Xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb

 

Noyabrın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bir dönəmdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, habelə Türk əməkdaşlıq təşkilatları, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun fəal şəkildə Azərbaycanın haqq mövqeyinə verdiyi dəstəyi məmnunluqla qeyd edib. Nazir, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun fəaliyyətini, eləcə Fondla ölkəmizin əməkdaşlığının təqdirəlayiq olduğunu bildirib.

Fondun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi beynəlxalq təşkilatın fəaliyyəti, o cümlədən həyata keçirdiyi müxtəlif layihələr barədə ətraflı məlumat verib.

Günay Əfəndiyeva Fondun bir sıra nəşrlərini, eləcə də böyük şair Abay Kunanbayevin 175 illiyi və dahi bəstəkar Üzeyir Hacıbəylinin 135 illiyinə həsr olunmuş, Fondun himayəsi altında İspaniyada işıq üzü görən markaları nazir Ceyhun Bayramova təqdim edib.

Görüş zamanı, həmçinin Azərbaycan Respublikası ilə Fond arasında ikitərəfli əməkdaşlıq məsələlərinin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 

Azərbaycan. - 2020.- 1 dekabr.- S.5.