İnkişafın Naxçıvan nümunəsi

 

Müstəqil Azərbaycan tərəqqi yolunda əmin addımlarla irəliləyir. Ölkəmizin inkişafını təmin edən amil isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Uğurlu inkişaf siyasəti, həmçinin genişmiqyaslı islahatlar vətəndaş məmnunluğunu artırır. Eyni zamanda əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən addımlar Azərbaycanın gücünün artmasına, milli həmrəyliyin güclənməsinə xidmət edir. AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Siyavuş Novruzov bildirib.

 

 

Muxtar respublika sürətli inkişaf yolunda

 

 

Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanın bütün regionları kimi, Naxçıvan Muxtar Respublikası da uğurla inkişaf edir, qarşıya qoyulan hədəflər reallaşdırılır. Ümumiyyətlə, Naxçıvanın tənəzzüldən xilas olaraq inkişaf yoluna çıxmasının əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub. 1990-cı illərin əvvəlində olduqca gərgin və mürəkkəb şəraitdə olan muxtar respublika Ulu Öndərin misilsiz xidmətləri nəticəsində böyük uğurlar qazanıb. 1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən Vasif Talıbovun rəhbərliyi ilə görülən işlər blokada şəraitində olan Naxçıvanın nailiyyətlərini davamlı edib.

Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı və təhlükəsizliyi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Ötən il Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovu qəbul edərkən qeyd etdi ki, "Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik”. Dövlət başçısı həmçinin Naxçıvanın ixrac potensialının gücləndirilməsi, bərpa olunan enerji gücünün artırılması və ordu quruculuğu ilə bağlı vacib məqamlara toxundu. Təbii ki, bu istiqamətdə görülən işlər, həyata keçirilən layihələr hədəflərə çatmağa imkan verməklə yanaşı, Naxçıvanın gələcək inkişafında mühüm rol oynayacaq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən tədbirlərin nəticəsi kimi, muxtar respublika iqtisadiyyatının dayanıqlı inkişafı təmin olunub, əhalinin rifah halı daha da yaxşılaşıb. Muxtar respublika ərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, müasir standartlar əsasında təhsil müəssisələri, sağlamlıq ocaqları tikilibya əsaslı təmir olunub, respublika əhəmiyyətli və bütün kənd yolları yenilənib, yüksəksəviyyəli infrastruktur quruculuğu həyata keçirilib, fasiləsiz elektrik, qazsu təminatı yaradılıb. Bütün bunlar inkişaf və tərəqqinin bariz nümunəsidir. Eyni zamanda bir sıra istehsal sahələrində məhsul istehsalının həcminin artması, investisiya fəallığının güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi muxtar respublikanın iqtisadi dayaqlarını xeyli möhkəmləndirib.

 

 

Görülən işlər vətəndaş məmnunluğunun artmasına xidmət edir

 

 

 

 

Siyavuş Novruzov vurğulayıb ki, görülən işlər həm də muxtar respublikanın simasını köklü surətdə dəyişib. Quruculuq və abadlıq işləri olaraq mütəmadi şəkildə yeni parklar salınır, inzibati binalar, o cümlədən məktəblər uşaq bağçaları, səhiyyə ocaqları, idman obyektləri, modern üslubda, lakin milliyerli memarlıq xüsusiyyətləri nəzərə alınmaqla yüksək zövqlə inşa edilib vətəndaşların ixtiyarına verilir. Bütün obyektlər müasir kommunikasiya, o cümlədən yüksək sürətli internetlə tam təmin edilib.

Bunlarla yanaşı, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi əsas prioritet sahələrdəndir. Ən mühüm məsələlərdən biri odur ki, kəndlərdə ticarət və xidmət obyektləri daxil olmaqla, hər cür zəruri infrastrukturun yer aldığı nümunəvi kənd mərkəzləri yaradılıb. Habelə kəndlərdə yaşayan əhalinin məşğulluğu təmin edilib. İnsanların kənd təsərrüfatı ilə məşğul olmaları, bol məhsul əldə etmələri üçün şərait yaradılıb. Şübhəsiz ki, bütün bu işlər vətəndaş rahatlığı və məmnunluğunun artmasına xidmət edir.

 

 

Naxçıvan əhalisi gələcəyə böyük inamla baxır

 

 

"Bir sözlə, Naxçıvan bu gün Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı, həmçinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən uğurlu fəaliyyət sayəsində öz intibah dövrünü yaşayır. Naxçıvan əhalisi gələcəyə böyük inamla baxır və bugünkü nailiyyətləri gələcək inkişafın təminatçısı kimi görür.

Ən mühüm məsələlərdən biri odur ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın parlaq qələbə qazanması Naxçıvanın da inkişafı və təhlükəsizliyi baxımından xüsusi önəmə malikdir. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın mətninə nəzər saldıqda Türkiyə ilə Azərbaycanı, eyni zamanda Türkiyə ilə Rusiyanı birləşdirən ən qısa quru yolu olacaq Naxçıvanla gediş-gəliş koridorumuzun olması xüsusilə diqqəti cəlb edir. Təbii ki, bu, regional, həm də qlobal əhəmiyyətli uğurdur. Bu yoldan bütün region faydalanacaq, çünki Çindən Avropaya qədər kommunikasiya yolu formalaşdırılacaq və bu, böyük iqtisadi perspektiv vəd edir. Türkiyədən Orta Asiyaya gedən yüklər də daha qısa vaxtda ünvanına çatmış olacaq ki, bu da regionda əməkdaşlığın dairəsinin genişlənməsinə təkan verəcək. Beləliklə, Naxçıvanın blokadadan azad olunması gələcək inkişaf baxımından çox böyük önəm daşıyır.

İnanırıq ki, muxtar respublika bundan sonra da inkişaf yolunda əmin addımlarla irəliləyəcək. 25 il əvvəl Ali Məclisin sədri seçilən və Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən cənab Vasif Talıbova bu yolda yeni uğurlar arzulayırıq”, - deyə Milli Məclisin komitə sədri qeyd edib.

 

Azərbaycan.-2020.- 17 dekabr.- S.3.