İlham ƏLİYEV: “Regionda
yeni inkişaf olmalıdır. Azərbaycan buna hazırdır”
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də
ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan
Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi,
Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə
olan sədrinin şəxsi nümayəndəsi Anji
Kaspşiki qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
-Son görüşümüzdən uzun müddət keçib, bu, ötən il olmuşdur. Bu vaxt ərzində bir çox hadisələr baş vermişdir. Birincisi, pandemiya bütün dünyada vəziyyəti tamamilə dəyişmişdir. Bununla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir. Hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir.
Beləliklə, Azərbaycan bu məsələni özü həll etmişdir. Biz Ermənistanı döyüş meydanında məğlub edərək, işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik. Ermənistan iqtidarından başqa ölkənin bütün siyasi qüvvələri də bununla razıdır ki, bu, kapitulyasiyadır və onlar bunu alçaldıcı kapitulyasiya adlandırırlar. Bunun tam məsuliyyəti Paşinyanın diktatura rejiminin üzərinə düşür.
Artıq qeyd etdiyim kimi, mən Prezident olaraq bu
danışıqlarda 17 il ərzində iştirak etmişdim.
Mənim Ermənistanın əvvəlki prezidentləri ilə
də danışıqlar aparmaq təcrübəm
olmuşdur. Burada hər hansı bir nəticə əldə olunmasa
da, proses baş verirdi. Paşinyan prosesi məhv etmişdir.
O, danışıqlar prosesinin formatını alt-üst etməyə
cəhd etmişdir və onun təxribatçı hərəkətləri
və bəyanatları danışıqları tamamilə mənasız
etmişdir. Mən dəfələrlə onun hərəkətlərinə
və söylədiklərinə istinad etmişəm. Bu, tamamilə qəbuledilməz idi. Onun Azərbaycan dövlətinə və xalqına
qarşı təxribatçı və təhqiredici əməllərinə,
bəyanatlarına cavab verilməli idi və biz onu ciddi şəkildə
cəzalandırdıq. Beləliklə, o,
öz məğlubiyyətini etiraf etməyə, atəşkəs
üçün yalvarmağa məcbur oldu. Əslində o, bunu 44 günlük müharibə əsnasında
hər gün edirdi və gündə bir neçə dəfə
dünya liderlərinə zəng edirdi. Onun
zəng etmədiyi avropalı lider tapmaq çətin olar.
O, atəşkəsin təmin edilməsini xahiş edirdi. Lakin o, mənim şərtlərimə əməl
etmək istəmirdi. Halbuki mənim yeganə
şərtim var idi. O, isə bir neçə ay öncə
mənə 7 şərt irəli sürmüşdü. Mən
onları rədd etdim və dedim ki, mənim yeganə şərtim
var – torpaqlarımızdan çıx! Əks təqdirdə,
Azərbaycanın dəmir yumruğunu görəcəksən.
Müharibə zamanı mən bir neçə
dəfə bunu bəyan etmişdim. Onun
hansısa naziri deyil, şəxsən Paşinyan bizə
torpaqlarımızdan çıxmaqla bağlı tarix verən
kimi biz dayanacağıq. Nəticədə bu, baş verdi və mən hər zaman olduğu kimi, verdiyim
sözə əməl etdim. Paşinyan isə nə
mənim, nə də öz xalqının
qarşısında heç vaxt vədlərinə sadiq
olmadı. O, yalançıdır və hesab edirəm
ki, erməni xalqı artıq bunu anlayıb. O, indi də yalan
danışmağa davam edir. Ancaq bunun artıq
Azərbaycanla heç bir əlaqəsi yoxdur. Bu, artıq Ermənistanın daxili siyasətinə
aiddir. Noyabrın 9-dan 10-na keçən
gecə o, Bəyanatı imzaladığı andan biz dərhal
dayandıq. Növbəti saatda biz
dayandıq. Biz, həmçinin
qoşunların çıxarılmasına da vaxt verdik.
Bundan əlavə, Rusiya Prezidentinin müraciəti
əsasında biz onlara Kəlbəcərin
boşaldılması üçün əlavə 10 gün
vaxt verdik. Halbuki erməni quldurları və
Ermənistan qoşunları Kəlbəcərdə etnik təmizləmə
apararkən azərbaycanlılara heç bir gün də vaxt
verməmiş və onları qətlə yetirmişdilər.
Azərbaycanlılar oradan qovulmuş, aprel
ayının əvvəli, havanın çox soyuq olduğu
vaxtda 3500 metr yüksəklikdə olan dağlardan keçməyə
məcbur edilmişlər. Onların bir
çoxu oradaca donmuşdu. Biz isə onlara
əlavə vaxt verdikdə onlar nə etdilər? Onlar özlərinin tikmədiyi evləri
yandırmağa başladılar. Onlar hər
şeyi dağıtmağa başladılar. Mənə bir neçə gün öncə verilən
məlumata görə, onlar orada bütün su elektrik
stansiyalarını dağıtmışlar. Onlar bizim meşələri yandırmış və
ağaclarımızı kəsmişlər. Özlərini vəhşi kimi aparmışlar – bu
cür davrananlara başqa ad vermək olmaz. Ancaq biz sözümüzü tutduq. Biz müharibəni dayandırdıq. Hər kəsə bəllidir ki, bunu etməsəydik
nə baş verəcəkdi. Ermənistan
ordusu darmadağın edilmiş, ruhdan
düşmüşdü və artıq nə isə etmək
üçün heç bir imkana malik deyildi. Biz isə döyüş meydanında cəsarət,
ruh yüksəkliyi və peşəkarlıq nümayiş
etdirərək ermənilərin onilliklər ərzində
ordularının məğlubedilməzliyi haqqında
yaratdıqları mifi darmadağın etdik. Biz Azərbaycan Ordusunun məğlubedilməz
olduğunu nümayiş etdirdik. Biz işğal
edilmiş ərazilərin böyük hissəsini, 300-dən
artıq şəhər, qəsəbə və kəndi, o
cümlədən Azərbaycanın tarixi Şuşa
şəhərini 44 gün ərzində işğaldan azad
etdik. Biz kimin kim olduğunu göstərdik.
Mən işğaldan azad olunan ərazilərə
səfərim zamanı o torpaqlarımızı nə vəziyyətə
saldıqlarının şahidi oldum. Bu haqda məlumatım
var idi və internetdə bununla bağlı materiallarla da tanış idim. Füzulidə
bir dənə də olsun salamat bina yox idi, hər şey yerlə-yeksan
edilmişdir. Bir dənə də bina tapılmadı
ki, orada bayrağımızı qaldıraq. Ağdamda isə tamamilə
dağıdılmamış yeganə tikili məscidin
binasıdır. Araşdırdıqda məlum
oldu ki, onlar Ağdamda məscid binasını məsafə
ölçmək üçün saxlayıblarmış.
Azərbaycan Ordusu hücuma keçdiyi təqdirdə
onlar bu vasitə ilə məsafəni ölçməli idilər,
yəni, məscid istinad nöqtəsi kimi istifadə edilirdi.
Lakin biz Ağdamdan əks-hücuma keçmədik
və onların gözləmədikləri istiqamətdən
irəlilədik. Biz Ağdama bir güllə
atmadan gəldik. Bunları
danışmağıma səbəb bunun, ilk növbədə,
həqiqət olmasıdır. Bundan əlavə,
siz bir ildən artıq müddətdən sonra buraya səfərə
gəlmisiniz. Mən Azərbaycan xalqı
ilə açıq və səmimi olduğum kimi, sizinlə də
eyni dərəcədə açıq və səmimi
danışmaq istəyirəm. Bütün
bu 44 gün ərzində mən xalqa yalnız həqiqəti
söyləyirdim. Paşinyan isə həm
xalqına, həm də gündə bir neçə dəfə
zəng etdiyi tərəfdaşlarına yalan
danışırdı. O, bu gün də yalan
danışmağa davam edir. Ancaq dediyim kimi,
artıq bu məsələ narahatlıq doğurmur. Biz məsələni həll etdik. Biz ərazimizi işğaldan azad etdik. Müharibə zamanı mənə Azərbaycan
Ordusunun itkiləri barədə çoxsaylı suallar
verilirdi. Mən demişdim ki, biz bu məlumatı
müharibə bitdikdə açıqlayacağıq. Belə də oldu, bizim qəhrəmanlarımızın
– şəhidlərimizin fotoşəkilləri və
onların adları televiziya vasitəsilə nümayiş
etdirilir. Müharibə zamanı mən Ermənistan
ərazisini işğal etmək niyyətində
olmadığımızı bəyan etmişdim. Halbuki sizin də təsəvvür etdiyiniz kimi, bunun
üçün bütün imkanlarımız var idi və həmin
imkanlar bu gün də mövcuddur. Lakin
bizim belə bir niyyətimiz yoxdur. Mənə bununla
bağlı sual veriləndə dedim, xeyr, biz öz ərazimizi
işğaldan azad etmək istəyirik və öz
torpağımızda döyüşəcəyik. Biz sözümüzə sadiq olduq.
Eyni zamanda, bildirmişdim ki, bizim üçün
Naxçıvanla quru əlaqəsinin yaradılması həyati
əhəmiyyət kəsb edir. Biz buna siyasi yollarla nail olduq və
Paşinyan bunu Bəyanat vasitəsilə imzaladı. Bununla da Naxçıvanın Azərbaycanın digər
hissəsi ilə əlaqəsi təmin ediləcək. Bunun özü də Azərbaycan üçün
vacib tarixi nailiyyətdir. Eyni zamanda, bu,
regionun gələcəkdəki fəaliyyəti ilə
bağlı müzakirələr üçün yeni imkanlar
yaradır.
Müharibə zamanı beynəlxalq mediaya verdiyim
çoxsaylı müsahibələrimdə mən
bildirmişdim ki, bizim erməni xalqı ilə problemimiz yoxdur. Bizim
davamız işğalçılarladır, ərazimizi
işğal edən cinayətkarlarladır. Ermənilər isə hazırda ölkəmizin
müxtəlif bölgələrində
yaşadığı kimi, təhlükəsizlik və ləyaqət
şəraitində yaşaya bilərlər. Onların güzəranları da bizim idarəçiliyimiz
altında yaxşı olacaq. Biz müharibədən
sonra ermənilərin əvvəl yaşadıqları kəndlərin
vəziyyətini görürük. Orada səfalət
hökm sürüb. İnsanlar oralarda
inanılmaz şəraitdə yaşayıblar. Bəs bu işğalın məqsədi nə idi?
Nə üçün ermənilər öz
xalqının nümayəndələrini uzun illər ərzində
orada qul kimi saxlayırdılar? Bilmirəm,
görmüsünüz yoxsa yox, müharibənin ilk günlərində
Azərbaycan Ordusu Ermənistan ordusunun səngərlərinə
daxil olanda, orada məhv edilmiş
işğalçıların bəzilərinin bir-birinə zəncirləndiyinin
şahidi oldu. Bu, şokedici videolar idi.
Yəni, onlar insanları səngərdə
durmağa məcbur edirdilər. Qaçmaq,
mövqelərini tərk etmək istəyənlərin
qarşısı belə alınırdı. Müharibə zamanı onların xüsusi
qrupları var idi ki, onlar Ermənistan qoşunlarının
arxasında dayanaraq qaçmağa cəhd edən öz millətinin
nümayəndələrini qətlə yetirirdilər. Belə hadisələr çox baş vermişdir.
Onlar müharibə caniləridirlər. Gəncəni ballistik raketlə atəşə
tutmaları, Bərdə və Tərtər şəhərlərinin
kasetli və fosforlu sursatla atəşə məruz qalması,
işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırma
– bunların hamısı hərbi cinayətlərdir və
onlar bununla fəxr edirdilər. Sarkisyan və
Köçəryan hərbi cinayətkardırlar. Dağıdılmış Ağdam məscidi
qarşısında çıxışımda dediyim kimi,
biz Sarkisyan və Köçəryanı məğlub etdik.
Onlar məsuliyyəti Paşinyanın üzərinə
atmaq istəyirlər. Ancaq mən demişəm
ki, Paşinyan heç kimdir. O, Sarkisyan və
Köçəryan rejiminə qarşı etiraz
dalğası üzərində hakimiyyətə gəlmiş
təsadüfi insandır. Bu adamın heç
bir bilik və təcrübəsi yoxdur. Onun
beynəlxalq münasibətlər və ölkənin idarəçiliyi
haqqında təsəvvürü yoxdur. Həyatında
kiçik bir kolxoza belə rəhbərlik etməyən
insandır. Yəni, təkcə onu
günahlandırmaq olmaz. Düzdür, o,
bizi təhrik etdi, qəbuledilməz hərəkətlər
etdi və buna görə cəzalandırıldı. Lakin biz, Sarkisyan və Köçəryan ordusunu məğlub
etdik. Bu ordunu 30 il ərzində
yaradanlar onlar idi. Beləliklə, bu hərbi
cinayətlər hazırda sənədləşdirilir. Biz artıq şəhərlərimizə
qarşı törədilən əməllərlə
bağlı hüquqi prosedurlara başlamışıq.
Biz beynəlxalq tərəfdaşlarımızı
dəvət etmişik ki, mülki əhalimiz, infrastrukturumuz,
dini və mədəni abidələrimizə dəymiş
ziyanın müvafiq təhlili aparılsın. Hər bir şey sənədləşdiriləcək
və biz bu cür şəraitə uyğun olaraq zəruri
addımlarımızı atacağıq. Qanunsuz
məskunlaşdırma hərbi cinayətdir. Minsk qrupu işğal edilmiş ərazilərə rəsmi
olaraq iki dəfə missiyalar təşkil etmişdir – birində
bu, faktaraşdırıcı missiya
adlandırılmış, digər vaxtda isə bunun adı vəziyyətin
yerində qiymətləndirilməsi missiyası idi. Anji Kaspşik bunu yaxşı bilir. O, bu prosesin
veteranlarından olub. O da oralarda olub.
Eyni zamanda, Minsk qrupunun həmsədrləri işğal
olunmuş ərazilərə dəfələrlə səfər
etmişlər və Ermənistan rejiminin hərbi cinayətlərinin
şahidi olmuşlar. Şəhərlərimizin tam
dağıdılmasının şahidi olmuşlar. Söhbət yalnız Ağdam və Füzulidən
getmir, Cəbrayıl da eyni vəziyyətdədir. Kəlbəcər və Laçında onlar bəzi
evlərdən yalnız məskunlaşmaq üçün
istifadə edirdilər. Qubadlı ilə Zəngilanda
onlar suriyalı erməniləri yerləşdirməyi
planlaşdırırdılar və onlardan muzdlular kimi istifadə
edirdilər. Əlimizdə ermənilərin istifadə
etdiyi muzdlular barədə saysız-hesabsız faktlar var. Mən
artıq dedim ki, oranın sakinləri əslində kimlərdir
və bunu təkrar etmək istəmirəm. Lakin
əlimizdə pasportlar var. Həbsxanalarımızda əcnəbilər
var. Bir sözlə, bütün bunlar böyük sual
doğurur. BMT-nin Təhlükəsizlik
Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına,
digər beynəlxalq təşkilatların qərarlarına
baxmayaraq, bu qədər illər ərzində münaqişə
niyə həll olunmurdu? BMT Təhlükəsizlik
Şurasının üç daimi üzvü öz
imkanlarından, potensialından istifadə edə bilmədi ki,
ermənilər çıxmağa məcbur olsun. Hətta bəzi ərazilərdən çıxara
bilmədi. Onlar bacarmadı, yoxsa istəmədi?
Bu, açıq sual olaraq qalır. Lakin hazırda bu, artıq fərq etmir. Münaqişə həll olunub. Azərbaycan
bunu hərbi-siyasi vasitələrlə etdi. Tez-tez sizdən və rəhbərlərinizdən,
eləcə də yüksək rütbəli rəsmilərinizdən
eşidirdim ki, münaqişənin hərbi həlli yoxdur.
Mən isə deyirdim: Var! Tarix göstərdi ki,
mən haqlı idim. Var idi! Fikrimcə,
"hərbi variant yoxdur” deyənlərin indi özləri
anlayır ki, var idi, çünki onlar, sadəcə,
mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər.
Minsk qrupunun həmsədri olan ölkələrin
prezidentlərinin bəyanatları olub. Məncə, bu, təxminən
on il əvvəl baş verib. Biz həmin bəyanata dəstək verdik,
çünki o, müəyyən ümidlər yaratdı.
Onlar birgə bəyannamə ilə
çıxış etdilər və bildirdilər ki,
status-kvo qəbuledilməzdir. Biz dedik: "Bəli. Yaxşı bəyanatdır. Gəlin
onun üzərində işləyək”. İndi isə
bunu Ermənistana deyin. Mən sizə və sələflərinizə
nə qədər deyirdim ki, gedin, deyin ermənilərə
çıxsınlar. Onlara təzyiq göstərin.
Mən ölkələrinizin yüksək rütbəli rəsmilərinə
bunu dəfələrlə deyirdim: "Gedin, deyin onlara, təzyiq
göstərin, hələ ki, gec deyil!” Lakin nə baş verdi? Müəyyən vaxt
keçdi, ölkələrinizin liderləri bu sözləri
dəyişməyə başladılar. Onlar
artıq status-kvonun qəbuledilməzliyi barədə
danışmadılar. Onlar dedilər ki,
status-kvo dayanıqlı deyil. Bu, o deməkdir
ki, status-kvo onlar üçün qəbul ediləndir. Bunu hansı başqa formada izah edə bilərik.
Onlar Akvildə, Muskokada söylədilər ki, status-kvo qəbuledilməzdir.
Sonra da onlar dedilər ki, status-kvo
dayanıqlı deyil. Bu, o deməkdir ki,
status-kvo artıq qəbul edilir. Bir
çox siyasətçilər hesab edirdilər ki,
sülhün qorunması üçün yeganə yol
status-kvonun qalmasından keçir. Biz isə
bunu dəyişdik. Biz göstərdik ki,
status-kvo güc yolu ilə, şücaət, müdriklik, siyasət,
səylərin səfərbər olunması, Azərbaycan
xalqının həmrəyliyi, Azərbaycan hökumətinin
iradəsi, Azərbaycan xalqının əzmkarlığı,
Azərbaycan əsgərinin müzəffərliyi sayəsində
dəyişdirilə bilər. Haqlı
olduğumuzu göstərdik.
Sonradan isə əlbəttə, Ermənistan kapitulyasiya
aktına imza atmağa məcbur edildi. Onlar bunu heç vaxt
könüllü imzalamazdılar. Biz onları məcbur
etdik, Minsk qrupu yox! Biz və Prezident Putin. Bu, reallıqdır. Prezident
Putinin müdaxiləsi və səyləri olmasaydı, bu
gün, ehtimal ki, vəziyyət başqa cür olardı.
Lakin biz
planlaşdırdığımıza nail olduq. Biz
işğal olunmuş bütün yeddi rayonumuzu qaytardıq.
Biz qədim Azərbaycan şəhəri
Şuşanı qaytardıq. Biz Hadrut qəsəbəsini
qaytardıq. Xocavəndin bir hissəsini
qaytardıq. Suqovuşanı və digərlərini
qaytardıq. Əslində,
planlaşdırdığımıza nail olduq.
Hazırda isə Rusiya sülhməramlıları
oradadırlar, öz fəaliyyətinə başlayıblar. Vəziyyət
müəyyən dərəcədə sabitdir. Baxmayaraq, indi mənə məlumat verilib ki, dünən
ya erməni yaraqlıları, yaxud "Ermənistan ordusu”
adlandırdıqları qalıqlar tərəfindən bəzi
terror aktları törədilib. Bu, əlbəttə
ki, narahatlıq doğurur. Mənə elə
gəlir ki, Ermənistan yenidən başlamağa heç bir
vəchlə cəhd etməməlidir. İki
gün öncə şanlı Qələbəmizə həsr
olunmuş hərbi paradda mən söylədim ki, əgər
Ermənistan faşizmi yenidən baş qaldırarsa, biz onun
başını dəmir yumruqla əzəcəyik. Buna görə onlar çox diqqətli
olmalıdır ki, hər hansı hərbi əməlləri
planlaşdırmasınlar. Bu dəfə
biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı
deyil. Lakin ümid edirəm ki, bu, baş
verməyəcək. Bir sözlə,
sülhməramlıların missiyası qüvvədədir.
Bilirsiniz ki, sülhyaratma əməliyyatları
müzakirə olunmuş razılaşmanın, Madrid prinsiplərinin
bir hissəsidir. Lakin biz bunu heç zaman
ciddi müzakirə etməmişik. Anji bir
veteran kimi bunu bilir. Biz həmin mövzuya hətta
heç vaxt toxunmamışıq.
Biz, sadəcə, ümumi şəkildə fikir
mübadiləsi etmişik. Sülhməramlıların
tərkibi necə olar bilər? Onlar
hansı ölkələri təmsil edə bilər? Onlar qonşu, yaxud həmsədr ölkələr
olmalıdır? Fikirlər müxtəlif
idi. Şəxsən mən bu haqda
heç zaman fikir söyləməmişəm, çünki
deyirdim, bu, hələ tezdir. Biz əvvəlcə
münaqişəni həll etməliyik. Biz
heç zaman sülhməramlılara etiraz da etməmişik.
Biz dedik, bəli, sülhməramlılar gəlsinlər
və müəyyən vaxtda mülki şəxsləri, erməniləri
və azərbaycanlıları qorusunlar. Bu,
elə baş verir. Hazırda sülhməramlı
əməliyyatlar Rusiya tərəfindən aparılır.
Ermənistan və Azərbaycan da bunu dəstəkləyib.
Eyni zamanda, bildiyiniz kimi, biz artıq Azərbaycanın
Ağdam rayonunda Monitorinq Mərkəzinin yaradılması mərhələsindəyik. Bu məsələ
noyabrın 10-da imzaladığımız Bəyanatda əks olunub.
Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs
rejiminə nəzarət edəcək. Fikrimcə,
bu, regional əməkdaşlığın çox
yaxşı təzahürüdür. Həmçinin
Türkiyə ilə Rusiya arasında çox məqbul əməkdaşlığın
rəmzidir. Bu, artıq reallıqdır.
Eyni zamanda, qaldırmaq istədiyim sonuncu məsələ,
- əminəm ki, siz bu haqda eşitmişiniz, - bizim gələcəklə
bağlı fikrimizdir. Yəni, regionun gələcəyi ilə
bağlı demək istəyirəm. Mən
artıq bir neçə dəfə ictimaiyyət
qarşısında bu məsələni qaldırmışam
ki, regiona yeni canlanma gətirilməlidir. Regionda
yeni inkişaf olmalıdır. Azərbaycan
buna hazırdır. Azərbaycan iqtisadi və
hərbi baxımdan güclüdür. Ölkəmiz
çox geniş beynəlxalq dəstəyə malikdir. Ölkəmiz bu gün BMT-dən sonra ikinci ən
böyük beynəlxalq təşkilata – Qoşulmama Hərəkatına
sədrlik edir. Əlbəttə, biz bunu
işimizin bir hissəsi kimi icra edəcəyik ki, uzunmüddətli
sabitlik və təhlükəsizlik təmin olunsun.
Lakin, əlbəttə ki, bu, həmçinin Paşinyan
rejimindən, yaxud da həmin rejimi devirəcək dairələrdən
asılı olacaq. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət
Ermənistana birbaşa mesaj verməlidir. Birincisi, gələcəkdə
heç zaman Azərbaycan xalqının hissləri ilə
oynamasın, yoxsa ağır cəzadan yaxa qurtara bilməyəcəksiniz!
Biz səbirliyik. Biz
hazırlaşırdıq. Biz bütün
işləri lazımınca apardıq. İyulda
ilk erməni təxribatına cavab vermədik, yəni dövlət
sərhədini keçmədik, halbuki, bunu edə bilərdik.
Biz avqustdakı ikinci erməni təxribatına
səbirlə yanaşdıq. O vaxt onlar
insanlarımızı qətlə yetirmək
üçün diversiya dəstəsi göndərdilər. Lakin üçüncü dəfə, sentyabrda biz
cavab tədbirlərinə keçdik. Elə
cavab verdik ki, onların Ermənistan ordusunu və demək olar
ki, erməni dövlətini məhv etdik və ərazimizdə
cinayət rejiminə son qoyduq, erməni millətçilərinin
üzdəniraq "artsax” xülyalarını
dağıtdıq. O, mövcud deyil. Paşinyan
deyirdi ki, "Qarabağ Ermənistandır”. O, səhv
etdi və layiqli cəzasını aldı. O, bu alçaltmaya
layiqdir. Xalqımız, ölkəmiz qələbə
qazandı, çünki həqiqət və beynəlxalq
hüquq bizim tərəfimizdə idi.
Bununla, mən sözlərimi yekunlaşdırıram ki,
sizi dinləyim, çünki buraya gəlmək sizin
ideyanız idi.
Bunu bir daha kameralar qarşısında deyə
bilərəm. Mən Minsk qrupunu səfərə
dəvət etməmişəm. Lakin mənə məlumat
verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər,
etiraz etmirəm. Bəlkə onların mənə
sözləri var. Əgər siz bunu kamera qarşısında
söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim
getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm.
ATƏT-in
Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti dedi:
-Cənab
Prezident, biz Sizi diqqətlə dinlədik. Əvvəlcə,
bu gün, xüsusi gündür, dekabr ayıdır. Atanızla görüşməyim xatirimə gəlir.
Parisdə, Prezident Şirakla görüş
zamanı orada idim və mən o vaxt aparılan
danışıqlarda iştirak edirdim. Biz
Sizi anlayırıq. Siz də indicə qeyd etdiniz ki, həmsədr
ölkələr son 28 il ərzində
bacardıqları qədər öz mandatını icra etməyə
çalışmışlar. Bu mandat əsasında
iki tərəf arasında məsələnin nizamlanmasına
şərait yaratmalı idilər. Mən
Sizin tərəfdən verilən maraqlı təklifləri
yüksək dəyərləndirirəm. Biz
bunun üzərində çalışacağıq və tərəflərin
iradəsinə uyğun olan variantı tapmağa vasitəçi
olaraq çalışacağıq. Mənim
hökumətim qırğına son qoyan atəşkəsi
alqışlayıb. Biz noyabrın 9-dan
10-na keçən gecə əldə olunmuş razılaşmanın
bütün müddəalarına çox müsbət
yanaşırıq. Hadisələrin cərəyan
etməsinin yeni gündəliyini qavrayırıq. Siz də qeyd etdiniz ki, regiona qərəzsiz və
kollektiv qaydada sabitliyin, rifahın gətirilməsi
üçün tamamilə yeni bir vəziyyət yaranıb.
Bütün qalan məsələlər üzərində
Minsk qrupunun işləməsinə gəldikdə, bu, tam Sizdən
asılı olacaqdır. Bəli, bunun
üçün yaxşı zəmin var. Biz keçid mərhələsindəyik
və gələcək planlar tərtib oluna bilər. Mən, əlbəttə ki, sizin indi açıq
şəkildə söylədiyiniz fikirləri öz hökumətimə
məruzə edəcəyəm. Əlbəttə
ki, Bakıda olmağımız, belə başa
düşürəm ki, dəvət əsasında olub.
Dəvət olmasaydı, mən gəlməzdim.
Ola bilsin, bu missiyanın təşkilində,
yazışmada qeyri-aydınlıq olub. Lakin
mən bizi bu görüşdə qəbul etdiyinizə
görə Sizə təşəkkürümü bildirmək
istəyirəm. Mən sözlərinizi
lazımi qaydada Prezidentimə və hökumətimizə
çatdıracağam. Sağ olun.
ATƏT-in
Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şofer dedi:
-Bu gün bizi burada qəbul etdiyinizə və səmimi qonaqpərvərliyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Həmçinin mövqeyinizi çox aydın ifadə etdiyinizə görə minnətdarıq. Həmkarımın söylədiyi kimi, biz bunu öz hökumətlərimizə məruzə edəcəyik. Sizin söylədiyiniz sözlərə və açıq verdiyiniz bəyanata gəldikdə, anlayırıq ki, hazırda yeni vəziyyət yaranıb. Hamımız anlayırıq və etiraf edirik ki, indi qarşımızda yeni reallıqdır. Hesab edirəm ki, Sizinlə söhbət aparmağımın əsas səbəbi Sizin mövqeyinizi daha yaxşı anlamaq idi. Siz həmin mövqeyi açıqladınız və bir azdan biz hadisələrin sonra necə cərəyan edəcəyi ilə bağlı təfərrüatları müzakirə edəcəyik. Hazırda cari vəziyyət fərqlidir. Bilmək istərdim, Siz gələcəyi, ümumiyyətlə, necə görürsünüz? Xüsusən də Madrid prinsiplərində deyilir ki, xətlər və kommunikasiyalar açılsın, münasibətlər yenidən qurulsun, regionda bütün xalqlar üçün müsbət mühit yaradılsın. Əgər, bunlar sizin mövqeyinizin bir hissəsidirsə, onda, fikrimcə, buna nail olunmasında bizim və ölkələrimizin oynayacağı rol ola bilər. Biz bunu Sizdən eşitmək istərdik, gələcəkdə hansı addımları atmaq istəyirsiniz? Bildiyiniz kimi, bundan sonra, biz İrəvana gedəcəyik və digər tərəflə də eyni söhbət aparacağıq. Bizim daha təfərrüatlı müzakirələrimiz olacaq. Sağ olun.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov dedi:
-İcazənizlə, cənab Prezident. Minsk
qrupu həmsədrlərinin Sizinlə görüşmək
fürsətinə görə çox minnətdaram. Bildiyimiz
kimi, Rusiya əldə edilmiş üçtərəfli
razılaşmanın iştirakçısıdır, həmin
Bəyanatın müddəalarının icrasına xüsusi
önəm verir. Fikrimcə, bu sənədin tam icrası
üçün hələ də görüləcək
işlər var. Onlar Siz söylədiyiniz kimi, cənab
Prezident, insanların, yəni məcburi köçkünlərin
öz yerlərinə qayıtmasına, bölgənin dinc
yolla yenidən qurulmasına aiddir. Əlbəttə ki, o, Sizin
də təsvir etdiyiniz kimi, bölgənin sülh şəraitində
dinc yolla və uğurlu şəkildə inkişafına
aiddir. Minsk qrupuna gəldikdə, hökumətimiz hər zaman
bu qrupun vacibliyini qeyd edib. Bu səbəbdən, biz iştirak
etmişik və bu gün də qrupda iştirak edirik. Hesab edirəm
ki, qrupun birgə mövqeyi bu yaxınlarda Minsk qrupu həmsədr
ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri
tərəfindən 3 dekabr tarixli bəyanatında ifadə
olunmuşdur. Bu sənəddə ümumi münasibət
bildirilir və biz istənilən sahədə, eləcə də,
cənab Prezident, bu gün söylədiyiniz kimi, yenidənqurma
işlərinin icrasında bacara biləcəyimiz yardımdan
çox məmnun olardıq. Sağ olun.
Azərbaycan.-2020.- 13 dekabr.- S.2.