Etirazlar Ermənistanı daha
dərin xaosa aparır
Yerevanda üç həftədir fasiləsiz
etiraz mitinqləri keçirilir. Aksiyalar istər iştirakçıların
sayı, istərsə
də miqyası baxımından genişlənməkdədir.
Son məlumata görə,
mitinq iştirakçılarının
gündəlik sayı
7 min nəfəri ötüb. Paytaxtla yanaşı, Gümrü
və daha bir neçə şəhərdə insanlar
küçələrə çıxmağa başlayıblar.
Baş nazir Nikol
Paşinyana qarşı
təşkil edilən
etiraz aksiyalarına polisin müdaxiləsi nəticəsində indiyə
kimi 100 nəfərədək
insan yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Hazırda baş verənlərdən
belə məlum olur ki, yaxın
tezlikdə Ermənistanda
vəziyyət daha acınacaqlı xarakter alacaq. Çünki hər ötən
gün Paşinyanın
ölkəyə rəhbərliyini
istəməyənlərin sayı sürətlə artır.
"Nikol, get!”, "Nikol- xain!”
Etirazçılar son aksiyalar zamanı Ermənistan paytaxtının mərkəzi
prospektini bağlamağa
çalışıblar, amma
polis onları sıxışdırıb,
həbslər aparıb. Mitinq iştirakçıları Yerevanın mərkəzində
zibil qutularından barrikadalar qurublar. Onlar Paşinyan istefa verməyənədək geri
çəkilməyəcəklərini bildiriblər. Bir qrup nümayişçi isə
Yerevandakı Opera və
Balet Teatrının binasının yaxınlığında
aksiya keçirib və nəticədə bu hissədə hərəkət tamamilə
iflic olub. Onlar "Nikol, get!”, "Nikol- xain!” şüarları
səsləndiriblər.
Paytaxtın Maştosa prospekti ilə Tumanyan küçəsinin
kəsişməsində Ermənistanın
baş naziri Nikol Paşinyanın istefasını tələb
edən fəallar trolleybusu saxlayıblar. Onlar trolleybusa daxil
olaraq pirotexniki vasitələr yandırıblar.
Daha bir qrup
vətəndaş polis binasının
qarşısına toplaşaraq
aksiya keçirib. Onlar həmyerliləri, 26 yaşlı Samvel Qriqoryanın polis bölməsinə
aparılaraq döyülməsinə
qarşı çıxıblar.
Zərərçəkənin yaxınları deyirlər
ki, paytaxtda bu, adi haldır
və güc strukturlarının özbaşınalıqları
pik həddə çatıb.
Əsgər valideynlərinin də etirazları davam edir. Onlar hökumət binası
qarşısında yenidən
etiraz aksiyasına başlayıblar. Valideynlər övladlarının Qarabağdan
Ermənistana qaytarılmasını
tələb edirlər.
Onlardan Asmik Qriqoryan bildirib ki, Cəbrayıl və Hadrutdakı döyüşlərdə iştirak
edənlər yanvar ayında tərxis olunmalıdır: "Mənim
övladım bunların
arasındadır. Biz uşaqlarımızın bir
ay tez tərxis olunmasını istəyirik.
Çünki indi məktəblərdə
yerdə yatırlar”.
Hökumətdən arbitraj məhkəməsinə
şikayət olunacaq
Siyasi gərginlik fonunda Ermənistanda iqtisadi problemlər də dərinləşir. Hətta iş o yerə gəlib çatıb ki, ölkədə xarici kapitalla fəaliyyət göstərən
şirkətlər də
hökumətin yürütdüyü
vergi-iqtisadi siyasətindən
ciddi şəkildə
narazılıq edirlər.
"İravunk” qəzeti etibarlı mənbələrinə istinadən
yazır ki, xarici kapitalla işləyən şirkətlər
Ermənistan hökumətinə
qarşı güclərini
birləşdirmək qərarına
gəliblər. Bu məqsədlə onların
nümayəndələri vaxtaşırı
görüşərək mövcud vəziyyəti, eləcə də hakimiyyətlə münasibətlərini
və gələcək
addımlarını müzakirə
edirlər.
Mənbələrdən verilən məlumata görə, Ermənistan hökumətinə
qarşı "ittifaq”
yaradan həmin şirkətlərin sırasına
iri vergi ödəyicisi olan müəssisələr və
rabitə operatorları
daxildir: "Problemlərinin
həll olunması əvəzinə daha da böyüdüyünü görən
bu şirkətlər
Ermənistan hökumətini
arbitraj məhkəməsinə
verə bilərlər. Artıq "Lidian Ermənistan”
şirkəti 3 aydan sonra məhkəməyə
şikayət edəcəyi
barədə xəbərdarlıq
edib və başqaları isə vəziyyətin sonrakı
inkişafının necə
olacağını gözləyirlər.
Bu şirkətlərin arbitraj yoluna baş vurması Ermənistan dövləti
üçün olduqca
təhlükəlidir. Təkcə ona görə yox ki, hökumət
iri məbləğdə
cərimə ödəməli
olacaq. Həm də ona görə ki, bu, əcnəbi biznesmenlər üçün
Ermənistanın investisiya
cəlbediciliyinin daha
da azalmasına və perspektivdə xarici investisiyalardan tamamilə məhrum olmasına gətirib çıxara bilər”.
Baş nazirin nüfuzu
kəskin aşağı
düşüb
Bu günlərdə keçirilən
rəy sorğusu Paşinyanın nüfuzunun
daha sürətlə
aşağı düşdüyünü
növbəti dəfə
göstərib. "İravunk” qəzeti Ermənistanın
Milli Təhlükəsizlik
Nazirliyindəki mənbəyə
istinadla sorğunun nəticələrini açıqlayıb.
Bildirilib
ki, hazırda onun reytinqi 6-12 faizdir. Bu da hökumət
başçısı üçün
heç də ürəkaçan göstərici
deyil.
Qəzet yazır ki, Paşinyanın reytinqinin düşməsini
onun "Facebook” hesabından
da müşahidə etmək
mümkündür: "İqtidar
mütəmadi olaraq daxili istifadə üçün gizli sorğular keçirir. Sosial şəbəkələrdə
vətəndaşlar arasında
keçirilmiş növbəti
rəy sorğusunun nəticələrinə əsasən,
Paşinyanın reytinqi
sürətlə aşağı
düşüb. Ancaq əldə
edilən məlumata əsasən, bu rəqəm də reallıqdan tamamilə çox uzaqdır. Təxminən bir ay əvvəl
gizli rəsmi kanallarla aparılan sorğunun nəticələrinə
görə, Paşinyanın
reytinqi heç 3 faiz belə deyil”.
Bəzi hakimlər Paşinyanla görüşməkdən
imtina ediblər
Bu arada Ermənistanın
baş naziri Nikol Paşinyan ölkənin Ali Məhkəmə
Şurasının üzvləri
ilə görüşüb. İclas iştirakçıları jurnalistlərə verdikləri
müsahibələrdə görüşdən
əvvəl hansı məsələlərin müzakirə
edilməli olduğunu
bilmədiklərini deyiblər.
Bir sıra hakimlər isə bu görüşdə
iştirak etməkdən
imtina ediblər.
Bunlar Ermənistan Ali Məhkəmə
Şurasının sədri
Ruben Vardazaryan və Şuranın üç üzvü - Stepan Mikaelyan, Armen Aykyan və Mesrop Makyandır. Onlar baş nazirlə baş prokurorun, İstintaq Komitəsi sədrinin, Xüsusi İstintaq Xidməti rəhbərinin
də iştirak etdiyi belə görüşün Ali Məhkəmə
Şurasının Konstitusiya
statusuna zidd və qanunsuz olduğunu qeyd ediblər.
Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan
Nikol Paşinyanı və erməni xalqını Qarabağda ölən minlərlə
əsgərə qarşı
hörmətsizlikdə ittiham
edib. Keçmiş diplomat bütün dünyanın erməni xalqının necə aciz duruma düşdüyünü
müşahidə etməsindən
də söz açıb. Bildirib ki,
dünya anladı ki, biz döyülə, öldürülə bilərik
və bir erməni bunu tez unuda, heç
bir şey olmamış kimi davranaraq yaşamağa davam edə bilər.
Minasyan deyib ki, Paşinyanın
müharibədəki itkilərlə
bağlı laqeydliyi başadüşüləndir, çünki ölüm onun üçün faciə deyil: "Paşinyan hər şeyin tez unudulmasını istəyir.
Bəs ölkə? Ölkədə "Cümə” endirimləri marafonu var, restoranlar
və mağazalar işləyir. Bayrağımız heç bir yerdə endirilməyib.
Ermənistanın heç bir
səfirliyində yas kitabı açılmayıb.
Bilirsiniz
niyə? Yas tutmaq
üçün əvvəlcə
nə baş verdiyini anlamaq lazımdır. Baş nazir
bunu anlamır. Çünki bu, onun üçün siyasi mübarizədir. O, dəlidir
və faciəmizi başa düşə bilməz. Bəs ölkədə hər kəs Nikoldurmu? Hələ
heç kim
faciənin dərinliyini
tam anlamayıb?”
Sarkisyanın kürəkəni onu da vurğulayıb ki, xalqın bu gün yas
tutmamasının bir səbəbi reallığı
qəbul etmək istəməməsidir. İnsanlar reallıqdan qaçırlar.
Baş verənləri anlamamağa,
eyni ətalətlə
yaşamağa, eyni tələyə düşməyə
çalışırlar.
Hərbi cinayətkar və sabiq prezident Sarkisyanı da, onun kürəkənini də,
sələflərinin yolu
ilə gedən Paşinyanı da məğlub
edən, aciz duruma salan, onları
bir-biri ilə sonugörünməz çəkişməyə
düçar edən
Ermənistanın işğalçı
siyasəti oldu. Azərbaycan Ermənistanı bu müharibədə elə
bir vəziyyətə
saldı ki, onun siyasi, iqtisadi
və sosial yaralarının sağalması
qeyri-mümkündür.
Elçin CƏFƏROV,
Azərbaycan. - 2020.- 3 dekabr.- S.1; 4.