Məmmədbəyli türbəsi
Zəngilan Azərbaycanın özünəməxsus
tarixi keçmişə
malik bölgələrindəndir.
Rayon ərazisindən
axan Şərəkə
çayının hövzəsində
özünün tarixi
ornamenti ilə seçilən onlarca türbə mövcuddur. Bunlardan Zəngilan rayonunun Məmmədbəyli
kəndində yerləşən
səkkizguşəli Yəhya
ibn Məhəmməd
türbəsi (1304-1305) öz
memarlıq-konstruktiv formasına
görə seçilir.
Türbənin ətrafında orta əsr qəbiristanlığı
var. Ondan bir qədər aralıda Şeyxzadə Şeyx Abd as-Salam
ibn Şeyx Qiyas əd-Dinin (759 h. -
1358 il) məzarı yerləşir. Türbənin
ətrafında şeyxin
davamçılarının pərakəndə şəkildə
başdaşıları qoyulub.
Mütəxəssislər yazıların
poliqrafik xüsusiyyətlərinə,
bədii tərtibatına
görə Şıxbaba
Qədiriyyə sufi xanəgahının fəaliyyət
dövrünü XIII-XIV əsrlərə
aid edirlər. Bu ərazilərdə XIII-XIV əsrə
aid sənduqə, başdaşı formalı,
qoç, at heykəlli qəbir daşları ərəb,
fars, Azərbaycan dilli yazılarla və müxtəlif relyeflərlə xalqımızın
həyatının, məişətinin
müxtəlif tərəflərini
əks etdirir, tariximizə, toponimikaya, xalq təbabətinə, etnogenez məsələlərinə
aydınlıq gətirir,
Azərbaycanın orta
əsr mədəni həyatına dair bir sıra məsələləri
işıqlandırır.
Məmmədbəyli kəndindəki türbə
səkkizbucaqlı şəklində
tikilib və yuxarısı piramidalı
günbəzlə tamamlanır.
Divarları xaricdən
və daxildən yonulmuş daşla çox səliqəli formada üzlənib. Türbənin sərdabə
hissəsi içəridən
kvadrat planda inşa olunub. Onun giriş qapısının üstündə
nəsx xətti ilə yazılmış ərəbcə kitabə
var. Həmin kitabədə Qurandan ayə, türbənin kimə məxsus olduğu və nə vaxt tikildiyi
qeyd edilib. Kitabədəki mətnə
görə, bu, Yəhya ibn Məhəmməd əl-Həcc
Seyid Əlinin türbəsidir.
Bu müqəddəs
ocaq kəndin ən hündür yerində, yaşıllıqlar
arasında yerləşir.
Abidə haqqında ilkin məlumatı XX əsrin 40-cı illərində
rus tarixçisi İ.P.Şeblıkin vermişdir.
Türbə yonulmuş
ağ daşdan tikilmişdir, lakin pərvazı tünd rəngli daşdan hörülmüşdür. Orada
yeraltı sərdabə
də mövcuddur. Məmmədbəyli türbəsi
Azərbaycanın bürcvari
türbələrinə bənzəyir.
Abidənin karnizi qara rəngli daşdan işlənmişdir.
Abidənin inşasında
əsas tikinti materialı kimi çay daşından istifadə edilmişdir. Kəndin yaşlı adamlarının
dediyinə görə,
bu abidədən Həkəri çayının
digər sahilində yerləşən Şərifan
kəndinə yeraltı
tunel var imiş. 1975-ci ildə ilk dəfə yeraltı sahə təmizlənmiş və
türbənin sərdabəsi
üzə çıxarılmışdır.
Orta əsrlərdə
belə türbələr
adətən feodal əyanların, maddi durumu yaxşı olan və eyni
zamanda tanınmış
şəxslərin qəbri
üstündə ucaldılarmış.
Z.FƏRƏCOVA
Azərbaycan. - 2020.- 1 dekabr.- S.11.