Azərbaycan Respublikasında
Anım Gününün
təsis edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Ermənistanın
Azərbaycana qarşı
2020-ci il sentyabrın
27-dən başlayan növbəti
hərbi təcavüzünə
cavab olaraq, Azərbaycan xalqı işğal altındakı
torpaqlarımızın azad
edilməsi məqsədilə
Vətən müharibəsinə
başlamışdır.
Haqq və
Şərəf işimiz olan, Azərbaycan
Respublikasının suverenliyi və ərazi
bütövlüyü uğrunda gedən mübarizədə
qəhrəmanlıq göstərən əsgər və
zabitlərimiz, arxa cəbhədə çalışan
mülki insanlarımız, bütövlükdə
xalqımız əzm və iradə, bir yumruq kimi birlik və
həmrəylik nümayiş etdirərək, düşmənə
sarsıdıcı zərbələr endirmişdir.
Azərbaycan
Ordusunun zəfər yürüşünə dözə bilməyən
düşmən təxribatlara əl ataraq, günahsız
mülki insanları hədəfə almaqla müharibə
cinayətləri törətmişdir.
Həmvətənlərimizin bir çoxu şəhid olmuş, itkin düşmüş,
yaralanaraq sağlamlığını
itirmişdir. Torpaqlarımız
qəhrəman şəhidlərimizin,
əsgər və zabitlərimizin, qazilərimizin
qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər
Ordumuzun bu gün yazdığı tarix sabah daha
da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün
möhkəm bünövrədir.
Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü,
əmin-amanlığı və
təhlükəsizliyi təmin
edən mühüm amildir.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının
şücaətini yüksək
qiymətləndirir, bütün
şəhidlərimizin ruhuna
ehtiram göstərir,
xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş,
Azərbaycan Bayrağını
işğaldan azad edilən torpaqlarımızda
dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda
canlarını fəda
etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə
dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, qərara alıram:
1.
Hər il sentyabrın 27-si Azərbaycan
Respublikasında Anım
Günü kimi qeyd edilsin.
2.
Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 2 dekabr 2020-ci il.
Azərbaycan. - 2020.-3 dekabr.- S.1.