Azərbaycan pandemiyanın fəsadlarının aradan
qaldırılması üçün
qlobal səylərə
töhfə verir
Dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus
xəstəliyi - COVID-19 ilə
mübarizəyə həsr
edilən xüsusi sessiyası keçirilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti,
Qoşulmama Hərəkatının
Sədri İlham Əliyev sessiyada videoformatda çıxış
edib.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli cənab Sədr.
Hörmətli
dövlət və hökumət başçıları.
Xanımlar
və cənablar.
Qoşulmama
Hərəkatının üzvü olan 120 dövlət
adından çıxış etməkdən şərəf
duyuram.
Aktual qlobal məsələlərə
və çağırışlara
cavab vermək üçün çoxtərəfli
mühüm forum olan BMT-nin 75 illiyini qeyd etdiyimiz
bir vaxtda narahatlıq doğuran çoxlu sayda yeni sahələrin meydana çıxmasını
təəssüf hissi
ilə bildiririk. Həmin narahatlıqlar BMT
Nizamnaməsinin və
"Dayanıqlı İnkişaf
üzrə 2030 Gündəliyi”nin
təməlində duran
multilateralizmə və
beynəlxalq əməkdaşlıq
dəyərlərinə kollektiv
sadiqliyimizi yenidən nümayiş etdirməyi tələb edir.
Bunun
bariz nümunəsi Qoşulmama Hərəkatı
tərəfindən irəli
sürülmüş BMT Baş
Assambleyasının COVID-19 pandemiyasına qarşı
Xüsusi Sessiyasının
keçirilməsi təşəbbüsünə
BMT-nin üzv dövlətlərinin böyük
dəstəyidir. Digər məsələlərlə yanaşı,
bu, Qoşulmama Hərəkatının üzv
dövlətlərinin möhtəşəm
uğurudur. Çünki
biz bu il
həm də beynəlxalq əməkdaşlığın
təşviqini özündə
ehtiva edən Bandunq Bəyannaməsinin qəbul olunmasının
65 illiyini qeyd edirik. Bununla əlaqədar, Xüsusi Sessiyanın keçirilməsinə
verdikləri dəstəyə
görə mən Hərəkat adından
BMT-nin üzv dövlətlərinə və
Baş Assambleyanın
Sədrinə səmimi
təşəkkürümüzü bildirmək istərdim.
2020-ci
il ərzində dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə
böhranı ilə üzləşib. Hazırda
dünyada 60 milyondan artıq yoluxma halı qeydə alınıb və 1 milyondan çox insan həyatını itirib. Səhiyyə, ictimai, iqtisadi
və maliyyə sahələrində çoxşaxəli
fəsadlara yol açan bu böhran cəmiyyətlərə,
iqtisadiyyata, qlobal ticarət və səyahətə böyük
zərər yetirmiş
və insanların yaşayışına sarsıdıcı
təsir göstərmişdir.
Pandemiyanın
misli görünməmiş
universal fəsadlarının
aradan qaldırılması
üçün qlobal
səylərə töhfə
vermək və Qoşulmama Hərəkatına
üzv dövlətlərə
operativ, adekvat və əhatəli yardımın göstərilməsi
məqsədilə Azərbaycan
Qoşulmama Hərəkatının Sədri qismində 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının
COVID-19-a qarşı Təmas
Qrupunun onlayn Zirvə görüşünü
təşkil etmişdir.
Həmin
toplantının praktiki
nəticəsi olaraq, Hərəkata üzv dövlətlər COVID-19 ilə
mübarizə və koronavirusla bağlı Qoşulmama Hərəkatının
üzv dövlətlərinin
əsas humanitar, tibbi ehtiyac və
tələblərinə dair
məlumat bazasının
yaradılması üçün
işçi qrupun təsis edilməsi qərarına gəlmişlər.
Məmnuniyyətlə
qeyd etmək istərdik ki, pandemiya ilə bağlı tədbirlərin
görülməsi zamanı Ümumdünya Səhiyyə Təşkilatı
Qoşulmama Hərəkatına üzv dövlətlərin
mövcud ehtiyaclarının müəyyənləşdirilməsi
üçün Hərəkatın məlumat bazasını
istinad mənbələrindən biri kimi istifadə edir.
Qoşulmama Hərəkatı BMT sisteminin
COVID-19 ilə mübarizədə
fəaliyyətini yüksək
qiymətləndirir. Biz
pandemiyaya qarşı
qlobal mübarizədə
BMT-nin fəaliyyətinə
rəhbərlik edən,
onun əməliyyatlarının
davamlılığını təmin edən Baş katibin güclü liderliyini təqdir edirik. Hərəkat COVID-19 pandemiyası ilə bağlı artmaqda olan çağırışlarla
mübarizədə beynəlxalq
ictimaiyyət tərəfindən
təsirli tədbirlərin
görülməsi üçün
təlimatların verilməsi,
təlimlərin və
avadanlıq, konkret xilasetmə xidmətlərin
təşkili sahəsində
Ümumdünya Səhiyyə
Təşkilatının
və onun rəhbərliyinin mühüm
rolunu tam şəkildə dəstəkləyir.
Pandemiya
istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə zəiflikləri
və bərabərsizliyi
aşkara çıxararaq
onları daha da kəskinləşdirmiş,
habelə yoxsulluğu
dərinləşdirərək ən həssas kateqoriyadan olan insanların vəziyyətini
daha da ağırlaşdırmışdır. Pandemiya ən yoxsul və zəif vəziyyətdə
olan ölkələrə
daha çox zərbə vurmuşdur. Qoşulmama Hərəkatı böhranın
davam edən fəsadlarının böyük
çətinliklə əldə
olunmuş nailiyyətləri
geri atacağından və Dayanıqlı İnkişaf Məqsədlərinə
nail olunması istiqamətində tərəqqiyə
mane olacağından dərin narahatlıq keçirir.
Həmçinin narahatlıq hissi ilə onu da
qeyd etmək istərdik ki, pandemiya ədalətli və bərabərhüquqlu
dünya nizamına nail olmaq üçün
mövcud fundamental problemlərin daha da artmasına səbəb olmuşdur. Qoşulmama Hərəkatının 2019-cu ildə
Bakıda keçirilmiş
18-ci Zirvə toplantısında
da müzakirə edilmiş bu problemlər qlobal maliyyə və iqtisadi böhranın təsirləri, inkişaf
etməkdə olan ölkələrin əksəriyyətində
resurs qıtlığı
və iqtisadi-sosial gerilik, qeyri-bərabər ticarət şərtləri
və inkişaf etmiş ölkələrin
kifayət qədər
əməkdaşlıq etməməsi,
onların bəziləri
tərəfindən birtərəfli
və məcburedici tədbirlərin tətbiqi,
habelə gücdən
istifadə və ya gücdən istifadə ilə hədələmə və
digərlərindən ibarətdir.
Qoşulmama
Hərəkatı bütün ölkələrin dərman,
vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər
çıxışının əhəmiyyətini
vurğulayır.
COVID-19 əleyhinə
bir çox vaksinlərin tədqiqatının
davam etdiyi bir vaxtda biz
kliniki sınaqların
uğurlu nəticələrini
gözləyir və ümid edirik ki, təhlükəsiz və təsirli vaksin tezliklə hazır olacaq və onun hamı
üçün münasib
qiymətə paylanılması
təmin ediləcəkdir. Biz bu prosesdə
ÜST-nin əlaqələndirmə
səylərini yüksək
qiymətləndirir və
vaksin hazır olduğu zaman təşkilatın insanların
belə bir vaksinə bərabər çıxışının təmin edilməsində rolunun vacibliyini vurğulayırıq.
Cənab
Sədr, beynəlxalq ictimaiyyət yalnız birlik, çoxtərəfli
əməkdaşlıq, həmrəylik
və insan hüquqlarına hörmət
əsasında COVID-19-un fəsadlarının
aradan qaldırılması
və indi yayılmaqda davam edən pandemiyadan xilas olmaq üçün
strategiyalar hazırlaya
bilər.
Bu Xüsusi
Sessiya beynəlxalq əməkdaşlıq və
multilateralizmə sadiqliyin
bir daha təsdiq edilməsi və gücləndirilməsi,
habelə ən yaxşı təcrübələrin
vurğulanması kimi
geniş məqsədlərə
xidmət edəcək.
Xüsusi Sessiyada həm
də pandemiyaya qarşı mübarizədə
üzv dövlətlərin
üzləşdiyi çağırışlar
nəzərdən keçiriləcək
və üzv dövlətlər, müşahidəçi
dövlətlər, müşahidəçilər,
BMT-nin aidiyyəti agentlikləri, qurumları
və digər maraqlı tərəflər
arasında açıq
və şəffaf müzakirələrdə BMT-nin
mərkəzi roluna dair fikir mübadiləsi
aparılacaq.
Sessiya çərçivəsində səmərəli müzakirələrin
aparılacağına inanırıq.
Sağ olun.
Azərbaycan. - 2020.- 4 dekabr.- S.1-2.