10
ölkə, 27 KİV, 73 çıxış...
Prezident
İlham Əliyevin çağırışına
qoşularaq informasiya müharibəsinin əsgərinə
çevrilən Fərid Şahbazlı indi də
Şuşanın Türk Dünyasının Gənclər
Paytaxtı kimi tanınması təşəbbüsünün
icraçısıdır
"Vətən
müharibəsi başlayandan sonra biz gənclər də
informasiya cəbhəsində savaşa çıxdıq. Cənab
Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın gənclərə
çağırış etdiyi kimi, hər birimiz informasiya
müharibəsinin əsgərlərinə çevrilərək
bu mübarizəyə qoşulduq.
Azərbaycanın haqq səsinin,
ölkəmizin öz tarixi torpaqlarını bərpa etmək
üçün başladığı əməliyyatların
diplomatik istiqamətini tanıtmaq, eyni zamanda Ermənistanın
işğalçılıq siyasətini ifşa etmək
üçün geniş təbliğata başladıq.
Çox qürurluyuq ki, bu müharibədə hərbi müstəvidə
böyük qələbə qazanmaqla yanaşı, həm də
informasiya savaşında erməniləri diz
çökdürdük”.
44
günlük qəhrəmanlıq salnaməsində gənclərimizin
böyük payı oldu
Bəli,
44 günlük Vətən müharibəmizi şanlı Qələbə
ilə başa çatdırdıq. Torpaqlarımızın
30 illik işğalını bitirdik, ana yurdumuz Qarabağı
düşmən tapdağından azad etdik, yüz minlərlə
məcburi köçkünümüzün yurd nisgilinə
nöqtə qoyduq. Bu tarixi qələbədə hər
birimizin zərrə qədər də olsa payı oldu.
Bütün Azərbaycan xalqı bir yumruğa dönərək
düşmənin başında zərbəyə
çevrildi.
Bu
44 gündə hamımız Vətənin əsgəri olduq. Amma haqq uğrunda qalxdığımız bu
savaşa öndərliyi gənclərimiz edirdi, kimisi
qızğın döyüşlərin getdiyi ön cəbhədə
sinəsini sipərə döndərərək qanı,
canı bahasına Vətəni qorudu, kimisi də arxa cəbhənin
qəhrəmanına çevrilərək düşmənin məkrli siyasətinə qarşı gecə-gündüz
çarpışdı. Heç şübhəsizdir ki, əl-ələ
verən şücaətli gəncliyimizin tarixin qızıl səhifələrinə
həkk edilən bu 44 günlük qəhrəmanlıq salnaməsində
böyük payı oldu.
...O da
sentyabrın 27-də Vətənin harayına hay verən gənclərdən,
"Arxa cəbhənin qəhrəmanları”ndan oldu.
On illiklərdir
xaricdə aparılan anti-Azərbaycan təbliğatının,
Ermənistanın böyük lobbisinin 44 gün ərzində
darmadağın edilməsində aktiv iştirak etdi...
Prezident İlham Əliyevin
komandanlığı ilə aparılan informasiya
savaşının peşəkar əsgərlərindən
olan "İslahatçı Gənclər” İctimai
Birliyinin sədri Fərid Şahbazlı məkrli erməni
yalanının ayaq açıb dünyada yeriməsinə
mane olmaq üçün atılan addımlardan söhbət
açır...
Öncə Vətən,
öncə Qarabağ
1991-ci
ildə Bakı şəhərində anadan olan Fərid
Şahbazlı hələ orta məktəb illərindən
etibarən aktiv ictimai fəaliyyətlə məşğul
olub. Təhsil aldığı məktəbdə
Şagird Parlamentinin sədri, bakalavr təhsili
aldığı universitetdə Tələbə Elmi Cəmiyyətinin
sədri, magistr təhsili aldığı Türkiyədə
107 ölkədən 4500 xarici tələbənin təhsil
aldığı Beynəlxalq Tələbələr Birliyinin
rəhbəri kimi fəaliyyət göstərib.
Bakalavr pilləsində
Odlar Yurdu Universitetinin Jurnalistika ixtisasını fərqlənmə
diplomu ilə və magistr pilləsində isə Türkiyə
Respublikasının İstanbul Aydın Universitetinin
İctimaiyyətlə əlaqələr ixtisasını bitirən
Fərid Şahbazlı rəhbərlik etdiyi
"İslahatçı Gənclər” İctimai Birliyinin xətti
ilə 2005-2019-cu illərdə 600-dən artıq yerli və
xarici layihə və tədbir reallaşdırıb. Gerçəkləşdirdiyi
bu tədbirlərin ana xəttini isə Qarabağla
bağlı həqiqətlərin dünyada təbliği təşkil
edib. Azərbaycanı, Qarabağ həqiqətlərini
dünyaya çatdırmaq məqsədi ilə məqalə
və müsahibələri dəfələrlə
dünyanın çox nüfuzlu televiziyaları, qəzetləri
və informasiya portallarında yayımlanan gənc
müsahibimiz bu illər ərzində Polşa, Avstriya,
Bolqarıstan, Slovakiya, Rusiya Federasiyası, Türkiyə,
Ukrayna, Gürcüstan, Monteneqro, Şimali Kiprdə
beynəlxalq təşkilatların keçirdiyi beynəlxalq tədbir
və görüşlərə qatılaraq Azərbaycanı
təmsil edib. 2018-2019-cu illərdə Polşanın
paytaxtı Varşavada ATƏT-in 57 ölkədən diplomat və
siyasətçilərin iştirak etdiyi İllik Zirvə
Toplantısında bir neçə dəfə
çıxış edərək, Azərbaycana qarşı
qarayaxma kampaniyası aparan müxtəlif yerli və xarici təmsilçilərə
cavab verib.
Bundan
başqa, Ermənistanın Azərbaycana qarşı
işğalçılıq siyasətinin ifşa edilməsi,
azərbaycanlı girovlar Dilqəm Əsgərov və
Şahbaz Quliyevə azadlıq tələbi ilə bu ölkənin
Varşavadakı səfirliyi önündə etiraz aksiyasına
rəhbərlik edib.
Eyni zamanda Leyla xanım
Əliyevanın beynəlxalq səviyyəli təşəbbüsünə
qoşularaq Türkiyənin müxtəlif şəhərlərində
yüksək səviyyədə təşkil edilən, Azərbaycan
və Türkiyədən dövlət rəsmilərinin, millət
vəkillərinin, nüfuzlu KİV-in qatıldığı
"Xocalıya Ədalət Həftəsi”nə təşkilatçılıq
edib.
Ermənistan informasiya savaşında da təxribatlar
törədirdi
Vətən müharibəmiz başlayandan sonra isə Azərbaycanın
haqq səsinin dünyaya çatdırılması, Ermənistanın
işğalçılıq siyasətinin ifşa edilməsi
istiqamətində daha aktiv təbliğata başlayan gənc
fəalımız bu dövr ərzində dünyanın 10
ölkəsinin mediası iləəməkdaşlıq həyata
keçirib. Xüsusən
də qardaş ölkə Türkiyənin televiziyalarında,
"CNN Türk”, "Ahaber”, "HaberTürk” başda olmaqla,
bütün nüfuzlu kanallarda bir neçə dəfə
qonaq olub, həmin verilişlərdə Azərbaycanla
bağlı şərhlər verib.
- Müharibə
yalnız cəbhədə getmirdi, Ermənistan informasiya
savaşında da təxribat törədirdi, sürətli
olaraq yalan məlumatlar yayır, dünya ictimaiyyətini
çaşdırmağa çalışırdı. Mən də həmin yalanların ifşa edilməsi
üçün səhər, axşam, gecə
yayımlarına qatılaraq məlumatlar verməyə
çalışırdım.
Türkiyə
ilə yanaşı, Pakistanın, Əfqanıstanın,
Latviyanın, Ukraynanın, Moldovanın, Banqladeşin, Səudiyyə
Ərəbistanının və digər 10 ölkənin media
orqanları ilə bu müddətdə çox səmərəli
əməkdaşlıq qurdum. Bu əməkdaşlıq
çərçivəsində Ermənistanın
işğalçılıq siyasətini ifşa edən, həmin
dövrdə gedən döyüş proseslərindən bəhs
edən, Azərbaycan Ordusunun yalnız öz dədə-baba
torpaqlarının geri qaytarılmasına hesablanan haqlı
mübarizəsini əks etdirən məqalələr dərc
etdirdim. Ümumilikdə, 10 xarici ölkədə
27 KİV-də 73 dəfə teleçıxışım
oldu, müsahibəm və məqaləm dərc olundu.
Savaş həm də sosial seqmentdə
gedirdi
Bəlli olduğu kimi, bu müharibədə
döyüşlər həm də sosial seqmentdə gedirdi. 21-ci əsrin əsas trend və
çağırışlarından olan sosial şəbəkələr
üzərindən də ermənilər çox ciddi təxribatlar
həyata keçirirdilər. "İslahatçı
Gənclər” İctimai Birliyinin sədri deyir ki, bu təxribatlar
həm Azərbaycanın ölkə olaraq daxilinə, həm də
xarici səviyyədə beynəlxalq imicini zədələməyə
yönəlmişdi.
- Ölkəmizdə
xalqı təfriqəyə salmaq, fikirləri
çaşdırmaq məqsədi ilə müxtəlif səs
yazıları, videolar yayılırdı, eyni zamanda beynəlxalq
səviyyədə də Azərbaycan Ordusunun
apardığı əməliyyatları qaralamağa yönəlmiş
kampaniyalar gedirdi. Biz də bu müddət ərzində sosial
şəbəkələrdə müxtəlif dillərdə
- ingilis, rus, fars, hətta erməni dilində
böyük bir kampaniya başladaraq əsl həqiqətləri
çatdırmağa çalışdıq. Operativ
olaraq "Edtor.az” internet televiziyasına əməkdaşlar cəlb
etdik və onlar erməni dilində Ermənistan hakimiyyətinin
bu gün üzə çıxan və o zaman xalqından gizlətdiyi
həqiqətləri Ermənistan ictimaiyyətinə
çatdırmaq üçün fəaliyyətə başladılar.
Elə bu fəaliyyət çərçivəsində
indiyə qədər 50-dən çox erməni dilində
material hazırlanıb ki, həmin materiallar sosial şəbəkələrdə
erməni seqmentində 100 minə yaxın baxış
qazanıb.
Xüsusilə
vacib bir məsələni diqqətə
çatdırmalıyam ki, uzun illərdir azərbaycanlı
sosial şəbəkə iştirakçıları
"Twitter”ə inteqrasiya ola bilmirdi,
baxmayaraq ki, bütün siyasi proseslər orada cərəyan
edir, aktiv mesajlar oradan verilirdi. Amma cənab Ali
Baş Komandan cəbhədə olduğu kimi, informasiya
savaşının da önündə getdi. Bizə bir
yol xəritəsi göstərdi və çox diplomatik bir
addımla mesajları "Twitter” üzərindən verməklə
qısa müddət ərzində ictimaiyyətin, aktiv gənclərin
bura sürətli inteqrasiyasına səbəb oldu. Bu gün
Azərbaycan gəncləri 10 illərdir zəif olduğumuz
"Twitter”də böyük səhifələrə,
böyük gücə malikdir. Biz istənilən
məsələni bir saatın içərisində trendə
sala bilirik ki, bu zaman da bütün dünyanın həmin məsələdən
xəbəri olur.
Şuşa Türk Dünyası ölkələrinin
Gənclər Paytaxtı olsun
İşğaldan
azad edilən Şuşa şəhərinin
Türk Dünyası ölkələrinin Gənclər
Paytaxtı elan edilməsi ilə bağlı beynəlxalq təşəbbüsə
başladıqlarını deyən Fərid Şahbazlı
deyir ki, Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
Ordusu 30 ildir ki, işğal altında olan torpaqlarımızı
düşmən tapdağından azad etdi. İşğaldan azad edilən
torpaqlarımız arasında yalnız Azərbaycanın deyil,
bütün Türk dünyasının mədəniyyət
beşiyi olan qədim Şuşa da var. 30 ildir ki, qədim mədəniyyət
beşiyi Şuşanın torpağı, təbiəti kimi
tarixi abidələri, mədəni irsi də işğal
altında olub. Hazırda işğal edilmiş
digər torpaqlarımız kimi, Şuşada da zəruri
infrastrukturun, eyni zamanda tarixi və mədəni irsin bərpası
üçün dövlətimiz tərəfindən mühüm
addımlar atılmağa başlayıb.
Şuşanın
işğaldan azad edilməsindən sonra bütün
dünyadan olan insanlar, xüsusilə də gənclər bu qədim
şəhəri ziyarət etməyə, onun tarixi irsi ilə tanış olmağa böyük maraq göstərirlər.
"İslahatçı Gənclər”
İctimai Birliyi olaraq Şuşanın və onun timsalında
Qarabağın tarixi irsini bütün dünyaya tanıtmaq məqsədi
ilə xarici ölkələrdəki tərəfdaş təşkilatlarla
birlikdə 2021-ci ildə Şuşanın Türk
Dünyası ölkələrinin Gənclər Paytaxtı
elan edilməsi üçün beynəlxalq kampaniyaya start
vermişik.
Bu təşəbbüsə artıq Türkiyə,
Qazaxıstan, Özbəkistan, Qırğızıstan,
Türkmənistan, Şimali Kipr Türk respublikaları gənclərindən
və digər türkdilli xalqların fəallarından
böyük dəstək gəlməkdədir.
Şuşanın Türk Dünyası ölkələrinin
Gənclər Paytaxtı kampaniyası çərçivəsində
türk dünyasından olan gənclərin bu şəhərə
səfərləri reallaşdırılacaq,
Şuşanın tarixi və mədəni irsi, düşmənin
qədim şəhərimizə qarşı törətdiyi
vandallıqlarla bağlı konfranslar və müxtəlif tədbirlər
keçiriləcəkdir.
İlham Əliyev informasiya
savaşını da tam zəfərlə bitirdi
Hələ mübarizənin başında
olduqlarını söyləyən gənc fəal Fərid
Şahbazlı qeyd edir ki, onları qarşıda uzun bir yol, mərhələ
gözləyir.
- Əvvəlki illərdə biz bu qədər
professional şəkildə informasiya müharibəsi apara
bilmirdik. Açığını
demək lazımdır ki, indiyə qədər erməni
lobbisi ilə bağlı böyük miflər
yaradılmışdı. Amma Ali Baş
Komandanın rəhbərliyi ilə elə bir şərait
yetişdirildi, elə bir beynəlxalq vəziyyət
yaradıldı ki, artıq diplomatik müstəvidə də
onlar heç bir addım ata bilmədilər və
böyük şok keçirdilər.
Müharibə yeni başlayan dövrdə
dünyanın bir çox media qurumları
açıq-aydın bizə qarşı qərəzli
mövqe nümayiş etdirirdilər. Onlara qarşı informasiya
blokadasını da verdiyi müsahibələrlə cənab
Prezident şəxsən özü yardı. Həmin müsahibələrdə verilən cavablar
təkcə o jurnalistlərə yox, bütün dünyaya Azərbaycan
xalqının siyasi iradəsini, milli-mənəvi həmrəyliyini
göstərən mesajlar idi. İlham
Əliyev informasiya savaşını da tam zəfərlə
bitirdi.
Biz gənclər də bu siyasətdən nəticə
çıxarıb fəaliyyətimizi daha da artırmalı,
proseslərə aktiv qoşulmalıyıq. Xüsusilə də xaricdə
yaşayan azərbaycanlılar fəal olmalı və orada
işimizi diaspor fəaliyyətindən lobbiçiliyə
keçirməliyik. İndi cəbhədəki
uğurlarımızın diplomatik müstəvidə möhkəmləndirilməsinin
məqamıdır.
Bəli, bu gün ön cəbhədə müharibə
bitib, Azərbaycan öz tarixi torpaqlarını qaytarıb, 30
ildir icra olunmayan BMT qətnamələrini yerinə yetirib. Buna baxmayaraq, o da
reallıqdır ki, bəzi xarici qüvvələr Azərbaycanın
bu haqlı qələbəsini gözdən salmağa
çalışır, qondarma rejimi tanımağa yönəlik
addımlar atmaq istəyirlər. Bu isə
onu göstərir ki, qarşıda bizi hərbi fazadan daha aktiv
olan diplomatik müharibə gözləyir.
Amma əminik ki, elə həmsöhbət olduğumuz gənc
fəal Fərid Şahbazlının timsalında bütün
Azərbaycan gəncləri diplomatik savaşın önündə
yenə də inamla irəliləyəcək,
xalqımızın haqq səsini müxtəlif tribunalardan
dünyaya hayqıracaqlar.
Yasəmən
MUSAYEVA,
Azərbaycan. - 2020.- 3 dekabr.- S.4.