"Xalqın Sizə və rəhbərlik
etdiyiniz Orduya güvəni sonsuzdur"
Prezidentə yazırlar:
Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları göndərməkdə davam edirlər. Onlar Vətən müharibəsində
qazandığımız tarixi Qələbəni böyük
sevinc və qürur hissləri ilə qarşıladıqlarını
bildirir, dövlətimizin başçısına təşəkkür
edirlər.
Milli.Az Prezidentin saytına istinadla həmin məktubların
bəzilərini təqdim edir.
Həbib
Fətəliyevdən, Bakı, Azərbaycan
Hörmətli
Prezidentimiz.
Dünyada Sizin kimi müdrik lider, təmiz qəlbli Ali Baş
Komandan görmədim. Bizim üçün Sizdən qüdrətli
rəhbər, Prezident yoxdur. Buna görə
də mən və ailə üzvlərim Sizə "Azərbaycanın
Milli Qəhrəmanı" fəxri adının verilməsini
və ömürlük Prezidentimiz olmağınızı istəyirik.
Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
Fətəliyev Həbib Tofiq oğlu.
Azərbaycan
Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
XXX
Rövşən
Məmmədovdan, Sabirabad, Azərbaycan
Cənab
Müzəffər Ali Baş Komandan.
Bu yaxınlarda 44 gün davam edən və böyük Qələbəmizlə
nəticələnən Vətən müharibəsini
yaşadıq.
Qazandığımız Qələbəyə
görə Sizə, əsgər və zabitlərimizə minnətdarlığımı
bildirirəm.
Sizin uzaqgörən fəaliyyətiniz, qətiyyətiniz,
cəsarətiniz haqqında nəinki xalqımız, hətta
aparıcı ölkələrin mediaları da yüksək
fikirlər ifadə edirlər. Siz göstərdiyiniz qətiyyətə,
apardığınız uzaqgörən siyasətə,
düşmən üzərində qazandığınız
Qələbəyə görə "Azərbaycanın Milli
Qəhrəmanı" adına layiqsiniz.
Tanrı
Sizi qorusun! Tanrı Azərbaycanımızı qorusun!
Hörmətlə,
Məmmədov Rövşən Rahib oğlu.
Azərbaycan
Respublikası, Sabirabad rayonu, Dadaşbəyli kəndi.
XXX
Musa
İsmayılovdan, Ağdam, Azərbaycan
Cənab
Müzəffər Ali Baş Komandan.
Bir qarabağlı olaraq Sizə dərin təşəkkürümü
bildirirəm.
Siz təkcə torpaqlarımızı
yağı düşmən tapdağından təmizləmədiniz,
həm də bizim vicdanımızı, şərəfimizi təmizlədiniz.
Dünyasını dəyişmiş
bütün qarabağlıların ruhunu şad etdiniz. Bütün dünyaya Azərbaycanın
gücünü göstərdiniz.
Cənab
Prezident, tarix boyu baş verən bütün müharibələrdə
ordudan yayınma halları baş vermişdir. Lakin
Sizin Komandanlıq etdiyiniz bu Vətən müharibəsində
əksinə oldu, döyüşə getmək istəyən
könüllülərin çoxluğu sübut etdi ki,
xalqın Sizə və rəhbərlik etdiyiniz Orduya güvəni
sonsuzdur. Otuz il işğal altında
qalan torpaqlarımız verilən düzgün əmrlər,
mükəmməl döyüş taktikası və
uzaqgörən siyasətiniz nəticəsində azad edildi. Siz təkcə Ermənistanla mübarizə
aparmadınız, onların havadarlarını da
susdurmağı bacardınız. Siz 44
gün diplomatiya masasında da savaşdınız. Sizinlə qürur duyuram. Seçkilərdə
Sizə səs verdiyim üçün xoşbəxtəm.
Cənab
Prezident, qarabağlılar adından son bir istəyimiz də
var ki, Sizə "generalissimus" hərbi rütbəsi
verilsin. Çünki Siz ən ali fəxri
adlara, rütbələrə layiq şəxsiyyətsiniz. Ömrümüzün sonunadək Sizə borcluyuq.
Allah Sizi xalqımızın başının
üstündən əksik etməsin.
Hörmətlə,
İsmayılov Musa Hüseyn oğlu.
Azərbaycan
Respublikası, Ağdam şəhəri.
XXX
Xəlil
Məmmədovdan, Kürdəmir, Azərbaycan
Qəhrəman
Prezidentim.
Siz
televiziya vasitəsilə xalqımızı, eləcə də
biz məcburi köçkünləri
torpaqlarımızın işğaldan azad olması münasibətilə
təbrik etdikdə təəssüf ki, bizim də həmin an Sizi təbrik edib,
gözaydınlığı vermək imkanımız olmur. Sizin xalqımız üçün etdiklərinizin
qarşısında söz tapıb demək çox çətindir.
Əgər nə zamansa Sizinlə
qarşılaşsam, düşmənə qarşı əks-hücum
əməliyyatı əmri verdiyiniz üçün əllərinizdən
öpəcəyəm. Çünki Siz
bizim kimi məcburi köçkünləri el töhmətindən
qurtardınız.
Cənab
Prezident, Siz müraciətlərinizin birində dediniz ki,
"Şuşasız işimiz yarımçıq qalar".
İstərdim ki, Şuşanın girişində Sizin qızıldan heykəliniz
ucaldılsın və gəlib-gedənlər Sizin qəhrəman
olduğunuzu görsünlər. Düşünürəm
ki, bu heykəl Sizin zəhmətinizin
heç olmasa qismən qarşılığı olar.
Sonda Sizi bağrıma basıb öpürəm, Sizə
uzun ömür, cansağlığı və daimi Prezidentimiz
olmağınızı arzulayıram.
Hörmətlə,
Məmmədov Xəlil Cəmil oğlu, Cəbrayıl
rayonundan məcburi köçkün.
Azərbaycan
Respublikası, Kürdəmir rayonu, Carlı kəndi.
XXX
Aytac
Əzimovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycan xalqına misli görünməyən tarixi
və şərəfli Qələbə
yaşatdığınız üçün vətəndaş
cəmiyyətinin bir üzvü kimi mənim də sevincimin həddi
hüdudu yoxdur.
Apardığınız
məqsədyönlü siyasət nəticəsində
güclənən Azərbaycan Ordusu tərəfindən mənfur
düşmən üzərində qazanılan şanlı Qələbəni
dəstəkləyən qardaş Türkiyə ilə
yanaşı, bu Zəfəri həzm edə bilməyən,
gözü götürməyən bəzi qüvvələr
də mövcuddur. Otuz ilə yaxın müddətdə
Azərbaycanın dilbər guşəsi Qarabağın
işğaldan qeyd-şərtsiz azad olunması məsələsində
dünya birliyi Azərbaycanı dəstəkləsə də,
bu müddətdə üzərinə düşən vəzifəni
yerinə yetirmək istəməyən bəzi qüvvələrin
indiki şanlı Qələbəmizə məyusluğu
gözlənilən idi.
Cənab
Müzəffər Ali Baş Komandan, Siz dünya diplomatiya
tarixinə yazılan, açıq və milli maraqlara əsaslanan
siyasətinizlə Qarabağın Azərbaycan torpağı
olmasını və Azərbaycanın razılığı
olmadan Dağlıq Qarabağla bağlı hər hansı qərarın
qəbulunun mümkünsüzlüyünü faktlarla
sübut etdiniz. Ən müasir hərbi
texnologiyaların tətbiq olunduğu və hibridliyinə
görə fərqlənən Vətən müharibəmizdə
uğur qazanan müzəffər Ordumuzun intellektual
texnologiyalarla təchizatı hərbi sahədə
apardığınız islahatların nəticəsidir.
Məhz Sizin siyasətinizdən ruhlanan minlərlə Azərbaycan
gənci könüllü olaraq orduya yazıldı. Sizin rəhbərliyinizlə
müzəffər Ordumuz 44 gün ərzində 30 ilin həsrətinə
son qoyaraq düşməni diz çökdürdü. Bununla da Azərbaycan öz gücünü
bütün dünyaya göstərdi, tarixi ədalət bərpa
olundu.
Biz xoşbəxtik, çünki
varlığımız ümidlə doludur. Biz əminik
ki, Azərbaycan xalqına məxsus bir qarış, bir zərrə
torpaq da bundan sonra heç vaxt yadların təcavüzünə
məruz qalmayacaq, Vətənimizə göz dikən olarsa,
amansızlıqla susdurulacaq və məhv ediləcək.
Bu tarixi Qələbənin böyük əhəmiyyəti
və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən
həmişə yüksək dəyərləndiriləcək,
tarixdə əbədi qalacaq və heç vaxt unudulmayacaq.
Qazanılan şanlı Qələbə münasibətilə
bir daha Sizi təbrik edir, xalqımıza bəxş etdiyiniz
sevincli günlərə görə Zati-alinizə dərin təşəkkürümü
bildirirəm.
Allah Sizi
və Azərbaycanımızı qorusun! Qələbə
bizimdir! Qarabağ Azərbaycandır!
Dərin
hörmət və ehtiramla,
Əzimova
Aytac
Azərbaycan
Respublikası, Bakı şəhəri.
XXX
Anar
Qarayev, Yevlax, Azərbaycan
Cənab
Prezident, Müzəffər Ali Baş Komandan!
Mən Sizə Yevlax gəncləri adından müraciət
edirəm. 44
gün davam edən böyük Vətən müharibəsi Sizin rəhbərliyiniz ilə rəşadətli
Ordumuzun Qələbəsi ilə başa çatdı. Bu qələbə
Sizin güclü iradənizin sayəsində
əldə edildi. Sizə olunan müxtəlif
basqılara baxmayaraq güclü siyasi iradə nümayiş
etdirdiniz və bu iradə bizlərə ümummilli lider Heydər
Əliyevi xatırlatdı. Ümummilli
liderimiz Heydər Əliyev sizə çox
inandığını və Azərbaycanı uğurlu gələcəyə
aparacağınızı demişdi. 2003-2020-ci
illər ərzində siz ümummilli liderimizin dediklərinin həqiqətən
də doğru olduğunu sübut etdiniz və bizim buna
heç şübhəmiz yox idi. Vətən
müharibəsində 2783 şəhidimiz oldu. Bütün şəhidlərimizin ruhları
qarşısında baş əyirik. Əziz
Prezidentimiz, həmişə biz gənclər Sizi dəstəkləyəcəyik.
Siz Azərbaycan xalqını işıqlı gələcəyə
aparırsınız. Biz Sizi
ömürlük prezidentimiz görürük. Siz adınızı tarixə qızıl hərflərlə
yazdınız. Sizə uzun ömür can
sağlığı arzu edirik. Siz ümummilli
liderimiz Heydər Əliyevin yolunu davam etdirdiyiniz kimi Sizin
oğlunuz Heydər Əliyevin də sizin yolunuzu davam etdirəcəyinə
şübhə etmirik. Heydər Əliyev
irsinin əbədi yaşayacağına əminik. Bu irs Azərbaycan xalqını xilas etdi və əbədi
yaşamağa layiqdir.
Hörmətlə,
Qarayev Anar Saleh oğlu, Azərbaycan Dövlət Pedaqoji
Universitetin tələbəsi.
Azərbaycan
Respublikası, Yevlax şəhəri, Ərəş kəndi.
XXX
Rafiq
Hümbətovdan, Tbilisi, Gürcüstan
Hörmətli
cənab Prezident,
Əvvəla, Sizi, müzəffər Azərbaycan Ordusunu və xalqımızı şanlı Qələbə münasibətilə təbrik edirik. Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Sizin müdrik rəhbərliyiniz, əsgər və zabitlərimizin misilsiz şücaətləri sayəsində ədalətin təntənəsi və Qarabağın işğaldan azad olunması bütün dünya azərbaycanlıları kimi, Gürcüstan azərbaycanlılarının da hədsiz sevincinə səbəb olub. Əlbəttə, biz Gürcüstan sakinləriyik və yaşadığımız ölkənin sadiq vətəndaşlarıyıq. Bununla belə, biz azərbaycanlıyıq, damarlarımızda azərbaycanlı-türk qanı axır, doğma vətənimiz Gürcüstan kimi, milli vətənimiz Azərbaycanın da dərdi dərdimiz, sevinci sevincimizdir. Təbii ki, müharibənin getdiyi 44 gün ərzində Gürcüstanda yaşayan soydaşlarımız da birləşərək bir can oldular, Azərbaycanımızın haqlı mübarizəsində həmrəyliklərini göstərdilər, çoxminli dəstək mitinqləri keçirdilər, yerli icmamız 60-dək qeyri-hökumət təşkilatı ilə birgə bəyanat imzalayaraq, Gürcüstan rəhbərliyinə, Gürcüstanda yerləşən diplomatik nümayəndəliklərə, beynəlxalq təşkilatların Tbilisidəki təmsilçiliklərinə təqdim etdi, ayrı-ayrı şəxslər və təşkilatlar Qərbi Avropa dövlətlərinin parlamentlərinə müxtəlif məzmunlu yüzlərlə məktub ünvanladılar. Bərdə, Tərtər və Gəncənin bombalanmasına, dinc sakinlərin həlak olmasına etirazlarını bildirdilər, aksiyalar keçirdilər. Bu 44 gün ərzində həm də televizor ekranları qarşısında sonsuz həyəcanla Sizin müjdəli xəbərinizi gözlədik, işğaldan azad edilən hər məntəqənin adını eşitdikcə ürəkləndik, qürur duyduq, təsirli anlar yaşadıq. Nəhayət, ən möhtəşəm müjdəni - qədim Şuşanın işğaldan azad olunması xəbərini noyabrın 8-də Şəhidlər xiyabanından bəyan etdiniz. İki gün sonra isə Ermənistanın kapitulyasiya etməsi, Azərbaycanımızın düşmən üzərində parlaq Qələbə çalması xəbərini də ilk olaraq Sizdən eşitdik. Otuz ilə yaxın gözlənilən bu Qələbənin şərəfinə Gürcüstanın ayrı-ayrı bölgələrində qurbanlar kəsildi, ziyafətlər, tədbirlər təşkil olundu, şəhidlərimizin əziz xatirəsinə ehsanlar verildi. Bu ildırımsürətli müharibədə əslən Gürcüstandan olan yüzlərlə əsgərimiz də döyüşüb. Son məlumatlara görə, onlardan 16 nəfər şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Hörmətli cənab Prezident, bu parlaq Qələbəyə, qaytarılan milli qürurumuza, özünəinamımıza, 30 ilə yaxın yağı tapdağında inildəyən əzəli və əbədi Azərbaycan torpaqlarında üçrəngli müqəddəs bayrağımızı ucaltdığınıza görə Sizə və qəhrəman Azərbaycan Ordusuna ürəkdən təşəkkür edirik.
Məhz Sizin uzaqgörən və müdrik siyasətiniz Ali Baş Komandan kimi mahir sərkərdəliyiniz sayəsində xalqımız bu Zəfəri yaşadı. Dekabrın 10-da keçirilən Zəfər Paradı isə Sizin "Qarabağ Azərbaycandır və nida" kəlamınıza əbədi bir nida qoydu. Uca Tanrı Sizi, Azərbaycanımızı və bütün azərbaycansevərləri qorusun.
Hörmətlə,
Hümbətov Rafiq
Gürcüstan, Tbilisi şəhəri
Azərbaycan.-2020.- 16 dekabr.- S.2.