Ermənistan müxalifəti yeni ilə qədər Paşinyanı devirmək istəyir

 

 

Yerevanda həftələrdir etirazçılar davamlı şəkildə mitinqlər, yürüşlər keçirir, paytaxtın mərkəzi küçələrini bağlayır və dövlət orqanlarının işinə mane olmağa çalışırlar.

Onlar müharibədəki ağır məğlubiyyətə görə baş nazir Nikol Paşinyanın məsuliyyət daşıdığını və istefa verməli olduğunu bildirirlər. Baş nazir isə hakimiyyətin istefasını tələb edənlərə qarşı repressiya siyasətini davam etdirir. Ermənistanda cərəyan edən son proseslər vətəndaş qarşıdurması ehtimalını sürətlə artırır.

 

 

 

Etirazçılar hər gün itaətsizlik aksiyaları keçirəcəklərini bildirirlər

 

 

 

Son aksiyalar zamanı Yerevanın "Fransa” meydanında N.Paşinyana qarşı növbəti dəfə istefa şüarları səsləndirilib. Daha sonra aksiya iştirakçıları hakimiyyət nümayəndələrinə öz narazılıqlarını bildirmək üçün parlamentin qarşısına toplaşıblar. Çıxış edənlər Ermənistanda təcili növbədənkənar parlament seçkilərinin keçirilməsinin vacibliyini bildiriblər. Onlar yaranmış vəziyyətdən çıxış yolu kimi Paşinyanın istefasını tələb ediblər. Etirazçılar "Nikol, get”, "Paşinyansız Ermənistan” kimi şüarlar səsləndiriblər.

Mitinqdə çıxış edən "Daşnaksütyun” Partiyasının nümayəndəsi İşxan Saqatelyan deyib ki, hakimiyyəti təmizləməliyik və nə qədər ki Paşinyan Ermənistanın baş naziri vəzifəsini tutur, xalqın və dövlətin qamətini düzəltmək, sadəcə, mümkün deyil.

O, qeyd edib ki, baş nazir Nikol Paşinyanı istefaya göndərmək və irəli getmək lazımdır: "Bizdən daim soruşurlar ki, bu mübarizə nə ilə bitəcək. Paşinyanın sayılı günləri qaldı. Əgər o, könüllü getməsə, onda özümüz onu vəzifədən uzaqlaşdıracağıq. Biz hər gün itaətsizlik aksiyaları keçirəcəyik və hədəfimizə nail olacağıq. Nikolsuz yeni il”.

 

 

 

Sabiq baş nazir Paşinyanı istefa verməyə çağırdı

 

 

Ermənistanın sabiq baş naziri, Yerevanın keçmiş meri Karen Karapetyan Nikol Paşinyan hökumətini istefaya çağırıb. O, açıqlamasında Ermənistan rəhbərliyinin dərin mənəvi, psixoloji, siyasi, iqtisadi, sosial böhran içində olduğunu bildirib: "İnanıram ki, hakimiyyəti nəticəsində bu böhranı yaradan hökumət ölkənin inkişaf imkanlarını və daha da iqtidarda qalacağı təqdirdə millətin potensialından istifadə etmə imkanlarını məhdudlaşdıracaq”.

Sabiq baş nazir deyib ki, Ermənistanı gözləyən çətinliklər nəzərə alındıqda, bu böhran hər yeni gün ölkəyə və xalqa ziyan vurmaqda davam edəcək. Bu taleyüklü məqam səlahiyyətlilər üçün ən vacib sınaqdır. Onlar dar siyasi maraqlardan yuxarıda durmağa, yüksək dərəcədə şüur nümayiş etdirməyə, ölkənin sakitləşməsinə imkan verməyə və siyasi qüvvələrin keçdikləri yolu yenidən düşünüb gələcəyə baxışlarını formalaşdırmasına şərait yaratmağa hazır olduqlarını göstərməlidirlər.

Yeri gəlmişkən, qeyd edək ki, Ermənistan iqtisadiyyatının daha böyük sürətlə tənəzzülə uğraması proqnozlaşdırılır. Ermənistan Mərkəzi Bankının hesabatına görə, ölkəyə 2020-ci ilin əvvəlindən daxil olan fərdi transferlərin həcmi kəskin şəkildə azalıb. Müharibə və pandemiya fonunda iqtisadi durumun pisləşməsi isə, qeyd edildiyi kimi, ölkədə vəziyyəti daha da ağırlaşdıracaq.

Ermənistan müxalifətinin baş nazir vəzifəsinə əsas namizədi olan Vazgen Manukyan da ölkədə iqtisadi vəziyyətin fəlakət həddində olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu, həm büdcənin icrası, həm ÜDM-in, investisiyaların həcminin azalması, həm də ərazi itkiləri sahəsində görünür. Onun sözlərinə görə, 100 min hektara yaxın əkin sahəsi (Azərbaycanın vaxtilə işğal olunmuş əraziləri nəzərdə tutulur - red.), 315 min hektar yaşıllıq sahəsi, 15 su-elektrik stansiyası və 100 meqavat enerji itirilib.

Eyni zamanda o, heç bir normal iş adamının Ermənistana əhəmiyyətli sərmayə qoymayacağını qeyd edərək, real investisiyalar olmadan ölkənin indiki son dərəcə əlverişsiz vəziyyətdən çıxa bilməyəcəyini söyləyib: "Ermənistan daim hərbi əməliyyatların bərpa təhlükəsi olan qeyri-sabit ölkədir. Ermənistana investisiyanı yalnız etnik erməni olan biznesmen qoya bilər, o da gəlir əldə etmək üçün yox, yalnız milli mənsubiyyətinə görə. Bu cür investisiyalarda onlar üçün əhəmiyyətli bir risk payı var. Bu cür investisiyalar böyük həcmdə ola bilməz buna görə vəziyyəti hansısa bir şəkildə dəyişə bilməz”.

 

 

Əsgər valideynləri Anna Akopyanı qəbul etmək istəmirlər

 

 

Ermənistan ordusunda döyüş qeyri-döyüş şəraitində ölən əsgər anaları isə hökumət binası qarşısında etiraz aksiyası keçirirlər. Amma bu da nəticə vermir. Əsgər anaları bildirirlər ki, övladları Ermənistan Müdafiə Nazirliyinin "Bu mənəmproqramının qurbanıdırlar: "Kasıb ailələrin oğulları bu proqram əsasında Qarabağda xidmət etməyə göndərildi. Bu proqram varlıların, imkanlıların oğullarının çətin yerlərdə xidmət etməsinin qarşısını aldı”.

Bu arada Ermənistanda bir neçə həftədir baş nazirin həyat yoldaşı Anna Akopyan parlamentin vitse-spikeri Lena Nazaryan ölən əsgərlərin ailələrini ziyarət edirlər. Bu hadisəni dövlət mediasının geniş miqyasda işıqlandırması göstərir ki, hakimiyyət nümayəndələri həlak olmuş əsgərlərin kədərini siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Amma Anna Akopyanın ölən əsgərlərin valideynlərini ziyarət etmək məsələsində ciddi problemlərin olduğu ortaya çıxıb. Öldürülən əsgər valideynləri Akopyanı qəbul etmək istəmirlər. Səbəb A.Akopyan da daxil olmaqla mövcud hakimiyyətdəkilərin xalqın faciələri üzərində oyun qurmasıdır.

"Politik.am” saytının yazdığına görə, ölən əsgərin analarından biri əlaqə saxlayaraq dedi ki, A.Akopyanın nümayəndəsi onunla görüş təşkil etmək üçün müraciət edib: "Mən görüşə qarşı çıxmadım, ancaq ziyarətin işıqlandırılmamasını, fotoşəkillərin və videoların yayılmamasını istədim. Bu xahişimdən sonra həmin adamdan xəbər çıxmadı. Anladım ki, onlar dərdimizi anlamaq üçün çalışmırlar”.

Nəşr yazır ki, A.Akopyan həlak olan əsgərlərin hesabına özünü reklam etmək istəyir: "Əsgər anası deyir ki, kədərimizi yalnız kameralar qarşısında görmək istədikləri üçün özümü çox pis hiss edirəm. Belə bir qadın ayağını evimə basa bilməz. Digər valideynlərə də müraciət edirəm ki, vəziyyətdən asılı olmayaraq kədərlərindən istifadə etmələrinə icazə verməsinlər”.

Bütün bunlar qarşıdakı dövr ərzində Ermənistanı heç də sakit günlərin gözləmədiyini əsaslandırır. Görünən odur ki, hazırda ölkədə iqtidar rəsmiləri yalnız populist çıxışlarla camaatın könlünü almaq istəyirlər. İnsanlar bunları görüretiraz edirlər. Elə bu fonda da Ermənistanda ictimai-siyasi vəziyyət sürətlə gərginləşir.

 

 

Elçin CƏFƏROV

Azərbaycan.-2020.- 17 dekabr.- S.1;4.