Neftçaladakı Xıllı Nərə Balıqartırma Zavodu uğurlarını artırır

 

Sovetlər birliyi zamanında Neftçala rayonunda nərə cinsli balıqların yetişdirilməsi və nərə balığı məhsullarının emal edilməsi ilə məşğul olan müəssisələr adla tanınırdı.

Emal müəssisələrində istehsal edilən qara kürü, habelə nərə cinsli balıqlar SSRİ-nin digər yerlərində hazırlanan eyni məhsullardan keyfiyyəti, dadı-tamı ilə fərqlənirdi. Bu da onunla izah edilir ki, Kür çayının şirin suyu məhz burada - Neftçalada Xəzərə tökülür və balıqların nəsilvermə zamanı həmin əraziyə gəlməsi onlarda belə bir keyfiyyət dəyişikliyi yaradır.

Deyilənə görə, Neftçalada emal edilən qara kürü hətta Kremlə də göndərilirmiş. Lakin sovetlər birliyi süquta uğradıqdan sonra bütün sahələrdə olduğu kimi, balıqçılıq sənayesində də xoşagəlməz hallar baş verdi. Balığın ovlanmasında mövcud olan qayda-qanunlar ortadan götürüldü. Ayrı-ayrı adamlar dənizin sahilini, sututarları zəbt etdilər, qanunsuz ov alətləri ilə balıq ovu apardılar. Standarta uyğun gəlməyən, yeməyə belə yaramayan, çəkisi 300-400 qramlıq nərə cinsli balıqların bazarlarda piştaxta üzərinə yığıldığını görəndə təəssüf və təəccüb hissi adamı bürüyürdü. Axı həmin balıqlar bir neçə ildən sonra süfrələrin bəzəyi, ləzzəti ola bilərdi. Hələ onlardan alınacaq qara kürünü demirik. Mütəxəssislər deyirlər ki, qara kürü iqtisadiyyatımızın inkişafına ciddi təsir etmək imkanına malikdir, ölkəyə külli miqdarda valyuta gətirə bilər.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra iqtisadiyyatın bütün sahələrində olduğu kimi, balıqçılıq sənayesində yaranan tənəzzülün də qarşısının alınması və sahənin inkişaf etdirilməsi məqsədilə tədbirlər görməyə başladı. 1998-ci ildə Dünya Bankının vəsaiti ilə Neftçala rayonunun Xıllı qəsəbəsində təməli qoyulan Nərəbalıqartırma zavodu həmin tədbirlərdən biri idi.

Yüngül konstruksiya ilə inşa edilən müəssisə 2003-cü ilin oktyabr ayında istifadəyə verildi. Həmin vaxt cənab İlham Əliyev Baş nazir idi və prezidentliyə namizəd kimi Neftçala rayonu seçiciləri ilə görüşə gəldiyi gün zavodun açılışı mərasimində də iştirak etdi.

O vaxtdan 17 il keçib. Həmin müddətdə burada milyonlarla nərə cinsli balıq körpəsi yetişdirilib.

Bu günlərdə müəssisədə olduq, işlərin gedişi ilə maraqlandıq. Zavodun direktoru Elşad Əhmədovun dediklərindən məlum oldu ki, müəssisə əsasən nərə cinsli balıqların 4 növünün - bölgə, nərə, kələmo və uzunburun adlanan balıqların artırılması ilə məşğuldur. 79 nəfərin çalışdığı zavodda indiyədək 76 milyon nərə cinsli balıq yetişdirilib, standart ölçüyə və kütləyə, yəni 1 - 1,2 qrama çatdırıldıqdan sonra Kür çayının Xəzərə qovuşduğu yerdə suya buraxılıb.

Sürfələrin alınması və yetişdirilməsi prosesi belə aparılır: ovlanmış nərə cinsli törədici balıqlar xüsusi nəqliyyat vasitəsilə zavoda daşınır, bundan sonra cinsi yetişkənlik həddinə çatmış balıqlar müvafiq hormonal preparatlarla inyeksiya vasitəsilə stimullaşdırılır. Növbəti mərhələdə müvafiq üsullarla kürünün alınması, mayalanması, inkubasiya prosesi, yaranan sürfələrin böyüdülməsi həyata keçirilir. Bu əməliyyatlar üçün xüsusi sexlər mövcuddur. Dünya standartlarına uyğun avadanlıqlarla təchiz edilmiş həmin sexlərdə texnoloji proseslərə ciddi əməl olunur. Hovuzlarda suyun tərkibi, hərarəti, balıqların yemlənməsi rejimi qaydaları və digər məsələlər diqqət mərkəzində saxlanılır. Laboratoriya və sexlərdə gigiyena, təmizlik, səliqə-sahman ümumi işin başlıca hissəsi kimi qəbul edilmişdir. Hər bir mütəxəssis və fəhlə zavodun daxili qaydaqanununa məsuliyyətlə yanaşır.

 

Xəzərdə nərəcinslilərin kəskin şəkildə azalmasını nəzərə alaraq 2004-cü ildən, yəni zavod fəaliyyətə başlayandan bir il sonra burada ana balıqların yetişdirilməsi, gələcəkdə onlardan kürü alınması ön plana çəkilib. Bu məqsədlə də təmir-törədici fond yaradılıb. İndi müəssisədə müxtəlif yaş qrupuna mənsub olan 7 min 500-dən çox balıq mövcuddur.

Balıqlar üçün yem məsələsi də həll olunub. Əvvəllər bu sahədə mövcud olan çətinliklər indi yoxdur. Neftçala Sənaye Məhəlləsində balıq yemi hazırlayan sex müxtəlif komponentlərdən ibarət keyfiyyətli yem hazırlayır və mütəxəssislər onun keyfiyyətindən razılıq edirlər.

Zavodun fəaliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həmişə diqqət mərkəzindədir. Nazir Muxtar Babayev son illər 4 dəfə zavoda baş çəkmiş, işlərin gedişi ilə maraqlanmış, müəssisəyə lazımi əməli köməklik göstərmişdir. 2019-cu ildə IDEA, habelə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndə heyəti birlikdə zavodda olmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirak etdiyi tədbir zamanı nərə cinsli sürfələr Kür çayına buraxılmışdır.

Həyata keçirilən tədbirlər deməyə əsas verir ki, görülən işlər nəticəsində respublikamızda nərə cinsli balıqların istehsalı ildən-ilə artırılacaq. Bu isə öz növbəsində yerli əhalinin keyfiyyətli balıq məhsullarına tələbatını ödəməklə yanaşı, ixraca da imkan verəcək, qeyri-neft sektorundan daxil olan xarici valyutanın əhəmiyyətli dərəcədə artımına şərait yaradacaq.

Məlumat üçün bildirək ki, Neftçala rayonunun Kürboyu sahilində digər iki nərəbalıqartırma zavodunda aparılan təmir-bərpa işləri artıq başa çatmaq üzrədir.

 

Seyran CAVADOV

Azərbaycan.-2020.- 17 dekabr.- S.6.