Səməd Seyidov: Dünya ictimaiyyətinin Azərbaycanın yaratdığı yeni reallığı qəbul etməsi mütləq zərurətə çevrilib

 

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa son müraciətində dünya ictimaiyyətinin Azərbaycanın yaratdığı yeni reallığı qəbul etməsi ilə bağlı fikirlər söylədi. Biz bunun təzahürlərini konkret olaraq beynəlxalq münasibətlərdə görürük. Kimlərinsə xoşuna gəlməsə buna görə hansısa cəhdlər göstərilsə belə, bu reallığı nəzərə alıb qəbul etmək artıq mütləq zərurətə çevrilib.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Səməd Seyidov bildirib ki, bir neçə gün bundan əvvəl Fransa parlamentinin yuxarı palatasıSenat çox qərəzli, lüzumsuz heç bir reallığı əks etdirməyən sənəd qəbul etdi. Bu sənədin qəbul edilməsi əslində Fransanın üçün böyük problemlər yaradır, nəinki Azərbaycan üçün. Çünki Azərbaycanın yaratdığı reallığı dəyişdirmək mümkün deyil. Fransa Senatı ancaq kapitulyasiyaya uğramış "bacısınıqoruyub saxlamaq, qondarma rejimə hər hansı formada dəstək vermək üçün öz milli maraqlarının üstündən xətt çəkərək belə bir qərar verdi.

Fransaya yaxın ölkələrdən biri olan Belçikanın parlamentində oktyabrın əvvəlində bənzər layihə təqdim edilmişdi. O layihə Fransa Senatının qətnaməsindən fərqlənmirdi. Ancaq müəyyən müddət keçəndən sonra müzakirələr zamanı bu layihə Belçika parlamentinin beynəlxalq əlaqələr komitəsi tərəfindən kənarlaşdırılmışdı. Onda ermənipərəst qüvvələr komitəyə ikinci layihəni təqdim etdilər. Bu layihə əvvəlkindən ciddi şəkildə fərqlənməyən Fransa Senatının sənədinə uyğun gələn bir layihə idi. Bu ikinci layihə qəbul olunmadı. Nəhayət, dekabrın 2-də Belçika parlamentinin beynəlxalq əlaqələr komitəsində yeni bir sənəd gündəmə gəldi. Düzdür, bu sənəddə qərəzli fikirlər mövcuddur. Lakin bu sənəddə 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə istinad var. İkincisi, bu sənəddə Azərbaycana qarşı hər hansı sanksiyanın tətbiq olunması məsələsi gündəmdən çıxarılıb. Üçüncüsü, bu sənəddə qondarma rejimin tanınması, onunla əlaqələrin qurulması məsələsi yoxdur. Beləliklə, Belçika parlamentində Fransa Senatının qəbul etdiyi qətnaməyə bənzər bir sənəd başqa formada müzakirə edilir.

"Görünən odur ki, zaman keçdikcə beynəlxalq qanunu nəzərə almamaq mümkün deyil. Bu da Azərbaycan Prezidentinin apardığı uğurlu siyasətin konkret nəticələrindən biridir. Bu, onu göstərir ki, Azərbaycana qarşı nümayiş etdirilən qərəzli yanaşma getdikcə zəifləyəcək, gündəmdən silinəcək. Azərbaycan sərhəd toxunulmazlığını, ərazi bütövlüyünü möhkəmləndirmə prosesini yüksək səviyyədə təşkil etdikcə bu proses geridönməz bir xarakter alacaq. Necə ki dünən Belçika parlamentinin komitəsində bu əlavələrin edilməsi qeyd edilən istiqamətdə bir siqnaldır”, - deyə Səməd Seyidov qeyd edib.

 

 

Azərbaycan. - 2020.- 4 dekabr.- S.3.