İqumen Aleksi:
Mehriban Əliyevanın
mədəniyyətlər arasında
qarşılıqlı anlaşmanın
möhkəmlənməsi üzrə
fəaliyyətinin parlaq
nəticələrini mən
gözlərimlə görmüşəm
İtaliyanın Merano şəhərindəki
Müqəddəs Nikolay
pravoslav kilsəsinin baş keşişi, İqumen Aleksinin (Nikonorov) “Nezavisimaya qazeta”da müsahibəsi dərc edilib.
Müsahibədə Aleksi ata qeyd
edib ki, Qafqazda xristianlıq faktiki olaraq, bu dinin yarandığı
vaxtdan mövcud olub. Bununla yanaşı,
burada xristian ənənələrinin inkişaf
və tənəzzül
dövrləri olub, lakin onlar heç
vaxt yox olmayıb. Həm Qarabağ ərazisində,
həm də Azərbaycanın bir çox başqa rayonlarında mövcud olan çoxsaylı məbədlər və monastırlar buna parlaq sübutdur.
“İndiki
azərbaycanlılar bu torpaqda mövcud olan həmin dövlətlərin,
o cümlədən Qafqaz Albaniyası dövlətinin qanuni xələfləridir,
həmçinin bu günümüzə gəlib çatan mədəni
və dini abidələrin varisləridir”, - deyə İqumen
Aleksi vurğulayıb.
Qarabağ ərazisindəki müqəddəs
yerlərdən danışan
Aleksi ata deyib: “Biz başa
düşməliyik ki,
eramızın 428-ci ilində
erməni dövləti
süqut etdi və İranın Sasanilər sülaləsinin
canişininə çevrildi.
Növbəti yüzilliklərdə
müstəqil erməni
dövlətinin epizodik
bərpasının Qarabağ
ərazisinə ümumiyyətlə
aidiyyəti olmayıb.
Ona görə də həmin dövrdə regionda yaranan abidələrin heç biri erməni abidəsi adlandırıla bilməz.
Qarabağda qorunub saxlanılan ən mühüm və qədim komplekslər bunlardır: Amaras monastırı (IV əsr),
Dadivank monastırı
(IX-XIII əsrlər) və
Qandzasar monastırı
(XIII əsr). Amaras (Xocavənd rayonunda) – birinci Alban arxiyepiskopu
Qriqorisin basdırıldığı
yerdir, alban çarı Vaçe tərəfindən V yüzillikdə
bərpa edilib və tikilib, erkən Orta əsrlər dövründə
alban katolikoslarının
iqamətgahı olub. Dadivank (Kəlbəcər
rayonunda) rəvayətə
görə apostol Faddeyin şagirdi – Dadinin məzarı üzərində qurulub, hazırkı görünüşdə
XII əsrin əvvəllərində
Aranşahlar nəslindən
Xaçen hökmdarları
tərəfindən tikilib.
Qandzasar
(Kəlbəcər rayonunda)
– alban knyazlarının
ata-baba sərdabasıdır,
Həsən Calal tərəfindən tikilib,
XIV əsrdən alban katolikoslarının iqamətgahı
olub. Əsasən XIII
əsrə aid olan və müxtəlif
dərəcədə qorunub
saxlanmış 15-ə yaxın
məbəd mövcuddur.
Qafqaz Albaniyasının
ərəblər tərəfindən
işğalından sonra
regionun xristian əhalisi ərəb qoşunlarının keçə
bilmədiyi dağlıq
yerlərə və ölkənin inzibati rayonlarına (Qarabağda)
toplanır. Faktiki olaraq bu dövrdə
Qarabağda alban dini memarlığı yaradılır. Bununla belə, nüfuzlu erməni tarixçisi Suren Yeremyan XIII əsrin tarixçisi Kirakos Qandzaketsinin “alban rəislərinin yalnız hansısa hissəsi erməni dilini bilirdi, eyni zamanda, Qarabağ
əhalisi öz doğma dilində danışırdı” sözlərini
sitat gətirir.
Ehtimal etmək olar ki, həmin vaxtdan da bərpa
işlərində erməni
yazılarından istifadə
edilməyə başlanıb.
Bəli, burada monofizitlər dua edə bilərdilər, onları, o cümlədən
erməni əsilli ustalar da bərpa
edə bilərdilər.
Onların adını
erməni tarixçiləri
öz əsərlərində
yada sala bilərdilər, lakin bütün bunlar Qafqaz Albaniyasının dini və mədəni
abidələrini ermənilərinki
edə bilməz!”
İqumen Aleksi öz müsahibəsində rusiyalı
mədəniyyət xadimlərinin
UNESCO-ya müraciəti
mövzusuna toxunub. Müraciətdə Qarabağ
irsinin eynilə Suriyanın Palmira şəhərinin taleyini
gözləyəcəyi qorxusu
ifadə olunur. O deyib: “Hər bir xalqın mədəni irsi, hər şeydən əvvəl, dövrlərin
varisliyini təmin edən, insanları öyrədən və tərbiyə edən, xalqın ən gözəl cəhətlərini
üzə çıxaran
qiymətli sərvətdir.
Buna görə də tarixi abidələrin qorunmasına
xüsusi diqqət ayırmaq mühümdür.
Düşünmək olar
ki, sivilizasiyalı dünyada bunu hamı anlayır. Azərbaycan isə özünün ən yeni tarixində mədəniyyət və
tarixi abidələrinə
qayğı ilə yanaşmanın etalon nümunəsini göstərir,
həm də bu münasibət təkcə Azərbaycanın
öz abidələrinə
aid deyil.
Son
27 ildə müstəqil
Azərbaycan dövləti
mürəkkəb siyasi,
iqtisadi, digər problemlərin həllinin vacibliyinə baxmadan tarixi abidələrin qorunmasına və beynəlxalq səviyyəli
sahəvi mütəxəssisləri
cəlb etməklə
bu abidələrin mükəmməl, dəqiq
bərpasına xüsusi diqqət ayırıb. Buraya təkcə qədim böyük şəhərlər,
qalalar, gözətçi
qüllələri, xan
sarayları, məscidlər
deyil, həm də xristian məbədləri, sinaqoqlar
aiddir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva UNESCO-nun beynəlxalq səviyyədə
tanınmış xoşməramlı
səfiridir. Heydər
Əliyev Fondunun vəsaitləri hesabına
Romada Müqəddəs
Marsellina və Pyotr qədim xristian katakombaları bərpa edilib, Müqəddəs Sebastyan
bazilikası kompleksinin
qədim xristian sarkofaqlarının bərpası
üzrə işlər
davam edir. Bu işlərin parlaq nəticələrini
mən gözlərimlə
görmüşəm!
İtaliyalı jurnalistlər Azərbaycanın
birinci xanımından
“Müsəlman dövlətindən
- Azərbaycandan olan Fond nə üçün
xristian irsinin bərpa işlərini maliyyələşdirir?”, - deyə
soruşanda xanım Əliyeva belə cavab verib: “Azərbaycan
Avropa ilə Asiyanın, Şərq ilə Qərbin qovuşuğunda yerləşir
və bu coğrafi mövqe ölkəmizi xarakterizə
edən dərin müxtəlifliyə öz
təsirini göstərib.
Azərbaycan ərazisində
yaşayan xalqlar həmişə bir-birinə
dost və qardaş olublar, çoxsaylı dini konfessiyaların mövcud olması bizim böyük sərvətimizdir”.
Əgər Qarabağın mədəni
irsinə qayğı
göstərmək barədə
Azərbaycanın niyyətlərinə
və bacarığına
şübhə edən
varsa, qoy onlar Azərbaycana gəlsinlər, bu ölkənin şəhər
və kəndlərini
ziyarət etsinlər.
O zaman şübhələr
öz-özünə çəkiləcək”.
Azərbaycan. - 2020.- 3 dekabr.- S.2.