Avropaya mavi yanacaq axını - yeni mənbədən və yeni
marşrutla
İtaliya,
Yunanıstan və Bolqarıstanın təbii qaza
illik tələbatının müvafiq olaraq 12, 20, 30 faizini TAP ödəyəcək
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” yatağından hasil olunan qazı Türkiyəyə, oradan da Avropaya çatdıran 3500 kilometrlik "Cənub qaz dəhlizi”nin sonuncu seqmenti - TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) tikintisi yekunlaşıb və kəmər kommersiya əməliyyatlarına başlayıb.
Bu, peşəkarlardan ibarət çoxmilli sənaye komandasının "Cənub qaz dəhlizi” kimi nəhəng enerji infrastrukturunun tərkib hissəsi olan TAP-ın da vaxtında və etibarlı şəkildə təhvil verilməsi üçün çətin şəraitdə səylə və səmərəli çalışmasının göstəricisidir.
Beləliklə, Yunanıstanın Saloniki şəhərində tikinti işlərinin başlanmasından 4 il yarım sonra bu qaz nəqliyyatı sistemi Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçərək əməliyyat mərhələsinə daxil olub. Dekabrın sonunda TAP ahəngdar qaz nəqli fəaliyyətinə başlayacaq. Sonuncu hissəsinin istismara daxil olması ilə "Cənub qaz dəhlizi” artıq tam istifadəyə veriləcək.
TAP Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) və Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) davamı olub, Azərbaycan qazını İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq.
Bu xətt Türkiyə-Yunanıstan sərhədindəki Kipoi məntəqəsində TANAP-la birləşir və 878 kilometr məsafə qət edərək İtaliyanın cənub sahillərinədək uzanır. Puqlia bölgəsində sahilə çıxandan sonra "Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliya qaz nəqliyyatı şəbəkəsinə birləşir.
Trans-Adriatik kəmərinin Yunanıstan, Albaniya və İtaliyadakı çıxışları qazın geniş Avropa bazarlarına tədarükü üçün çoxsaylı imkanlar açır. Belə ki, layihə İtaliyada bitsə də, gələcəkdə qazın Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün perspektivlər yaradır.
TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır və yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. Kəmər Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynayır.
Kəmərin səhmdarları BP (20 faiz), SOCAR (20 faiz), "Snam S.p.A.” (20 faiz), "Fluxys” (19 faiz), "Enagas” (16 faiz) və "Axpo” (5 faiz) şirkətləridir.
TAP-ın Xarici əlaqələr şöbəsinin müdiri Vüqar Veysəlov deyib: "TAP-dan əvvəl İtaliya müəssisələri Avropadakı təchizatçılara enerji üçün nisbətən daha yüksək qiymət ödəyirdi. Yunanıstan və Bolqarıstanı da qazla təmin edəcək TAP boru kəməri qiymətlərin daha çox elastikliyinə səbəb olacaq”.
O, həmçinin bildirib ki, TAP kəməri qitəyə təbii qazı yeni mənbədən və yeni marşrutla gətirəcək. Beləliklə, Avropanın enerji təhlükəsizliyini və tədarükün şaxələndirilməsini gücləndirəcək. İtaliyaya nəql olunacaq qaz həcmləri (ildə təqribən 8,5 milyard kubmetr) bu ölkənin mavi yanacağa olan tələbatının təxminən 12 faizini təmin edəcək. Cənubi-şərqi Avropada, TAP-la qazın nəql ediləcəyi Yunanıstan və Bolqarıstanda illik qaz tələbatı müvafiq olaraq 20 və 30 faiz ödənəcək.
Azərbaycandan Avropa bazarlarına ildə 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsi - TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.
Azərbaycan Vətən müharibəsində Qələbə qazandıqdan sonra İtaliya nümayəndə heyətinin rəhbəri kimi ölkəmizdə səfərdə olan İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosato enerji sektorunda əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişaf etməsində mühüm rol oynadığını qeyd edib. Bu əməkdaşlıqda "Cənub qaz dəhlizi”nin və onun mühüm komponenti olan TAP-ın xüsusi əhəmiyyəti vurğulanıb, dəhliz vasitəsi ilə cari ilin sonunda Azərbaycan qazının Avropaya nəqlinə başlanmasının nəzərdə tutulduğu diqqətə çatdırılıb. İki ölkə arasında yüksək dostluq münasibətinin göstəricisi kimi İtaliyanın öz enerji təhlükəsizliyini Azərbaycana etibar etməsi qeyd olunub.
Xatırladaq ki, 3 ötürücü sistem operatoru - TAP AG, "Snam Rete Gas” və DESFA davam edən bazar sınaqları üzrə məcburi təklif mərhələsinin 2021-ci ilin iyul ayında baş tutacağını bildirib. Hər 3 operator son bazar şərtlərini nəzərə alaraq enerji bazarlarının bərpa olunmasına daha çox vaxt ayırmaq istəyir. Ötən il iyulun əvvəlində TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarına başlayıb.
Flora SADIQLI
Azərbaycan.-2020.- 17 dekabr.- S.1;5.