Azərbaycan Respublikasında
Zəfər Gününün
təsis edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
XX
əsrin 80-ci illərinin
sonları-90-cı illərinin əvvəllərində Ermənistan
Azərbaycanın tarixi
torpaqlarına açıq
formada ərazi iddiaları ilə çıxış etmiş
və ölkəmizə
qarşı hərbi təcavüzə başlamışdır.
Həmin
dövrdə Azərbaycanda
hökm sürən hərc-mərclikdən istifadə
edən Ermənistan torpaqlarımızın 20%-ni
işğal etmiş,
Ermənistanın həyata
keçirdiyi etnik təmizləmə siyasəti
nəticəsində 1 milyondan
artıq azərbaycanlı
öz doğma yurd-yuvasından didərgin
düşmüşdür.
Azərbaycana
qarşı hərbi təcavüzün nəticələrinin
aradan qaldırılması və BMT Təhlükəsizlik
Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin
həyata keçirilməsi üzrə 30 ilə yaxın davam
edən danışıqlar prosesi Ermənistanın destruktiv
mövqeyinə görə nəticə verməmişdir.
2019-cu
ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin
bir-birinin ardınca verdiyi təxribatçı
bəyanatlar və atdığı addımlar
danışıqlar prosesini
məqsədyönlü şəkildə
tamamilə pozmuşdur.
Bununla Ermənistan bir daha özünün
əsl məqsədinin
mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir.
Ermənistanın
qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik
strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə
qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi,
"yeni ərazilər uğrunda yeni müharibə”
çağırışı, mülki şəxslərdən
ibarət "könüllü dəstələri” yaratmaq qərarı,
2020-ci il iyulun 12-də Ermənistan – Azərbaycan dövlət
sərhədinin Tovuz istiqamətində təxribat törətməsi,
eyni zamanda bütövlükdə qoşunların təmas xəttində
gərginliyi artırması, cəbhə xəttinə
yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi,
böyük həcmdə silah-sursat toplaması Ermənistanın
genişmiqyaslı hücuma
hazırlaşdığını göstərirdi.
Azərbaycan
dəfələrlə bəyan etmişdi ki, Ermənistan
qoşunlarının işğal olunmuş ərazilərdə
qanunsuz mövcudluğu regionda sülh və təhlükəsizlik
üçün əsas təhdiddir və hər zaman vəziyyətin
gərginləşməsinə səbəb ola bilər.
Ermənistanın
təxribatına və
növbəti hərbi
təcavüzünə cavab
olaraq, Azərbaycan xalqı torpaqlarımızın
işğaldan qurtarılması,
Ermənistanın sülhə
məcbur edilməsi,
BMT Təhlükəsizlik Şurasının
məlum qətnamələrinin
tələblərinin yerinə
yetirilməsi, məcburi köçkünlərin öz
doğma torpaqlarına
qayıtması və
ədalətin bərpası
üçün Vətən
müharibəsinə başladı.
Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər
və həmrəy oldu.
44 gün
sürən hərbi əməliyyatlar nəticəsində
müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli,
Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan
xalqının tarixində, mədəniyyətində və qəlbində
xüsusi yeri olan, Qarabağın tacı sayılan
Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan,
Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd
rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini,
Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və
Laçın rayonlarının bir neçə kəndləri
daxil olmaqla ümumilikdə 300-dən çox
yaşayış məntəqəsini, həmçinin
Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində
mühüm strateji yüksəklikləri işğaldan azad
etdi.
Rəşadətli
Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək,
Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam
sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman
əsgər və zabitlərimizin, şəhidlərimizin
qanı və canı bahasına azad edildi.
Azərbaycanın
hərbi sahədə qazandığı qələbələr,
xüsusilə Şuşanın düşmən əsarətindən
qurtarılması müharibənin taleyində həlledici rol
oynadı, Ermənistanın öz məğlubiyyətini
etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi,
Ermənistanı Kəlbəcər, Ağdam və
Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur
etdi.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini
təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik
və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı
qəhrəmanlıq salnaməsi
yazaraq, özünün
qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən
üzərində tarixi
zəfər çaldı.
Azərbaycan
Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, xalqımızın qüdrətinin
və milli qürurumuzun təntənəsinə
çevrilən, dövlətimizin
nüfuzu və gələcək inkişafı
baxımından müstəsna
əhəmiyyət kəsb
edən bu misilsiz qələbənin
əbədiləşdirilməsi məqsədilə qərara
alıram:
1.
Hər il noyabrın 10-u Azərbaycan
Respublikasında Zəfər
Günü kimi təntənəli şəkildə
qeyd edilsin.
2.
Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 2 dekabr 2020-ci
il.
Azərbaycan. - 2020.-3 dekabr.- S.1.