Ceyhun Bayramov: Regional sülh və təhlükəsizliyə
ciddi təhlükə
yaradan münaqişələrin
əsas səbəbləri
beynəlxalq hüquqa
və ATƏT-in prinsiplərinə uyğunsuzluqdur
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 27-ci iclasında
iştirak edib.
Xarici İşlər Nazirliyinin
mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər
ki, iclasda çıxış edən
xarici işlər naziri Ceyhun Bayramov
deyib: "Bu il biz iştirakçı
dövlətlər üçün
ümumi təhlükəsizlik
təməlini təşkil
edən Helsinki Yekun Aktının 45-ci ildönümünü və
Yeni Avropa üçün Paris Xartiyasının 30-cu ildönümünü
qeyd edirik. Helsinki Yekun Aktında təsbit edilmiş və Paris Xartiyasında
bir daha təsdiqlənmiş prinsiplər,
xüsusi ilə suveren bərabərlik, ərazi bütövlüyü
və sərhədlərin
toxunulmazlığı ilə
əlaqəli olan prinsiplər hər zamankı kimi qüvvədə qalır
və münasibətlərimizin
əsasını təşkil
edir”.
Regional
sülh və təhlükəsizliyə ciddi təhlükə
yaratmaqda davam edən zorakı münaqişələrin əsas
səbəblərinin arxasında beynəlxalq hüquqa və
ATƏT prinsiplərinə uyğunsuzluğun
dayandığını söyləyən C.Bayramov bildirib:
"Bu təntənəli tədbirdə iştirakçı
dövlətlər hər hansı istisna, ikili standartlar,
coğrafi və ya digər üstünlükləri olmadan
Helsinki Yekun Aktının prinsiplərinə qeyd-şərtsiz
hörməti və onların yerinə yetirilməsini təmin
etmək üçün öhdəliklərini bir daha təsdiqləməlidirlər”.
Nazir
qeyd edib ki, noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış
üçtərəfli Bəyanat
Ermənistanla Azərbaycan
arasında təxminən
30 ildir davam edən silahlı münaqişəyə son
qoymaq üçün
zəmin yaratdı. Bu Sazişin həyata keçirilməsi
bütün hərbi əməliyyatların dayandırılmasını, Ağdam,
Kəlbəcər və
Laçın rayonlarının
Azərbaycana qaytarılmasını
təmin etdi.
Bu Bəyanat
məcburi köçkünlərin və
qaçqınların BMT QAK-ın nəzarəti altında
evlərinə qayıtması ilə bağlı vacib müddəanı
özündə ehtiva edir.
Eyni zamanda,
razılaşma bölgədəki bütün iqtisadi və nəqliyyat
əlaqələrində olan maneələrin aradan
qaldırılmasını nəzərdə tutur, Azərbaycanın
əsas ərazisi ilə onun Naxçıvan Muxtar
Respublikası arasında əlaqə daxil olmaqla, Ermənistan
və Azərbaycan arasında hər iki istiqamətdə
insanların, nəqliyyat vasitələrinin və yüklərin
təhlükəsiz hərəkətini təmin edir.
Üçtərəfli
Bəyanata əsasən, Ermənistan və Azərbaycan
arasında razılaşmaların həyata keçirilməsinə
nəzarət etmək üçün Rusiya Federasiyası və
Türkiyənin Birgə Monitorinq Mərkəzi yaradılacaq.
Bu
razılaşmanı reallığa çevirmək
üçün verdikləri töhfələrə görə
Rusiya Federasiyasına və Türkiyə Respublikasına təşəkkürünü
bildirən C.Bayramov qeyd edib: "Bu qonşu dövlətlər
Cənubi Qafqaz regionunda çoxdan gözlənilən sülh
və sabitliyi təmin edəcək razılaşmanın zamini
kimi mühüm rol oynayırlar.
Sülh, bərpa və yenidənqurma fəaliyyətinin
davam etdirilməsi, qayıdan məcburi köçkünlər və
qaçqınlar daxil
olmaqla, ehtiyacı olanlara humanitar yardımın göstərilməsi
mütləq şəkildə
prioritet vəzifə olmalıdır. Bu məqsədlə, Azərbaycan 1991-ci il Birləşmiş Millətlər
Təşkilatının humanitar
yardım barədə
rəhbər prinsiplərinə
tam uyğun olaraq bölgədəki sülh və sabitliyə töhfə vermək niyyətində olan BQXK, BMT QAK və BMT-nin digər qurumları, habelə ayrı-ayrı dövlətlər də daxil olmaqla, aidiyyəti beynəlxalq tərəfdaşlarla işləməyə
hazırdır”.
Azərbaycan. - 2020.-4 dekabr.- S.3.