Biz qayıdırıq,
Laçınım!
Gözün aydın, anam, bacım, gözün aydın, atam, qardaşım, gözün
aydın ürəyi nisgilli, könlü yaralı millətim! 28 ilin həsrətinə son qoyub Laçına
döndük, doğma
yurda qayıtdıq. O
müqəddəs torpağına
qədəm qoyduq, dizimizin taqəti, gözümüzün nuru
oturdu. Ətir qoxuyan təmiz havanı udduq, durnagözlü bulaqlarının
suyunu içdik, canımıza qeyri-adi bir rahatlıq doldu, ürəyimiz qürurla döyündü.
Bağışla bizi, Laçınım, sənin 28 il düşmən tapdağında
qalmağına dözə
bildik. Bu 28 ildə nələr çəkdiyimizi, necə
ağır məhrumiyyətlərə
tablaşdığımızı bir Allah bilir.
Hər il işğal günlərini
qeyd edəndə min dəfə ölüb-dirilirdik. Qisas hissi, intiqam istəyi içimizdə ocaq kimi yansa
da, xəcalətdən
baş qaldırıb
bir-birimizin üzünə
baxa bilmirdik. Hamımız günahkar idik. Səni qoruya bilməmişdik. Uğrunda şəhid olub qovuşmaq bizə nəsib olmamışdı. Bu da bir alın
yazısıydı, Allahın
qismətiydi yaşadıq.
Yaşadıq və nə xoş ki, bu günü
gördük.
Prezident, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin müdrik diplomatiyası, müzəffər
sərkərdə hünəri,
şanlı Azərbaycan
əsgərinin qəhrəmanlığı
sayəsində Laçın
erməni işğalından
azad edildi. Dövlət başçısı
bu əlamətdar tarixi hadisə, şanlı qələbə
münasibətilə xalqa
müraciət etmişdir.
Müraciətin ilk cümləsində deyilir:
"Əziz həmvətənlər,
böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını
bu münasibətlə
ürəkdən təbrik
edirəm. Laçın
rayonunun işğaldan
azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın
rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında
əldə edilmiş
parlaq qələbə
bu gözəl nəticəyə gətirib
çıxardı ki,
üç rayonumuz Ağdam, Kəlbəcər
və Laçın bizə qaytarıldı. Biz bu rayonları
bir güllə atmadan, bir şəhid
vermədən qaytarmışıq”.
Prezidentin hər cümləsində
qürur doğuran, xoş ovqat yaradan müraciəti laçınlıların kompakt
yaşadığı Ağcabədi
rayonu ərazisindəki
Taxta Körpü qəsəbəsində böyük
coşqu doğurmuşdur.
Burada salınmış,
Laçının ayrı-ayrı
kəndlərinin adını
daşıyan obalarda məcburi köçkün
kimi məskunlaşmış
əhali Qələbə
sevincini paylaşmaq, bir-birilərini təbrik etmək, gözaydınlığı
vermək üçün
bir araya gəlmişdilər.
Böyük
izdihamda dövlətimizin
və qardaş Türkiyənin bayraqları
əzəmətlə dalğalanırdı.
Aksiya iştirakçıları
bu parlaq qələbənin baş
memarı Prezident, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin portretlərini qürurla başları üzərinə qaldırmışdılar. Telli sazdan, qara
zurnadan qopan döyüş ruhlu havalar ətrafa yayılırdı. Hər
ilin nisgilini Qələbə sevincinin dalğası əlçatmaz
uzaqlara aparmışdı.
Laçınlılar 28 il idi ki,
belə bir qələbə sevincinin təşnəsiydilər. Meydandakı
adamların gözlərindən
sonsuz sevinc hissləri yağırdı,
üzləri gülürdü.
Hərbi geyimli bir gəncin məğrur duruşu, qartal baxışları diqqət çəkir! Yaxınlaşıb tanış
oluruq və öyrənirik ki, Vətən müharibəsinin
qazisi, Laçın rayon sakini, Abiyyədin
Əliyev müqəddəs
Qarabağ savaşında
böyük igidlik göstərib, düşmənə
qan uddurub. Müsahibim qələbə
sevincini bizimlə həvəslə bölüşür:
-
Müzəffər Ali
Baş Komandanımız
İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz şanlı tarix yazdı. Biz Laçına qalib kimi dönürük. Qarabağın azadlığı
uğrunda döyüşlərdə
qəhrəmancasına həlak
olub əbədiyyətə
qovuşan şəhidlərimizin
müqəddəs ruhları
bu gün bir rahatlıq tapır. Qələbə
sevincinin işığına
yığışan insanların
çöhrəsinə diqqətlə
baxın. Hamı gülür, sevinir. Sevincdən ağlayanlar da çoxdur. Bizim davamız haqq davası idi. Biz müharibə
istəmirdik. Amma torpaqlarımızın işğal
altında qalması ilə də barışa bilməzdik. Düşmənlərimizin təhdidlərinə
qətiyyətlə cavab
verib "Qarabağ Azərbaycandır. Nida işarəsi” - deyən dövlət başçısı
bu fikrin döyüş meydanında
təsdiqinə müdrikliklə
nail oldu. Bu illər ərzində
camaatımız çox
acılar çəkib.
İndi Qələbənin
dadını çıxarırıq.
Bu
mərasimin iştirakçısına
çevrilmək, bütün
ağrı-acıları unudub
özünü dünyanın
xoşbəxti sayan insanların arasında olmaq qeyri-adi bir könül rahatlığıdır. Ömrün
ixtiyar çağını
yaşayan Ağayar İsmayılov, Şərqiyyə
Vəliyeva, Ağaxan Nəzərov, Osman Həsənov, Əmiraslan Məmmədov
və başqaları
taleyin onları bu cür xoş
anlarla qovuşdurduğuna
görə çox məmnundurlar.
Lazım QULİYEV,
Azərbaycan. - 2020.- 3 dekabr.- S.4.