Uşaq evlərində böyüyənlərin Vətən sevgisi necə böyükdür

 

 

Valideynsiz olan belə oğullar bizi daha da qürurlandırır

 

 

Qarabağın düşmən tapdağından azad edilməsi mənfur düşmənin bağrını yardı. Buna görə Vətən müharibəsi başa çatmamış bayraq qaldıraraq, işğalda qalan Laçın, Kəlbəcər, Ağdam, Xocalını da döyüşsüz tərk etmək üçün təslimçi sülh sazişinə imza atmağa məcbur oldu.

Əlbəttə, bu Qələbəni bizə yaşadan Ali Baş Komandanımız İlham Əliyevin yürütdüyü hərbi-diplomatik siyasət, qətiyyət, əzmkarlıq, vaxtilə vacib sayılan ordu quruculuğu, xalq-ordu-dövlətin monolit birliyi, Vətən sevdalı igid əsgərlərimiz, onlara atalıq, qardaşlıq münasibəti göstərən, canları-qanları ilə qoruyub özləri şəhidlik zirvəsinə ucalan Polad Həşimov... kimi onlarca, yüzlərlə, minlərlə komandirlərimiz oldu.

27 sentyabr 2020-ci il Azərbaycanın hərb tarixinə zəfərlə yazıldı: xalqımız dövlətimiz qalib oldu. Bu qalibiyyət bayrağını zirvələrə qaldıran əsgərlərimizə arxa cəbhədən göstərilən hərtərəfli maddi-mənəvi dəstəyin mühüm əhəmiyyət daşımasını unutmaq olmaz. Məktəbyaşlılarımızdan tutmuş ağsaqqal ağbirçəklərimizədək hər kəs bu möhtəşəm zirvəni fəth etmək üçün əlindən gələni əsirgəmədi.

Geniş ictimaiyyət dünyanı bürüyən (COVID-19) koronavirus pandemiyasının gətirdiyi bəladan belə qorxub-çəkinmədən diqqətini ön cəbhəyə yönəltdi. Analar nəinki öz oğullarına, bütün əsgər balalara sovqat yolladılar, məktublar yazdılar. Sevincdən axan göz yaşları Qələbəmizin dəyərini ön cəbhədə qat-qat artırdı. Bacılar qardaşları, analar, atalar oğulları ilə qürur duyduqlarını yazdılar.

Sosial şəbəkələrdə Tovuz rayonundan olan, ata-anasız böyüyən üç qardaşın ön cəbhədə düşmənə necə qan uddurması haqqında yazılanları oxuduqda fərəhimiz yerə-göyə sığmadı. Yalnız ona görə yox ki, bir ailənin 3 oğlu düşmənlə üz-üzədir. Xalqımızı, o cümlədən komandirləri, döyüşçü dostlarını qürurlandıran, ata-anası olmayan oğulların vətən sevgisidir. Əlbəttə, belə oğullarımız yağı düşmənin layiq olduğu cavabı verərək, 30 ilə yaxın müddətdə tarixi ərazilərimizi, ata-baba yurdlarımızı işğaldan azad edən ordumuzun sıralarında olması düşmənə göz dağıdır. Axı, ermənilər belə oğullarımızın Vətən sevgisini görüb öz mövqelərini, silah-sursatlarını atıb ya qaçır, ya da təslim olur - əsir düşürdülər.

Belə igid əsgərlərimizdən biri Əlirzayev Elnur Yaşar oğludur. O, 1995-ci il fevralın 19-da Quba rayonunun Yuxarı Tüləkəran kəndində anadan olub. Qəfil qəza nəticəsində ata-anasını itirən üç qardaş - Elvin, Elnur Loğman 2004-cü ilin fevralında Bakı şəhərinin Nizami rayonundakı 1 saylı Uşaq Evinə qəbul olunublar. 2012-ci ildə əmisi tərəfindən qəyyumluğa götürülən Elnur iki ildən sonra orta məktəbi bitirib hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidməti Gədəbəydə başa vuran Elnur bir müddət müxtəlif özəl sahələrdə işləyib. 2020-ci ilin avqust ayında müddətdən artıq hərbi xidmət göstərmək üçün könüllü olaraq orduya yazılıb. 27 sentyabr 2020-ci il tarixindən ön cəbhədə olan Elnur Əlirzayev mənfur düşmənə qarşı vuruşaraq, Vətənə olan borcunu ödəyib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev imzalanan üçtərəfli bəyanatı xalqımıza çatdıran zaman yaşanılan sevinci paytaxt Bakıdan başlayaraq, bütün regionlarımızda yaşayanlar da böyük fərəh coşqu hissi ilə qarşıladılar. Döyüşlərdə oğlu olan ata-analar, qardaş-bacıların əlləri səmalara, Tanrı dərgahına açılaraq dua ediləndə Elnur Əlirzayevin qazanılan uğurlarına sevinəcək ata-anası olmasa da, xalqımızın vətənpərvər balası kimi, o da unudulmadı. Nəinki uşaq evində onunla birlikdə boy atanlar, həyatda qazandığı dostları da onu yada saldılar. Sədaqətli dostları ona məktub ünvanlayaraq, Qələbə sevinclərini onunla bölüşdülər.

Cəsur döyüşçü, müzəffər ordumuzun sıralarında düşmənin əzəli torpaqlarımızdan çıxarılmasında misilsiz xidmətlər göstərən Elnur Əlirzayevin, sadəcə, bir arzusu var: Vətənə xidmətini bundan da sonra zəfərlə başa vurub geri dönəndə evi, ailəsi olsun, qardaşlarını böyüdüb, özü kimi vətənpərvər görsün! Axı, o, uşaq evindən yollanıb ön cəbhəyə. Qalmağa yeri, ünvanı var. O gün uzaqda deyil! Elnur Əlirzayevin şəxsində Vətən belə oğulları ilə basılmazdır!

 

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan. - 2020.- 1 dekabr.- S.7.