Prezident İlham Əliyevin unikal dövlət idarəçilik texnologiyalarının parlaq hərbi sınağı

 

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və uzun müddət işğal altında olan ərazilərin azad edilməsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi strateji və taktiki baxımdan unikaldır və dövlət başçısı tərəfindən işlənilmiş innovativ idarəetmə texnologiyalarının praktiki tətbiqinin nəticəsidir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan hərbi əməliyyatlarda istifadə olunmuş innovativ strategiya və yeni idarəetmə texnologiyaları dünyanın ən nəhəng hərbi qurumu olan ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən tədqiq edilir. Yeni idarəetmə texnologiyaları və onların hərbi sahədə də tətbiqinə peşə marağı göstərənlər yalnız Pentaqon generalları deyillər. NATO, bu hərbi-siyasi quruma daxil olmayan dünyanın bir çox inkişaf etmiş ölkələrinin dövlət rəsmləri və hərbi ekspertləri Azərbaycanın müzəffər ordusunun 44 günlük Vətən müharibəsi gedişində fərqli şəraitdə həyata keçirdiyi hərbi əməliyyatların planlaşdırılması və idarə edilməsi strategiya və texnologiyalarını ciddi tədqiqat obyektinə çeviriblər. Belə maraq təsadüfi deyil: Azərbaycanın hərbi qüvvələrinin parlaq strategiya və taktikası, nümayiş etdirdiyi yüksək peşəkarlıq dünyanın tanınmış ekspertləri tərəfindən 21-ci əsr müharibəsinin nümunəsi kimi dəyərləndirilir. Prezident İlham Əliyev tərəfindən işlənilmiş milli inkişaf və təhlükəsizlik strategiyasına görə, yüksək hərbi hazırlıqla paralel diplomatiya və informasiya cəbhələrində də uğurlu fəaliyyət qələbənin vacib amili olmuşdur.

Azərbaycan Respublikasının hərbi təhlükəsizlik sahəsində istifadə etdiyi innovativ strategiya və taktika Prezident İlham Əliyevin dövlət quruculuğunda və dövlət idarəçiliyində dünyada ilk dəfə kompleks şəklində tətbiq etdiyi yeni texnologiyaların bir istiqaməti və məntiqi davamıdır. Sinergetik, komplementar və kompensasion texnologiyalar kompleksinin iqtisadiyyat, sosial, diplomatiya, informasiya təminatı və digər sahələrdə tətbiqi Azərbaycanı bir çox istiqamətlərdə dünya liderinə çevirmişdir. Azərbaycanın bir çox istiqamətlərdə dünya lideri olması əksər beynəlxalq qurumların, o cümlədən BMT, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Davos Dünya İqtisadi Forumunun sənədlərində də öz əksini tapmışdır. 44 gündə hərb sahəsində nümayiş etdirilən yeni və olduqca yüksək nəticələr ölkənin hərtərəfli innovativ inkişafının bəhrəsidir. Bu prosesin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla inkişaf etdirilmişdir.

Azərbaycan Respublikasının innovativ inkişafı, bu inkişafın mərkəzində insanın, onun bilik və bacarıqlarının dayanması strategiyasının işlənilməsi və həyata keçirilməsi siyasəti 2003-cü ildən sonra xüsusilə sürətlənmişdir. 2003-cü ildə 175 ölkədən 11 000-dən çox nümayəndənin iştirakı ilə baş tutan və informasiya cəmiyyətinin inkişafına həsr edilmiş Dünya Sammitindəki çıxışında Prezident İlham Əliyev "qara qızılın insan kapitalına çevrilməsi” strategiyasını irəli sürdü. Bu strategiyanın başlıca məqsədi neftdən əldə edilən gəlirlərin insanların müasir bilik və bacarıqlarının formalaşmasına, insan potensialının inkişafına, bu potensialın iqtisadiyyatda insan kapitalına çevrilməsi idi. Planlaşdırılmış məqsədlərə nail olmaq üçün ölkədə təhsil, sağlamlıq və idman sahələri dinamik şəkildə inkişaf etdirilir, sosial məsələlər yüksək səviyyədə həll olunur, yeni biliklərə əsaslanan və neftdən asılı olmayan iqtisadiyyat formalaşır, müasir tələblərə cavab verən infrastruktur yaranır. Ölkənin proqressivliyi və ənənəvi olaraq multikultural prinsiplərlə idarə edilməsi bir nümunə kimi qlobal və beynəlxalq toplantıların gündəliyinə daxil edilir. Dövlət idarəçiliyində sinergetik texnologiyalara aid olan insan inkişafına dair fəaliyyətin həyata keçirilməsində, ümumiyyətlə, ölkənin dünyada imicinin formalaşdırılmasında ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri vardır. Bu xidmətlər sırasında Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına Azərbaycandan nümunələrin daxil edilməsini xüsusi qeyd etmək lazımdır. Minilliklərlə məlum olan Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, Qarabağ atları ilə oynanılan Çovqan atüstü oyunu və bir sıra digər milli qeyri-maddi mədəni irs nümunələrinin UNESCO-nun siyahısına daxil edilməsi 2003-cü ildən başlanılmış və Mehriban xanım Əliyevanın ardıcıl səyləri nəticəsində baş tutmuşdur. Ümumiyyətlə, UNESCO, İSESCO, digər beynəlxalq humanitar, elmi, təhsil, dini, mədəni təşkilatlarla fəal əməkdaşlıq Azərbaycan Respublikasının dövlət inkişafı kursunun yüksək humanitar standartlara cavab verdiyini bütün dünyaya nümayiş etdirib.

Parlaq hərbi-diplomatik qələbənin qazanılmasında informasiya sahəsində həyata keçirilmiş fəaliyyət də çox əhəmiyyətlidir. Hərbi əməliyyatlar zamanı ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev dünyanın aparıcı televiziya kanallarına və qəzetlərinə ingilis, rus, türk və Azərbaycan dillərində 30-dan çox müsahibə vermişdir. İnnovativ dövlət idarəçiliyinin vacib tərkib hissəsi olan bu müsahibələr yüksək intellekt və diplomatiya məharətinin nümunəsi kimi hələ uzun illər tədqiq ediləcək. Bunların arasında Prezident İlham Əliyevin ABŞ-nın "Foks Nyus” televiziyasına müsahibəsi xüsusi qeyd olunmalıdır. Açıq-aşkar qərəzli sualların cavabında Prezident İlham Əliyev ölkənin qısa müddətdə uğurlu inkişafına aid statistik məlumatları sadalayır və müxbirə "öz ölkəniz ilə müqayisə edin” təklifini verirdi. Belə inadlı təklif beynəlxalq təşkilatların rəsmi hesabatlarına görə Azərbaycanın əksər mühüm iqtisadi və sosial göstəricilərinin ABŞ və bir sıra digər inkişaf etmiş ölkələrdəkindən daha yüksək olmasından qaynaqlanırdı. Bu fakt dünyanın 21-ci əsr üçün əsas prioriteti olan davamlı inklüziv inkişafa da aiddir. İnklüziv inkişaf tərəqqinin elə bir yoludur ki, bu zaman ölkə hərtərəfli inkişaf edir və prosesin müsbət nəticələrini bütün vətəndaşlar hiss edir. Dünya ölkələrində inklüziv inkişafın səviyyəsi beynəlxalq təşkilatlar tərəfindən xüsusi indeks ilə dəyərləndirilir. Şəkil 1-də Azərbaycan Respublikası və bir sıra inkişaf etmiş ölkələrin inklüziv inkişaf indeksi barədə məlumatlar təqdim edilmişdir. Şəkil Davos Dünya İqtisadi Forumu və Dünya Bankının hesabatları əsasında tərtib edilmişdir.

Ölkələrin inklüziv inkişaf indeksi 12 iqtisadi, sosial, demoqrafik, ekoloji göstəricilər əsasında hesablanır. Göstəricilər arasında əhalinin gəlirləri, bu gəlirlərin cəmiyyətdə ədalətli bölünməsi, işsizliyin səviyyəsi, ölkənin xarici borcunun həcmi, əhalinin demoqrafik strukturu, iqlim dəyişikliklərinə təsirin səviyyəsi və s. yer almışdır. Şəkildən göründüyü kimi, beynəlxalq təşkilatların dəyərləndirmələrinə görə, Azərbaycanın inklüziv inkişaf göstəriciləri bir sıra inkişaf etmiş "böyük yeddilik” (G7), Avropa İttifaqına daxil olan ölkələrdən daha yüksəkdir. O da qeyd edilməlidir ki, Şəkil 1-də təqdim olunmuş bütün ölkələrin iqtisadi imkanları Azərbaycan Respublikasından əhəmiyyətli dərəcədə yüksəkdir. Nisbətən az vəsaitin istifadəsi ilə daha yüksək nailiyyətlərin əldə edilməsi intellektə əsaslanır, yalnız yüksəksəviyyəli idarəetmə texnologiyalarının tətbiqi şəraitində mümkündür. Prezident İlham Əliyevin dövlət idarəçiliyində tətbiq etdiyi yeni kompleks texnologiyalar həm sülh, həm də hərbi şəraitdə öz yüksək səmərəliliyini parlaq şəkildə nümayiş etdirdi. Bu nəticə Azərbaycan Respublikasının davamlı inklüziv inkişafda əldə edilən nailiyyətlərinin G7 ölkələri ilə müqayisəsindən də aydın olur (Şəkil 2).

Şəkil 2 göstərir ki, Azərbaycan Respublikasında Prezident İlham Əliyevin nəzəri baxımdan əsaslandırılmış və praktiki olaraq dünyada ilk dəfə dövlət idarəçiliyində tətbiq etdiyi texnologiyalar yüksək səmərəsi ilə fərqlənir. Azərbaycanın hərbi sahədə işlətdiyi innovativ texnologiyalar kimi, iqtisadi və sosial sahədə də tətbiq olunan texnologiyalar yenidir, ilk dəfə Prezident İlham Əliyev tərəfindən işlənilib praktikada istifadə edilmişdir. Heç şübhə yoxdur ki, bu texnologiyalar da dünyada geniş öyrəniləcək və istifadə ediləcəkdir! Bu qənaətin düzgünlüyü misallarla təsdiqini tapıb. 2019-cu ildə Davos Dünya İqtisadi Forumunun təsisçisi və əvəzsiz prezidenti, professor Klaus Şvab xüsusi hesabat dərc etmişdir. Hesabatda dünyanın 146 ölkəsinin iqtisadi imkanları və bu imkanlardan sosial sahənin inkişafı üçün nə dərəcədə istifadə edilməsi təhlil edilmişdir. Professor Klaus Şvab 7 ölkə - ABŞ, Almaniya, Danimarka, Braziliya, Cənubi Afrika, Vyetnam və Azərbaycanın göstəricilərinə xüsusi diqqət ayırmışdır. Hesabatda təqdim olunmuş təhlildən aydın olur ki, Azərbaycan Respublikası uğurlu sosial siyasət həyata keçirən və bu məqsədlə iqtisadi imkanlarından dünyada ən səmərəli istifadə edən ölkədir.

Vətən müharibəsi bitəndən sonra ölkə və regionun inkişafında yeni mərhələ başlayır. Ölkə Prezidenti cənab İlham Əliyev xalqa müraciətində yeni mərhələnin azad edilmiş ərazilərin bərpası və inkişafı ilə əlaqədar olacağını qeyd etdi. Azərbaycan Respublikasında dövlət idarəçiliyində tətbiq edilən innovativ texnologiyaların bu mərhələnin də uğurunu təmin edəcəyi şübhəsizdir.

 

 

Urxan ƏLƏKBƏROV,

 

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik

 

Azərbaycan. - 2020.- 4 dekabr.- S.4.