub sağalmışam, daha yoluxmayacam. Hər kəs yenidən yoluxa bilər. Hazırda təkrar yoluxmanı proqnozlaşdırmaq mümkün deyil. Çünki bu barədə kifayət qədər sübut və materiallar yoxdur”.
A.Qurbanov qeyd edib ki, maska taxılması, məsafə saxlanılması, əl gigiyenasına əməl edilməsi nəinki koronavirusdan, mövsüm üçün xarakterik olan digər respirator infeksiyalardan da qorunmağa kömək edir. Həmin qaydalara əməl olunsa, yoluxma saylarında əhəmiyyətli azalmaya şahid ola bilərik: "Vətən müharibəsi başlayanda biz vətəndaşlara müraciət etdik ki, virusa az yoluxma halları və az xəstələnmə halları qeydə alınması
üçün hər kəs əlindən gələni etməlidir. Çünki bizim səhiyyə sistemimiz həmin dövrdə orduya xidmət göstərməlidir. Bu məsələ aktuallığını yenə də saxlayır. Hələ də yaralı əsgərlərimizin müalicəsi davam edir. Hər birimiz səhiyyə sisteminin yüklənməsinə səbəb olmamağa çalışmalıyıq. Yoluxma sayı çox olduqca, xəstələnmə hallarının sayı, nəticədə isə ağır xəstələrin sayı artır. Onların müalicəsi isə xəstəxanalarda aparılır. Həmin xəstələrə tibb işçiləri xidmət edirlər. Yaralı əsgərlərə də tibbi xidmətin göstərilməsinin vacibliyini unutmamalıyıq. Ona görə də qorunma tədbirlərinə əməl etmək çox vacibdir. Hamımız qorunma tədbirlərinə, qaydalara ciddi əməl etsək, o zaman yoluxma sayı azalar. Vətəndaşların yalnız bir qisminin məsuliyyət nümayiş etdirməsi ilə buna nail ola bilmərik. Qorunma tədbirlərinə, hamının bildiyi qaydalara hər kəs düzgün riayət etməlidir. Maska tənəffüs yollarını örtmürsə, bu, onu nəyinsə xatirinə gəzdirməkdən başqa bir şey deyil. Qapalı məkanlarda, sıx təmasların olduğu yerlərdə maska istifadəsinə xüsusi diqqət yetirilməlidir. Bilməliyik ki, maskanı hələ uzun müddət istifadə etməliyik. Çünki pandemiyaya hələ qalib gəlməmişik. Digər tərəfdən, məsafə saxlanılması vacibdir. Əgər bu mümkün deyilsə, maskanın düzgün istifadəsi bizi yoluxmadan qoruya bilər. Daha biz gözləməməliyik ki, hamı yoluxsun, xəstələnsin, hər kəsdə immunitet yaransın, sonra yoluxma sayları azalmağa başlasın. Bu, çox uzun müddət vaxt aparar və koronavirus səbəbindən vəfat edənlərin sayı da çox ola bilər”.
Vətəndaş məsuliyyəti əsas şərtdir
Ötən dövr ərzində Azərbaycan dövləti koronavirusla mübarizədə bütün zəruri tədbirləri həyata keçirib, ölkənin səhiyyə sisteminin potensialı əsaslı şəkildə gücləndirilib. Çarpayı fondunun artırılması, zəruri dərman vasitələrinin tədarükü, yeni xəstəxanaların tikilməsi, həkim və tibbi personalın mobilizasiyası nəticəsində bu gün ölkəmizdə 40 min nəfərdən çox xəstənin müalicəsi mümkündür. Bununla belə, vətəndaşlarımız başa düşməlidirlər ki, bu imkanların da bir həddi var və bu həddi aşmağa çox az vaxt qalıb.
Bu günə qədər
COVID-19 pandemiyasının qarşısının
alınması istiqamətində ən təsirli tədbirlər
sərt məhdudiyyətlərin tətbiqi olub. Məhz bunun
nəticəsində iki dəfə xəstəliyin sayında
sürətli artımın qarşısı alınıb və
onun minimallaşdırılmasına nail olunub. Lakin bu
məhdudiyyətlərin iqtisadi, insanlara sosial-psixoloji
təsirləri hər birimizə məlumdur və
arzuedilməzdir. Məhz bu səbəbdən də
məhdudiyyətlərin tətbiqi hələlik minimal miqyasda
həyata keçirilir.
Bəs vəziyyət bu
istiqamətdə inkişaf edəcəyi, ölkənin
səhiyyə sisteminə real təhlükə
yaranacağı, yoluxma və ölüm hallarının
arzuolunmaz miqyasda artacağı təqdirdə nə baş
verə bilər? Bu sual hamını
düşündürməlidir. Hamı bilməlidir ki,
vəziyyətin daha bir neçə gün belə davam etməsi
yenidən sərt məhdudiyyətlərin tətbiqi, tam
təcrid, SMS icazə və s. bu kimi tədbirlələ
nəticələnəcək. Bütün bunların baş
verməməsi üçün
vətəndaşlarımız vəziyyətin
yaxşılaşmasına töhfə verməli, daha
məsuliyyətli olmalı, davranışlarını
mövcud tələblərə
uyğunlaşdırmalıdırlar. Unutmayaq ki, COVID-19 virusu
ilə mübarizədə ən vacib amil vətəndaş
həmrəyliyi və dövlət-vətəndaş əməkdaşlığıdır.
Xəyalə
MURADLI,
Azərbaycan. - 2020.- 1 dekabr.- S.1; 9.