Kükrəyən sərvətimiz
- Qarabağ atları
Hər bir xalqın tarixində onun məxsus olduğu sərvətlərin mühüm
rolu olub. Azərbaycan xalqının
da bəxti onda gətirib ki, milli sərvətləri
çoxdur. Milli sərvətlərimiz hətta
dünyanı heyran qoyub. Belə əvəzedilməz sərvətlərimizdən
biri də Qarabağ atlarıdır.
Bir
çox tədqiqatlardan,
müxtəlif tarixi mənbələrdən məlumdur
ki, Qarabağ atları öz mənşəyini ən qədim zamanlarda Azərbaycan ərazisində
mövcud olmuş Manna, Midiya dövrlərindəkilərin
nəslindən, əsas
etibarilə Nesey atlarından götürüb.
Qarabağ atlarının cins kimi təkmilləşdirilməsində
və böyük şöhrət qazanaraq geniş yayılmasında
Qarabağ xanlarının
atçılıq zavodlarının
əvəzsiz rolu olub. Belə ki, Pənahəli
xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın, Xurşidbanu Natəvanın və digər xan zümrəsinə daxil olan sülalələrin nümayəndələrinə məxsus tövlələrdə
klassik zavod atçılığı səviyyəsində
damazlıq işləri
aparılıb. Qarabağ xanlarına məxsus zavodlarda əsasən 4 tipə aid atlar saxlanıb:
Maymun, Qarnıyırtıq,
Əlyetməz və Toxmaq. Əsasən dağ minik atları sayılanların
süysününün hündürlüyü
148,5 sm, döş qucumu 165,8 sm, əldarağının çevrəsi
18,3 sm.-ə qədər
olub.
Əsasən qızılı-kürən və
kəhər rəngli,
dözümlü, ortaboylu,
bədən quruluşu
mütənasib olan bu atlar ilxı
şəraitinə davamlılıqları
ilə seçiliblər.
Bir çox beynəlxalq sərgilərdə
təmsil olunub, öncül yerlər tutan Qarabağ atlarının Avropada da alıcıları az deyildi.
Ərəb mənbələrində göstərilir
ki, Azərbaycan atına İran, İraq və Suriyada da tələbat
vardı. Bu atları Hindistana və Misirə aparırdılar. Azərbaycan
ərazisinə yadellilərin
hücumları atların
taleyində də iz qoyub. Hər
dəfə qəsbkarlar
ölkədən çoxlu
at aparıblar.
Xatırlatmaq
yerinə düşərdi
ki, 1867-ci ildə Fransada keçirilən sərgidə "Xan” ləqəbli Qarabağ atı yüksək mükafatlar alıb.
1869-cu ildə keçirilmiş
Ümumrusiya At Sərgisində "Maymun”
gümüş, "Toxmaq”
bürünc medala, Xan qızı Natəvanın "Əlyetməz”
adlı atı isə "Qırmızı
attestat”a layiq
görülüb.1956-cı ildə sovet hökuməti tərəfindən İngiltərə
kraliçası II Yelizavetaya
"Zaman” adlı Qarabağ atının hədiyyə edilməsi cinsin tarixində mühüm hadisələrdən
hesab edilir.
XIX əsrin
sonlarında Azərbaycanda
feodal sosial-iqtisadi münasibətlərin süquta
uğraması, ölkənin
çar Rusiyasının
tərkib hissəsinə
çevrilməsi, həmin
dövrlərdə Rusiya,
İngiltərə, İran
və digər dövlətlərə atların,
xüsusilə madyanların
satılmasına da səbəb olub. Bunun nəticəsində Qarabağ atlarının zəifləməsi, XX əsrin
əvvəllərində baş
vermiş tarixi hadisələrin bu prosesə təkan verməsi onlara yeni yanaşmanı, cinsin reabilitasiyasını
ön plana çəkib.
XX
əsrdə Qarabağ
cinsinin tarixində ən önəmli hadisə Ağdam Atçılıq Zavodunun
yaradılmasıdır. Zavodun yaradılması
zərurətinə gəlincə,
1946-cı ildə Azərbaycan
SSR Xalq Torpaq Komissarlığının xüsusi
komissiyası Qarabağ
atlarının geniş
yayıldığı Ağdam,
Şuşa, Xocavənd,
Bərdə, Yevlax, Tovuz rayonlarını gəzmiş və cinsin xarakterik əlamətlərini özündə
saxlayan 60 Qarabağ atı, o cümlədən
59 madyan və 1 ayğır seçib. Bir ildən sonra həmin atlar mütəxəssislər
tərəfindən baxışdan
keçirilib. Onlardan
27 madyan daha tipik Qarabağ atı kimi müəyyən
edilib. 1948-ci ilin yazında həmin madyanlar balaları ilə birlikdə Yevlax rayonunun Xaldan quşçuluq sovxozuna gətirilib. Zavodun əsası burada qoyulub. Lakin bura atçılıq
üçün heç
də əlverişli
olmayıb: yay ayları həddən artıq isti, torpaq və bitki örtüyü Qarabağdakından xeyli fərqli idi. Ona görə də zavod 1949-cu ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndinə köçürülüb.
Ümumiyyətlə,
Ağdam Atçılıq Zavodu Qarabağ atlarının
cins tərkibinin yaxşılaşdırılmasında
böyük rol oynayıb.
1993-cü
ildə Ağdam rayonunun erməni təcavüzkarları tərəfindən
işğal edilməsindən sonra Azərbaycanın milli sərvəti,
yerli genefondumuzun əsaslarından olan Qarabağ atları da məcburi
köçkünlük həyatı yaşadı.
Daşnak tör-töküntüləri, quldur ermənilər Qarabağ atlarını ələ keçirmək
üçün çox
çalışıblar. Lakin Ağdamın
işğalından bir
neçə gün əvvəl Qarabağ atları döyüş bölgəsindən çıxarılaraq
əvvəlcə rayonun
Üçoğlan kəndinə,
oradan Yevlaxdakı
"Aran” damazlıq qoyunçuluq təsərrüfatının
ərazisinə, daha sonra isə Bakı şəhərində
Cıdır meydanına
gətirilib. Hazırda
bu atlar Ağcabədidə saxlanılır.
Ağdam Atçılıq Zavodunda
saxlanılan atlardan hər il 30-40 bala alınır. Həmin balalar burada böyüdülərək
qocalıb sıradan çıxmış atları
əvəz edir, bir qismi məşq
etdirilərək öyrədilir
və Bakı Dövlət Cıdır Meydanına göndərilir.
Son
illər dövlətimiz
tərəfindən Azərbaycan
atlarının şan-şöhrətini
özünə qaytarmaq,
ölkəmizdə atçılığın
inkişafını təmin
etmək üçün
ciddi işlər görülüb. 2007-ci ildə
"Atçılıq haqqında”
Azərbaycan Respublikasının
Qanunu qəbul olunub. Bu qanunun tətbiqi ilə əlaqədar Prezident
İlham Əliyev tərəfindən
müvafiq fərmanlar
imzalanıb, "Atçılığın
inkişafı üzrə
Proqram” təsdiq edilib. Ağcabədi rayonunun Xamtorpaq ərazisində Qarabağ
atlarının saxlanılması
üçün xüsusi
kompleks yaradılıb.
Məhəmməd NƏRİMANOĞLU,
Azərbaycan. - 2020.- 1 dekabr.- S.11.