Gigiyenik qaydalara əməl edilməsi mövsüm üçün
xarakterik olan bütün infeksiyalardan qorunmaqda mühüm rol oynayır
Müşahidələrdən və kütləvi-informasiya
vasitələrindəki rəsmi
məlumatlardan məlum
olur ki, dekabrın ilk günlərindən COVID -19-a yoluxanların
və bu pandemiyadan ölənlərin
sayında ciddi artım var. Baxmayaraq ki, dövlətin qayğısı
nəticəsində insanların
bu gözəgörünməz
düşməndən qorunması
üçün dövlət
səviyyəsində lazımı
tədbirlər həyata
keçirilir.
Ekspertlərin
fikrincə, yay aylarındakı yoluxma sayındakı azalma ilə
hazırkı artım arasında müəyyən obyektiv və
subyektiv səbəblər var. Obyektiv səbəb payızın
dəyişən havası,
qışın soyuq,
küləkli günləri
ilə bağlıdır.
Subyektiv səbəb isə insanların bu virusa qarşı
qabaqlayıcı tədbirlərə
və qoyulan qaydalara lazımınca riayət etməmələridir.
Bu, pandemiyanın geniş yayıldığı
ölkələrdə də
belədir. Bu günün dörd min xəstəsini götürsək, onların
hər birinin başqaları ilə təmasda olduğunu nəzərə alsaq, görərik ki, təmasda olanlarda da əlamətlər inkişaf edir. Həttə qeydiyyatdan keçməyənləri də
nəzərə alsaq,
bu rəqəmin hansı həddə çatdığını yəqin
etmək çətin
olmaz. Odur ki, yoluxma sayında
artım durmadan davam edir. Heç
kimə sirr deyil ki, hazırda
müəyyən səbəblərdən
xəstələrin bir
qismi evdə müalicə olunur. Onların nə dərəcədə izolyasiya
qaydalarına əməl
etməsi çox vacibdir. Həmin şəxslər yaşadıqları
yeri tərk edə bilməzlər. Yoluxanların ailə üzvləri bir neçə gündən
sonra potensial koronavirus xəstəsi hesab olunurlar. Odur ki, ölkə rəhbərliyinin Azərbaycanda
koronavirus (COVID-19) pandemiyası
ilə mübarizə
tədbirləri ilə
bağlı tapşırıq
və göstərişlərinə
uyğun olaraq respublikamızın bölgələrində,
ən ucqar qəsəbə və kəndlərində belə
bu epidemiyaya qarşı kompleks tədbirlər davam etdirilir. Koronavirusa (COVID-19) yoluxanların sayında müşahidə
edilən sürətli
artımı nəzərə
alan Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi
və yerli strukturları ötən həftə səhər saatlarından etibarən paytaxtın əsas küçə, prospekt və magistral yollarında xüsusi kimyəvi maddələrlə
əlavə gücləndirilmiş dezinfeksiya
işlərinin aparılmasını
davam etdirmişlər.
Bu işlərə kommunal təsərrüfatı
xidmətlərinin 40 ədəd
xüsusi texnikası və 2000 nəfərdən
çox əməkdaşı
cəlb edilmişdir. Küçələrdə aparılan dezinfeksiya
işləri ilə yanaşı departamentin əməkdaşları tabeliklərindəki
yaşayış binalarında,
lift kabinələrində,
həyət və yaşayış məhəllələrində,
buradakı idman-əyləncə
qurğularında, habelə
məişət tullantılarının
atıldığı konteyner
meydançalarında tibbi-profilaktik
və dezinfeksiyaedici tədbirləri
davam etdiriblər. Bu zaman istifadə
edilən maddələrin
qəbul olunmuş müəyyən toksikliyi
nəzərə alınaraq
sakinlərə əvvəlcədən
bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində
əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Bundan başqa, kəskin respirator virus infeksiyalarının yayılmasına
qarşı qabaqlayıcı
tədbirlər çərçivəsində
ötən həftə
paytaxtın marşrut
xətləri üzrə
avtobuslarında da dezinfeksiya işləri həyata keçirilmişdir.
Belə ki, ötən istirahət günlərində Bakıətrafı
qəsəbələrdə fəaliyyət göstərən
140-dan çox avtobus dezinfeksiya edilmişdir.
BŞİH-nin Mətbuat
xidmətinin verdiyi məlumata görə, avtobuslar insanların həm təmas, həm də hava-damcı yolu ilə infeksion xəstəliklərə yoluxmasına
qarşı olan dərman preparatları ilə dezinfeksiya edilib. Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi
koronavirusun geniş yayılmasını nəzərə
alaraq, qabaqlayıcı
tədbirlər görülməsi
məqsədilə ölkəmizdə
ictimai nəqliyyat sahəsinin də nəzarətdə saxlanılmasını
zəruri hesab edib. Tapşırığa əsasən, Bakı
Nəqliyyat Agentliyi kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı
qabaqlayıcı tədbirlər
görülməsi məqsədilə
gündəlik sərnişin
daşıyan avtobusların
xarici və daxili hissələrinin təmiz olmasına, salonda dezinfeksiya işlərinin tez-tez həyata keçirilməsinə
nəzarəti daha da gücləndirib.
Bakı
şəhər Nərimanov
rayonu 8 saylı Poliklinikanın sahə həkimi Svetlana Nəcəfova bildirir ki, hazırda soyuq fəsildəyik, mövsümi qriplərin baş qaldırdığı
dövrdə əlavə
ağırlaşmaların olmaması, koronavirusla bərabər, qripə yoluxmanın qarşısının
vaxtında alınması
üçün sanitariya-gigiyena
qaydalarına, ictimai
yerlərdə məsafəni
qorumağa, maskadan istifadə edilməsinə
və sair tövsiyələrə ciddi
əməl edilməlidir.
65 yaşdan yuxarı
olanlar risk qrupu adlandırılır. Bu qrupa xroniki xəstəliyi olanlar da aid edilir. Yoluxma riskinə məruz qalanlar isə ən çox insanlarla sıx təmasda olanlardır. Məsələn, həkimlər, müəllimlər,
polislər, jurnalistlər,
məişət-xidməti işçiləri, bir sözlə, gündəlik
həyatda daha çox təması olanlar. Belə insanlar yaşadıqları
ərazidə öz sahə poliklinikaları ilə sıx əlaqə
saxlamalı, ehtiyac yarandıqda yubanmadan sahə həkiminə müraciət edərək
vaxtında lazımi dəstək almalıdırlar.
Karantin qaydalarına riayət olunması ilə bağlı bir məsələyə də münasibət bildirmək istərdim. Unudulmamalıdır ki, maska qoruyucu vasitədir. Maskadan dəfələrlə istifadə
etmək, onu çantada, cibdə gəzdirmək və yenidən istifadə etmək isə yoluxma riskini artırır. Belə ki,
maskanın xarici səthinə əlimizi vururuq, əlimizi üzümüzə, hansısa
səthə toxundururuq.
Nəticədə həm özümüz
yoluxa bilərik, həm də toxunduğumuz səthlərə
kimsə əli ilə təmas etdikdə yoluxa bilər. Maskadan mütləq şəkildə
düzgün istifadə
etmək lazımdır.
Maska istifadəsi ilə yanaşı, sanitariya-gigiyena
qaydalarına əməl
olunmalıdır. Asqırarkən, öskürərkən ağzımızı
dirsək bükümü
ilə örtməliyik
və ya birdəfəlik salfetlərdən
istifadə etməliyik
ki, virusu yaymayaq. Bunlar hamısı qoruyucu
tədbirlərdir. Qoyulan qaydalara
və şəxsi gigiyenaya əməl etmək bir sıra infeksiyalardan qorunmaqda mühüm rol oynayır.
Respublika Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyinin (TƏBİB) İdarə
Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov mövzu ilə əlaqədar qəzetimizin sorğusuna cavab olaraq bildirib
ki, hələ əvvəlki koronavirus infeksiyalarından sonra dayanıqlı immunitet yaranmadığı, ona görə də təkrar yoluxmanın mümkünlüyü deyilirdi.
Bu, COVID-19-da özünü doğrultdu: "Bir neçə ay öncə
Avropadan təkrar yoluxma hallarının olması ilə bağlı xəbərlər
gəldi. Həmin xəbərlər getdikcə çoxalır.
Təkrar xəstələnmə zamanı xəstəliyin özünü necə göstərməsinə dair
sübut olunmuş məlumatlar yoxdur. Lakin bu zaman ən
yüngül xəstəlik
halından ən ağırına qədər
müşahidə oluna
bilər. Xəstəliyin hansı hallarda yüngül və ağır gedişə malik olacağı araşdırılmalıdır. Heç kim
arxayınlaşmamalıdır ki, mən yoluxub
sağalmışam, daha
yoluxmayacam. Belə deyil, yenidən
yoluxa bilərik.
Hazırda təkrar yoluxmanı
proqnozlaşdırmaq mümkün
deyil. Çünki bu barədə
kifayət qədər
sübut və materiallar yoxdur”.
Professor onu da bildirib
ki, insanların 70 faizinin, yəni üçdə ikisinin orqanizmində koronavirusa qarşı immunitet yaranacağı zaman virus aramızdan gedəcək.
Hazırda bütün
dünyada insanların
az bir
qismi yoluxub. Əhalinin bir qrupu xəstəliyi
keçirib sağalaraq
immunitet qazanacaq.
70 faizin digər
hissəsi isə vaksinlə tənzimlənəcək.
Azərbaycan dövlət səviyyəsində
ən effektiv və təhlükəsiz
vaksinlərin alınması
üçün tədbirlər
görür.
Xatırladaq ki, Azərbaycan
Prezidentinin tapşırıq
və tövsiyələrinə
əsasən, ölkə
əhalisinin sağlamlığını
daim diqqətdə saxlayan Azərbaycan hökuməti insanların
əsrin bəlası
olan COVID-19-dan qorunması
üçün bütün
qabaqlayıcı tədbirləri
görür. Bu günlərdə Nazirlər Kanbineti "Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində
yaradılmış xüsusi
ambulator tibb məntəqələrində yeni
növ koronavirus
(COVID-19) infeksiyasına yoluxmuş
xəstələrə ambulator-poliklinik
yardım göstərən
tibb işçilərinin
əməkhaqlarına müddətli
əlavənin müəyyən
edilməsi barədə”
qərarında dəyişiklik
edib. Qərara əsasən, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin
tabeliyində yaradılmış
xüsusi ambulator tibb məntəqələrində
yeni növ koronavirus (COVID-19) infeksiyasına
yoluxmuş xəstələrə
ambulator-poliklinik yardım
göstərən tibb
işçilərinin əməkhaqlarına
müddətli əlavənin
verilməsi müddəti
2021-ci il yanvarın 1-dək uzadılıb.
Məmnunluq doğuran həm də odur ki, Azərbaycan
Prezidentinin diqqət və qayğısı sayəsində bu gün ölkəmizdə
əvvəlcədən bütün
lazımi qabaqlayıcı
tibbi infrastruktur yaradılıb, respublikamızın
potensial imkanları pandemiya ilə əlaqədar yaranan çətinliklərin öhdəsindən
gəlməyə və
vəziyyəti nəzarətdə
saxlamağa tam qadirdir.
Rəhman SALMANLI,
Azərbaycan. - 2020.- 3 dekabr.- S.7.