Sizin necə məharətli diplomat və sərkərdə olduğunuzu bütün dünya gördü

 

Dövlət başçısına minnətdarlıq

 

Möhtərəm cənab Prezident!

 

Sizi Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyinizə və Qarabağı düşmən işğalından azad etdiyinizə görə, şanlı bayrağımızı Şuşaya sancdığınıza görə səmimi-qəlbdən təbrik edirəm.

Atanız, Ulu Öndər Heydər Əliyev 59 yaşında Şuşada Molla Pənah Vaqifə möhtəşəm bir abidə ucaltmışdı. Siz də 59 yaşınızda həm Vaqifin abidəsini və Azərbaycanın müqəddəs şəhəri sayılan Şuşanı yenidən bu millətə qaytardınız. Həm atanızın, həm də Qarabağ uğrunda döyüşlərdə şəhid olanların ruhunu şad etdiniz.

Atam Məmməd Araz həmişə inanırdı ki, Siz Azərbaycan bayrağını Şuşada dalğalandıracaqsınız. Bu gün mənim atamın da ruhu şaddır. Bütün Azərbaycan xalqı buna inanırdı və Sizbunu öz sərkərdəlik qabiliyyətinizlə həyata keçirdiniz.

44 günlük Vətən müharibəsi dövründə həm xarici jurnalistlərə verdiyiniz müsahibələr, həm də xalqa müraciətləriniz Sizin necə məharətli diplomat və sərkərdə olduğunuzu bütün dünyaya sübut etdi. Və nəhayət, Zəfər günü münasibətilə keçirdiyiniz möhtəşəm parad və paraddakı çıxışınız dünya ictimaiyyətinə bir mesaj idi.

 

Möhtərəm cənab Prezident!

 

Siz 50 illik yubileynizi Ağcabədidə Taxtakörpü qəsəbəsində torpağından didərgin düşmüş laçınlılarla bir yerdə keçirdiniz.

Arzu edirəm və həm də inanıram ki, bu tək mənim arzum yox, bütün xalqın arzusudu, 60 illik yubileyinizi Şuşada bütün şuşalılarla, bütün qarabağlılarla və bütün azərbaycanlılarla birgə keçirəsiniz! Və millətlə qol-qola bir yerdə yallı gedəsiniz!

Bir daha Sizi, xalqımızın sevimlisi, ömür-gün yoldaşınız Mehriban xanımı və bütün ailə üzvlərinizi Məmməd Araz ailəsi adından təbrik edir, uzun ömür, cansağlığı və dövlətçiliyimiz uğrunda apardığınız mübarizədə uğurlar arzulayıram!

Tanrı Sizi qorusun!

Tanrı millətimizi qorusun!

Qarabağ Azərbaycandır!”

 

 

Hörmətlə:

Məmməd Arazın ailəsi adından

İradə TUNCAY

"Ədalətqəzetinin baş redaktoru,

Əməkdar journalist

Azərbaycan.-2020.- 16 dekabr.- S.13.