Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının məlumatı
Ermənistanın ardıcıl təxribatları
və hərbi təcavüzünə cavab
olaraq 2020-ci il
sentyabrın 27-də Azərbaycan
xalqı Ermənistanın
otuz ilə yaxın davam edən işğalçılıq
siyasətinə son qoymaq
və torpaqlarımızı
düşmən tapdağından
azad etmək uğrunda Vətən müharibəsinə qalxmışdır.
44 gün davam
edən hərbi əməliyyatlar nəticəsində
Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin
ərazi bütövlüyü
bərpa olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan
Respublikasında Zəfər
Gününün təsis
edilməsi haqqında”
2020-ci il 2 dekabr tarixli Sərəncamına
əsasən Vətən
müharibəsində misilsiz
qələbənin əbədiləşdirilməsi
məqsədilə hər
il noyabrın 10-nun Azərbaycanda Zəfər
Günü kimi təntənəli şəkildə
qeyd edilməsi qərara alınmışdır.
Bununla yanaşı, noyabrın 10-u Türkiyə
Cümhuriyyətinin qurucusu,
adı türk dünyasının tarixinə
qızıl hərflərlə
həkk olunmuş böyük şəxsiyyət
Mustafa Kamal Atatürkün anım
günüdür. Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyev demişdir:
"Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar
üçün əziz
və hörmətlidir”.
Azərbaycanı ürəkdən sevən, "Azərbaycanın
sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyən Mustafa Kamal Atatürk hər
bir azərbaycanlının
qəlbində özünə
yer etmişdir, onun xatirəsi ölkəmizdə də böyük ehtiramla yad olunur.
Noyabrın 10-nun Türkiyədə
Mustafa Kamal Atatürkün anım
günü olduğunu
nəzərə alaraq,
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev Zəfər Gününün
tarixinin dəyişdirilməsi
barədə qərar
qəbul etmişdir.
Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa
şəhərinin noyabrın
8-də iyirmi səkkiz
illik əsarətdən
qurtarılması müharibənin
taleyində həlledici
rol oynamış, düşmənin siyasi-hərbi
rəhbərliyinin məğlubiyyəti
etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına
səbəb olmuşdur.
Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq,
xalqımızın döyüş
əzminin və qüdrətinin təntənəsinə
çevrilən, dövlətimizin
gələcək inkişafı
və nüfuzu baxımından müstəsna
əhəmiyyət kəsb
edən bu misilsiz qələbə - Zəfər Günü hər il
noyabrın 8-də təntənəli
şəkildə qeyd
ediləcəkdir.
Azərbaycan. - 2020.- 4 dekabr.- S.1.