İnsan orqan və
toxumalarının donorluğu və transplantasiyası
haqqında
Azərbaycan
Respublikasının Qanunu
Bu Qanun Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında
insan orqanlarının və toxumalarının (bundan sonra -
orqanlar) donorluğunun və onların transplantasiyasının
hüquqi əsaslarını, donorların, resipiyentlərin,
orqan transplantasiyası sahəsində fəaliyyət göstərən
tibb müəssisələrinin və tibb işçilərinin
hüquqlarını və vəzifələrini müəyyən
edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.
1-ci fəsil
Ümumi
müddəalar
Maddə 1. Əsas anlayışlar
1.1. Bu
Qanunda istifadə edilən əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:
1.1.1. insan orqanları - şəxsiyyətin xarakterik
xüsusiyyətlərini müəyyən etməyən
anatomik struktur vahidi;
1.1.2. insan toxumaları - insan orqanının eyni mənşəyə,
quruluşa və funksiyaya malik hüceyrə və hüceyrəarası
maddələr qrupu;
1.1.3. donor orqan - müalicə məqsədilə bir
insandan digərinə köçürülən orqan və
ya toxuma;
1.1.4. insan orqanlarının transplantasiyası (bundan
sonra - transplantasiya) - sübutlu təbabətə əsaslanan
bütün digər müalicə üsulları effekt vermədikdə
insan həyatının xilas edilməsi və
sağlamlığının bərpası üçün
cərrahiyyə əməliyyatı aparmaqla xəstəliyi
olan şəxsdə olmayan və ya funksiyasını
itirmiş orqanların donordan alınmış orqanlarla əvəz
edilməsi;
1.1.5. orqan donorluğu - donor orqanların transplantasiya
məqsədilə canlı insandan, yaxud meyitdən
götürülməsi, donorun diaqnostik müayinəsi,
ölümdən sonra donorluq zamanı donor orqanların
funksionallığının təmin edilməsi, donor
orqanların saxlanması və daşınması, idxalı və
ixracı üzrə fəaliyyət;
1.1.6. donor - orqanları transplantasiya məqsədi ilə
götürülən canlı insan, yaxud meyit;
1.1.7. canlı donor - öz orqanlarını xəstəliyi
olan şəxslərə transplantasiya məqsədilə
könüllü olaraq verən tam fəaliyyət qabiliyyətli
on səkkiz yaşına çatmış (sümük iliyi
və kök hüceyrələri istisna olmaqla) şəxs;
1.1.8. meyit donor - orqanları transplantasiya məqsədilə
götürülən, bioloji ölüm və ya beynin
bütün funksiyalarının tam dayanması və
geridönməz prosesləri qeydə alınmış (bundan
sonra - beyin ölümü) bir yaşına
çatmış şəxs;
1.1.9. resipiyent - müalicə məqsədilə
donor orqanı köçürülən şəxs;
1.1.10. məlumatlandırılmış
razılıq - donorun, resipiyentin və ya onların qanuni
nümayəndəsinin donor orqanların götürülməsi
və transplantasiya barədə könüllü qərar qəbul
etdiyini, müalicənin məqsədləri və faydası,
müalicə tədbirlərinin həcmi, metodu, ehtimal olunan
risklər, həmçinin müalicədən imtina və
onun dayandırılması imkanı barədə ona təqdim
edilmiş məlumatı başa düşdüyünü
forması müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən,
bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan halda
notarial qaydada təsdiq olunmuş ərizə ilə bildirməsi;
1.1.11. resipiyentin gözləmə vərəqəsi
- transplantasiya məqsədi ilə uçota
götürülən resipiyentlərin növbəli
siyahısı;
1.1.12. ksenotransplantasiya - heyvan orqanlarının insana
köçürülməsi;
1.1.13. əlaqələndirici qurum - orqan donorluğu və
transplantasiyanın təşkili və əlaqələndirilməsini
həyata keçirən dövlət qurumu.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan
Respublikasının Ailə Məcəlləsində,
"Əhalinin sağlamlığının qorunması
haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan
Respublikasının digər normativ hüquqi aktlarında
müəyyən olunmuş mənaları ifadə edir.
Maddə 2. Orqan donorluğu və transplantasiya haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
Orqan donorluğu və transplantasiya haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, "Əhalinin
sağlamlığının qorunması haqqında” Azərbaycan
Respublikasının Qanunundan, bu Qanundan, digər normativ
hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən
ibarətdir.
Maddə 3. Bu Qanunun tətbiq dairəsi
3.1. Bu Qanun Azərbaycan Respublikasının vətəndaşlarına,
Azərbaycan Respublikasının ərazisində daimi
yaşayan əcnəbilərə, vətəndaşlığı
olmayan şəxslərə, habelə orqan donorluğu və
transplantasiya ilə məşğul olan tibb müəssisələrinə
şamil olunur.
3.2. Orqan
donorluğu və transplantasiyaya dair bu Qanunla müəyyən
edilmiş tələblər insan toxumalarının
donorluğu və transplantasiyasına da şamil olunur.
3.3. Bu Qanun reproduksiya vasitələrinə və bu məqsədlə
istifadə edilən orqanlara, onların hissələrinə və
(və ya) toxumalara (yumurta hüceyrələri, sperma,
yumurtalıq, xaya və ya embrion), eləcə də qan və
onun komponentlərinə şamil edilmir.
Maddə 4. Orqan donorluğu və
transplantasiyanın əsas prinsipləri
4.1. Orqan
donorluğu və transplantasiya qanunçuluq, humanizm,
könüllülük, həmrəylik, şəfqət və
təmənnasızlıq prinsiplərinə əsaslanır.
4.2. Orqan
donorluğu və transplantasiya zamanı meyit donorun cəsədinə
ehtiramlı münasibət göstərilməsi, meyit donorun
qohumlarına münasibətdə resipiyentin, resipiyentə və
onun qohumlarına münasibətdə meyit donorun anonimliyinin
qorunması prinsiplərinə riayət olunmalıdır.
Maddə 5. Orqan donorluğu və transplantasiyanın təşkili
sahəsində dövlətin vəzifələri
5.0. Orqan
donorluğu və transplantasiyanın təşkili sahəsində
dövlətin vəzifələri
aşağıdakılardır:
5.0.1. orqan donorluğu və transplantasiya sahəsində
dövlət siyasətinin müəyyən edilməsi, habelə
normativ hüquqi aktların işlənib hazırlanması və
qəbul edilməsi;
5.0.2. orqan donorluğu və transplantasiya sisteminin
inkişafına yönəldilmiş tədbirlərin işlənib
hazırlanması və həyata keçirilməsi;
5.0.3. transplantasiya məqsədilə donor
orqanların götürülməsi, saxlanması,
daşınması və təhlükəsizliyinin təmin
edilməsi də daxil olmaqla, orqan donorluğu prosesinin təşkili
və əlaqələndirilməsi;
5.0.4. tibb müəssisələrində donor
orqanların transplantasiyası metodu ilə tibbi yardımın
göstərilməsinin təşkili;
5.0.5. orqan donorluğu və transplantasiya ilə
bağlı "Əhalinin sağlamlığının
qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilmiş qaydada keyfiyyətə nəzarətin
və tibbi fəaliyyətin təhlükəsizliyinin təmin
edilməsi;
5.0.6. orqan donorluğu və transplantasiya sahəsində
innovativ yeniliklərin tətbiqi, elmi-tədqiqat və beynəlxalq
əməkdaşlıq fəaliyyətinin əlaqələndirilməsi;
5.0.7. orqan donorluğu və transplantasiya haqqında əhalinin
məlumatlandırılmasının təmin edilməsi;
5.0.8. orqan donorluğu və transplantasiya prosesinin
monitorinqinin aparılması;
5.0.9. orqan donorluğu və transplantasiyanın həyata
keçirilməsi zamanı vahid uçotun aparılması və
bu məqsədlə Donorlar, resipiyentlər və donor
orqanların vahid dövlət informasiya bazasının (bundan
sonra - vahid dövlət informasiya bazası) yaradılması;
5.0.10. donor orqanların transplantasiyası metodu ilə
müalicə zərurətinin təcililik statusuna dair
meyarların müəyyən edilməsi.
Maddə 6. Donor orqanların və toxumaların siyahısı
6.1.
Canlı donordan transplantasiya məqsədilə yalnız
böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin
bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik
bağırsağın bir hissəsi, dərinin bir hissəsi,
sümük iliyi, kök hüceyrələr
götürülə bilər.
6.2. Meyit
donordan transplantasiya məqsədilə ürək, ağciyər
(ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər,
mədəaltı vəzi, mədə, bağırsaqlar,
uşaqlıq, yuxarı və aşağı ətraflar,
sümüklər, dəri-fassiya-əzələ kompleksi və
onların seqmentləri, sümük iliyi, gözün buynuz
qişası və kök hüceyrələri
götürülə bilər.
6.3. Azərbaycan Respublikasında ksenotransplantasiya (elmi-tədqiqat
işləri istisna olmaqla) qadağandır.
Maddə 7. Donor orqanların götürülməsini və
transplantasiyasını həyata keçirən tibb müəssisələri
7.1.
Canlı və ya meyit donordan donor orqanların
götürülməsi, hazırlanması, saxlanması,
daşınması, idxalı və ixracı siyahısı
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilmiş dövlət tibb müəssisələrində,
habelə "Lisenziyalar və icazələr haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq lisenziya almış
özəl tibb müəssisələrində (lisenziyanın
əlavəsinə uyğun olaraq) həyata keçirilir.
7.2. Donor
orqanların transplantasiyası siyahısı müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən təsdiq edilən
ixtisaslaşdırılmış tibb müəssisələrində
həyata keçirilir.
Maddə 8. Donor orqanların götürülməsi,
hazırlanması, saxlanması, daşınması və
transplantasiyası
Donor orqanların götürülməsi,
hazırlanması, saxlanması, daşınması və
transplantasiyası müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) müəyyən
etdiyi qaydada həyata keçirilir.
2-ci fəsil
Orqan
donorluğu və transplantasiyanın təşkili
Maddə 9. Orqan donorluğu və transplantasiyanın təşkili
və əlaqələndirilməsi
9.1. Orqan
donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsi
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) yaratdığı əlaqələndirici
qurum tərəfindən həyata keçirilir.
9.2.
Əlaqələndirici qurum orqan donorluğu və
transplantasiya ilə bağlı informasiya təminatını
həyata keçirir, o cümlədən tibb müəssisələrindən
məlumatların toplanılmasını təmin edir, vahid
dövlət informasiya bazasını aparır, donor orqanların
resipiyentlərə verilməsi
ardıcıllığını təmin edir, habelə orqan
donorluğu və transplantasiya sahəsində fəaliyyəti
koordinasiya edir.
9.3.
Əlaqələndirici qurum orqan donorluğu və
transplantasiya fəaliyyətini həyata keçirə bilməz.
Maddə 10. Orqan donorluğu və transplantasiya
sistemi
10.0. Orqan
donorluğu və transplantasiya sisteminə
aşağıdakılar daxildir:
10.0.1. müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum);
10.0.2. əlaqələndirici qurum;
10.0.3. vahid dövlət informasiya bazası;
10.0.4.
Orqan donorluğu və transplantasiyası üzrə etika
komissiyası.
Maddə 11. Transplantasiya üzrə koordinator
11.1. Orqan
donorluğu və transplantasiya sahəsində işlərin əlaqələndirilməsi
və monitorinqin aparılması donor orqanın
götürülməsini və transplantasiyanı həyata
keçirən tibb müəssisələrinin transplantasiya
üzrə koordinatoru tərəfindən həyata
keçirilir.
11.2.
Transplantasiya üzrə koordinator ali və
ya orta ixtisas tibb təhsilli mütəxəssisdir.
11.3.
Transplantasiya üzrə koordinator:
11.3.1. tibb müəssisəsinə müraciət
etmiş resipiyent haqqında məlumatı vahid dövlət
informasiya bazasına daxil edir və uyğun donor
tapıldıqda bu Qanunun 11.3.6-cı maddəsində nəzərdə
tutulmuş tədbirləri görür;
11.3.2. meyit donorun orqanlarından transplantasiya məqsədi
ilə istifadə edilməsi barədə
sağlığında razılıq verməsi, yaxud imtina etməsi
barədə məlumatları vahid dövlət informasiya
bazasından əldə edir;
11.3.3. canlı donordan bu Qanunun 17.1-ci maddəsinə
uyğun olaraq məlumatlandırılmış razılıq
alır və həmin məlumatları vahid dövlət
informasiya bazasına daxil edir;
11.3.4. sağlığında donorluq barədə
iradəsini ifadə etməmiş meyit donorun
orqanlarının götürülməsi ilə bağlı
onun bu Qanunun 21.2-ci maddəsi ilə müəyyən
edilmiş qohumlarından razılıq alır və həmin
məlumatları vahid dövlət informasiya bazasına daxil
edir;
11.3.5. tibb müəssisəsində donorun olması
barədə məlumatların vahid dövlət informasiya
bazasına daxil edilməsini təmin edir;
11.3.6. tibbi müayinə və müdaxilələrin
həyata keçirilməsi üçün zəruri olan tədbirlər
də daxil olmaqla, orqan donorluğu ilə bağlı digər
təşkilati tədbirlərin, eləcə də donor
orqanların daşınmasının təşkilində
iştirak edir;
11.3.7. bu Qanunun 7.1-ci və 7.2-ci maddələrində
nəzərdə tutulan tibb müəssisələri ilə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
11.4.
Transplantasiya üzrə koordinator insanın ölüm
anının müəyyən edilməsində, donor
orqanın götürülməsində və
transplantasiyasında iştirak edə, eləcə də
resipiyentlərin maraqlarını təmsil edə bilməz.
Maddə 12. Həkim-transplantoloqun vəzifələri
12.1. Donor
orqanın donordan resipiyentə transplantasiyası,
transplantasiyadan sonra resipiyentin müalicə və
müşahidəsi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq
etdiyi tələblərə cavab verən və bu Qanunun
13.2.10-cu maddəsində nəzərdə tutulan həkim-transplantoloqların
reyestrinə daxil edilmiş şəxslər tərəfindən
həyata keçirilir.
12.2. Həkim-transplantoloqun
vəzifələri aşağıdakılardır:
12.2.1. canlı donoru və resipiyenti hərtərəfli
müayinə etmək, transplantasiyaya göstəriş və
əks-göstərişlərin olub-olmamasını müəyyən
etmək, transplantasiyaya hazırlığı,
transplantasiyanı və transplantasiyadan sonrakı
müşahidəni həyata keçirmək;
12.2.2. transplantasiya və onun mümkün nəticələri
barədə resipiyentə ətraflı məlumat vermək;
12.2.3. canlı donora transplantasiyanın mahiyyəti və
mümkün ağırlaşmalar haqqında ətraflı məlumat
vermək;
12.2.4. donor ailəli olduqda arvadını (ərini) bu
barədə məlumatlandırmaq.
12.3. Həkim-transplantoloq
aşağıdakı hallarda transplantasiyanın həyata
keçirilməsindən imtina etməlidir:
12.3.1. canlı donorun məlumatlandırılmış
razılığı olmadıqda və ya donor hər
hansı bir mərhələdə donor olmaqdan imtina etdikdə;
12.3.2. resipiyentin əsas xəstəliyi və
ümumi vəziyyəti transplantasiya üçün uyğun
olmadıqda;
12.3.3. donorun sağlamlığı transplantasiyaya
uyğun olmadıqda;
12.3.4. bu Qanunun 18.1-ci maddəsinə uyğun olaraq
canlı və ya meyit donorda resipiyentə keçə bilən
təhlükəli xəstəlik olduqda;
12.3.5. canlı donorla resipiyent arasında donor
orqanın alqı-satqısına dair əsaslandırılmış
məlumat olduqda;
12.3.6. bu Qanunun 16.6-cı və 18.4-cü maddələrində
nəzərdə tutulan hallarda.
Maddə 13. Donorlar, resipiyentlər və donor orqanların vahid
dövlət informasiya bazası
13.1. Orqan
donorluğu və transplantasiya fəaliyyətinin təmin edilməsi
məqsədilə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) vahid dövlət informasiya
bazasını yaradır.
13.2. Vahid
dövlət informasiya bazasında aşağıdakı
istiqamətlər üzrə reyestrlər yaradılır:
13.2.1. ölümdən sonra donorluğa
razılıq vermiş şəxslərin reyestri;
13.2.2. ölümdən sonra donorluqdan imtina etmiş
şəxslərin reyestri;
13.2.3. canlı donorların reyestri;
13.2.4. resipiyentlərin reyestri;
13.2.5. sümük iliyi donorluğuna namizədlərin
reyestri;
13.2.6. süni orqan və material
köçürülmüş şəxslərin reyestri;
13.2.7. transplantasiyanı həyata keçirən tibb
müəssisələrinin reyestri;
13.2.8. donor orqanların götürülməsi,
hazırlanması, saxlanması, daşınması, idxalı
və ixracını həyata keçirən tibb müəssisələrinin
reyestri;
13.2.9. transplantasiya üzrə koordinatorların
reyestri;
13.2.10. həkim-transplantoloqların
reyestri.
Maddə 14. Transplantasiyanın zəruriliyi haqqında qərar
14.1. Xəstəliyi
olan şəxsin transplantasiyaya ehtiyacının olub-olmamasını
transplantasiyanı həyata keçirən tibb müəssisəsinin
təşkil etdiyi, tərkibində həkim-transplantoloq olan
transplantasiya üzrə həkim komissiyası müəyyən
edir. Həkim komissiyasının xəstəliyi
olan şəxsin transplantasiyaya ehtiyacının zəruriliyi və
onun resipiyentlərin reyestrinə daxil edilməsi barədə
və ya orqan transplantasiyası üçün tibbi göstərişlərin
olmaması barədə qərarı üç nüsxədən
ibarət protokolla rəsmiləşdirilir. Həkim
komissiyasının qərarının bir nüsxəsi 3
(üç) iş günü müddətində şəxsin
özünə və ya onun qanuni nümayəndəsinə,
bir nüsxəsi əlaqələndirici quruma təqdim edilir
(göndərilir), digər nüsxəsi isə şəxsin
tibbi sənədlərinə əlavə edilir.
14.2. Xəstəliyi
olan şəxsin transplantasiyaya ehtiyacının
olub-olmamasının müəyyən edilməsi
üçün tibb müəssisəsinə göndərişin
forması, tibb müəssisəsinin həkim
komissiyasının qərarının forması müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən təsdiq edilir.
Maddə 15. Resipiyentin gözləmə vərəqəsi
15.1.
Şəxsin transplantasiyaya ehtiyacının zəruriliyi və
onun resipiyentlərin reyestrinə daxil edilməsi barədə
həkim komissiyasının qərarı qəbul edildikdən
sonra tibb müəssisəsi şəxsin yazılı məlumatlandırılmış
razılığını alır və 3 (üç)
iş günü müddətində resipiyentlərin reyestrinə
daxil edilməsi üçün onun adına
resipiyentin gözləmə vərəqəsini tərtib edir.
15.2.
Resipiyentin gözləmə vərəqəsi iki nüsxədə
tərtib olunur, onun bir nüsxəsi resipiyentlərin reyestrinə
daxil edilmək üçün əlaqələndirici quruma
göndərilir, bir nüsxəsi isə resipiyentin
özünə təqdim edilir.
15.3.
Resipiyentin gözləmə vərəqəsinin forması və
tərtib olunması qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.
3-cü fəsil
Canlı
donordan donor orqanın götürülməsi
Maddə 16. Canlı donordan donor orqanın
götürülməsi qaydası və şərtləri
16.1. Digər
tibbi üsullarla və meyit donor orqanları vasitəsi ilə
insan həyatının xilas edilməsi və ya
sağlamlığının bərpası mümkün
olmadıqda resipiyentə canlı donordan donor orqanların
transplantasiyasına yol verilir.
16.2.
Canlı donordan resipiyentə transplantasiyanın
həyata
keçirilməsinin zəruriliyi və
mümkünlüyü transplantasiyanı həyata keçirən
tibb müəssisəsinin təşkil etdiyi, həkim-transplantoloq,
anestezioloq-reanimatoloq və resipiyentin müalicə həkimi,
eləcə də zəruri olduqda digər ixtisaslı həkimlərin
iştirak etdiyi həkim komissiyasının qərarı ilə,
tibbi müayinə nəticələri, o cümlədən
tibbi göstəriş olarsa gen və toxuma tipləndirməsi
nəticələri əsasında müəyyən edilir. Həkim komissiyasının qərarı protokolla rəsmiləşdirilir
və canlı donorun tibbi sənədlərinə əlavə
edilir.
16.3.
Canlı donordan transplantasiya məqsədilə donor orqanın
götürülməsinə həkim komissiyasının qərarında
donor
orqanın götürülməsi nəticəsində
canlı donorun sağlamlığının geriyə dönməyən
pozulmasına, əmək qabiliyyətinin uzunmüddətli
itirilməsinə gətirib çıxaran, əlilliyin müəyyən
olunması ilə nəticələnən ciddi zərərin
dəyməyəcəyi və transplantasiya üçün
tibbi əks göstərişlərin olmaması qeyd
olunduğu halda yol verilir.
16.4.
Canlı donordan transplantasiya məqsədilə donor orqanın
götürülməsinin zəruriliyinə və
mümkünlüyünə dair həkim komissiyasının
qərarının forması müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.
16.5.
Canlı donordan transplantasiya məqsədilə donor
orqanların götürülməsi zamanı
aşağıdakı şərtlərə əməl
olunmalıdır:
16.5.1. canlı donor resipiyentin yaxın qohumu olduğu
halda, qohumluq əlaqəsi müvafiq sənədlərlə təsdiq
olunmalıdır;
16.5.2. yaxın qohum olmayan canlı donordan orqanın
götürülməsi bu Qanunun 29.2-ci maddəsində müəyyən
edilmiş qaydada həyata keçirilir;
16.5.3. canlı donor transplantasiya ilə bağlı
sağlamlığı üçün baş verə biləcək
ağırlaşmaların mahiyyəti ilə tanış
olmalıdır;
16.5.4. canlı donor orqanların götürülməsinə
kənar təsir olmadan, könüllü qərar verdiyinə
dair yazılı şəkildə məlumatlandırılmış
razılığını bu Qanunun 17.1-ci maddəsi ilə
müəyyən edilmiş qaydada bildirməlidir.
16.6. Hər
hansı şəxsi orqanlarının götürülməsinə
məcbur etmək qadağandır.
Maddə 17. Canlı donorun məlumatlandırılmış
razılığı
17.1. Donor
orqanın götürülməsindən əvvəl
canlı donor arvadının (ərinin) və ya digər
yaxın qohumlarının birinin şahidliyi ilə bu Qanunun
1.1.10-cu maddəsində müəyyən edilmiş qaydada məlumatlandırılmış
razılıq ərizəsini yazıb imzalamalıdır. Məlumatlandırılmış razılıq ərizəsinin
forması müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
17.2.
Canlı donor və onun məlumatlandırıl
mış razılığına dair məlumatlar canlı
donorların reyestrinə daxil edilir.
Maddə 18. Canlı donordan donor orqanın götürülməsinə
məhdudiyyət
18.1.
Siyahısı müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq
edilən resipiyentin sağlamlığı üçün təhlükə
törədən xəstəlikləri olan şəxslərdən
transplantasiya məqsədilə orqan götürülməsi
qadağandır.
18.2. 18
yaşına çatmayan şəxsdən transplantasiya məqsədi
ilə orqan və toxumaların (sümük iliyi və kök
hüceyrələr istisna olmaqla) götürülməsi
qadağandır.
18.3. 18
yaşına çatmayan şəxsdən sümük iliyi və
kök hüceyrələrinin götürülməsinə
onun valideynlərinin razılığı ilə yol verilir.
18.4.
Resipiyentin tabeliyində olan və ondan maddi-mənəvi
asılılığı olan şəxslərdən, həbsdə
olan şəxslərdən, daha əvvəl orqan donoru
olmuş şəxslərdən, hamilə qadınlardan,
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş
uşaqlardan, hərbi əsirlərdən, habelə bu Qanunun
18.3-cü maddəsində nəzərdə tutulmuş hal
istisna olmaqla, tam fəaliyyət qabiliyyəti olmayan şəxslərdən
transplantasiya məqsədilə orqan götürülməsi
qadağandır.
18.5.
Canlı donordan transplantasiya üçün cüt orqanlardan
birini, tək orqanlardan isə o miqdarda və həcmdə
götürmək olar ki, donorun həyatı üçün
təhlükə, yaxud onun sağlamlığında bərpa
olunmaz pozuntular yaranmasın.
Maddə 19. Canlı donorun hüquqları və vəzifələri
19.1.
Canlı donorun hüquqları aşağıdakılardır:
19.1.1. tibb müəssisəsindən transplantasiya, o
cümlədən baş verə biləcək
ağırlaşmalar barədə tam və obyektiv məlumat
almaq;
19.1.2. transplantasiya ilə bağlı bu Qanunun 7.1-ci və
7.2-ci maddələrində
nəzərdə tutulan tibb müəssisələrində
müalicə və reabilitasiya olunmaq, daimi dispanser
müşahidəsində olmaq, o cümlədən dərman
vasitələri ilə təmin olunmaq;
19.1.3. istənilən mərhələdə orqan
donorluğundan imtina etmək;
19.1.4. orqanı götürüldükdən sonra
özünə orqan köçürülməsinə
ehtiyac yaranarsa donor orqanla növbədənkənar təmin
olunmaq;
19.1.5. orqan donorluğu ilə əlaqədar əmək
qabiliyyətini müvəqqəti itirdikdə Azərbaycan
Respublikasının Əmək Məcəlləsində nəzərdə
tutulmuş təminatlardan istifadə etmək;
19.1.6. orqan donorluğu ilə əlaqədar əlilliyi
müəyyən edildikdə əmək pensiyası və ya
sosial müavinət almaq.
19.2. Donor
orqanların köçürülməsinə razılıq
verən donor özünün zərərli vərdişləri
və ona məlum olan xəstəlikləri barədə məlumat
verməlidir.
Maddə 20. Donor orqanı götürülmüş canlı donorun
müşahidəsi
Canlı donor donor orqanı götürüldükdən
sonra yaşayış yeri üzrə dövlət tibb müəssisəsində
müşahidəyə götürülür və daimi
dispanser qeydiyyatına alınır. Canlı donorun dispanser
müşahidəsinə dair məlumatlar canlı
donorların reyestrinə daxil edilir və müntəzəm
olaraq yenilənir.
4-cü fəsil
Meyitdən
donor orqanların götürülməsi
Maddə 21. Transplantasiya məqsədilə meyitdən donor
orqanların götürülməsinə razılıq
prezumpsiyası
21.1.
Şəxs sağlığında donor orqanların
transplantasiyasına, tədris və elmi məqsədlərlə
istifadə edilməsinə bu Qanunun 22.1-ci maddəsində nəzərdə
tutulmuş qaydada yazılı razılığını
bildirərsə, ölümündən sonra onun donor
orqanları transplantasiya, tədris və elmi məqsədlərlə
istifadə oluna bilər.
21.2.
Şəxs sağlığında orqan donorluğu ilə
bağlı bu Qanunun 22.1-ci maddəsində nəzərdə
tutulmuş qaydada yazılı razılığını
bildirmədikdə, ölümündən sonra
arvadının (ərinin), onlar olmadıqda yetkinlik
yaşına çatmış övladlarının və ya
valideynlərinin, onlar olmadıqda isə qardaşının
(bacısının) yazılı razılığı ilə
onun orqanlarının transplantasiya, tədris və elmi məqsədlə
götürülməsinə yol verilir.
21.3.
Şəxs sağlığında donorluqdan yazılı
şəkildə imtina etdikdə, ölümündən sonra
onun meyitindən transplantasiya məqsədilə orqanların
götürülməsinə yol verilmir.
21.4. Qəza
və təbii fəlakət nəticəsində beyin
ölümü baş verdikdə sağlığında
donorluqdan yazılı şəkildə imtina etməyən və
razılıq vermək üçün bu Qanunun 21.2-ci maddəsində
göstərilən qohumu olmayan şəxslərin meyitindən
transplantasiya məqsədilə orqanların
götürülməsinə yol verilir. "Məhkəmə
ekspertizası fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq meyitin məhkəmə-tibbi
ekspertizasına zərurət olduqda donor orqanların götürülməsi
transplantasiya üzrə koordinatorun dəvət etdiyi məhkəmə-tibb
ekspertinin iştirakı ilə həyata keçirilir.
Maddə 22. Şəxsin ölümdən sonra transplantasiya məqsədilə
orqanlarının götürülməsinə razılıq
və ya orqanlarının götürülməsindən
imtina barədə iradə ifadəsi
22.1.
Yetkinlik yaşına çatmış tam fəaliyyət
qabiliyyətli şəxsin sağlığında
ölümdən sonra transplantasiya məqsədilə
orqanlarının götürülməsinə
razılığı və ya orqanlarının
götürülməsindən imtinası forması bu Qanunun
22.6-cı maddəsinə uyğun olaraq təsdiq edilən ərizə
ilə rəsmiləşdirilir. Ərizə
vahid dövlət informasiya bazasına daxil edilmək məqsədilə
əlaqələndirici quruma göndərilir.
22.2.
Şəxsin iradə ifadəsi haqqında informasiya onun tibbi sənədlərinə
daxil edilir.
22.3.
Əlaqələndirici qurum şəxsin iradə ifadəsinə
dair ərizəsinin daxil olduğu gündən 7 (yeddi) iş
günü müddətində bu Qanuna uyğun olaraq tərtib
edildiyini yoxlayır.
22.4.
Şəxsin iradə ifadəsinə dair ərizə tam
doldurulmadıqda və ya ərizədə əks olunan məlumatların
dəqiqləşdirilməsi zərurəti olduqda əlaqələndirici
qurum ərizəçiyə həmin
çatışmazlıqların aradan qaldırılması
barədə bildiriş göndərir.
22.5.
Şəxsin ölümdən sonra transplantasiya məqsədilə
orqanlarının götürülməsinə razılıq
və ya orqanlarının götürülməsindən
imtina barədə ərizəsindəki
çatışmazlıqlar aradan qaldırıldıqdan sonra
ərizə vahid dövlət informasiya bazasında müvafiq
olaraq ölümdən sonra donorluğa razılıq
vermiş şəxslərin reyestrinə və ya ölümdən
sonra donorluqdan imtina etmiş şəxslərin reyestrinə
daxil edilir və bu barədə şəxsə bildiriş
göndərilir.
22.6.
Şəxsin ölümdən sonra orqanlarının
transplantasiya məqsədilə götürülməsinə
razılığı və ya orqanlarının
götürülməsindən imtina barədə ərizənin
forması müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 23. Şəxsin donorluqla bağlı iradə ifadəsini dəyişdirməsi
Şəxs ölümdən sonra orqanlarının
transplantasiya məqsədilə götürülməsinə
razılıq və ya orqanlarının götürülməsindən
imtina barədə iradə ifadəsini istənilən vaxt dəyişdirə
bilər.
Maddə 24. Donorun iradə ifadəsinin olması haqqında
informasiyanın məxfiliyinin təmin edilməsi
24.1. Tibb
müəssisəsi və əlaqələndirici qurum şəxsin
ölümdən sonra orqanlarının transplantasiya məqsədilə
götürülməsinə razılığı və ya
orqanlarının götürülməsindən imtina etməsi
barədə iradə ifadəsinin olması haqqında
informasiyanın məxfiliyini təmin etməlidir.
24.2.
Şəxsin ölümdən sonra orqanlarının
transplantasiya məqsədilə götürülməsinə
razılıq və ya orqanlarının götürülməsindən
imtina barədə iradə ifadəsinin olmasına dair məlumatların
yayılması qadağandır.
Maddə 25. Meyitdən transplantasiya məqsədilə orqanların
götürülməsi vaxtının müəyyən edilməsi
25.1.
Meyitdən transplantasiya məqsədi ilə orqanların
götürülməsi yalnız "Əhalinin
sağlamlığının qorunması haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblər
nəzərə alınmaqla bioloji ölümün və ya
beyin ölümünün baş verməsi barədə həkim
konsiliumunun qərarı və tibb müəssisəsinin rəhbərinin
razılığı ilə həyata keçirilir.
25.2.
"Məhkəmə ekspertizası fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq meyitin məhkəmə-tibb ekspertizasının
aparılması tələb olunduqda ekspertiza məhkəmə-tibb
eksperti tərəfindən donor orqanlar götürülərkən
və ya orqanlar götürüldükdən sonra həyata
keçirilir.
25.3.
Bioloji ölüm və beyin ölümü faktının
müəyyən edilməsi barədə qərar donor
orqanın götürüldüyü tibb müəssisəsində
on beş il saxlanmalıdır.
25.4.
Donorun ölüm anının təsdiqində həkim-transplantoloqun
və transplantasiya üzrə koordinatorun iştirakı
qadağandır.
Maddə 26. Meyit donordan götürülənədək donor
orqanların qorunub saxlanmasının təmin edilməsi tədbirləri
Meyit donordan donor orqanlar götürülənədək
onların anatomik və funksional baxımdan qorunub
saxlanmasının təmin edilməsi üçün
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş
qaydada tibbi tədbirlər, o cümlədən donorun
kondisiyalaşdırılması həyata keçirilir.
Maddə 27. Meyit donordan donor orqanların transplantasiya məqsədilə
götürülməsinin aktlaşdırılması
27.1. Meyit
donordan donor orqanların transplantasiya məqsədilə götürülməsi
başa çatdıqdan sonra donorun bədənindən
götürülmüş hər bir orqanla bağlı
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada
üç nüsxədə akt tərtib edilir. Aktın bir nüsxəsi donor orqanların
götürülməsinin həyata keçirildiyi tibb müəssisəsində
saxlanılır, bir nüsxəsi donor orqanla birlikdə
resipiyentin olduğu və transplantasiyasının həyata
keçiriləcəyi tibb müəssisəsinə, digər
nüsxəsi isə əlaqələndirici quruma göndərilir.
27.2. Donor
orqan səyyar cərrahiyyə briqadası tərəfindən
götürüldükdə donor orqanların
götürülməsi haqqında aktın
dördüncü nüsxəsi də tərtib edilərək
səyyar cərrahiyyə briqadasının aid olduğu tibb
müəssisəsinin arxivində saxlanılır.
27.3. Donor
orqanların götürülməsi zamanı onun zədələnməsi
və ya transplantasiya məqsədilə istifadəsini
mümkünsüz edən digər hallar barədə məlumatlar
bu Qanunun 27.1-ci maddəsinə uyğun olaraq tərtib
edilmiş aktda qeyd olunur.
Maddə 28. Meyit donordan götürülmüş donor
orqanların transplantasiya məqsədilə bölgüsü
28.1. Meyit
donordan götürülmüş donor orqanların resipiyentlər
arasında bölgü ardıcıllığı vahid
dövlət informasiya bazasındakı məlumatlar əsasında
elektron qaydada donor-resipiyent cütlüyünün müəyyən
edilməsi yolu ilə həyata keçirilir.
28.2. Meyit
donordan götürülmüş donor orqanlar əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə
bu şərtlə transplantasiya oluna bilər ki, bu Qanunun
28.1-ci maddəsi ilə müəyyən edilmiş
donor-resipiyent cütlüyünə uyğun Azərbaycan
Respublikası vətəndaşı olan resipiyent olmasın.
5-ci fəsil
Yekun
müddəalar
Maddə 29. Orqan donorluğu və transplantasiya üzrə etika
komissiyası
29.1.
Yaxın qohum olmayan canlı donorlardan donor orqanın
götürülməsi məqsədilə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən tərkibində psixoloq və
hüquqşünas olan Orqan donorluğu və transplantasiya
üzrə etika komissiyası (bundan sonra - etika komissiyası)
yaradılır.
29.2. Etika
komissiyası donorun şəxsiyyətini, orqan donorluğuna
razılığının
könüllülüyünü və bu Qanunun 18-ci maddəsinin
tələblərinə uyğunluğunu müəyyən
edir və şəxsin donor olub-ola bilməməsi barədə
müvafiq qərar qəbul edir.
29.3. Etika
komissiyasının tərkibinə həkim-transplantoloqun və
transplantasiyanın təşkilində hər hansı formada
iştirak edən şəxslərin daxil edilməsinə yol
verilmir.
29.4. Etika
komissiyasında müraciətlərə əlaqələndirici
qurumun təqdimatı və həkim komissiyasının qərarı
əsasında baxılır.
Maddə 30. Orqan donorluğu və transplantasiya yardımının
maliyyələşdirilməsi
30.1.
Sağlamlığı icbari qaydada sığortalanmış
fiziki şəxslər üçün donor müayinəsi,
habelə orqan köçürülməsi və ondan irəli
gələn sonrakı tibbi yardım icbari tibbi sığorta
üzrə xidmətlər zərfinə daxil edildiyi halda
"Tibbi sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq (sığorta limiti,
müştərək maliyyələşmə məbləği,
gözləmə müddəti və sair nəzərə
alınmaqla) xidmətlər zərfi çərçivəsində
maliyyələşdirilir.
30.2. Bu Qanunun 30.1-ci maddəsində nəzərdə
tutulmayan hallarda orqan donorluğu və transplantasiyanın maliyyələşdirilməsi
qanunla qadağan olunmayan mənbələr hesabına həyata
keçirilir.
Maddə 31. Orqan donorluğu və transplantasiya sahəsində
maarifləndirilmə və məlumatlandırılma
31.1. Orqan
donorluğu və transplantasiya barədə məlumatlar
elmi-praktik araşdırmaların və statistik təhlillərin
aparılması məqsədlə yalnız tibb sahəsində
ixtisaslaşdırılmış mətbu nəşrlərdə,
tibb işçiləri və əczaçılar
üçün keçirilən tədbirlərdə
yayımlana bilər.
31.2. Orqan
donorluğunun təbliği məqsədilə tibb müəssisələri,
qeyri-hökumət təşkilatları tərəfindən
"Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq sosial reklamlar nümayiş etdirilə, seminar və
konfranslar təşkil oluna bilər.
Maddə 32. Donor orqanların alqı-satqısının və
reklamının qadağan edilməsi
Azərbaycan Respublikasında donor orqanların
alqı-satqısı və reklamı qadağandır.
Maddə 33. Beynəlxalq əməkdaşlıq
33.1. Azərbaycan
Respublikası tərəfdar çıxdığı
müqavilələrə uyğun olaraq xarici dövlətlər
və beynəlxalq təşkilatlarla orqan donorluğu və
transplantasiya sahəsində aşağıdakı istiqamətlər
üzrə əməkdaşlıq edir:
33.1.1. orqan və toxumaların mübadiləsi;
33.1.2. donor orqanlarla, o cümlədən kök
hüceyrələrlə bağlı vahid dövlət informasiya
bazasında olan məlumatların məxfilik rejiminə riayət
etməklə mübadiləsi;
33.1.3. elmi-texniki əməkdaşlıq.
33.2. Donor orqanın ixracına vahid dövlət informasiya bazasındakı resipiyentlərin reyestrində həmin orqana ehtiyacı və genetik, immunoloji uyğunluğu olan resipiyentin olmadığı halda yol verilir.
33.3. Transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.
Maddə 34. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Maddə 35. Keçid müddəalar
35.1. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
35.2. Bu Qanun qüvvəyə mindiyi gündən "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli 726-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 5; 2001, ¹ 12, maddə 731; 2008, ¹ 7, maddə 602; 2017, ¹ 1, maddə 1; 2020, ¹ 7, maddə 827) ləğv edilir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
20 oktyabr 2020-ci il
Azərbaycan.-2020.- 13 dekabr.- S.5.