Vətənin şəhid övladları

 

 

İkinci Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatdı. Bu müharibədə rəşadətli Azərbaycan Ordusu İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə işğalçı Ermənistanı döyüş meydanında darmadağın etdi.

Vətən torpaqlarının azadlığı uğrunda 44 gün davam edən bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, tariximizə qürur mənbəyimiz kimi həkk olundu. Möhtəşəm zəfər tariximizi, dövlətçilik irsimizi daha da şərəfləndirdi. Bu Qələbə dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Xalqımız öz haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi, məğlubiyyət damğasını üzərindən götürdü. Bu savaşın nəticəsində dünya bizi həm qalib xalq kimi tanıdı.

Azərbaycan Ordusu müharibənin ilk anından son gününə qədər işğalçıya divan tutdu, necə lazımdırsa cəzalandırdı. Bu müharibədə rəşadətlə döyüşən, düşmənə göz açmağa imkan verməyən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti isə öz mübarizliyi ilə qəhrəmanlıq simvoluna çevrildi. Əsgərlərimiz, zabitlərimiz, çavuşlarımız döyüş meydanlarından bütün dünyaya göstərdilər ki, vətən uğrunda mübarizə necə olur. Hər bir vətən övladı igidliyin, cəsarətin, qorxmazlığın nümunəsini yaratdı, qəhrəmanlıq salnaməsi yazdı.

Müharibə itkisiz olmur, həm torpaq uğrunda ölən varsa, Vətəndir. 44 günlük Vətən müharibəsində oğullarımız ölümün gözünə dik baxdılar, şəhadət zirvəsinə ucaldılar. İşağldan azad olunmuş vətən torpaqlarımız şəhidlərimizin qanı ilə daha da müqəddəsləşdi bizim üçün.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi dünən yaydığı məlumatda Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusunun həlak olduğunu açıqladı. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik, onların ölməz ruhu qarşısında baş əyirik!

Şəhidlərimizin qanı yerdə qalmadı, hər birinin qisası döyüş meydanlarında artıqlamasilə alındı.

Azərbaycan xalqı hər zaman mübariz övladlarının şücaətini yüksək qiymətləndirəcək, şəhidlərimizin xatirəsi hər zaman uca tutulacaq. Prezident İlham Əliyevin sərəncamı ilə sentyabr ayının 27-sinin Anım Günü kimi müəyyən edilməsi şəhidlərimizin ruhuna olan ehtiramın nümunəsidir. "Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər zabitlərimizin, qazilərimizin qanı canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir”, - deyə Prezident İlham Əliyevin sərəncamında deyilir.

"Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında” Prezident İlham Əliyevin 3 dekabr tarixli Sərəncamına əsasən, bu gün saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Vətənin şəhid övladları, bu gün sizin ruhunuz şaddır. Çünki hər qarışı üçün şərəflə mübarizə apardığınız, uğrunda canınızdan keçdiyiniz, qanınızla suvardığınız Vətən torpaqları artıq işğaldan azaddır.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan. - 2020.- 4 dekabr.- S.2.