Prezident İlham
ƏLİYEV: “Azəri-Çıraq-Günəşli”
bizim əsas gəlir mənbəyimizdir”
2017-ci
ilin sentyabr ayında imzalanmış
"Azəri-Çıraq-Günəşli”
(AÇG) yataqlarının birgə işlənməsi
və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş
və yenidən işlənmiş saziş
çərçivəsində yeni platforma inşa edilir. "Azəri Mərkəzi Şərqi” adlanan platforma gündəlik 100 min barelədək neft hasil etmək
gücündə layihələndirilib.
İstismar müddəti
ərzində qurğunun
300 milyon barelə qədər əlavə neft hasil edəcəyi
gözlənilir.
Platformanın üst və qazma modullarının inşası Bibiheybətdəki
tikinti-quraşdırma sahəsində
aparılır. COVID-19-un yaratdığı
çətinliklərə baxmayaraq, son aylar iri qurğuların
qaldırılması proqramına
başlanmış, qazma
qurğusu sahəyə
gətirilmiş, onun hər üç hissəsi barjdan boşaldılmış və
tikinti ərazisində
yerləşdirilmişdir. Hazırda
qazma modulunun inşası davam edir.
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda isə platformanın dayaq blokunun payalarının tikintisi sona çatdırılmış,
qurğular uğurla Xəzərə yola salınmış və dənizin dibində quraşdırılmışdır. Hazır olanda dayaq bloku da
dənizə göndəriləcək
və həmin payalar üstündə yerləşdiriləcək. Zavodda
dayaq blokunun və sualtı qurğuların inşası
davam edir.
Platformadan ilk hasilatın 2023-cü ildə əldə ediləcəyi nəzərdə
tutulur. Bunun üçün mühəndis
və tədarük işləri qrafikə uyğun həyata keçirilir. Təchizatçıların
göndərdiyi iri avadanlıqlar hazırda Azərbaycana doğru hərəkət etməkdədir.
"Azəri Mərkəzi Şərqi” AÇG-nin
9-cu platforması olacaq.
Hazırda yataqda 8 platforma fəaliyyət göstərir. Bunlardan
6-sı hasilat, 2-si isə
emal, qazın kompressiyası, suvurma və texnoloji təchizat qurğusudur.
BP Azərbaycan
şirkəti bildirir ki, mövcud hasilat platformalarından neftin və qazın çıxarılması
sabit və təhlükəsiz şəkildə
davam edir. İlin ötən üç rübündə
AÇG-dən ümumi
hasilat təxminən
132 milyon barel, yəni 17,9 milyon ton olmuşdur. Yataqlar blokundan gündə orta hesabla 482 min, o cümlədən
"Çıraq”dan 36 min,
"Mərkəzi Azəri”dən
115 min, "Qərbi Azəri”dən 118 min,
"Şərqi Azəri”dən
64 min, "Dərinsulu
Günəşli”dən 97 min və "Qərbi Çıraq”dan
52 min barel neft alınmışdır.
AÇG-də ümumilikdə 124 neft hasilatı, 39 su injektor və
7 qaz injektor quyusu istismardadır. Bu ilin ilk
9 ayı ərzində
10 neft hasilatı və 2 suvurma quyusu qazılmışdır.
Qeyd edək ki, Azərbaycanın
qaz potensialının
da önəmli hissəsi AÇG yataqları
hesabına formalaşır.
Buradan çıxarılan
qaz ümumi sistemimizə daxil edilir. Belə ki, AÇG-nin səmt qazının bir hissəsi layların təzyiqini saxlamaq üçün yenidən kollektora vurulur. Mavi yanacağın
xeyli hissəsi isə Azərbaycanın daxili istifadəsi üçün Səngəçal
terminalından SOCAR-a məxsus
kəmərlə "Azəriqaz”
şəbəkəsinə ötürülür. Məsələn,
cari ilin ilk üç rübü ərzində
AÇG-dən SOCAR-a əsasən
Səngəçal terminalı,
həmçinin Neft Daşlarındakı qurğu
vasitəsilə gündə
orta hesabla 6 milyon kubmetr, ümumilikdə 1,6 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi yenidən laylara vurulmuşdur.
Xatırladaq
ki, AÇG-də BP
(30,37 faiz), SOCAR (25 faiz),
MOL (bu il aprelin 16-dan "Şevron”
şirkətini əvəz
edib, 9,57 faiz),
İNPEKS (9,31 faiz), "Ekvinor”
(7,27 faiz), "EksonMobil”
(6,79 faiz), TPAO (5,73 faiz),
İTOÇU (3,65 faiz), ONGC Videş Limited (2,31faiz) şirkətləri tərəfdaşlıq
edirlər.
Beləliklə, AÇG 26 ildən çoxdur etibarlı tərəfdaşlıq,
ekoloji baxımdan zərərsiz əməliyyatlar
sayəsində təhlükəsiz
işlənir və
23 ildir ahəngdar şəkildə neft-qaz verir. Hazırda bu yataqlar blokundan
hasil edilən neft və səmt
qazı platformalardan sualtı xətlər vasitəsilə Səngəçal
terminalına çatdırılır
və buradakı ixrac marşrutları ilə karbohidrogenlərin dünya bazarlarına yolu başlanır.
Prezident İlham Əliyev "Azəri-Çıraq-Günəşli” yataqlarında hasilatın sabit saxlanılmasının
vacib məsələ
olduğunu qeyd edərək demişdir:
"Azəri-Çıraq-Günəşli”
ilə bağlı bütün işlər plan üzrə gedir və bu
yataq bizim əsas gəlir mənbəyimizdir. Bunu hər kəs bilməlidir”.
Qeyd edək ki, Azərbaycan
Respulikası Dövlət
Neft Fondu (ARDNF) bu ilin əvvəlindən
noyabrın 1-dək AÇG-dən 3 milyard 57 milyon ABŞ dolları həcmində vəsait əldə etmişdir. Bu barədə fonddan məlumat verilmişdir.
Flora SADIQLI,
Azərbaycan. - 2020.- 3 dekabr.- S.6.