İtaliyanın Azərbaycana dostluq jestlərinin təzahürü
Prezident İlham Əliyev: "Biz
işğaldan azad
edilən ərazilərdə dost ölkələrdən
olan şirkətlərlə
çalışacağıq”
Azərbaycan və İtaliya arasında istər siyasi, istərsə də iqtisadi münasibətlər yüksək səviyyədədir. Son bir neçə ildə Prezident İlham Əliyevin İtaliyaya və həmin ölkənin Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfərləri bunun bariz nümunəsidir. Bu səfərlər zamanı bir çox önəmli sənədlər imzalanıb. Onların arasında Çoxölçülü Strateji Tərəfdaşlıq haqqında sənəd xüsusi yer tutur. Sənəd iki ölkə arasında strateji tərəfdaşlığın daha yüksək səviyyəyə çatdırılmasına xidmət edir.
Ölkəmiz Vətən müharibəsində Qələbə qazandıqdan sonra İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərə gəlməsi əməkdaşlıq və tərəfdaşlığın uğurla davam etdiyini təsdiqləyir. Bu günlərdə eləcə də İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, ölkələrimiz arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Prezident hər iki nümayəndə heyətini qəbul edib.
E.Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən dövlətimizin başçısı deyib: "Müharibədən sonra Azərbaycana səfər edən ilk Avropa nümayəndə heyətisiniz. Yəqin ki, bu, təsadüfi deyil, çünki İtaliya ilə Azərbaycan arasındakı əlaqələr çox sürətlə inkişaf edir... Bu gün İtaliya-Azərbaycan əlaqələri həm siyasi, həm iqtisadi, həm bütün başqa sahələrdə çox uğurla inkişaf edir. Siz də bilirsiniz ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəmiz 6 milyard dollara çatmışdır. Bunun böyük hissəsi enerji resurslarına aiddir. Amma mən hesab edirəm ki, gələcək illərdə qeyri-neft sektoru da bizim aramızda xüsusi çəkiyə malik olacaq”.
Azərbaycanda həyata keçirilən neft-qaz və ixrac layihələrində, eləcə də digər sahələrdə bir sıra İtaliya şirkətləri fəal iştirak edirlər. Məsələn, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin 11 səhmdarından biri İtaliyanın "Eni” şirkətidir. "Eni”nin burada 5 faiz iştirak payı var.
Azərbaycandan İtaliyaya çatanadək 3500 kilometr yol keçən "Cənub qaz dəhlizi”nin sonuncu seqmenti - TAP (Trans-Adriatik Qaz Boru Kəməri) son illər iki ölkə arasında əlaqələri daha da möhkəmləndirib. Kəmərin tikintisi artıq uğurla yekunlaşıb. Bu da o deməkdir ki, Azərbaycan və İtaliya gələcək onilliklər ərzində enerji sahəsində daha yaxın tərəfdaş olacaqlar.
Ümumiyyətlə, bu iki ölkə arasında əməkdaşlığın getdikcə dərinləşməsi üçün geniş imkan və perspektivlər var.Yeri gəlmişkən qeyd edək ki, İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı da razılıq mövcuddur. Yaxın gələcəkdə universitet üçün binanın inşa ediləcəyi gözlənilir. Bu məsələ Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Prezident həmin universitetdə fəaliyyət göstərəcək bir neçə digər fakültə ilə yanaşı, memarlıq fakültəsinin olmasını da məqsədəuyğun hesab edib. Çünki İtaliya memarlığı ümumbəşəri dəyərdir və ölkəmizdə geniş vüsət almış tikinti işlərındə bu, özünü göstərməlidir.
İqtisadi münasibətlər iki ölkə arasındakı siyasi münasibətlərdən faydalanır. Odur ki, yaxın gələcəkdə Azərbaycanda İtaliyanın daha çox şirkəti fəaliyyətə başlayacaq. Prezidentimiz bildirib ki, buraya ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizin bərpasına dair böyük planlar da daxildir. Yeni infrastrukturun yaradılmasına - yeni yolların, dəmir yolu xətlərinin, hava limanlarının, məktəb və xəstəxanaların inşasına ehtiyacımız var. Bunun səbəbi ermənilərin
30 ilə yaxın müddət ərzində işğal altında saxladıqları torpaqlarımızda nə vardısa, hamısını dağıtması, yerlə yeksan etməsidir: "Onlar vəhşi kimi davranmış və şəhərlərimizi darmadağın etmişlər. Bu da Azərbaycana qarşı olan təcavüzkar siyasətin bariz nümunəsidir. Biz yenidənqurma işləri ilə bağlı ilk addımlar atmışıq. İlk müqavilələr artıq bağlanıb və dediyim kimi, biz işğaldan azad olunan ərazilərdə dost ölkələrdən olan şirkətlərlə çalışacağıq. İlk müqavilələr türk şirkətləri ilə bağlanılıb və bu da təbiidir, çünki Türkiyə qardaş ölkədir. Ümidvaram ki, növbəti müqavilələr italyan şirkətləri ilə imzalanacaq. Bu da təbiidir. Çünki İtaliya Azərbaycanın yaxın dostudur. Ölkələrimiz arasında çoxillik diplomatik münasibətlərin mövcudluğu dövründə və xüsusilə də müharibə zamanı biz sizin mövqeyinizin şahidi olduq”.
İtaliyanın hər iki nümayəndə heyətinin Azərbaycana səfəri dostluq jestinin praktiki təzahürü kimi ölkəmizin ictimaiyyəti tərəfindən razılıqla qarşılanıb. Xatırladaq ki, İtaliyanın millət vəkilləri Azərbaycana hörmət və ehtiramlarını ifadə etmək, xalqımızın əziyyətlərini bölüşdüklərini bildirmək üçün Ağdama və Gəncəyə də səfər ediblər. İtaliya parlamentinin Deputatlar Palatasının sədr müavini E. Rosato ermənilər tərəfindən törədilmiş viranəliyin şahidi olduqlarını bildirib və həyatını itirənlərə görə başsağlığı verib.
İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, ölkələrimiz arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri M.Stefano da Azərbaycan Prezidentinə və xalqına müharibə qurbanları ilə əlaqədar başsağlığı verib və deyib: "Bu, həqiqətən şiddətli müharibə idi və biz İtaliyada bunu böyük narahatlıqla izlədik. Hətta təsəvvür etmək çətindir ki, bu müharibə İtaliyada nə dərəcədə hiss olunurdu, çünki dünyanın bu bölgəsini istənilən mənada özümüzə çox yaxın hesab edirik. Biz çox çalışdıq ki, hadisələrə hər hansı siyasi rəng qatmayaq. Biz, sadəcə, ölkəmizə nəyin baş verdiyi ilə əlaqədar həqiqəti söyləməyə çalışdıq. Məmnunam, Siz də siyasi mövqeyimizi müsbət dəyərləndirdiniz və o, BMT-nin qətnamələrinə, bir sözlə, sənədlərdə yazılanlara əsaslanır. Təbii ki, atəşkəsin imzalanması bizim hamımıza rahatlıq gətirdi. Hesab edirik ki, bu, birinci və ən vacib məsələ idi. Çünki bilirsiniz, qurbanların sayının artmaması hər kəs tərəfindən hər zaman müsbət qarşılanır. Hazırda biz üçtərəfli Bəyanatdakı müddəaların icrasına yardım etməkdə öz imkanlarımızı təmin etməyə hazır olduğumuzu bildiririk. Hesab edirik ki, bu, bundan sonra görəcəyimiz bütün işlər üçün yaxşı başlanğıc nöqtədir”.
Prezident İlham Əliyev bir daha vurğulayıb ki, əsl dostluq özünü çətin anlarda büruzə verir: "Bizim üçün də bu müharibə, eyni zamanda, onu göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir, hansı ölkələrdir. Biz dostluğu qiymətləndirən xalqıq. Sizin Azərbaycana səfəriniz bir daha onu göstərir ki, İtaliya, doğrudan da Azərbaycanın əsl dostudur”.
Flora SADIQLI
Azərbaycan.-2020.- 13 dekabr.- S.4.