Azərbaycan vaksinasiyanı erkən
tətbiq edən ölkələrdən olacaq
Yeni növ koronavirus pandemiyası dünyanın əsas problemi olaraq qalmaqda davam edir. Artıq Yer üzündə bu virusa yoluxanların sayı sürətlə 74 milyon nəfərə yaxınlaşır, 1,6 milyondan çox insan isə həyatını itirib. Yoluxmanın 48 faizdən çoxu Şimali və Cənubi Amerikanın payına düşür, digər yerləri isə Avropa, Cənub-Şərqi Asiya bölüşür.
Bütün
dünyada olduğu kimi, Azərbaycanda da COVID-19-a yoluxma
hallarında əvvəlki aylarla müqayisədə kəskin
artım müşahidə olunmaqdadır. Gündəlik
yoluxma sayı 4 mindən çoxdur.
Buna paralel olaraq ölənlərin sayı da artır. Demək olar ki, hər gün
yaxınlarımızın,
dost-tanışlarımızın bu dəhşətli
xəstəliyə yoluxduğunu, hətta
aralarında bu bəladan can
qurtara bilməyənlərin də olduğunu görürük.
Buna
görə də Azərbaycanda son aylarda yaşanan yüksək
yoluxma səviyyəsi nəzərə alınaraq virusun
yayılmasının qarşısının alınması məqsədilə
ölkə ərazisində sərtləşdirilmiş
karantin tədbirlərinin həyata keçirilməsinə qərar
verilib.
Nazirlər
Kabineti yanında Operativ Qərargah tərəfindən virusun
yayılmasının qarşısının alınması məqsədilə
dekabrın 14-dən gələn il yanvarın 18-dək sərtləşdirilmiş
karantin tədbirlərinin tətbiqinə başlanılıb.
"Koronavirusun
ikinci dalğası çətin vəziyyət yaradıb”
Bu fikirləri TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqdə səsləndirib. "Bəzən bir xəstəni xilas etmək üçün 5-6 həkim öz həyatını təhlükəyə atır. Gündəlik yoluxmaların sayı xeyli artıb, lakin hələ ki biz bunun öhdəsindən gələ bilirik, ancaq səhiyyə sistemi limitsiz deyil”, -deyə o bildirib.
Onun sözlərinə görə, evdə koronavirusdan özünü müalicə ilə əlaqədar ağırlaşma halları çoxdur: "Ümumilikdə, bu prosesi idarə edə bilirik. Həmkarlarımız bu gün mübarizə aparmaqdadırlar.
Paralel olaraq digər xəstəliklər qalmaqdadır. Qazilərimizin də müalicəsi xəstəxanalarda davam etdirilir. Bunu nəzərə alıb hər birimiz özümüzü qorumalıyıq”.
R. Bayramlı məlumat verib ki, xəstəxanaların infrastrukturunun çox sürətlə yaxşılaşdırılması nəticəsində gündəlik 4 mindən çox yoluxma halının öhdəsindən gələ bilirik: "Ölüm halları və xəstəliyin artım dinamikası bizi vaksinasiya üzərində dayanmağa vadar edir. Bütün bəşəriyyət vaksinasiyanın tətbiqinə qısa müddətdə nail olmalıdır”.
Vaksinasiya pulsuz həyata keçiriləcək
Artıq koronavirusa qarşı peyvənd hazırlanıb və bəzi ölkələrdə tətbiqinə başlanılıb. Səhiyyə nazirinin müavini Viktor Qasımov bu barədə məlumat verərək deyib ki, ölkəmizdə də vaksinlərin alınması ilə əlaqədar kifayət qədər hazırlıq işləri görülüb: "Bununla bağlı həm ikitərəfli, həm də çoxtərəfli danışıqlar aparılıb. Ölkəmiz GAVI tərəfindən təsis edilmiş COVAX təsisatına qoşulub. Əgər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müsbət rəy verilərsə, həmin qurumdan vaksin alınması məsələsi nəzərdə tutulub. İkitərəfli danışıqlarda qardaş Türkiyə ilə daha yaxın əməkdaşlıq edirik, orada aparılan işlərlə bağlı məlumatlıyıq və işbirliyi yaratmışıq”.
V.Qasımovun sözlərinə görə, ölkəmizdə koronavirusa qarşı vaksinasiya strategiyası demək olar ki, tam hazırdır. Yaxın günlərdə hökumət tərəfindən qəbul olunacaq: "Vaksinasiya pulsuz həyata keçiriləcək. Risk qrupları müəyyənləşdirilib. Peyvəndləməyə ilk növbədə onlardan başlanılacaq”.
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı vaksinasiya ilə bağlı ətraflı məlumat verərək bildirib ki, ölkəmiz ənənəvi vaksinasiya üçün "soyuq zəncirləmə”yə tam hazırdır. Qlobal GAVI alyansı müqavilə şərtlərinə görə hansı vaksini təklif edəcəksə, "soyuq zəncir” potensial və infrastrukturu ona uyğunlaşdırılmalıdır. Bu istiqamətdə də bütün qurumlar Operativ Qərargah çərçivəsində koordinasiyalı çalışır və qısa müddətdə bunlar başa çatdırılacaq. Səyyar vaksinasiya üçün lazım olan xüsusi buz çantaları və digər infrastruktur tam təmin ediləcək. Ən önəmli məsələlərdən biri xüsusi protokola uyğun təlimlərin olmasıdır. Vaksinlərin kimlər tərəfindən vurulacağı və qısa müddətdə prosesin necə aparılacağı vacib məsələdir: "Bildiyimiz kimi, COVAX təsisatı çərçivəsində ölkəmiz əhalinin sayının 10 faizi qədər vaksin alacaq. Növbəti dövrdə əhalinin müəyyən sayı çərçivəsində də vaksinlər alınacaq. Qısa müddətdə bir, iki, hətta üç milyon insanı vaksinasiya etsək, o qədər də çox kütləvi immunitetə nail olacağıq. Odur ki, vaksinasiya üçün bütün qurumlarımız səfərbər olmalıdır.
Koronavirusla mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı nümunəvi mübarizə aparan ölkələr siyahısına daxil etmişdi. Ölkəmiz vaksinasiyanı da ən erkən tətbiq edənlərdən biri olacaq. Burada ən təhlükəsiz və effektiv vaksinasiyanın tətbiqi xüsusi ilə diqqətdə saxlanılır. İnanırıq ki, 44 günlük Vətən müharibəsindən zəfərlə çıxdığımız kimi, koronavirusla mübarizədən də bu cür qələbə ilə çıxacağıq və əhalinin sağlamlığını qoruya biləcəyik”.
O da vurğulanıb ki, maskalardan istifadəni əhalinin böyük kütləsi koronavirusa qarşı vaksinasiya olunana qədər davam etdirməliyik: "Bilmək lazımdır ki, əksər vaksinlər iki dozalıdır. İkinci dozadan ən azı 2-3 həftə keçəndən sonra anticisimlər yaranır. Ona görə də vaksin vurulandan sonra həm özünü, həm də ətrafdakıları qorumaq üçün vaksinasiya başa çatana qədər buna alışmalıyıq”.
Səhiyyə üzərindəki yükü, gərginliyi azaltmalıyıq
Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib ki, qışın gəlməsi ilə bütün Avropada COVİD-19-a yoluxma sayında artım var. Azərbaycanda da oktyabrdan koronavirusa yoluxmada sürətli artım qeydə alınıb.
O, qeyd edib ki, karantin rejiminin sərtləşməsi ilə bağlı qərar insanları qorumaq üçündür: "Hökumət hər qərarında insanların sağlamlığını və iqtisadi vəziyyəti nəzərə alır. Bütün dünyada belədir. Fransada 50 mindən çox yoluxma olduğu üçün çox sərt karantin rejimi olmuşdu. Pandemiya əvvəldən onu göstərdi ki, yoluxmanın azalması üçün bu cür qərarlardan başqa bir "silah”ımız yoxdur. Qərarın qəbul edilməsindən təxminən 1 həftə keçəndən sonra yoluxmanın sayı azalmağa doğru gedir. Səhiyyə üzərindəki yükü, gərginliyi azaltmalıyıq. Normalda ölməyəcək adamlar səhiyyə üzərindəki yükə görə, evdə müalicə olunduğu və ya xəstəxanaya, oksigenə çata bilmədiyi üçün ölür. Bu səbəbdən yoluxma sayının azalması lazımdır”.
H. Harmancı əlavə edib ki, qarşıdakı 3 ay çox kritikdir: "Çünki yazdan etibarən artıq peyvənd daha çox olacaq. Gənc adamlar peyvənd olunduqca yoluxma da azalacaq. Bu səbəbdən qış bitənə qədər bunlara davam etməliyik”.
Kütləvi yayılmanın qarşısını almaq üçün nəzarət-profilaktik tədbirlər aparılır
COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər də davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 15-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 49 nəfər aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb və tibbi qaydalar gözlənilməklə yaşadıqları evə qaytarılıb.
Cinayət Məcəlləsinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması maddəsi ilə 32 nəfər barəsində cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.
Eyni zamanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında Nazirlər Kabineti tərəfindən verilmiş müvafiq qərara əsasən, 15-16 dekabr tarixlərində 175 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
Təəssüf ki, hazırda bütün dünyada koronavirusla bağlı vəziyyət olduqca gərgindir. Peyvəndlərin tətbiqinə qədər bu təhlükəli bəladan yalnız pandemiyanın şərtlərinə əməl edərək qurtulmaq mümkündür.
Operativ qərargahın da çağırış etdiyi kimi, hazırkı dövrdə ciddi zərurət yaranmadıqda ictimai yerlərdə olmamaq, digər şəxslərlə yaxın təmaslardan yayınmaq, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etmək, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etmək zəruridir. Xəstəliyin ilkin əlamətlərini duyduqda özünütəcrid tələblərinə ciddi riayət etməli, zəruri müalicə tədbirlərinin həyata keçirilməsi olduqca önəmlidir.
Yasəmən
MUSAYEVA
Azərbaycan.-2020.- 17 dekabr.- S.1;4.