“Ağdama atamın hənirini duymağa gedəcəm”

 

Amil Cavadovun nakam xatirələri, yaşanmamış uşaqlığı, nisgilli həyat hekayəsi...

 

 

Əyilib, zümzüməylə axan çaydan bir ovuc su götürdü və barmaqlarının arasından süzülərək sürətlə yenidən çaya qovuşmağa can atan şıltaq damcıların arxasınca uzun-uzadı biixtiyar baxmağa başladı...

İlahi, bu çay, bu mənzərə, bu hiss, uşaq gülüşləri, uzaqdan onu haraylayan doğma səs...

Axı hara idi bura, kimin idi bu səs?

Bəs çayın qıvrım ləpələrindən ona gülümsəyən bu uşağı haradan tanıyırdı?

Hafizəsini ələk-vələk eləməyə, həmin uşağı xatırlamağa çalışdı...

Və... yaşadığı bu qısa anın məngənəsində çox uzaqlara, on illərin o üzünə qayıtdı...

Halbuki o, cidd-cəhdlə yaddaşından çıxarmağa çalışdığı anlara qayıtmaq istəmirdi. İstəmirdi uşaqlıq günlərinə bir daha dönsün...

Sanırdı ki, taleyinin ən kədərli hissəsi həmin uşaqlıq illəri ilə bağlıdır...

Amma elə indi, elə bu dəqiqədəcə, 27 ildən sonra doğma Ağdamına ayaq basanda, Xaçınçayın sevinclə onu salamlayan şaqraq nəğməsi yenidən qulaqlarını sığallayanda yanıldığını, səhv düşündüyünü anlamışdı...

Demə, ən sevincli çağları, xoşbəxt günləri də elə burada qalıbmış...

Demə, Ağdamlı bəxtəvər günləri yarımçıq deyilmiş, başdan-başa atasının varlığıyla dolu imiş...

 

 

Onu digər köçkün uşaqlardan ayıran başqa bir talesiz qismət də var idi

 

 

O da uşaqlığı əlindən alınmış on minlərlə məcburi köçkün uşaqdan biri idi. Uşaqlığının ilk pilləsini ən çox dünyaya göz açdığı Ağdam şəhərini və ata yurdu olan Əliağalı kəndindəki qanlı-qadalı müharibə illəri ilə, əzablar və çətinliklərlə xatırlayır. Yaddaşına ömürlük həkk olunmuş dəhşətli mənzərələrdən biri isə, ermənilərin açdığı atəşdən qorunmaq üçün, anasının kiçik qardaşını belinə şəlləyərək onun və böyük qardaşının əlindən tutub evlərinin arxasındakı arxın içərisində gizlənmək üçün necə həyəcanla qaçması idi... Ümumiyyətlə, 1988-1993-cü illər ərzində bütün Qarabağ eli kimi Əliağalı kəndi əhalisinin günləri də bu cür can sınağı ilə keçirdi...

Amma onu digər köçkün uşaqlardan ayıran başqa bir talesiz qismət də var idi. O, çətin ömür yolunda atasız irəliləmək kimi ağrılı bir yazıya da sahib olmuşdu. Və bütün bunlara görə idi ki, hər zaman uzaq durmaq istəyirdi o illərdən... Bilirdi ki, yenidən yaşadığı ağrıları hiss edəcək, çarəsizcə zamanı durdurmağa çalışacaq, "kaş ki” deyə heyifsilənəcəkdi...

 

Amma heyhat...

 

Beləcə, bir qərinəlik nisgillə, ürəyində dağa dönən kədərlə yaşamağa çalışmış, uşaqlığını yaşamadan böyümüşdü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Amil Cavadov...

Amma indi Ağdama səfər edəndə, Əliağalı kəndinin girişində dağın döşündəki doğma yurd yerlərinə sarı baxması belə bəs etmişdi ki, ürəyində gəzdirdiyi çalın-çarpaz dağlara məlhəm çəkilsin, "Mən daha köçkün deyiləm”, söyləyərək sevinclə o günlərə qanad açsın...

 

 

 

"Ata, məni qoyub heç hara getmə” deyə bir uşaq ağlayırdı...

 

 

Uca dağlardan baş götürüb coşaraq axan Xaçın çayının sahilində qədim bir kənddə məskən tutmuşdu qoca Kolanı eli. Yazda, yayda düzənləri, ormanları yamyaşıl zümrüdə bürünən bu kəndin qışı da bir ayrı ecazkar olurdu. Təbiət örtüyə bürünür, çaylar donur və bacalardan çıxıb göylərə uzanan tüstü dumanı yerlə-göy arasında yaranan sehrli çubuğa bənzəyirdi. Bu füsunkar yurdda, dağın döşündə sıra ilə düzülmüş evlərdən biri də Rafiq müəllimin idi. Öz əlləri ilə yenicə tikmişdi bu yuvanı övladları üçün və səhərdən-axşama qədər qayğısız uşaq səsləri evi başına götürürdü...

- Əslimiz Ağdamın Kolanı elindən, Əliağalı kəndindəndir. Babam Hacı Cavadov Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdu, qayıdandan sonra isə Əliağalı kənd orta məktəbində rus dili müəllimi kimi fəaliyyət göstərmişdi. 1991-ci ildə rəhmətə gedən Hacı babam kəndimizdəki məzarlıqda dəfn edilmişdi.

Atam Rafiq Cavadov isə radiofizik idi. Bakı Kondisioner Zavodunun Ağdamdakı filialında işləyirdi və işğala yaxın illərdə də oranın direktoru kimi fəaliyyət göstərirdi. Atamın işi ilə əlaqədar biz də bir müddət Ağdam şəhərində yaşadıq, orada görkəmli tarzənimiz Ramiz Quliyevin evində qalırdıq. Elə atam da musiqiyə könül verənlərdən idi, hərdən görürdün iş görə-görə pəsdən muğamlarımızı oxuyur, xalq mahnılarımızı zümzümə eləyir...

Əliağalıda da atam öz əlləri ilə yeni bir ev tikmişdi. Atam uşaqları çox sevirdi, əlində nə işi də olsa, mütləq bizə vaxt ayırırdı. Yadımdan heç çıxmır, o, səhərlər işə gedəndə qapının ağzında durub arxasınca ağlayırdım ki, heç yerə getməsin, bizimlə qalsın...

Bu, həmin vaxtlar ermənilərin kəndimizə açdığı atəş nəticəsində yaşadığımız qorxu ilə bağlı idi, yaxud çox az bir müddətdən sonra atama ömürlük həsrət qalacağımın məşum hissi idimi, deyə bilmərəm...

Çünki təkcə Ağdamda olduğumuz zaman deyil, məcburi köçkünlük illərində, Bərdədə də atamın arxasınca çox ağlayırdım, onu yanımdan heç hara buraxmaq istəmirdim... Elə atam da məndən ayrı qalmaq istəmirdi, hara getsə özü ilə aparırdı...

Bəlkə də bu sözlərim digər qardaşlarım Ramillə Vüqarın xətrinə dəyəcək, amma hiss edirdim ki, atam məni dünyada hər kəsdən çox istəyir...

 

 

 

 

Gecənin ölüm güllələri səhərlər Amil və qardaşının oyuncağına çevrilirdi

 

 

Adətən, insan uşaqlıq dövrünü xatırlayanda, daha çox onda xoş xatirələri canlanır. Amma o, heç zaman uşaqlığını xoş xatırlaya bilmir, daha çox müharibə illəri yadına düşürdü. Əliağalı kəndi Fərrux dağına və eyniadlı kəndə yaxın yerləşdiyi üçün mütəmadi olaraq atəşə tutulurdu. Onların evi isə dağın döşündə, hündürdə olduğuna görə daha çox atəş altına düşürdü. Anasının gecələr pəncərəyə qalın örtük bağlayaraq çölə işıq düşməsini əngəlləməsi indiki kimi yadındadır, çünki işıq düşəndə ermənilər ora atəş açırdılar.

Evin divarlarına dəyib yerə tökülən ölüm güllələri isə səhərlər Amil və qardaşının oyuncağına çevrilirdi.

- 1993-cü ildə el-obamızdan birdəfəlik didərgin düşərək Bərdə şəhərinə gəldik və qohumlarımızın evində müvəqqəti məskunlaşdıq. Daha sonra orada pambıq zavodu üçün nəzərdə tutularaq tikilmiş bir binaya köçdük. Demək olar ki, həmin bina quru divarlardan ibarət idi, nə damı vardı, nə qapısı, nə pəncərəsi, nə işığı, nə də suyu. Biz sellofanla, adyalla birtəhər qapı-pəncərəni örtüb orada yaşamağa başladıq.

Suyu çox uzaq məsafədən daşıyıb gətirirdik. Qışda soyuq, yayda istidən əzab çəkirdik. Ümumiyyətlə, o dövrdə bütün ölkə təxminən bu vəziyyətdə idi, amma məcburi köçkünlər üçün ikiqat çətin idi yaşam şəraiti...

Atamı isə maddi yoxluqlardan daha çox mənəvi əzablar sıxırdı. O, el-obasına çox bağlı adamıydı. Yadımdadır, elə həftə olmazdı ki, çadır düşərgəsinə gedib öz elliləri ilə görüşməsin, onlarla söhbət etməsin. Həmişə məni də özü ilə aparırdı.

Onu da deyim ki, atam da öz atasına inanılmaz sevgi ilə bağlı idi. Onun məzarını ziyarət edə bilməməsi dəhşətli dərəcədə sıxırdı onu. Buna görə də oralara bələd şəxslərlə bərabər bir neçə dəfə gizlincə kəndimizə getmişdi, babamın məzarını ziyarət etmiş, evlərinə dəyib onun fotolarını, dərs dediyi zaman lentə alınmış səs yazısını götürüb gətirmişdi. Bir sözlə, atam heç buralara isinişə bilmirdi, elə hey doğma Ağdamına, kəndinə, atasının uyuduğu məkana qayıtmaq istəyirdi...

 

 

Uşaqlığın son günü

 

 

1996-cı ilin 3 fevralı isə bu məcburi köçkün ailəsinə başqa bir soyuqla, ömürboyu sazağını iliklərində hiss edəcəkləri şaxta ilə ayaq basdı. Həmin gün balaca Amil qardaşları ilə birgə televiziya qarşısında uşaqlıqlarının son anına yaxınlaşdıqlarından xəbərsiz cizgi filmi izləyirdilər. Ocaqda yanan axırıncı kösöv də söndüyü üçün evi buz kəsmişdi. Həyətdən isə atasının yardığı odunun taqqıltısı gəlirdi. Və qəfildən bu taqqıltını anasının "Rafiq...” deyə tükürpədici bir səslə nalə çəkməsi əvəzlədi...

Bundan sonrakı hadisələr o qədər tez və sürətli baş verdi ki, uşaq yaddaşına, sadəcə, xırda və ağrıdıcı parçalar olaraq həkk olunub qaldı...

Ağ xalatlı həkim gəldi, sonra çıxıb getdi...

Anası nalə çəkirdi...

Bir az sonra qonşular, qohumlar gəldi, atasının üzünü örtmüşdülər, anası ağlayırdı, daha sonra atasını çiyinlərinə götürüb hara isə apardılar, sonra onsuz qayıtdılar...

Anası hələ də nalə çəkirdi (və bu nalə heç bitməyəcəkdi) ...

Balaca Amil isə bütün bu olub bitəni dərk edə bilmirdi, atasının tezliklə gələcəyini gözləyirdi, ölümün insafsız üzünə hələ bələd deyildi...

- Atamızı çox erkən, 39 yaşında itirdik, o, infarktdan, ürəktutmasından vəfat etmişdi. Onda böyük qardaşımın 11, mənim 9, kiçik qardaşımın isə 7 yaşı var idi.

İçərimizdəki ən talesiz uşaq isə bacım idi, ona atamın üzünü belə görmək qismət olmadı. Günel atam rəhmətə gedəndən cəmi bir ay sonra, martda dünyaya gəlmişdi...

İndi də düşünürəm ki, bəlkə də atam öz yurdundan köçkün düşməsəydi, heç bu qədər erkən həyata vida etməzdi...

Bəlkə də...

 

 

Bərdə bazarında mağazalarda çalışırdıq, fəhləlik edirdik

 

 

- Atamdan sonra ailəmizin yaşam mübarizəli günləri başladı. Təbii ki, yaxınlarımız, xüsusilə də əməyi üzərimizdə böyük olan, bizə ata əvəzi olan Natiq əmimizin köməyini daim üzərimizdə hiss etmişik. Amma böyük bir ailənin qayğılarını qarşılamaq üçün hər birimiz bu yükün ağırlığına çiyin verməli idik. Buna görə mən də 6-cı sinifdən etibarən yay tətilində, bəzən də gecələr işləməyə başladım. Qardaşımla bərabər müxtəlif yerlərdə, Bərdə bazarında mağazalarda çalışırdıq, fəhləlik edirdik.

Xatırlayıram, bazarla qaldığımız evin arasında böyük məsafə var idi, amma biz günorta yeməyi üçün piyada evə gedib-gəlirdik ki, artıq pul xərcləməyək, əvəzində evə nə isə alaq. Təbii ki, 6-7-ci sinifdə oxuyan uşaqlar idik, bizim də ürəyimiz nə isə istəyirdi, amma onu almırdıq. Burada söhbət təkcə yeməkdən getmir. Hətta illər sonra uşaqlıqda arzuladığım hansısa bir əşyaya sahib olsam da, onun varlığı, illər əvvəl ürəyimdə yer eyləyən o acı hissi silə bilməyib. Ən çox da başqa uşaqları ataları ilə görəndə, ürəyim sızlayırdı, istəyirdim mənim də atam burada olsun. Görürdüm ki, onlar hansısa çətinliyə düşəndə ataları gəlirdi, amma mənim gözüm yolda qalırdı...

Atamı itirəndə anamın cəmi 29 yaşı vardı. Məcburi köçkünlük bir tərəfdən, məişət qayğıları, digər tərəfdən, üstəlik də həyat yoldaşını itirmək ağır zərbə oldu ona... Anam özü də ata-anasını erkən itirmişdi və qardaşı böyütmüşdü onu. Elə bu baxımdan da atamı həm də özünün arxa-dayağı bilirdi. Arxa-dayağı itirmək onun üçün ağır zərbə olmuşdu və mən də bunu hiss edirdim, görürdüm...

İndi ailəyə başçılıq etmək, övladlarına həm analıq, həm atalıq etmək kimi ağır bir yük düşmüşdü üzərinə. Amma o, hər çətinliyə rəğmən, ocağını sönməyə qoymadı, övladlarını böyütmək, qayğısına qalmaq, qorumaq kimi çox çətinliklərin öhdəsindən gəldi, bir növ atamın vəsiyyətini yerinə yetirmiş oldu...

 

 

Atam çox istəyirdi ki...

 

 

 

- Atam çox istəyirdi ki, biz təhsil alaq. Bərdədə Laçın rayonu Ağanus kənd orta məktəbində oxuyurdum. O dövrdə bütün ölkədə vəziyyət çətin idi, amma xüsusilə məcburi köçkünlər ikiqat çətinlik yaşayırdılar. Təbii ki, 1996-cı ildən sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə inkişaf etməyə başladı, tərəqqi yoluna qədəm qoydu. Getdikcə dövlətimiz tərəfindən məcburi köçkünlərə də hər cür kömək göstərildi, həyat şəraitləri yaxşılaşdırıldı.

Amma köçkünlüyün ilk illərində belə deyildi. Siniflərimiz acınacaqlı vəziyyətdə idi: partalar, oturacaqlar sınıq-salxaq, nəmişlik, qışda soyuq. Yəni ağır şəraitdə təhsil almışıq. Çox vaxt məktəb paltarlarımızı əmim Bakıdan alıb göndərirdi, həmçinin UNİCEF təşkilatı müəyyən yardımlar edirdi, dəftər-kitab ləvazimatları verirdi. Eyni zamanda başqa dövlətlərdən paltar yardımları gəlirdi. Görürdün ki, birinin paltarı əyninə böyük olurdu, birininki balaca, amma istənilən halda uşaqlar həmin geyimləri birtəhər geyinib məktəbə gəlirdi, təhsilini davam etdirməyə çalışırdı. Xüsusilə də məktəbin direktoru Ağayar müəllimin tələbkarlığı, təhsilimizə diqqət yetirməsi, bizə həyat yolu göstərməsi sayəsində çətinliklərə baxmayaraq yolumuza davam etmişik, təhsilimizi yarımçıq qoymamışıq.

Mən də cidd-cəhdlə oxumağa çalışırdım. Hətta 11-ci sinfi bitirənə kimi sinif nümayəndəsi olmuşam, 2004-cü ildə isə məktəb üzrə ən yüksək bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşam. Universitetdə də çalışırdım ki, seçilən tələbələrdən olum. 4 il ərzində Fakültə Həmkarlarının sədri oldum, müxtəlif uğurlarım oldu. Təhsilimi bitirdikdən sonra isə hərbi xidmətə yollandım. Daha sonralar isə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsilimi davam etdirdim.

 

 

 

 

İl iş fəaliyyətinə Ağdamda başladım

 

 

- İlk iş fəaliyyətimə könüllü olaraq Ağdam rayonunda başlamaq istədim. Buna görə də Quzanlı qəsəbəsində Yeni Azərbaycan Partiyasının Ağdam Təşkilatında təlimatçı kimi işə başladım. Qısa müddətdən sonra isə YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri oldum. 2009-2013-cü illərdə Ağdamda işlədiyim müddətdə rayonun ictimai-siyasi həyatında aktiv iştirak etməyə çalışmışam. O dövrlərdə böyük tədbirlər həyata keçirirdik, hətta ora xaricdən də gəncləri dəvət edirdik. Cənab Prezidentin sərəncamı ilə salınmış qəsəbələrdə məskunlaşmış məcburi köçkünlərin həyatı ilə onları yaxından tanış edirdik, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Qarabağ münaqişəsi barədə həqiqətləri çatdırırdıq. Hətta Qarabağ Gənclərinin ilk Forumunu da Quzanlıda keçirdik.

Ağdamdakı iş həyatım, həm də xatirimdə ona görə çox yaxşı qalıb ki, o dövrdə gənclər birliyinin sədri olaraq cənab Prezident İlham Əliyevlə 3 dəfə görüşmək imkanı əldə etmişəm. Birinci Ağdamda, ikincisi Şəki şəhərində, üçüncü görüş isə Tərtərdə oldu. Tərtərdə Gənclər Evinin açılışında olan görüşdə ağdamlı gənc olaraq Qarabağ problemləri ilə bağlı Prezidentin qarşısında çıxış etdim. Yadımdadır ki, Qarabağla bağlı qaldırdığım məsələ ilə əlaqədar cənab Prezident də çıxış etdi. Dövlət başçımızın oradakı çıxışı hər bir azərbaycanlı gənc üçün proqram xarakterli idi və demək olar ki, bizim ondan sonrakı fəaliyyətimiz həmin çıxış istiqamətində odu.

Onu da vurğulayım ki, Ağdamda işlədiyim müddətdə həm də xeyli dəyərli insanla dost olmaq imkanı qazandım. Bir dəfə mənə dedilər ki, elliniz olan bir nəfər Ağdamda hərbi hissəyə komandir təyin olunub. Çox keçmədən onunla tanış oldum, həmin insan "Murov qartalı” Raquf Orucov idi. O, bizim ailəmizi, atamı, babamı yaxşı tanıyırdı. Həmin tanışlıqdan sonra hərbi hissədə də çox tədbirlərimiz olurdu, həmçinin Quzanlıda keçirdiyimiz tədbirlərdə də hərbçilərimiz çox iştirak edirdi.

Raquf Orucovun şəhid olması ilə mən həm də dəyərli bir ellimi, dostumu itirmiş oldum...

 

 

Ali Baş Komandan zəfəri ilə bütün ağrı-acıları, nisgilli günləri geridə qoydu

 

 

 

- 2013-cü ildən sonra isə iş fəaliyyətim Bakı şəhəri ilə bağlı oldu. Yeni Azərbaycan Partiyasının sədr müavin-icra katibi Əli Əhmədovun böyük etimadı ilə partiyanın ideologiya şöbəsində çalışmağa başladım. Bu şöbəyə rəhbərliyi partiyanın icra katibinin müavini Mübariz Qurbanlı edirdi. Bir müddətdən sonra Mübariz müəllim Dini Qurumlarla İş üzə Dövlət Komitəsinə sədr təyin olunanda, mən də həmin komitədə fəaliyyətə başladım. Hörmətli Əli müəllim, Mübariz müəllim həyatıma müsbət töhfələr verdilər, uğur qazanmağımda əsl ağsaqqal dəyanəti göstərdilər və ömrümə əks etdirdikləri bu izlərə görə onlara daim borcluyam...

Heydər Əliyev dövlətçilik xəttini, Prezident İlham Əliyevin siyasi kursunu birmənalı əqidə yolum kimi illər boyudur müəyyənləşdirmişəm. Bu yola inanmışam, güvənmişəm və sədaqət göstərmişəm və məhz bu yol da bizi Qarabağa, məni Ağdama qaytarıb...

Iş həyatına başlayana qədər məcburi köçkünlüyə, atamın yoxluğuna görə çox çətinliklər çəkdim, amma bəlkə də elə bu çətinliklərdən güc alaraq həyatda irəliləməkdən vaz keçmədim. Atamın məni görmək istədiyi kimi təhsilli, elinə, obasına layiqli bir insan kimi yetişməyə çalışdım.

Və indiyə qədər çalışdığım qurumlarda gənclərə göstərilən diqqət və qayğı, onların qabiliyyətlərinin yüksək qiymətləndirilməsi, mənim də məqsədlərimə daha asan nail olmağıma şərait yaratdı.

İndi bilirəm ki, atamın da ruhu şaddır. O, rəhmətə gedəndə hamımız körpə idik. Həmin vaxt onun qəbri üstünə gedəndə fərqli, daha ağrılı hisslər keçirirdik. Amma indi tamam başqa əhvalla gedəcəyik o məzarın üzərinə və deyəcəyik ki, "ata, gözün arxada qalmasın, artıq sənin Ağdamın da, Əliağalın da azaddır, daha babamın da məzarı əsir deyil, indi onun da ruhu şaddır...

Bu qələbəyə, sevincə görə dövlət başçımıza minnətdaram. Mən bunu daha məcburi köçkün olmayan biri kimi deyirəm. Cənab Prezident bu uğuru, zəfəri ilə, danışdığım bütün bu ağrı-acıları, nisgilli günləri geridə qoydu, sanki onları yaşamamış kimi oldum.

Eyni zamanda ordumuza, qəhrəman əsgərlərimizə təşəkkür edirəm, canını bu torpaq uğrunda fəda edən şəhidlərimizin uca ruhu qarşısında baş əyirəm.

Ermənilərin 1988-ci ildən başladıqları təcavüzkarlıq siyasəti 1993-cü ildə torpaqlarımızın işğalı ilə nəticələnmişdi. Amma o 5 il ərzində də xalqımız qəhrəmanlıqla mübarizə apardı, onların işğalçı siyasətinə qarşı əliyalın vuruşdu. Birinci Qarabağ müharibəsində 20 mindən çox şəhidimiz oldu, demək olar ki hər nəsildən, evdən şəhid verdik. Bu gün həmin şəhidlərimizin də qanı yerdə qalmadı, onların da qisası alındı.

Artıq əminəm ki, bir daha o ağrılı-acılı günlərə qayıtmayacağıq və Qarabağda doğulan uşaqların heç biri bizim taleyimizi yaşamayacaq...

 

 

Xaçın çayın sularıyla axan birömürlük xatirələr

 

 

Beləcə, qaynaya-qaynaya axan Xaçın çayın suları kimi bir ömürlük xatirələri də anidən beynindən süzülüb keçmiş, taleyinin dolanbac cığırlarıyla yenidən geriyə dönmüş, acılı-şirinli yaşantıları ilə üzləşmişdi, gülümsəmiş, sevinmiş, bəzən üzülmüş, qaysaq bağlayan yaraları göynəmişdi...

Və elə bu zaman doğma bir səs onu çağırmışdı, başını qaldıraraq Əliağalıda dağın döşündə sıralanan yurd yerlərinə baxmışdı...

Uzaqdan, evlərinin kandarında durub gülümsəyərək ona əl edən atasını görəndə isə illərdir ürəyində yığılıb qalan həsrət damlalarının gözlərindən biixtiyar süzülərək Xaçın çayın sularına qarışıb axmasına mane ola bilməmişdi Amilin...

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2020.- 17 dekabr.- S.5.