Azərbaycan
dövlətçiliyinin islahatlar və zəfər mərhələsi
"İnanıram
ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları, işləri
sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcək. Mən ona
özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm”.
Ümummilli
Lider Heydər Əliyev
Azərbaycanın
müstəqilliyini bərpa etməsindən 29 il ötür. Təəssüf ki, müstəqilliyimizin ilk illəri
Azərbaycanda faktiki hakimiyyətsizlik, iqtidarla xalq arasında ən
ümdə milli hədəflər naminə vəhdət və
həmrəyliyin olmaması, hakimiyyət uğrunda mübarizə
şəraitində keçmiş, ölkənin maddi, mənəvi,
iqtisadi resursları dağıdılmışdır.
Belə bir vəziyyət Azərbaycanın ərazi itkilərinə
səbəb olmuş, dövlətimiz vətəndaş
müharibəsi təhlükəsi ilə üz-üzə
qalmışdı.
Ümummilli
Liderin xilaskarlıq missiyası
Vətən tarixinə
şanlı qurtuluş səhifəsi kimi yazılmış
1993-cü ildən etibarən Ümummilli Lider Heydər
Əliyev Azərbaycanı fəlakətdən xilas etmək
missiyasına və dünya düzənində müasir
dövlətçiliyimizin quruculuğuna
başlamışdır. 1992-ci ildə xalqın adından onu
yenidən
ümumrespublika səviyyəsində aktiv siyasi
fəaliyyətə dəvət edən 91 ziyalıya verdiyi
cavabla Ümummilli Lider yalnız öz siyasi manifestini deyil, Azərbaycan
dövlətinin gələcək hədəflərini müəyyən
etdi, XIX əsrin sonları, XX əsrin əvvəllərində
rüşeym halından Xalq Cümhuriyyətinin elanınadək qısa müddətdə sürətli
inkişaf yolu keçmiş azərbaycançılıq
ideologiyasının yeni baxışla yeni dövrə
uyğunlaşdırılmasının əsasını
qoydu. 1992-ci ilin siyasi mühitini yada salanda, bu gün həmin
manifest-cavab dahiyanə uzaqgörənlik nümunəsi, müstəqil
dövlət quruculuğu proqramı, milli xilas, islahat və
inkişaf platforması kimi daha düzgün dərk olunur.
Ümummilli Lider o zaman dəbdə
olan etnik millətçiliyin doğurduğu fəsadları
diqqətə çatdırıb xalqçı-dövlətçi
mövqe ortaya qoyaraq qeyd edirdi ki, Azərbaycan onilliklərlə,
yüzilliklərlə mövcud ərazisində yaşayan
bütün insanların vətənidir:
"Yaranmış vahid, bütöv Azərbaycanın
demokratik prinsiplər əsasında qorunub saxlanılması və
inkişaf etdirilməsi müstəqil Azərbaycan dövlətinin
möhkəmləndirilməsi üçün mühüm vəzifə
və əsas şərtdir”. Ulu Öndərin təsəvvüründəki
yeni Azərbaycanın gələcək inkişafının təməl
prinsiplərini demokratik inkişaf, plüralist cəmiyyət,
çoxpartiyalılıq, iqtisadiyyatın
liberallaşdırılması kursu təşkil edirdi. Xalqın
dəvətilə yenidən siyasi hakimiyyətə
qayıtdıqdan sonra Heydər Əliyev müstəqil
dövlətimizin məhz bəyan etdiyi həmin prinsiplər əsasında
inkişafına nail oldu.
O vaxt ölkədə anarxiya
hökm sürürdü. Yalnız Ulu Öndər Heydər
Əliyev 1993-cü ilin oktyabrında Prezident seçildikdən
sonra noyabrın 2-də radio və televiziya ilə Azərbaycan
xalqına etdiyi müraciətlə ölkədə ciddi
dövlət və ordu quruculuğuna başlanıldı, cəbhə
xəttində düşmənə ilk böyük zərbələr
vuruldu.
1994-cü ilin mayında Ermənistanla
müharibədə atəşkəs elan edilməsi ilə
qazanılmış vaxtdan isə siyasi, iqtisadi islahatlar aparmaq,
faktiki olaraq dağılmış ölkəni yenidən
qurmaq, dünya birliyinin tamhüquqlu üzvünə
çevirmək üçün istifadə edildi: vətəndaş
müharibəsi təhlükəsi aradan qaldırıldı,
hakimiyyətin silahlı çevrilişlər yolu ilə dəyişdirilməsi
praktikasına son qoyuldu, Azərbaycanın gələcəyinə
strateji təminat verən neft-qaz müqavilələri
imzalandı, silahlı qüvvələrin komplektləşdirilməsi
sürətləndi, beynəlxalq aləmlə münasibətlər
sahmana salındı, tərəfdaş ölkələrin sayının artırılması
üçün addımlar atıldı, yeni Konstitusiya qəbul
edildi, çoxpartiyalı sistem əsasında parlament
seçkiləri keçirildi, vətəndaş cəmiyyəti
quruculuğu istiqamətində ciddi tədbirlər
reallaşdırıldı, senzura, media üzərində
dövlət nəzarəti mexanizmləri ləğv
olundu, təhsil islahatları davam etdirildi, keçmiş sovet
məkanında ilk dəfə olaraq geniş və ədalətli
aqrar islahatlar aparıldı.
"Qara
qızıl”ın insan kapitalına çevrilməsi
Ulu Öndərin
başladığı quruculuq, inkişaf, beynəlxalq birliyə
açılma, ümummilli hədəflər naminə cəmiyyətin
bütün sosial və siyasi kəsimlərini əhatə edən
həmrəylik kursu onun siyasi varisi, 2003-cü ilin
oktyabrında Azərbaycan Respublikasının Prezidenti
seçilmiş İlham Əliyev tərəfindən uğurla davam
etdirildi. "Mən bütün Azərbaycan xalqının, hər
bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim
borcumdur ki, imkan daxilində hər bir vətəndaş
inkişafa, yaxşılığa doğru irəliləyişi
görsün və onu hiss eləsin”, - sözləri təkcə
yeni dövr üçün verilmiş seçki vədi
deyildir. Bu sözlərin xalqa xidmət üçün fəaliyyət
proqramı, siyasi kredo olduğu hər gün real işlərlə
təsdiqlənir. Azərbaycana rəhbərlik
etdiyi illər ərzində Prezident İlham Əliyev elan
etdiyi platformaya sadiq qalmış, ölkənin dini, etnik,
sosial və siyasi mənsubiyyətindən asılı olmayaraq
hər bir vətəndaşının Prezidenti olduğunu əməldə
nümayiş etdirmiş və bu gün də bu xəttə
sədaqətini nümayiş etdirməkdədir.
Prezidentin ilk addımları
Ümummilli Liderin əsasını qoyduğu neft siyasətini
uğurla hədəf mərhələsinə
çatdırmaq, daxil olan neft gəlirlərini nəzərdə
tutulan məqsədlərə - böyük quruculuq işlərinə,
əhalinin sosial rifahının yüksəldilməsinə
yönəltmək oldu. Dövlət
başçısı demişdir: "Neft bizim
üçün məqsəd deyil, daha yaxşı həyat
yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı
şərait yaratmaq üçün vasitədir”. Azərbaycanda yoxsulluğun azaldılmasına,
regionların inkişafına dair dövlət proqramları qəbul
olundu, böyük sosial-iqtisadi və mədəni-mənəvi
irəliləyiş əldə edildi, iqtisadiyyatın hər
bir sahəsində: neft-qaz hasilatında, neft-kimya sənayesində,
kənd təsərrüfatında, turizmdə, enerji sektorunda,
nəqliyyatda, mədən sənayesində,
yüngül və qida sənayesində, qeyri-neft sektorunda və
s. ciddi nailiyyətlər qazanıldı. İqtisadiyyata 250
milyard dollar investisiya qoyuldu, ölkənin iqtisadi potensialı
bir neçə dəfə böyüdü, valyuta
ehtiyatları 50 milyard dollara çatdırıldı, yoxsulluq
və işsizlik minimum səviyyəyə endirildi, 2 milyona
yaxın yeni iş yeri açıldı, əməkhaqqı
və pensiyalar dəfələrlə artırıldı,
biznes mühitinin yaxşılaşdırılması
üçün ardıcıl tədbirlər həyata
keçirildi, güzəştli şərtlərlə
sahibkarlara verilən kreditlərin məbləği 2 milyard
manatı ötdü.
Dövlət
başçısı ötən ilin əvvəlində
Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə Azərbaycan
xalqına təbrikində bildirirdi: "Prezident kimi
çalışmışam ki, xalqa ləyaqətlə xidmət
edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın
inkişafı, Azərbaycanın gücləndirilməsi,
xalqın rifahının artması üçün əlimdən
gələni əsirgəməyim. Mənim bir
amalım var: güclü Azərbaycan dövləti qurmaq və
xalqa ləyaqətlə xidmət etmək”. İlham
Əliyevin dövlətçilik fəlsəfəsinin qayəsini,
siyasi fəaliyyətinin məhvərini məhz bu prinsip təşkil
edir - xalqa ləyaqətlə xidmət etmək. Cənab Prezidentin leksikonunda tez-tez
rastlaşdığımız "mən xalqın xidmətçisiyəm”,
"hər bir məmur xalqının xidmətçisi
olmalıdır” - fikirləri bu konseptual baxışın fəlsəfəsini
dərk etmək üçün ən gözəl açar
sözlərdir.
Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanda sadəcə zahiri modernləşmə,
infrastruktur yenilənməsi baş verməyib, eyni zamanda,
dövlət aparatının müasir standartlara
uyğunlaşdırılması,
optimallaşdırılması, sistem xarakterli fundamental
islahatlar aparılması istiqamətində mühüm
addımlar atılıb. "Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən
edən məsələdir”, - deyən dövlət
başçısının müvafiq sərəncamları
ilə Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar Agentliyi təsis edilib, əhaliyə göstərilən
xidmətlər vahid sistemdə birləşdirilərək
"ASAN xidmət” mərkəzləri yaradılıb. Dövlət başçısının əhalinin
məşğulluğu, əmək və sosial müdafiəsi
ilə bağlı çevik və innovativ xidmətlər
göstərilməsi üçün Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində
"Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin
(DOST) yaradılması və digər qərarları
xalqa xidmət siyasətinin davamıdır.
2003-cü
ilin oktyabrından ötən müddət ərzində
ölkədə 3000-dən çox məktəb, 650-dən
çox tibb müəssisəsi, ali təhsil ocaqları,
yüzlərlə tarixi bina, teatr, muzey, idman sarayı, sosial
reabilitasiya mərkəzi, Olimpiya Kompleksi və s. obyektlər əsaslı
təmir və ya inşa edilib, ən müasir avadanlıqlarla
təchiz olunub.
Bütün
bu addımlar, aparılan quruculuq işləri, islahatlar, əlbəttə
ki, insan amilinə dayanır. Prezidentin bu illər ərzində
gənclərlə və təhsillə bağlı siyasəti
onun "qara qızılı insan kapitalına çevirmək”
çağırışına necə əməl edilməsinin
sübutudur. Bu sahələr üzrə
çoxsaylı dövlət proqramları qəbul edilərək
həyata keçirilmiş, yeni təhsil müəssisləri,
müasir dövrün tələblərinə uyğun
ixtisaslar açılmış, xaricdə təhsil
proqramlarından minlərlə Azərbaycan gənci bəhrələnmişdir.
Dövlət başçısı demişdir: "Gənclər
üçün əsas istiqamət, əlbəttə ki, təhsildir.
Çünki bugünkü dünyada bilik, savad ön
plandadır”.
Beynəlxalq
aləmdə etibarlı tərəfdaş, regionda lider
dövlət
Prezident İlham Əliyevin
hakimiyyəti illərində ölkənin sosial-iqtisadi
infrastrukturu bütövlükdə yenidən qurulmuş, 15
min kilometrdən çox yol çəkilmiş, 450
körpü inşa olunmuş, 4 yeni metro stansiyası
açılmış, 7 hava limanı, Ələt qəsəbəsində
yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı inşa
edilmiş, Azərbaycan böyük enerji və nəqliyyat
qovşağına çevrilmişdir. Beynəlxalq reytinqlərə
əsasən, respublikamız avianəqliyyat, dəmir yolu sahələri
üzrə dünyada 11-12-ci yerləri, yol infrastrukturunun
keyfiyyətinə görə 27-ci yeri tutur. Azərbaycan
artıq dünyanın kosmik dövlətlər klubuna
qoşulmuşdur. Avropa və Asiyanı birləşdirən
"Şərq-Qərb” və "Şimal-Cənub” beynəlxalq
nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində
böyük işlər görülmüşdür. Nəhəng transmilli energetika və nəqliyyat layihələri
həyata keçirilmiş, Bakı-Tbilisi-Ceyhan əsas ixrac
neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə
verilmiş, "Yeni əsrin müqaviləsi”
imzalanmış, "Cənub qaz dəhlizi”, onun tərkib hissəsi
olan TANAP boru kəməri açılmışdır.
Yaxın vaxtlarda TAP-ın açılacağı gözlənilir.
Bu layihələr respublikamızın perspektiv
inkişafına və iqtisadi maraqlarına xidmət etməklə
yanaşı, yaxın tərəfdaşlarımız olan
Türkiyənin, Gürcüstanın, İsrailin və Avropa
dövlətlərinin enerji təhlükəsizliyini təmin
edən yeganə alternativ mənbə və tranzit ölkə
kimi Azərbaycanın geosiyasi dəyərini
artırır.
Ulu
Öndərin müəyyənləşdirdiyi
balanslaşdırılmış çoxvektorlu xarici siyasət
kursu uğurla davam etdirilmişdir. Dünyanın
ən fərqli geosiyasi qütbləri ilə münasibətlər
qorunmuş, beynəlxalq güc mərkəzlərindən gələn
təzyiqlər nəinki uğurla
neytrallaşdırılmış, həm də toqquşan
maraqlar uzlaşdırılaraq Azərbaycan sabitliyin hökm
sürdüyü əməkdaşlıq məkanına
çevrilmişdir. Ermənistan istisna edilməklə Azərbaycanın
heç bir region ölkəsi ilə problemləri yoxdur,
bütün dövlətlərlə bərabərhüquqlu
ikitərəfli, üçtərəfli formatlarda tərəfdaşlıq
münasibətləri var. Bu gün regionla bağlı elə
bir məsələ yoxdur ki, Azərbaycanın rəyi nəzərə
alınmadan, iştirakı olmadan həll edilsin. Azərbaycan
dünyada müsbət imicə malik olan etibarlı tərəfdaş
kimi tanınır. Bunun ən bariz nümunəsi Azərbaycanın
155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi idi. BMT, İslam Əməkdaşlıq Təşkilati,
Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı,
Avropa Parlamenti, Qoşulmama Hərəkatı, ISESCO, GUAM, Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatı, NATO
Parlament Assambleyası və digər beynəlxalq və regional
təşkilatlar Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyən, Ermənistanın
işğalçılıq siyasətini pisləyən
çoxsaylı qərar və qətnamələr qəbul
etmişlər. Azərbaycan bu gün iki nüfuzlu beynəlxalq
təşkilata - Qoşulmama Hərəkatına və
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasına sədrlik edir. Məhz beynəlxalq müstəvidə
aparılan bu ölçüyəgəlməz fəaliyyətin
nəticəsində Azərbaycan öz ərazi
bütövlüyünü hərbi-siyasi yolla həll etmək
üçün ciddi hüquqi baza yaratmışdır.
Prezident işğaldan azad olunmuş Ağdama səfəri
zamanı etdiyi çıxışda demişdir: "Bizim
beynəlxalq nüfuzumuz kifayət qədər yüksəkdir
və bu, münaqişənin həlli üçün
xüsusi rol oynamışdır”.
Hər bir azərbaycanlının
qürur mənbəyi
Ölkədə aparılan
modernləşdirmə və quruculuq işlərində Azərbaycanın
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri,
birinci xanım Mehriban Əliyevanın xüsusi rolu vardır.
İlk dəfə XIX əsrdə meydana çıxan birinci
xanım təsisatı, əsasən, 1930-cu illərdə
ABŞ-da Eleneora Ruzveltin aktiv ictimai fəaliyyəti ilə
institusionallaşmış, sosial təşəbbüsləri,
xalqla sıx təmasları, eləcə də
hüquqların genişləndirilməsi, mədəni irsin
qorunması kimi sahələrdə ardıcıl təşəbbüsləri
ona xüsusi populyarlıq gətirmişdi. Beynəlxalq
müstəvidə apardığı işi nəzərə
alaraq E.Ruzvelti bəzən "dünyanın birinci
xanımı” da adlandırırdılar.
Azərbaycanda birinci xanım təsisatı
ilk dəfə Mehriban xanımın fəaliyyəti ilə
gündəmə gəlmişdir. 2005-ci ildən parlamentin
üzvü olan Mehriban xanım yalnız öz seçicilərinin
deyil, bütün Azərbaycan vətəndaşlarının
qayğı və problemlərinin həllinə yardım göstərir,
qanunvericilik və amnistiya təşəbbüsləri ilə
çıxış edirdi. Şəfqət, xeyirxahlıq,
bağışlamaq bacarığı əsl dövlət
xadimlərinə xas olan ali keyfiyyətlərdir. Mehriban xanımın 2004-cü ildən rəhbərlik
etdiyi Cənubi Qafqazın ən böyük qeyri-hökumət
təşkilatı olan Heydər Əliyev Fondu milli-mənəvi
dəyərlərin, multikulturalizm ənənələrimizin,
mədəni irsimizin qorunmasında və dünyada təbliğində
mühüm rol oynamış, elm, təhsil,
mədəniyyət, səhiyyə və idmanın
inkişafına töhfə verən bir sıra böyük
layihələr həyata keçirmiş, ölkədə həm
məscidlərin, həm də əsrlərlə
xalqımızla dinc yanaşı yaşamış dini
azlıq icmalarına məxsus məbədlərin bərpası
və inşasında fəallıq nümayiş
etdirmişdir.
Mehriban
xanımın təşkilatçılığı ilə
Bakıda Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları,
IV İslam Həmrəyliyi Oyunları, Dünya gənclərinin
IV məşğulluq sammiti (YES) və digər beynəlxalq tədbirlər
yüksək səviyyədə keçirilmişdir.
Fondun
dünyanın müxtəlif ölkələrində həyata
keçirdiyi mədəni və sosial layihələr Azərbaycanın
beynəlxalq nüfuzunun artırılmasına xüsusi
töhfə verir. Fond Rumıniya, Pakistan, Rusiya və
digər dövlətlərdə təbii fəlakətlərdən
və ya xəstəliklərdən əziyyət çəkən
insanlara yardımlar etmiş, Gürcüstan, Hollandiya, Misir,
Rumıniya, ABŞ, Bosniya və Herseqovina, Pakistan və Rusiyada
bir sıra məktəblərin yenidən qurulmasında və
təmirində iştirak etmişdir. Tiflisdə
Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundzadənin,
Həsən bəy Ağayevin və Fətəli xan Xoyskinin qəbirüstü
abidələri, Berlində Xocalı soyqırımı, Romada
Nizami Gəncəvinin, Moskvada Mirzə Fətəli Axundzadənin,
Vyanada Üzeyir bəy Hacıbəylinin, İsgəndəriyyədə
Nizami Gəncəvinin, Sankt-Peterburqda
Hüseyn xan Naxçıvanskinin abidələri
ucaldılmış, Parisdə Versal sarayı parkındakı
ümumbəşəri abidələr, Luvr muzeyi, Berlin qəsri,
Vatikanda Roma katakombaları, Romada Kapitolini muzeyinin "Filosoflar
zalı” təmir və ya bərpa edilmiş, Parisdə Azərbaycan
Mədəniyyət Mərkəzi, Luvr muzeyində İslam incəsənəti
bölməsi yaradılmışdır.
Mehriban
xanım UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi
hər iki təşkilatın Azərbaycanla əlaqələrinin
genişlənməsində, ölkəmizin lehinə
çoxsaylı qərarların qəbulunda bilavasitə
iştirak etmişdir: Qobustan Dövlət Tarixi-Bədii
Qoruğu, "İçərişəhər, Qız
qalası və Şirvanşahlar Sarayı Kompleksi”, Şəki
şəhərinin tarixi hissəsi və Şəki Xan
Sarayı UNESCO-nun dünya mədəni irsi siyahısına;
aşıq, xalçaçılıq, tar
ifaçılığı və hazırlanması sənətləri,
Novruz bayramı, dolma, lavaş və kəlağayı, Azərbaycan
muğamı, Lahıc misgərlik sənəti, çövkən
oyunu Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi
üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
Fond tərəfindən
"Diabetli uşaqlara ən yüksək qayğı”,
"Talassemiyasız həyat naminə” layihələri icra
edilir, 35 mindən çox insanın yerli klinikalarda müalicəsinə,
8 minə yaxın xəstənin respublikanın müxtəlif
tibb müəssisələrində və ya xarici ölkələrdə
cərrahi əməliyyat olunmasına kömək edilmişdir.
Fondun dəstəyi ilə Bakıda,
respublikamızın müxtəlif şəhər və qəsəbələrində
yüzlərlə səhiyyə müəssisəsi, məktəb
binası, uşaq bağçası, yeni mədəniyyət
obyekti, muzey, musiqi məktəbi, kitabxana, Ağcabədidə
Qarabağ və Bakıda Beynəlxalq Muğam mərkəzləri, Gəncədə Nizami Gəncəvi
Muzeyi, Məhsəti Gəncəvi Mərkəzi, Bakıda Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyi üçün binalar inşa və ya təmir
edilmiş, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Etno-Ekoloji Mərkəzi
və Qala Əntiq Əşyalar Muzeyi, Bakı Müasir
İncəsənət Muzeyi və s.
yaradılmışdır.
Mehriban xanım bütün
ictimai-siyasi fəaliyyəti ərzində Azərbaycanda bir
çox ilklərə imza atmışdır. 2017-ci il
fevralın 21-də Birinci vitse-prezident təyin edildikdən
sonra Mehriban xanım Əliyeva bu ilki də Azərbaycanın
siyasi reallığına çevirmiş, müxtəlif istiqamətlər
üzrə dövlət siyasətinin daha müvəffəqiyyətlə
həyata keçirilməsinə öz töhfələrini
vermişdir. Dövlət başçısı İlham
Əliyev 2020-ci il oktyabrın 21-də Yaponiyanın "Nikkei”
qəzetinə müsahibəsində Mehriban xanımın
Birinci vitse-prezident kimi fəaliyyətini yüksək qiymətləndirərək
demişdir: "Onun azərbaycanlılar arasında
güclü dəstəyi var. Siz küçədə istənilən
şəxsdən soruşa və vətəndaşların
onu necə sevdiyini və dəstəklədiyini görə
bilərsiniz...O, tamamilə sosial və humanitar məsələlərlə
məşğuldur və on minlərlə insana yardım edir.
Lakin o, bunu hər hansı bir piarsız, reklamsız və
elansız edir. Beləliklə, o, xalqımızın qürur
duyduğu bir şəxsdir”.
İslahatların
yeni dalğası
Prezident
İlham Əliyev 2018-ci il aprelin 18-də andiçmə mərasimində
islahatların yeni dalğasını anons etmiş, ölkənin
ictimai-siyasi-mədəni həyatının hər bir sahəsini
əhatə edən çoxşaxəli islahatların yeni mərhələsi
başlanmışdır. Dövlət
başçısı islahatlar modelini yığcam olaraq belə
ifadə etmişdir: "Biz məqsədyönlü,
düşünülmüş addımlar atırıq ki,
ölkəmizin inkişafına yeni təkan verək, hələ
də həll olunmamış problemləri həll edək,
nöqsanları, xoşagəlməz halları,
çatışmayan məqamları aradan götürək və
bunu edirik”.
Bu gün hakimiyyətin
bütün qollarında-qanunverici, icraedici və məhkəmə
hakimiyyətlərində islahatlar gedir, prosesi
asanlaşdırmaq məqsədilə yeni hüquqi aktlar qəbul
edilir, heç bir dövlət orqanı yenilənmə,
islahat kursundan kənarda qalmır. Ölkənin ictimai-siyasi həyatının
mənzərəsini müsbət mənada dəyişdirən
bu siyasi-hüquqi, institusional və kadr islahatları 2019-cu ilin
son aylarından etibarən daha da intensivləşmişdir. Nazirlər Kabinetində, Milli Məclisin
Aparatında, hüquq mühafizə orqanlarında struktur və
kadr dəyişiklikləri aparılmış, 2019-cu ilin
noyabrında Prezident Administrasiyasının yeni strukturu təsdiqlənmiş,
ilk dəfə olaraq Siyasi partiyalar və qanunvericilik hakimiyyəti
ilə əlaqələr şöbəsi
yaradılmışdır. Bu, ölkə rəhbərliyinin
siyasi partiyalarla müntəzəm iş aparılması,
sağlam əməkdaşlıq qurulması, habelə Milli Məclis
ilə daha müntəzəm əlaqələrin təşkilinə
verdiyi əhəmiyyətdən irəli gəlirdi.
Qanunverici
hakimiyyətin islahatlar kursu ilə ayaqlaşması
üçün hakim Yeni Azərbaycan Partiyası Mili Məclisin
buraxılaraq seçkilərin vaxtının qabağa çəkilməsi
təşəbbüsü ilə çıxış
etmiş, islahatlara yeni sürət
qazandırmışdır.
2020-ci il fevralın 9-da
keçirilmiş parlament seçkilərində bütün
siyasi qüvvələrin, siyasi partiyaların maneəsiz
iştirakına şərait yaradılması sayəsində
Milli Məclisin yeni tərkibdə,
çoxpartiyalılığa əsaslanmaqla yenidən
formalaşması islahatlara çox mühüm bir töhfədir. Həmin vaxt
ölkədə rəsmən mövcud olan 55 siyasi partiyadan
20-si seçkilərdə iştirak etmişdir. Ümumilikdə,
seçkilərə qatılmış 1314 namizəddən
305 nəfəri siyasi partiya üzvü olmuşdur. Həmin
305 şəxsdən 244-nün namizədliyi mənsub
olduğu siyasi partiya tərəfindən, 61-nin namizədliyi
isə özü tərəfindən irəli
sürülmüşdür. Seçkilərin yekunu olaraq
parlamentə seçilmiş 121 nəfərdən 70-i YAP, 10-u
müxalif partiya nümayəndəsi, 41-i isə bitərəf
olmuşdur.
Mütləq çoxluqda olan
YAP üzvləri və bitərəflərlə
yanaşı, mandat qazanmış 8 müxalifət
partiyasının üzvləri də müstəqil Azərbaycanın
parlamentarizm tarixində ilk dəfə həm Milli Məclisin,
həm də daimi komitələrin rəhbərliyində təmsil
olunmuşlar.
Milli Cəbhə Partiyasının və Respublikaçı
Alternativ Partiyasının dövlət qeydiyyatına
alınması ilə Milli Məclisdə təmsil olunan
partiyaların sayı 11-ə çatmışdır ki, bunlardan
10-u müxalif mövqelidir.
Deputat
seçilmiş şəxslərdən 44 nəfəri ilk dəfə
parlamentari kimi fəaliyyətə başlamışdır.
Onlardan 24 nəfəri hakim partiyanı, 18 nəfəri bitərəfləri,
2 nəfəri isə müxalif partiyaları təmsil edir. Beləliklə,
deputat seçilmiş şəxslərin (121 nəfərin)
ümumi tərkibinin təxminən 35,5 faizi yenilənmiş,
cəmiyyətin daha geniş kəsimi parlament vasitəsilə
dövlət idarəçiliyində təmsilçilik
imkanı əldə etmişdir. Hakim siyasi partiya da "öz
vitrininə” yeni simalar çıxarmaqla yenilənməyə
başlamışdır. Müstəqil Azərbaycanın
siyasi tarixində ilk dəfə olaraq Milli Məclisin sədri
postuna qadın seçilmişdir. Yeni daimi komitələr
yaradılmış, parlament aparatında struktur və kadr dəyişiklikləri
aparılmışdır.
Siyasi partiyalar və qanunvericilik
hakimiyyəti ilə əlaqələr şöbəsinin
yaradılmasından bir ilə yaxın zaman keçir və
düşünürəm ki, ilkin yekunları qeyd etməyə
artıq müəyyən əsaslar var. Şöbədə
ölkənin siyasi həyatı üçün mühüm
olan məsələlər, siyasi partiyaların fəaliyyəti, siyasi mühit, parlamentarizm ənənələri,
qonşu ölkələrin Azərbaycanın daxili siyasətinə
yönəlmiş addımları mütəmadi təhlil edilir,
siyasi proseslər proqnozlaşdırılır, dövlətin
görəcəyi adekvat tədbirlərlə bağlı təkliflər
hazırlanır, qanunvericilik hakimiyyəti
ilə icra hakimiyyəti arasında əlaqələrin və
qanunvericilik prosesinin tənzimlənməsinə, eləcə
də siyasi partiyalar haqqında qanunvericiliyin tələblərinə
əməl olunmasına, siyasi işin daha təkmil
qurulmasına, bu sahədə mərkəzi və yerli icra
hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsinə
nəzarət edilir.
Prezidentin daxili və xarici siyasətinin,
apardığı Vətən müharibəsinin, eləcə
də koronavirus pandemiyası ilə mübarizə sahəsində
atılan məqsədyönlü addımların təbliği
məqsədilə Milli Məclis, mərkəzi və yerli
icra hakimiyyəti orqanları, siyasi partiyalar, ictimai-siyasi fəallar,
müvafiq qeyri-hökumət təşkilatları, o
cümlədən Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası, Azərbaycan Ağsaqqallar Şurası və
media ilə sıx əməkdaşlıq edilməkdədir.
Ölkədə
yeni siyasi mədəniyyət yaranır
Şöbə
üçün son bir ilin ən mühüm yekunu isə
bundan ibarətdir ki, dövlət
başçısının qarşıya qoyduğu
tapşırıqların icrası nəticəsində Azərbaycanın
siyasi həyatı daha konstruktiv dinamikaya köklənmiş,
yersiz qarşıdurma, siyasi ittiham, inciklik, süni hüquqi maneələrlə
bu
və ya digər siyasi xadimlərin və
qüvvələrin marginallaşdırılması, partiyalar,
siyasi qüvvələrarası ifrat qütbləşmə,
bir-birini qəbul etməmək, ayrı-ayrı şəxslərə,
bəzən şübhəli dairələrə xidmət etmək,
sifariş əsasında hansısa qurumları hədəfə
gətirmək kimi olduqca mənfi meyillər, demək
olar ki, aradan qaldırılmışdır. Obrazlı desək,
ölkədə gedən quruculuq işləri, islahat kursu, nəhayət
ki, partiya təsərrüfatına da
çatmışdır.
Bu ilin fevral ayında şöbə
tərəfindən aparılmış ilk monitorinqin nəticəsində
müəyyən edilmişdir ki, dövlət qeydiyyatında
olan 55 siyasi partiyadan 8-nin sədri vəfat edib, 6-sının sədrinin
səlahiyyət müddəti nizamnamə ilə tənzimlənməyib,
mövcud siyasi partiyaların bir çoxunun uzun illərdir
(bəzən 20 ilə qədər müddətdən söhbət
gedir) ya sədri yoxdur, ya da sədr adına iddia edən şəxslər
legitim deyillər. Nəinki sədrlər, uzun
illər qurultayları keçirilmədiyindən 21 siyasi
partiyanın heç bir ali orqanları seçkili və
legitim sayılmırdı. 7 siyasi partiya isə qanunvericiliyin tələblərini
nəzərə almadan maliyyə hesabatlarını Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim
etməmişdir. Beləliklə, onlarca partiyanın
legitimliyi şübhə altında idi. Yalnız 16
partiyanın qurultayı nizamnaməyə uyğun
keçirilmiş və yeni sədrin seçilməsi ilə əlaqədar
müvafiq sənədlər Ədliyyə Nazirliyinə təqdim
edilmişdi.
Burada bir tərəfdən
müvafiq orqanların səhlənkar münasibətinin rolu
var idisə, digər tərəfdən fəaliyyətlərinə
diqqət deyil, etinasızlıq, bəzən də dediyimiz
kimi, süni maneələr hiss edən qüvvələr,
faktiki olaraq, görüntü ilə, kağız
üzərində işlə, yalnız seçki
kampaniyaları zamanı bu və ya digər təmənna
müqabilində özlərini yada salmaqla kifayətlənmişlər.
Bəzən də qeydə alınmış
partiyası olmaq, sözün müstəqim mənasında, sərmayə
sayılmış, müəyyən cəlbedici təkliflərin
qarşılığında partiyalar cari siyasi bloklara
qoşulmuş, perspektivli və maddi imkanlı təsiri
bağışlayan şəxslər ətrafında təmərküzləşmiş,
yeni siyasi çətir qəbul etmişlər.
Belə hüquqi
nizamsızlıq, real partiyaların qeydiyyatı önündə
süni əngəllər olduğu halda real fəaliyyəti
olmayan partiyaların işinin hüquqi çərçivədə
tənzimlənməməsi hər hansı fors-major hallar
üçün də ciddi problemlər mənbəyidir.
Azərbaycan Prezidentinin
tapşırığı ilə şöbənin rəhbərliyi
cari il fevralın 17-dən martın 12-dək 55 siyasi
partiyanın fəaliyyətdə olan 43 sədrindən 38-i ilə,
eləcə də bir çox tanınmış siyasi xadimlə
görüşlər keçirmişdir. Sonralar da
görüşlər davam etdirilmiş, artıq real fəaliyyətdə
olan 52 partiyadan 51-nin rəhbəri ilə təkrar
görüşlər keçirilmişdir. Görüşlərdə
səsləndirilən fikir və təkliflər
araşdırılaraq, müvafiq addımlar
atılmışdır. Zaman məhdudiyyəti
qoyulmayan görüşlərdə müstəqilliyin
qorunması, milli həmrəylik, korrupsiyaya qarşı
mübarizə, iqtidar-müxalifət dialoqunun inkişafı, yeni
siyasi konfiqurasiyanın formalaşması, Prezidentin islahatlar
kursu, çoxpartiyalı sistemin inkişaf perspektivləri,
ölkənin tolerant və sülhpərvər imicinin
qorunması, Ermənistanın Azərbaycana qarşı hərbi
təcavüz siyasəti və digər aktual ictimai-siyasi mövzular
müzakirə edilmişdir.
Ölkə
ictimaiyyəti Prezident İlham Əliyevin milli və siyasi həmrəyliyə
xidmət edən təşəbbüslərinin şahididir. Bu il martın 10-da Prezident İlham Əliyev
altıncı çağırış Milli Məclisin ilk
iclasındakı nitqində bu görüşlərin xarakteri,
məqsədi və ilkin nəticələri haqqında məlumat
vermiş, gələcəkdə çoxpartiyalı idarəçilik
sisteminin oturuşması üçün iqtidar
komandasının iradəsi olduğunu və parlamentin də
bu istiqamətdə hüquqi baza yaratmalı olduğunu
vurğulayaraq demişdir: "Prezident Administrasiyasının
nümayəndələri son vaxtlar, demək olar ki,
bütün siyasi qüvvələrin rəhbərləri ilə
görüşlər keçirir. Mənə bu
görüşlər haqqında müntəzəm olaraq məruzə
edilir. İndiki genişmiqyaslı islahatlar dövründə
siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi
islahatlar partiyalararası geniş dialoq olmadan həyata
keçirilə bilməz... Azərbaycanın yeni siyasi
konfiqurasiyası formalaşır. Qanunvericilik sahəsində də
siyasi sistemin təkmilləşdirilməsi üçün
Milli Məclis tərəfindən lazımi addımlar
atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da
möhkəm əsaslar üzərində qurulacaq”.
Şöbə
tərəfindən bu il martın 11-də Milli Məclis sədrinin
iştirakı ilə parlamentdə təmsil olunan siyasi
partiyalarla parlamentdə, iyulun 7-də isə "Azərbaycanda
yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və
yeni çağırışlar” mövzusunda videokonfrans
formatında görüşlər keçirilmişdir.
İyul görüşünün sonunda müzakirə olunan
istiqamətlər üzrə dövlət
başçısının siyasətini dəstəkləyən
bəyanat qəbul olunmuşdur.
Aparılan siyasi dialoqun məntiqi
nəticəsi kimi bu il iyulun 15-də Ermənistan-Azərbaycan
dövlət sərhədinin Tovuz rayonu istiqamətində
baş vermiş hərbi təxribatla əlaqədar müstəqillik
tariximizdə ilk dəfə olaraq ölkədə fəaliyyət
göstərən siyasi partiyaların 43-ü, sentyabrın
27-də Ermənistan silahlı qüvvələrinin
genişmiqyaslı təxribatı ilə əlaqədar 52
siyasi partiyadan 50-si, oktyabrın 10-da Fransanın Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətsiz
mövqeyə dair 50 siyasi partiya, oktyabrın 12-də Ermənistanın
yeni hərbi təcavüzü, dinc sakinləri,
uşaqları, mülki obyektləri, beynəlxalq
nəqliyyat-kommunikasiya və tranzit xətlərini hədəfə
alması haqqında 50 siyasi partiya sədri daxil olmaqla 140
tanınmış ziyalı, ictimai-siyasi fəal, etnik
azlıqların nümayəndələri, oktyabrın 17-də
Ermənistan silahlı qüvvələrinin yaşayış
məntəqələrimizi mütəmadi
olaraq raket atəşinə tutması, mülki əhaliyə
qarşı müharibə cinayətləri törətməsi,
Gəncəyə dəhşətli hücumu haqda 50 siyasi
partiya, noyabrın 25-də Fransa Senatında Dağlıq
Qarabağdakı qondarma qurumun tanınması məsələsinə
baxılması ilə bağlı 49 siyasi partiya beynəlxalq
və regional təşkilatlara birgə bəyanat və
müraciətlər ünvanlamışlar. Bəyanat
və müraciətlərdə siyasi partiyalar, vətəndaş
cəmiyyəti institutları Müzəffər Ali Baş
Komandanın Vətənimizin ərazi
bütövlüyünün və vətəndaşların
təhlükəsizliyinin qorunması, Ermənistanın
ölkəmizə genişmiqyaslı terror təxribatlarının
qarşısının alınması məqsədilə
həyata keçirdiyi bütün siyasi-hərbi tədbirləri
yekdilliklə dəstəklədiklərini və onun
yanında olduqlarını bildirmiş, beynəlxalq təşkilatların,
ATƏT-in Minsk qrupu həmsədrlərinin ikili standartlardan
çıxış etməsi tənqid olunmuşdur.
Noyabrın 8-də
Şuşanın işğaldan azad olunması münasibətilə
50 siyasi partiya Prezident, Müzəffər Ali Baş
Komandanı təbrik edərək, bu qələbəni illərlə
yürüdülmüş müdrik siyasətin, siyasi
uzaqgörənliyin, iqtisadi islahatların, xalqın iqtidara
göstərdiyi yüksək etimadın, xalq-dövlət vəhdətinin
ən ali təcəssümü olduğunu bildirmişlər.
Azərbaycanın yaxın siyasi tarixində ilk dəfə
olaraq radikal müxalif qanadı təmsil edən AXCP və
Müsavat rəhbərləri də qazanılmış qələbə
münasibətilə Müzəffər Ali Baş
Komandanımızı, milli Ordumuzu və Azərbaycan
xalqını təbrik etmiş, onları qələbənin
əsas müəllifləri adlandırmışlar.
Azərbaycanın müstəqillik
tarixində fəaliyyətdə olan siyasi partiyaların əksəriyyətinin
iştirakı ilə ilk dəfə keçirilən
görüşlər, qəbul edilən birgə müraciət
və bəyanatlar birmənalı olaraq siyasi sabitliyə,
etibarlı münasibətlərə və davamlı
inkişafa xidmət edir. Real praktikada bəzən
eyni siyasi cinahda olan iki partiyanın öz aralarında dialoq
qura bilmədiyini nəzərə alsaq, 52 real siyasi partiyadan
51-nin bir araya gəlməsi, ümummilli məsələləri
müzakirə edərək vahid mövqe ortaya qoyması ciddi
nəticədir. Bu, dövlətçilik
uğrunda birləşməyin, milli vəhdətin bariz
nümunəsi, həm də aparılmış
ardıcıl, gərgin, məqsədyönlü fəaliyyətin
nəticəsidir. 1990-cı illərdə Ermənistan-Azərbaycan
münaqişəsinin daxili siyasi mübarizə alətinə
çevrilməsinin bizi hansı fəlakətlərlə
üz-üzə qoyduğunu unutmamalıyıq.
Qazanılmış tarixi Qələbə münasibətilə
xalqa müraciətində də Prezident İlham Əliyev
bütün siyasi partiyaların vahid milli hədəf naminə
birləşməsini xüsusi qeyd etmişdir: "Hətta fərqli
siyasi baxışlara malik olan, bir çox hallarda əsassız
tənqidlər ifadə edən insanlar bu dövrdə yüksək
şüur nümunəsi göstərdilər. Dövlətə
müxalifətdə olmaq olmaz, dövlətçiliyə
müxalifətdə olmaq olmaz”.
Burada haşiyə
çıxaraq yada salmaq istəyirəm ki, Prezident İlham
Əliyev hələ 2000-ci illərin əvvəllərində
AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri
olanda ümummilli hədəflər naminə siyasi mənsubiyyətindən
asılı olmayaraq hər bir kəslə sinerji ruhu ilə
işləməyin, həmrəy olmanın nümunəsini
təqdim etmişdi. Prezident seçildikdən
sonra da dediyi "Mən bütün Azərbaycan
xalqının, hər bir Azərbaycan vətəndaşının
Prezidentiyəm” sözləri həm də keçmiş
siyasi opponentlərinə verilmiş aydın və
güclü bir mesaj idi. Çox təəssüf ki,
Prezidentin mesajı o zaman narıncı qiyafəyə
üstünlük verən kəsim tərəfindən
lazımınca dəyərləndirilməmişdir.
Ölkədə aparılan
iqtidar-müxalifət dialoquna töhfə vermək məqsədilə
çoxlu sayda müxtəlif siyasi partiya fəallarının
və tanınmış ictimaiyyət nümayəndələrinin
özlərinin və ailə üzvlərinin tibbi və ya digər
şəxsi problemlərinin həllinə kömək
edilmişdir.
Partiyaların ofislə təmin edilməsi üçün
ilk dəfə olaraq addımlar atılmışdır. Sabit siyasi mühitin dəstəklənməsi və
siyasi partiyaların bölgələrdə normal fəaliyyətinin
təmin olunması üçün şöbə tərəfindən
mütəmadi qaydada yerli icra orqanları ilə iş
aparılır, bütün siyasi qüvvələr
üçün bərabər şəraitin
yaradılması məqsədilə siyasi partiyaların
fəallığının təşviqi istiqamətində
müvafiq tədbirlər görülür.
Siyasi partiyaları
respublikanın ictimai-siyasi həyatında daha yaxından
iştiraka cəlb etmək məqsədilə "Azərbaycan”,
"Yeni Azərbaycan, "İki sahil”, "525-ci” və
"Ədalət” qəzetlərində, İctimai Televiziya,
"Xəzər”, "Space”, ARB və "REAL TV” televiziya
kanallarında müvafiq mövzular üzrə
çıxışları şöbə tərəfindən
təmin
edilir.
Novruz
bayramı, 28 May - Respublika Günü, 18 Oktyabr Müstəqillik
Günü, 9 Noyabr Bayraq Günü, Şuşanın azad
olunması münasibətilə Prezidentlə 50 siyasi
partiyanın rəhbərləri arasında
qarşılıqlı bayramlaşma ölkədə yeni,
mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü
göstərir.
Prezident
BMT Baş Assambleyasının 75-ci sessiyasının
iclasında çıxış edərkən də ölkənin
bütün siyasi qüvvələrinin dialoq təşəbbüslərini
dəstəklədiyini bildirərək demişdir:
"Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi
gücləndirəcək və Azərbaycanın
dayanıqlı inkişafının təmin olunması
işinə xidmət edəcəkdir”. Sitatdan da
göründüyü kimi, hakimiyyət dialoqa sırf Ermənistan-Azərbaycan
münaqişəsinin həlli ilə bağlı ümummilli
mövqe müəyyən etmək vasitəsi kimi
yanaşmır, - hərçənd bu, özlüyündə
mühüm məqsəddir, - həm də dövlətimizin
gələcək inkişafı, siyasi sistemin gücləndirilməsi
üçün dialoqun davam etdirilməsində maraqlıdır.
Yaradılmış
süni əngəllərin aradan qaldırılması nəticəsində
uzun illərdən sonra 6 yeni siyasi partiya qeydə
alınmışdır. Uzun müddət obyektiv və
subyektiv səbəblərdən qurultayları
çağırılmayan 11 siyasi partiyanın videokonfrans
formatında qurultayı keçirilmiş və nəticələri
dövlət qeydiyyatına alınmaqla onların fəaliyyətində
legitimlik təmin edilmişdir.
Atılan
bütün addımlar ölkədə çoxpartiyalı
sistemin inkişaf etdirilməsinə yönəlmişdir.
Əlbəttə ki, dövlət partiyalara süni nəfəs
verməklə siyasi palitranın rəngarəng görünməsinə
nail olmaq niyyətindən uzaqdır. Azərbaycan hakimiyyəti
vətəndaşların siyasi həyatda iştirakı,
siyasi birliklərdə təmsil olunmağa təşviq edilməsi,
seçki və partiya institutunun təkmilləşməsi
üçün ortaya güclü iradə qoymuşdur. Siyasi
partiyalarla qurulan konstruktiv əməkdaşlıq,
iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər
üzərində müzakirələr vasitəsilə inkişaf
etdirilməsi daxili siyasi mühitdə yeni mərhələnin
başlandığından xəbər verir.
Bu ilin fevralından etibarən
başlamış danışıqlar və partiyalararası
konstruktiv əməkdaşlığın qurulması prosesindən
özünü kənara çəkən Azərbaycan Xalq Cəbhəsi
Partiyası və özünü "Milli Şura”
adlandıran qurum olmuşdur. Ölkənin siyasi rəhbərliyi
tərəfindən yeni siyasi islahatlar kursu təqdim olunmasına, yeni
konfiqurasiya elan edilməsinə, dialoq təklifləri səsləndirilməsinə,
Prezident Administrasiyasının müvafiq strukturunun təşəbbüslərinə
baxmayaraq, təəssüf ki, AXCP və onun yandaş qurumu
olan "Milli Şura” inadla siyasi dialoqdan
yayınmışdır. Bu, əslində, Azərbaycanda guya
demokratiya sahəsindəki çatışmazlıqlar
olmasını siyasi təzyiq məqsədilə istifadə
etmək istəyən müəyyən xarici dairələrə
bəhanələr yaratmağa xidmət edir.
Yaranmış
yeni sağlam mühit təşəbbüskar gənclərin
siyasi birliklərdə iştirakını artıracaq, eyni
zamanda, sağlam rəqabət aparmağa qabil olmayan qüvvələr
siyasi səhnəni gec-tez tərk edəcəklər. Prezident
İlham Əliyev deyib: "Mən yeni siyasi islahatlar
proqramını təqdim etmişəm, o, bütün siyasi
partiyaların mütləq əksəriyyəti tərəfindən
dəstəklənib... Biz siyasi dialoqun çox aktiv
fazasındayıq”.
Koronavirus
pandemiyasına qarşı mübarizədə Azərbaycan
nümunəsi
Bu
il bəşəriyyəti ciddi bir bəla - koronavirus
pandemiyası təhdid etməkdədir. Bu ümumbəşəri
bəla Azərbaycandan da yan ötmədi. Lakin işin
düzgün təşkili, dövlətin dərhal müdaxiləsi
sayəsində Azərbaycan qlobal bəladan mümkün qədər
az itki ilə çıxmağa çalışır. Dövlət başçısının göstərişi
ilə koronavirusun yayılmasının
qarşısını almaq məqsədilə çevik və
vacib qabaqlayıcı tədbirlər görülmüş,
Nazirlər Kabineti yanında Operativ Qərargah
yaradılmış, vaxtında sosial təcrid tədbirləri,
eləcə də xüsusi karantin rejimi tətbiq
edilmiş, koronavirus xəstələrinin ödənişsiz
müalicəsi üçün onlarla xəstəxana
ayrılmış, müasir modul tipli 11 xəstəxana və
2 hospital, 2 tibbi maska fabriki istifadəyə verilmiş, ölkəyə
virusun diaqnostikası və müalicəsi üçün zəruri
olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar
gətirilmişdir. Təsadüfi deyil ki,
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu
mübarizədə Azərbaycanı nümunəvi ölkə
adlandırmışdır. Prezident
çıxışlarında qeyd etmişdir ki, dövlət
üçün prioritet məsələ insanların
sağlamlığı, həyatı və sosial müdafiəsidir.
İqtisadi
sabitliyin təmin edilməsi və məşğulluqla
bağlı problemlərin həlli üçün 3,5 milyard
manatdan artıq sosial-iqtisadi dəstək paketi qəbul
olunmuşdur. Dövlət
başçısının təşəbbüsü ilə
təsis edilmiş Koronavirusla Mübarizəyə Dəstək
Fonduna Prezidentin Ehtiyat Fondundan 20 milyon manat ianə
ayrılması, eləcə də Prezidentin və Birinci
vitse-prezidentin özlərinin birillik əməkhaqqı məbləğlərini
ianə etmələri xüsusi rəğbət
doğurmuşdur. Pandemiyanın yaratdığı
çətinlikləri aradan qaldırmaq məqsədilə
dünyanın 150 ölkəsi kredit üçün
müraciət etdiyi halda, Azərbaycanın iqtisadi
potensialı bu bəlaya qarşı öz gücüylə
mübarizə aparmağa imkan verir. Eyni zamanda Azərbaycan
ÜST-ə könüllü ianə ayırmış, 30-dan
artıq dövlətə humanitar yardım göstərmişdir.
Azərbaycan
Prezidenti koronavirusa qarşı beynəlxalq mübarizənin
gücləndirilməsi məqsədilə çoxsaylı təşəbbüslər
irəli sürmüş, dünya ölkələrini qlobal həmrəyliyə
səsləmişdir. Prezidentin təşəbbüsü ilə
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası dövlət və hökumət
başçılarının, Qoşulmama Hərəkatının
Təmas Qrupunun Zirvə görüşləri
keçirilmişdir. Prezidentin qeyd olunan məqsədlə BMT
Baş Assambleyasının dövlət və hökumət
başçıları səviyyəsində videokonfrans vasitəsilə
xüsusi sessiyasının keçirilməsi təşəbbüsü
də dəstəklənmişdir. Pandemiya şəraitinə
baxmayaraq keçirilən çoxsaylı beynəlxalq tədbirlərin
Azərbaycanın dünya miqyasında nüfuzunun
artmasında xüsusi əhəmiyyəti vardır.
Müzəffər
Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi
modeli
Sentyabrın
sonlarından Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ədalətin
bərpa olunması üçün müqəddəs tarixi
savaşa başlamışdır. Danışıqları
pozmaqla, Azərbaycana qarşı müxtəlif təxribatlar
törətməklə Ermənistan özü bu tarixi müəyyənləşdirdi.
İkinci Qarabağ müharibəsinin 44-cü günü,
noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan
baş naziri tərəfindən imzalanmış üçtərəfli
Bəyanat münaqişənin həlli istiqamətində
son nöqtə oldu. Prezident İlham Əliyev dəfələrlə
bildirib ki, məqsəd qan tökmək və ərazi qəsb
etmək deyil, düşməni ədalətli sülhə məcbur
etməkdir. Adətən, uğurlu döyüşlər
uğurlu diplomatik danışıqlarla yekunlaşır. Azərbaycan
diplomatiyasının belə danışıqlar aparmağa
qadir olduğunun noyabrın 10-da bir daha şahid olduq. Cəmiyyətimiz
"Heç bir təhdid, heç bir hədə, heç bir
təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim
siyasətimizin mənbəyi Azərbaycan xalqıdır, onun
iradəsidir və onun maraqlarıdır”, - deyən Müzəffər
Ali Baş Komandanın ətrafında sıx birləşib,
bu inam, bu həmrəylik də Qələbəmizin əsas rəhnidir.
Müzəffər Ali Baş
Komandamızın rəhbərliyi ilə hər günü, hər
saatı, hər anı qızıl hərflərlə
yazılmış tarixə çevrilən 44 günlük Vətən
müharibəsinin yekunlarını, Qələbəni şərtləndirən
amilləri Prezidentimizin müxtəlif çıxışlarında
səsləndirdiyi fikirlər əsasında belə ümumiləşdirə
bilərik:
*
Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş
naziri tərəfindən imzalanmış üçtərəfli
bəyanat ölkəmizə maksimum sərf edən sənəddir.
Noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya
aktı imzaladı;
*
Azərbaycan həm döyüş meydanında, həm
danışıqlar masası arxasında istədiyinə nail
oldu;
*
Ermənistan əvvəlcə imtina etsə də, sonradan
üçtərəfli bəyanatı imzalamaqla müstəqil
siyasi iradəsinin olmadığını, forpost olduğunu
bir daha təsdiqlədi;
* Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu, Azərbaycan
bu il sentyabrın 27-də başlamış İkinci
Qarabağ müharibəsini müvəffəqiyyətlə,
Müzəffər Ali Baş Komandanın rəhbərliyi
altında böyük zəfərlə başa vurdu;
*
Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən,
heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil.
İqtisadi müstəqilik ordumuzu gücləndirmək
üçün imkan yaratdı, Qələbə qazanmaq
potensialımızı təmin etdi;
*
Azərbaycanda bu və ya digər maraqları olan qüvvələr
dövlətimizin, Ordumuzun gücünü, iradəsini
gördü, "hər kəs bizim dəmir yumruğumuz nədir,
anladı”;
*
Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə
də yoxdur. Qarabağa heç bir status, inzibati muxtariyyət
verilmədi;
*
Hakimiyyətdə olduğumuz illər ərzində beynəlxalq
vəziyyət düzgün təhlil edilərək ölkənin
güclənməsi yolunda ardıcıl addımlar
atıldı, lazım olan anda düşməni məğlub
etmək üçün zərbə endirildi;
* Azərbaycan müharibənin əvvəlcədən
sülhə məcburetmə əməliyyatı olduğunu,
qantökmə və torpaq qəsb etmək məqsədi
güdmədiyini deyirdi və bəyanatın Ermənistan tərəfindən
imzalanması sülhə məcburetmə əməliyyatının
uğurla bitməsini təsdiqlədi;
*
İşğal edilmiş ərazilərimizdə etnik təmizləməyə
məruz qalmış azərbaycanlılar o torpaqlara
qayıdacaq, Şuşada və işğaldan azad edilmiş
digər bütün torpaqlarda həyat qaynayacaq.
İnsanlarımızın 30 illik həsrətinə son
qoyuldu;
* Bəyanata uyğun olaraq Ermənistan
qoşunlarının Ağdam, Kəlbəcər və
Laçın bölgələrindəki
işğalçı qoşunlarını dağlıq və
keçilməsi çətin olan, istehkam-sığınacaq
sahələri yaradılmış ərazilərdən təxliyə
edilməsi ilə Azərbaycan böyük insani-humanitar itkilərin
qarşısını alaraq, bu bölgələri əlavə
qan tökmədən, diplomatik qələbə hesabına
geri qaytardı;
*
Naxçıvanın 30 illik blokadası bitir, eyni zamanda,
türk dünyasının yerüstü tranzit-rabitə əlaqələri
bərpa olunur. Naxçıvanın Azərbaycanın əsas
hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində
tarixi addım atıldı;
*
Dağlıq Qarabağ və işğal edilmiş ətraf ərazilərin
erməniləşdirilməsi üçün
aparılmış bütün təbliğati işlər,
köçürmə siyasəti puça
çıxarıldı;
*
Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil
ölkə ola bilməyib, bu gün də müstəqil deyil.
İşğalçılıq siyasəti Ermənistanı
uçuruma apardı;
* Ermənilərin
yaratdıqları mif dağıldı, onların "yenilməz”
ordusu məhv oldu, fərarilik başladı. İkinci
Qarabağ müharibəsi iki ordunun, iki cəmiyyətin nə
qədər fərqli dəyərlərin
daşıyıcıları olduğunu da nümayiş
etdirdi;
*
Azərbaycan Ermənistan istisna edilməklə bütün
qonşuları ilə normal münasibətlərə malikdir.
Türkiyə bütün müharibənin gedişində
birmənalı olaraq Azərbaycanı dəstəklədi,
Gürcüstan və İran isə hava məkanlarını
Ermənistanın üzünə bağladı;
* Müharibə göstərdi
ki, Azərbaycan xalqı böyük, vətənpərvər
və dəmir iradəyə malik xalqdır. 30 ilin əziyyəti,
30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı
sındırmadı, iradəmizə heç bir mənfi təsir
göstərmədi. Xocalı qurbanlarının,
şəhidlərimizin də qisası alındı;
*
Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz
bəzi mənfur xarici dairələrin öz çirkin
planlarını həyata keçirmələrinə imkan vermədi.
Azərbaycanın gücü milli birlikdədir,
dini, etnik, regional, siyasi və sosial mənsubiyyətindən
asılı olmayaq bütün Azərbaycan xalqı birlik, həmrəylik
göstərib Vətən naminə, Qələbə naminə
Müzəffər Ali Baş Komandanın ətrafında yumruq
kimi birləşdi.
Hələ
2016-cı il Aprel döyüşlərindən sonra Azərbaycan
Prezidenti Dağlıq Qarabağ məsələsində qəti
və dönməz mövqeyini ifadə edərək
düşmənə ciddi xəbərdarlıq edirdi: "Hərbi
güc də, iqtisadi potensial da, siyasi nüfuz da bizdədir...
Biz məsələni istədiyimiz kimi həll edəcəyik”.
Hər bir Azərbaycan vətəndaşına
sevinc bəxş edən hərbi nailiyyətlər ona görə
əldə edilir ki, istər daxili opponentlərin, istərsə
də müəyyən beynəlxalq qurumların tənqidlərinə
baxmayaraq, uzun illər ərzində Ermənistan kimi təcavüzkarın
mövcudluğu nəzərə
alınaraq müdafiə xərcləri yüksək səviyyədə
saxlanmış, ordu ən müasir silah-sursat və hərbi
texnika ilə təchiz edilmiş, silahlı qüvvələrin
kadr hazırlığına xüsusi diqqət yetirilmiş, gənc
zabit və əsgərlərimiz müxtəlif beynəlxalq
missiyaların tərkibində bilik və bacarıqlarını
təkmilləşdirmişlər. 2003-cü ildə Azərbaycanın
hərbi xərcləri 135 milyon ABŞ dolları idisə,
2020-ci ilin dövlət büdcəsi xərclərinin 3 milyard
853,6 milyon manatı müdafiə və milli təhlükəsizliyin
maliyyələşdirilməsinə yönəldilmişdir.
Builki müdafiə xərclərimiz Ermənistanın analoji xərclərindən
3 dəfədən çoxdur. Geniş çeşiddə
yerli hərbi məhsulların istehsalında qazanılan nailiyyətlər
də Ermənistan üzərində hərbi
üstünlüyümüzün artmasına birbaşa təsir
etmişdir.
Beləliklə, İkinci
Qarabağ müharibəsinə daxil olarkən Azərbaycanın
yüksək təchizatlı ordusu, hərb elmini yaxşı
mənimsəmiş, hətta ona yeniliklər gətirə bilən
ali zabit korpusu, ən əsası, bu ordu ilə qələbə
qazanmağı, Dağlıq Qarabağ problemini hərbi-siyasi
yolla, milli maraqlarımız çərçivəsində
həll etməyi qarşısına məqsəd qoymuş ali
siyasi iradə var idi. Ordumuzun şanlı zəfərlərində
Prezident İlham Əliyevin Ali Baş Komandan qətiyyəti ilə
bərabər, əsl böyük dövlət xadiminə,
strateji təfəkkürlü siyasətçiyə xas
müdrik qərarları da mühüm rol oynadı:
"İndi Ermənistan dalan ölkəyə çevrilib.
Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı
bütün regional layihələrdən təcrid etmişik və
bu siyasət öz nəticələrini verməkdədir”.
İki
əsrə yaxındır ki, Azərbaycan tarixi
torpaqlarını itirə-itirə gəlib. 2020-ci ilin 27
sentyabrından isə tam fərqli bir Azərbaycanın
doğuluşu yaşanır. Oktyabrın 4-də
Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də
Qubadlı, noyabrın 8-də Şuşa təxminən
üç onillikdən sonra düşmən əsarətindən
qurtuldu, noyabrın 10-da Ermənistan kapitulyasiya sənədini
imzalamağa məcbur oldu, noyabrın 20-si Ağdam, noyabrın
25-i Kəlbəcər, dekabrın 1-i Laçın
rayonları Azərbaycanın yuridiksiyasına
qaytarıldı. Hər il rayonlarımızın işğal
günlərini qeyd edirdiksə, bundan sonra azad olunma və Vətən
müharibəsində Qələbə günümüzü
qeyd edəcəyik. Bu tarixi Qələbə İlham
Əliyevi, sözün həqiqi mənasında, Milli Liderə
çevirib. O, xalqın ən ümdə gözləntilərini
doğruldan praqmatik siyasi xadim, qətiyyətli Ali Baş
Komandan, mahir diplomatdır. Vaxtilə Xalq
Cümhuriyyətinin elan olunması, Bakının xilas edilməsi
ilə tarix səhnəsinə yeni bir siyasi etnos kimi daxil
olmuşduqsa, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə qazandığımız qələbələr
Ümummilli Liderin dediyi "Gün gələcək, Azərbaycan
dünyaya günəş kimi doğacaq” sözlərini
gerçəkləşdirdi. Azərbaycan qalib, məğrur
bir gənc etnos, möhtəşəm dövlət kimi yenidən
dünyaya gəlir.
Prezidentin
yazının əvvəlində
xatırlatdığımız "Mən hər bir azərbaycanlının
prezidentiyəm” fikri indi ümumxalq sevgisinin ifadəsinə
çevrilib. Bu, Müzəffər Ali Baş Komandana, xalqı
rifahlı gələcəyə aparan Milli Liderə olan
sevgidir. Hələ AŞPA-da Azərbaycan
nümayəndə heyətinin rəhbəri olanda gərgin fəaliyyəti
sayəsində ölkəmizin ərazi
bütövlüyünü dəstəkləyən, Ermənistanın
işğalçılıq siyasətini qınayan hüquqi
aktların qəbuluna nail olan, sonradan bu fəaliyyəti daha
mühüm beynəlxalq kürsülərdə
davam etdirən, müxtəlif nüfuzlu beynəlxalq və
regional təşkilatlarda Azərbaycanın haqq işini
müdafiə edən qərar və qətnamələrin qəbuluna
nail olan müdrik diplomata, Münhen Təhlükəsizlik
Konfransında, Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunda, Aşqabadda, Vyanada Ermənistan
baş naziri Nikol Paşinyanı öz
çıxışları ilə susduran milli təəssübkeş
dövlət xadiminə, Vətən müharibəsini həm
döyüş meydanında, həm də diplomatik
danışıqlarda qalibiyyətlə başa
çatdıraraq düşməni diz çökməyə
məcbur edən Qarabağ Xilaskarına bəslənən
sevgidir.
Ermənistan rəhbərliyi
"Dağlıq Qarabağın müstəqilliyinin
tanıdılması üçün” müraciət etdiyi
heç bir dövlət və beynəlxalq qurumdan cavab ala bilmədi,
çünki o qurumlar dəfələrlə Azərbaycanın
ərazi bütövlüyünü tanıyan, Ermənistanın
işğalçılıq faktını təsdiqləyən
hüquqi aktlar qəbul etmişlər. Bu gün
biz Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın, Türkiyənin digər dövlət və
hökumət rəsmilərinin, tanınmış siyasətçilərinin
- bütövlükdə türk cəmiyyətinin Azərbaycanı
birmənalı olaraq dəstəklədiyinə görə
sonsuzadək minnətdarıq. Azərbaycanın
mübarizəsində daim xalqımızın yanında yer
alan Türkiyə ilə bağlı məsələlərdə
də biz Prezidentin qətiyyətli mövqeyinin, Türkiyə
nümayəndələrinin olmadığı diplomatik
masalarda "mən buradayam” deyərək qardaş ölkəni
sonadək müdafiə etməsinin dəfələrlə
şahidi olmuşuq. Bu, bir tərəfdən
dövlət rəhbərinin Ümummilli Liderin irəli
sürdüyü "Bir millət, iki dövlət”
konsepsiyasına, digər tərəfdən Azərbaycanı
bölgədə sabitləşdirici, əsas söz sahibi olan
ölkəyə çevirmək kursuna sadiqliyinin sübutudur.
Paralel olaraq ölkədə
sosial gərginlik ocaqları aradan qaldırıldı, dialoq,
siyasi əməkdaşlıq mühiti yarandı, iqtisadiyyat dəfələrlə
böyüdüldü, regionlar, qeyri-neft sektoru inkişaf
yoluna qədəm qoydu, yeni iş yerləri yaradıldı, ərzaq
asılılığına son qoyuldu, ölkənin geosiyasi
çəkisi artırıldı, Ermənistanın siyasi,
iqtisadi, hərbi təcridi gücləndirildi, regionun və
dünyanın enerji təhlükəsizliyinə töhfə
verən layihələr reallaşdı, nəhayət,
düşməni sülhə məcbur etmək
üçün hərbi-siyasi yola üz tutuldu. Vətən
müharibəsi modelini tətbiq etmək üçün necə
bir gərgin və uzun məsafə qət edildiyi bu günlər
daha aydın görünür. Prezident qeyd edir: "Mən bu
17 il ərzində daim deyirdim ki, biz iqtisadi sahəyə
güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi
təmin etməliyik və təmin etdik. Bu gün biz iqtisadi cəhətdən
heç kimdən asılı deyilik. Asılı olsaydıq,
bizə təzyiqlər edilə bilərdi. Onsuz da edilmişdi,
ancaq onların heç bir səmərəsi olmadı”.
Ulu Öndər 2003-cü il
oktyabrın 1-də prezident seçkilərində xalqa
müraciətində demişdir: "İnanıram ki, mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən ona
özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm”. Prezident İlham Əliyev Ümummilli Lider Heydər
Əliyevin dövlətçilik irsini inkişaf etdirərək
yeni, modern Azərbaycan dövləti qurmuşdur. Ümummilli
Lider Azərbaycanı parçalanmaq, dağılmaq, siyasi xəritədən
silinmək təhlükəsindən xilas edib davamlı
inkişaf yoluna çıxarmışdısa, İlham
Əliyev Azərbaycanı qüdrətli
bir dövlətə çevirməyi, dövlətin
bütün resurslarını ərazi
bütövlüyümüzün bərpası
üçün səfərbər edib böyük uğurlar
əldə etməyi bacardı. Prezidentin noyabrın 8-də
Şəhidlər xiyabanında etdiyi çıxışda
dediyi kimi, bu vəsiyyət yerinə yetirildi,
Şuşa azad olundu, noyabrın 10-da isə Vətən
müharibəsi Qələbə ilə başa
çatdı. Müzəffər Ali Baş Komandanın
vurğuladığı kimi, Ordumuzun parlaq Qələbəsi
təkcə Azərbaycanın ərazi
bütövlüyünün bərpası deyil. Bu,
şərlə xeyir qüvvələrinin mübarizəsində
xeyirin, dağıdıcılıq stixiyası üzərində
qurucu ruhun qazandığı qələbədir. Azərbaycan işğalçı vandalların
dağıtdığı bütün infrastrukturu yenidən
bərpa edəcək, Qarabağın
dağıdılmış bütün dini-tarixi-mədəni
abidələri dövlətin himayəsi altında olacaq,
Qarabağ yenidən Vətənimizin gur inkişaf edən dilbər
guşəsinə çevriləcək. Azərbaycan
xalqı döyüş meydanlarında olduğu kimi, quruculuq
sahəsində də bir daha öz
böyüklüyünü göstərəcək.
Yazını
Azərbaycan Prezidentinin Respublika günü münasibətilə
çıxışında səsləndirdiyi, bu gün hər
bir azərbaycanlının altına imza atmağa hazır
olduğu fikirləri ilə bitirirəm: "Azərbaycan
heç vaxt indiki qədər güclü olmayıb. Biz
öz taleyimizin sahibiyik, biz müstəqil ölkəyik, biz
azad xalqıq, biz dünya miqyasında öz layiqli yerimizi
tutmuşuq və bundan sonra da müstəqillik, inkişaf yolu
ilə gedəcəyik”. Azərbaycan Respublikasının
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə bu yolda hər birimizə
yeni uğurlar arzulayıram.
Ədalət
VƏLİYEV,
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və
qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin
müdiri
Azərbaycan. - 2020.- 1 dekabr.- S.3-4.